Naxçıvandan Danimarkaya uzanan yol - Reportaj
Hazırda
xaricdə təhsil almaq, yaxşı və tanınmış şirkətlərdə işləmək bir çox gəncin
arzusudur. Bu arzusu yerinə yetənlər də az deyil. Onların təcrübələrini
bölüşdüyü təlimlər, seminarlar isə digərləri üçün həm bilgidir, həm də
motivasiya. Belə təlimlərdən biri də "Facebook”a necə işə düzəldim?” adı
altında oldu. Sualdan da hiss olunur ki, təlimçi dünyanın məşhur "Facebook”
şirkətinin Danimarka ofisində çalışan bir şəxs – həmyerlimiz Emil Məmmədovdur.
Seminarın
keçirildiyi məkanda qapıdan girərkən qeydiyyat şöbəsində gənclərin çox olduğunu
görüb marağın böyük olduğunu anladıq. Əslində, ilk olaraq gənclərlə həmsöhbət
olub seminara gəlmək məqsədləri, burdan gözləntiləri ilə bağlı danışmaq istədik,
amma başlarının qeydiyyata qarışıq olduğunu görüb, təşkilatçılarla söhbətləşmək
qərarına gəldik. Layihənin təşkilatçısı olan "Dərs evi”nin marketinq meneceri
Əfşan Abdullayeva deyir ki, bu kimi təlimləri tez-tez keçirirlər: "Belə tədbirlər
keçirməkdə ilk olaraq özümüz maraqlıyıq. Çünki istəyirik ki, gənclərimizin
inkişafı üçün nə isə edək. Böyük məqsədlər uğrunda böyük addımlar atmaları üçün
onları motivasiya edəcək təlimçilərlə görüşdürürük. Bu gün də dünyanın ən
tanınmış və böyük şirkətlərindən biri olan "Facebook”da işə başlayan həmyerlimizi
gənclərin görüşünə dəvət etmişik”.
Artıq
başlama vaxtıdır. Amma seminara keçməzdən öncə təlimçi haqqında qısa məlumat
verildi. Emil Məmmədov 1992-ci ildə Naxçıvanda dünyaya gəlib. Orta təhsilini
doğulduğu şəhərdə alan Emil, bakalavr və magistr təhsili üçün Azərbaycan Dövlət
Neft və Sənaye Universitetini seçir, orda İstehsal proseslərinin
avtomatlaşdırılması mühəndisliyi fakültəsində təhsil alır. Emil Azərbaycanda
magistraturanı qiyabi oxuduğu üçün paralel şəkildə Londonda da təhsil almaq
imkanı yaranır. Beləcə, o işlədiyi şirkətin köməkliyi ilə xaricdə təhsilini
davam etdirir.
Şirkətlərə yazırdım ki, mənə ödənişsiz təcrübə
imkanı yaratsınlar
Emil
söhbətə bakalavr təhsili dövründən danışmaqla başladı: "Bakalavr təhsili dövrü
gənclərin həyatında olduqca önəmlidir. Hansı universitetə, neçə balla qəbul
olmağınızdan çox həmin 4 ili necə dəyərləndirəcəyiniz əsasdır. Mən birinci
kursun yay tətildən fəaliyyətə başladım. Həmin dövrdə fəaliyyət göstərən bütün
şirkətlərə yazırdım ki, mənə ödənişsiz təcrübə imkanı yaratsınlar. Beləcə, ölkəmizdə
fəaliyyət göstərən bir neçə şirkətdə təcrübə keçmək imkanım oldu”.
Bir yerdə maksimum beş il işləmək
lazımdır
Karyerasına
Azərbaycanda olan böyük şirkətlərdən birində başlayan Emil bəy düşünür ki, bir
yerdə beş il işləmək kifayətdir: "Dörd il yarım bir şirkətdə mühəndis işlədim.
Həmin dövr ərzində Norveç, Şotlandiya, İngiltərə, Almaniya və Gürcüstanda
keçirilən seminarlarda iştirak edirdim. Bunun da karyerama çox böyük qatqısı
olurdu. Xaricdə olarkən oradakı iş mühiti, həyatla tanış oldum və zamanla işimi
və təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Həm də düşünürəm ki, bir
yerdə maksimum beş il işləmək lazımdır. Daha sonra fəaliyyətini başqa şirkətdə,
başqa mühitdə davam etdirmək daha labüddür. Çünki uzun müddət bir yerdə fəaliyyət
göstərmək insanı passivləşdirir, öz üzərində işləmək prosesini ləngidir. Amma
yeni iş yeri, yeni mühit insanı daim nələrisə araşdırmağa, öyrənməyə sövq
edir”.
İnsan ya gərək sevdiyi işi görə, ya da
gördüyü işi sevə
Çıxışçı
daha sonra beynəlxalq arenaya çıxmağın, xarici şirkətdə işləməyin şərtlərindən
danışdı: "Harada, hansı xarici şirkətdə işləməyinizdən asılı olmayaraq, ilk
növbədə ingilis dilini bilməlisiniz. Həmçinin, gördüyünüz işi də sevməlisiniz.
Bəziləri sırf xaricə çıxmaq üçün nələrsə edir, ancaq elə olmamalıdır. Harada
işləməyindən asılı olmayaraq, işini sevməlisən. Mən həmişə deyirəm ki, insan ya
gərək sevdiyi işi görə, ya da gördüyü işi sevə. Əks halda uğurlu olmaq çətindir.
