Mövsümi depressiyaların səbəbi nədir? - Diskussiya

Hava dəyişkənliyi səhhətimizə olduğu kimi, psixologiyamıza da təsir
edir. Xüsusilə yay mövsümündən sonra gənclərin ən çox rast gəldiyi problemlərdən
biri də depressiya adlandırdıqları əhval dəyişikliyidir. Bəs mövsümi
depressiyaların səbəbi nədir? Depressiyaya düşməmək üçün nə etməliyik? Bu sualı
Gənc Psixoloqlar Birliyinin psixoloqları ilə müzakirə etdik.

Səyyarə Yusubova:
- Depressiya ağır psixi xəstəlikdir. Cəmiyyətdə bu sözü tez-tez işlədirik.
Ən yüngül psixoloji vəziyyətə belə depressiya deyirik. Depressiya psixoloji xəstəliyin
ağır formasıdır və xəstə mütləq psixoloq, həkim nəzarətində olmalıdır. Xəstəliyin
üç əsas əlaməti var. Birincisi insanın enerjisi ilə bağlıdır. Enerji kəskin
düşür və heç nə edə bilmirsən, passivləşirsən. İkincisi, insanın maraq dairəsi
olmur. Depressiyada olan insana həyatda heç nə maraqlı deyil və zövq almır. Üçüncüsü isə, insanda gələcəklə bağlı planlar olmur.
Bundan əlavə, özünü qiymətləndirmə aşağı düşür, kəskin iştahasızlıq olur, insan
yuxudan doymur və s. Sadaladığım bu hallar 2 həftədən artıq davam edərsə, artıq
həmin şəxs depressiyadadır. Mövsümi depressiya isə daha çox yüngül xəstəlik səviyyəsində
olur, mühit dəyişməsiylə insana təsir edən psixoloji haldır. Amma bəzi hallarda
bu psixoloji vəziyyət uzun müddət davam edir. Belə olduqda, həkimə müraciət
edilməlidir. Bizim cəmiyyətdə depressiya sözü o qədər adiləşib ki, insanlar
onun ciddiliyinin fərqinə varmırlar. Depressiya insanı intihar həddinə kimi gətirib
çıxara bilər.

Atəş
Musazadə:
- İnsanlar arasında mövsümi depressiya yanlış
anlaşılıb. Sanki daha yüngül hal kimi qəbul edilib. Depressiya psixoloji xəstəlikdir.
Amma "depressiyadayam” deyib gənclərin nəzərdə tutduğu başqa haldır. Onlarda əhval
dəyişiklikləri olur və əsasən də yağış yağanda müəyyən romantik hisslər üzə
çıxır. Yaşanan keçmiş travmalardan hansısa epizodalar yada düşür. Bunun nəticəsində
həmin hava onların əhval-ruhiyyəsinə təsir edir. Belə olan halda, onlar deyə
bilərlər ki, mən mövsümi depressiyadayam. Əslində, bu, mövsümi depressiya
deyil, güzəran psixologiyasına aiddir. Elmdə mövsümi depressiya yoxdur.

Rövşən
Hümbətov:
- Payızdan əvvəl yay olur. Yayın da öz
xüsusiyyətləri var. İstirahət müddəti yay mövsümünə təsadüf edir. Günəşlənirik,
dənizə gedirik, xoş zaman keçiririk, dostlarla əylənirik. Yəni ilin ən yaxşı
dönəmini yaşayırıq. Payız fəslində isə hava dəyişir, istirahət müddəti bitir və
iş başlayır. Artıq günəşli hava yerini boz, tutqun havalara verir. Bu, "Payız
depressiyası” deyil, sadəcə, fəslə alışana qədər hər bir insanda müəyyən əhval-ruhiyyə
pozğunluğu olur.
Atəş
Musazadə:
- Bəzi insanlar var ki, payızı çox sevirlər və
belə insanlarda payız depressiyası olmur. Onlar yayda deyil, payızda aktivləşirlər.
Ona görə də bu, əslində fərdi bir şeydir. Biz mütləq deyə bilmərik ki, hər
insan mövsümi depressiyadan əziyyət çəkəcək.

Zümrüd
Əkbərova:
- Bir şeyi vurğulamaq istəyirəm ki, son
vaxtlar depressiya sözünü gündəlik münasibətlərdə çox işlədirik və yanlış başa
düşülür. Hamı fəslə normal adaptasiya müddətinə depressiya deyir. Depressiya
adlandırdıqda isə, ondan çıxmaq da bir o qədər çətinləşir. Məsələn, adam payızı
sevmirsə, bu, depressiya deyil, sadəcə, adaptasiya müddəti keçir.

