Naxçıvanın iki fəxri


Açıqlayaq…
Naxçıvan bilindiyi kimi, bir çox dahi şəxsiyyətin doğulduğu torpaqdır ki, bu cür insanlar dünyaya az-az gəlirlər. Belə liderlər,elm xadimlər, ədəbi simalar, memarlar dünyada barmaqla sayılacaq qədərdir. Bəxtimizə belə sənətkarların düşməsi heç də təsadüf deyil. Nuh nəfəsli yurdumun torpağının yetişdirdiyi istedadlar bu torpaqdan mayalanaraq boya-başa çatmışlar, yetişmişlər. Mədəniyyətimizə, dövlətçiliyimizə xidmət edən bu təməllər üzərində inkişaf edən Naxçıvanımız bu gün inkişafın zirvəsini yaşayır. Qeyd edək ki, indiki Naxçıvan tarixini hörmətlə xatırlayır, gələcəyinə inamla addımlayır. Güclü təməllərimizdən olan, şəxsiyyətlərdən biri də Şərqdə adı hörmətlə anılan, Türkiyədə bir çox elmi-tədqiqatın mövzusuna çevrilən Məhəmməd ibn Fəxrəddin Hinduşah Naxçıvanidir. XIV əsrin məşhur tarixçisi, dilçi alimi, filosofu Məhəmməd Naxçıvani öz dövrünə görə gözəl təhsil almış şəxslərdən sayılırdı. O, Azərbaycan, fars və ərəb dillərini mükəmməl səviyyədə bilirdi. Yazdığı bir neçə əsər onu xalq arasında məşhurlaşdıqdan sonra alimi Təbrizə, Elxanilərin sarayına dəvət edirlər. O, 14-cü əsrin 20-ci illərində burada Hülakilər sarayında uzun müddət katib (münşi) vəzifəsində maliyyə məsələlərinə baxır. Naxçıvaninin (təqribən 1293-1376) alim kimi nüfuzunu və böyük xidmətlərini nəzərə alaraq, ona “Şəms-i Münşi ən-Naxçıvani” (Naxçıvandan olan münşilərin günəşi) ləqəbi verilmişdir. Görkəmli Azərbaycan alimlərindən olan Məhəmməd Hinduşah Şərqin tanınmış təhsil ocaqlarında oxumuş, ömrünün çox hissəsini elmə, biliyə həsr etmişdir. Akademik İsmayıl Hacıyev və Şükür Məmmədovun “Naxçıvan və Naxçıvanlılar” kitabında bu haqda deyilir:“Məhəmməd Hinduşahın “Şəms ül-Münşi” təxəllüsü ilə yazdığı “Səhih əl-lüğəm” (“Lüğətlərin ən dəqiqi”) əsəri ədəbiyyatşünaslıq, qrammatika məsələlərindən bəhs edib, bir növ atasının elmi fəaliyyətinin davamıdır”.
Sarayda tarixçi alim Fəzlullah Rəşid əd-Dinin oğlu Qiyas əd-Din Rəşidi ilə dost olur. 1327-1328-ci ildə yazdığı “Sihahül-fürs” lüğətini də ona ithaf edir.
Alim bu fars dilinin izahlı lüğətini tərtib etdikdən sonra Qiyas əd-Dinin tövsiyəsi ilə Əbu Səid xüsusi fərmanla Məhəmməd Naxçıvaniyə Elxanilər dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir edən əsər yazmasını tapşırır. Bu sifariş çox ciddi iş idi və xeyli zaman aldığına görə, nə Əbu Səid, nə də Qiyas əd-Din Rəşidi bu əsərin bitməsini görə bilmir. Naxçıvani bu əsəri 1360-cı ildə bitirir. Amma alınan nəticələr onu qane etmədiyindən və müəyyən qədər də ölkədəki siyasi vəziyyət dəyişdiyindən, daha 6 il əsəri redaktə edir və üzərində işləyir.
O, ən nəhayət həmin iri həcmli əsərini tamamlayaraq, onu “Dəstur əl-katib fi təyin əl məratib” (“Dərəcələrin müəyyənləşdirilməsində katiblər üçün vəsait”) adlandırır.