Uğurlu olmayan insan isə xoşbəxt ola bilmir. İş seçimi həyat yoldaşı seçimi qədər
önəmlidir. Çünki günümüzün böyük bir hissəsini həmin məşğuliyyətlə keçiririk.
Bu, bizə zövq verməsə, işimizdə irəliləyə bilməyəcəyik”.
"Facebook”a iş üçün müraciət edəndə bu şəbəkədə
profilim yox idi
Emil
bəy "Facebook” şirkətində işə başlamasından da danışdı. Sən demə, işə qəbul
olanda onun heç bu sosial şəbəkədə profili belə yoxmuş: "Bir müddət işlətmişdim
amma, 4 il əvvəl feysbukdakı profili silmişdim. Yəni, elə də aktiv istifadəçi
deyildim. Sadəcə, iş üçün müraciət edəndən sonra məcburən yenidən sosial şəbəkəyə
qayıtdım. İlk olaraq şirkətin karyera saytına daxil olub mənə uyğun
vakansiyalara müraciət etdim. İxtisasım mühəndislik olduğu üçün elə orada da
mühəndislik sahəsi üzrə qeyd edilən iş elanlarına qeydiyyatdan keçdim. Bir müddət
sonra mənimlə əlaqə saxlayıb müraciətimi qeydə aldıqlarını və müsahibə mərhələsinə
keçdiyimi bildirdilər. Müsahibə mərhələsi bir az uzun oldu. Çünki ilk olaraq mənimlə
bir saatlıq telefon danışığı, daha sonra görüntülü müsahibə oldu. Bunlardan
sonra məni Danimarkaya dəvət etdilər. Orada da tam 5 saat fasiləsiz müsahibədə
oldum. Yəni, əslində, bu 5 saat fasiləsizlik mənə aiddir. Çünki Danimarkadakı
ofisdə olan müsahibədə də hərəsi bir saat olmaqla 5 ayrı şəxslə söhbət etdik.
Onlar vaxtları tamam olduqca gedir, yerinə bir başqası gəlirdi. 5 saat dayanmadan
məni hərtərəfli şəkildə sual-cavab etdilər. Daha sonra mənimlə yenidən əlaqə
saxlayıb uyğun namizəd kimi bəyəndiklərini dedilər və ən sonda işləyəcəyim
ofisin rəhbəri ilə müsahibəyə çağırdılar. Beləcə, həmin müsahibədən də uğurla
keçərək işə başladım”.
İş müsahibəsində səmimi olun
İştirakçılardan
biri Emil bəydən bu tip şirkətlərdə çalışmaq üçün beynəlxalq sertifikatların,
diplomun nə qədər önəmli olduğunu soruşdu: "Digər şirkətlər üçün bunun keçərliliyini
bilmirəm, amma "Facebook”da bununla bağlı bir tələb olmadı. Yəni, bayaq qeyd
etdiyim kimi, o qədər müsahibədən keçirsən ki, onlar üçün artıq sənin bilik səviyyən
bəlli olur. Onu da qeyd edim ki, şəxsən məndən diplomumun olub-olmadığını,
hansı fakültəni bitirdiyimi soruşmadılar. Sadəcə, müraciət etdiyim iş üzrə sual-cavab
etdilər. Hər şeyi dərinliyinə qədər soruşur, insanın hansı biliyə malik
olduğunu tam dəqiq bilirlər. Bir də məsləhət görərdim ki, istənilən iş müsahibəsində
səmimi olun. Nəyisə bilmirisinizsə, deyin ki, bilmirəm. Onsuz da zəif nöqtələriniz
müsahibədə özünü dərhal büruzə verəcək”.
Ailə üçün yaşam şərtlərini və ümumilikdə
insanlarını araşdırmışdım
Maraqlıdır,
yeni işə düzəlmişkən və işin bu qızğın vaxtında Emil bəy nə əcəb Danimarkada
yox, ölkəmizdədir: "Danimarkada iş və yaşayış şərait kifayət qədər yaxşıdır. İş
saatları çox deyil. Maksimum 6-7 saat işləyirlər. "Facebook” şirkəti də çox
humanist, işçilərinə hörmətlə yanaşan qurumdur. Məsələn, bizim ölkəmizdə atalıq
məzuniyyəti yoxdur, olsa belə 3 gündür. Amma orada 4 aydır. Bu yaxınlarda qızım
dünyaya gəldiyi üçün mənə məzuniyyət veriblər. Bəzən mənə sual verilir ki, nəyə
görə məhz Danimarkadakı regional ofisi seçdim. Əlbəttə, bunun bir neçə səbəbi
vardı. Getməmişdən öncə Danimarkadakı yaşayış şəraitini, ailə üçün yaşam şərtlərini
və ümumilikdə, insanlarını araşdırmışdım”.
İrqçi deyillər, amma aşırı millətçidirlər
Elə
bu dəmdə iştirakçılardan biri çıxışçıdan iki ölkənin insanları arasında hansı fərqləri
müşahidə etdiyini soruşdu: "Ciddi fərqlər olduğunu deməzdim, əksinə, oxşar cəhətlərimiz
daha çoxdur. Məsələn, onlar da çox qonaqpərvər, ailəcanlı insanlardırlar. Hətta,
iş saatı bitən kimi hamısı ailələri ilə birlikdə vaxt keçirmək üçün evə tələsirlər.
Yəni, iş vaxtı bitibsə, onları heç kim 1 dəqiqə belə, işdə saxlaya bilməz
(gülür). İrqçi deyillər, amma aşırı millətçidirlər”.
Emil
bəyin çıxışı bitdikdən sonra seminar iştirakçıların sualları ilə davam etdi.
Günel Azadə