Əsəri Elxanilərdən sonra Azərbaycanda hakimiyyətə gəlmiş və Təbrizi bu yeni dövlətin paytaxtı kimi saxlamış Cəlairilər sülaləsindən olan Şeyx Üveysə həsr edir. İki hissədən ibarət bu əsərdə rəsmi dövlət sənədlərinin nümunələri verilmişdir. Amma bu sənədlər, sadəcə, nümunə xarakteri daşımayıb, dövrün ictimai-iqtisadi, siyasi, mədəni və dini həyatı barədə çoxlu real faktlarını əks etdirir. Müəllif dövrün idarə sistemində mövcud olmuş vəzifələrə təyinatları şərh edərkən nümunə kimi faktiki sənədləri misal göstərmişdir. Burada real tarixi şəxsiyyətlər və yer adları xatırlanır. Əsərdə 100-dən artıq tarixi termin yer alır, onların bir çoxu müəllif tərəfindən açıqlanır. Məhəmməd Naxçıvaniyə böyük şöhrət gətirən bu əsər dünyada məşhur olan siyasətçi və islahatçı alimlər bu əsəri Nizam əl-Mülkün “Siyasətnamə”sinə və Rəşid əd-Dinin “Came ət-Təvarix”nə bərabər tuturlar.
Alimin elmi irsindən günümüzədək çatan ikinci əsəri-fars dilinin izahlı lüğəti olan “Sihahül-fürs” də əvvəl bəhs etdiyimiz əsərindən az əhəmiyyət kəsb etmir. Naxçıvaninin 1328-ci ildə başa çatdırdığı bu əsəri fars dilində işlədilən 2300 sözün, ibarənin izahına həsr olunmuş lüğətdir. Əsər müəllifin müqəddiməsindən (dibaçə), 25 bab və 431 fəsildən ibarətdir. Bu lüğətin tərtibində sələflərinin təcrübəsindən istifadə edən müəllif fars sözlərinin izahı zamanı bir çox dillərdən, o cümlədən Azərbaycan və türk dili materiallarından faydalanmışdır. Tarix üçün maraqlı materiallar verən lüğətdə Azərbaycan əhalisinin həyat tərzini əks etdirən etnoqrafik materiallar var. Eyni zamanda, burada bir çox söz ustalarının, eləcə də alimin atası Hinduşah Naxçıvaninin şerlərindən parçalar verilir. Tədqiqatçı alim yeri gəldikcə fars dilinin leksikologiyası və fonetikasından bəhs edir. Qədim tarixi olan əsər sonrakı dövrlərdə lüğət tərtibçiləri üçün dəyərli mənbə rolunu oynamışdır. Lüğətin 4 əlyazma nüsxəsi məlumdur. O, 1962-ci ildə Tehranda Ə.Taəti tərəfindən nəşr olunmuşdur.
Atası-istedadlı dövlət xadimi, gözəl ədəbiyyatçı, şair, dilşünas Fəxrəddin Hinduşah ibn Səncər ibn Əbdullahən-Naxçıvaninin yolunun davamçısı Məhəmməd ibn Fəxrəddin Hinduşah Naxçıvani irsi bu gün də dünya üçün maraqlıdır. Xüsusilə son dövrlərdə Türkiyədə onun haqqında yazılan tədqiqat əsərləri son dərəcə maraqlıdır.
Naxçıvan şəhərinin mərkəzində yerləşən və yerli camaat arasında “Atababa künbəzi” adı ilə tanınan Yusif Küseyr oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib çatan ilk böyük əsəri kimi çox qiymətlidir. Sərdabə və yerüstü qülləvarihissədən ibarət olan türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdəinşa olunduğu da əksini tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”. Digər kitabədə isə onun “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli”kimi sözlər yazılıb.
İllər sonra türbəni ilk dəfə ziyarət etdim. Türbəyə nəzarət edənlərin dedikləri sözləri duymurdum. Çünki onların dedikləri nəzəri məlumatlarla tarix kitabları vasitəsiylə tanış idim. Mənə buranın dizaynı və fərqli aurasını hiss etmək lazım idi. Bir memar gözüylə türbəni müşahidə edə bilməsəm də onun necə qiymətli yadigar olması gerçəyini anlaya bilirdim. Və o zamandanbəri içimdə böyüyən və əminəm ki, mənim kimi bir çoxunu düşündürən “Yusif Küseyr oğlu kimdir?” sualının cavabını illər sonra aramağa başladım. Vəsualıma cavab almaq üçün AMEA NB Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlini ziyarət etdim.
Fəxrəddin müəllim bizə türbə haqqında bu məlumatları verdi: “YusifKüseyr oğlu türbəsi 1162-ci ildə Əcəmi Əbubəbr oğlu Naxçıvani tərəfindən tikilmişdir. Digər qaynaqlardan Yusif Küseyr oğlu haqqında bizə məlumatlar gəlib çıxmadığı üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür yaratmaq mümkün deyildir. Ancaq kitabənin verdiyi məlumatları müəyyən fikir söyləməyə imkan verir.Kitabədə o, “xacə, ər-rəis əl-əcəl (“xacə tanınmış rəis”) titulları və bir sıra epitetlərlə(“mömün”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı”),təqdim olunmuşdur. Orta əsrlərdə “Xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edilirdi. Bu titulu daşıması onun tacirlər gildiyasının başçısı, tanınmış ali, “rəis” titulunu daşıması isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəisi-rəhbəri olduğunu göstərir. Eldənizlərin hakimiyyəti(1136-1225) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər bir qayda olaraq yerli, tanınmış nəsillərdən seçilirdi. Görünüyü kimi Yusif Küseyr oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu vəzifə imiş. Həmçinin kitabədə adına əlavə olunan “şeyxlərin başçısı”sözləri isə Yusif Küseyr oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinəməxsus xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir”. Dəyərli fikirlərindən ötrü Fəxrəddin müəllimə öz təşəkkürümüzü bildirdik. Vəbu mövzuyla bağlı araşdırmalara başladıq.
Öyrəndik ki, əvvəllər “Küseyri” titulu daşıyan bir çox islam və sufi alimləri yaşayıb. Hətta onlardan bəzilərinin adına türbələr də ucaldılıb. Ağlımıza belə bir sual gəldi. Görəsən YusifKüseyr bu islam alimlərinin nəslindən ola bilərmi?
Gəlin bu sualı cavablandırmağı buraxaq bu sahənin tədqiqatçılarının öhdəsinə.
Yusif Küseyr türbəsinin ekzotik memarisi ilə bağlı suallarımızı cavablandırsın deyə Qadir Əliyevin yazdığı “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq”adlı kitaba müraciət etdik. Kitabda YusifKüseyr oğlu türbəsi barədə aşağıdakı məlumatlar verilir: “İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəl edən türbə ikiqatlıdır. Türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülmüşdür.Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzləri dayaz tıxaclar əmələ gətirmiş, daxili məkan sferokonik bayır prizmatik tutum isə səkkizüzlü uca priamidal günbəzlə örtülüb. Başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan (80 sm) tikilinin uzunömürlüyünün təmin edilməsidir.Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artq bir müddətdə salamat qalan tək abidədir”.
Bəli, YusifKüseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir.
Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin yalnız bir səthi, Qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilmişdir. Burada türbənin giriş qapısı yerləşdirilmişdir. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsi ilə bir portal şəklini almışdır.Türbənin rəis, xoca YusifKüseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir.Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada da kitabə yerləşdirilmişdir. Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılmışdır: "Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu".Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməmişdir. Onun bayır tağçalarının içərisi isə kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənmişdir. Tağçalarn üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır.
Rahibə Əliyevanın “Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani” adlı kitabında oxuyuruq: “Yusif Küseyr türbəsi həcm etibari ilə bir o qədər böyük tikinti olmasa da,ümumi kompozisiya aydınlığı, yüksək səviyyəli inşaat işləri, gözəl daşnəqqaşlıq işləri memar Əcəminin yüksək sənətkarlığından xəbər verir. Türbənin taxçalarının səthində kərpic dekorun “girih” düyün adlanan xüsusi həndəsi ornamentlərindən istifadə olunmuşdur. Girih naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan (çoxbucaqlar, yaxud ulduzlardan) ibarətdir. Ciddi riyazi qanuna tabe olan bu naxışlar bütünlüklə xətlərin birbiri ilə bağlı ahəngdar birləşməsindən yaranır”.
Hər dəfə onun yanından keçəndə, ya da o tərəflərə yolumuz düşəndə bizə binaların ardından boylanan keçmişimizə baxıb fəxr edirik. Keçmişimizin şahidi olan gözəl mədəniyyət abidələri üslubunda yaradılan müasir mədəniyyətimizin memarlarına isə öz təşəkkürümüzü bildiririk.
NərgizİSMAYILOVA
AMEA Naxçıvan Bölməsi