Aytac
Sahil:
- Hər bir psixoloji hadisənin bioloji, sosial
və individual tərəfi olur. Bioloji tərəfi odur ki, günəş işığı azaldıqca,
hormonların ifrazı da azalır. Bizim hisslərimizi, emosiyalarımızı idarə edən
hormonlardır. Ona görə də, istər-istəməz, bu bizə təsir edir. Sosial tərəfi
odur ki, aktivliyimiz məhdudlaşmağa başlayır və əgər sosial insanlarıqsa, bu
bizə təsir edir. İndividual tərəfi isə bu ola bilər ki, bizim hansısa fəsillərlə
bağlı xatirlərimiz olur. İnsanın hansı fəsli sevməsi onun özündən asılı olur.
Səyyarə
Yusubova:
- İnsan beyninə nə yerləşdirsə, onunla da işləyir.
Buna biz sosial yönəlişlik deyirik. Əgər biz tətilimizin axırında yeni iş rejiminə
fikrən hazırlaşırıqsa, işə qoşulduqda stress yaşamırıq. Günəş işığı azaldıqca,
biz düşüncələrimizdə bunu qəbul ediriksə, təzyiq də bizə az olur. Biz insanlara
tövsiyə verə bilərik ki, orqanizm tutqun havalarda pis düşüncələrə meyillidirsə,
düşüncələrini dəyişsinlər. Düşüncələrimizi idarə edə bilərik. Bizim cəmiyyətdə
vaxtı idarə edə bilməmək problemi var. Bu, həyata passiv yanaşmadır. Biz bu barədə
düşünsəydik, payızda daha yaxşı olardıq.

- Düşüncələrimizi yönəltmək üçün nə etməliyik?
Rövşən
Hümbətov:
- İnsan daim özünü mənfiyə kökləyir. Tutaq
ki, iş üçün müraciət edib və işə qəbul ola bilməyib. Özünü günahlandırır ki, mən
bacarıqsızam. Nəticədə yeni düşüncə ortaya çıxır: "Uğursuzamsa, geri qalacam və
nailiyyət əldə edə bilməyəcəm”. Bu kimi ardıcıl düşüncələr onu neqativə kökləyir.
İnsana reallıq hissini aşılamaq lazımdır. Hər hadisəyə pozitiv baxmaq lazımdır.
Mövcud olan şansları dəyərləndirməliyik. Şanslardan düzgün istifadə etdikdə,
düşüncələrimizi də doğru yönəldə bilirik.
Atəş
Musazadə:
- Əsas şərtlərdən biri insanın özünə səhv etmək
şansı verməsidir. Həyat həmişə uğurlardan ibarət deyil. İnsan bəzən uğursuzluğa
düçar ola bilər və bu zaman depressiyaya düşməli deyil, dərs çıxarmağı öyrənməliyik.
Hər bir uğursuzluq bizə nə isə öyrədir. İnsan yaşanan uğursuzluqdan o dərsi öyrənib
yoluna davam edərsə, artıq ikinci dəfə həmin uğursuzluğa düçar olmayacaq. Bəzən
ətraf və valideynlər gənclərə səhv etmək şansını vermir, bu da depressiyaya gətirib
çıxarır. Yolda gediriksə, o yol eniş, yoxuş, düz ola bilər. Sadəcə, bu yolda cəsarətlə
irəliləmək lazımdır.

Zümrüd
Əkbərova:
- İnsan evlilikdən subaylığa keçəndə belə,
hansısa dəyişiklik yaşayır. Amma bu, bu vəziyyətə öncədən hazırlaşanların psixologiyasına
təsir etmir. Deməli, düşüncələrini düzgün yönəldə bilir.
Səyyarə
Yusubova:
- Biz sevinməliyik ki, çox yaxşı iqlimdə
yaşayırıq. Coğrafiyamızda hər cür havanı görürük. Avropanın bəzi ölkələri var ki,
əhalinin çox hissəsi depressiyanı dərman olmadan keçirə bilmir. Bu mənada,
bizim mövsümlər çox yaxşıdır. İkinci məsələ isə bizim gənclərin ailədən
asılılığıdır. Gənc şəxsiyyət olaraq öz qərarlarını özləri verməlidir. Valideynlər
bir çox hallarda buna icazə vermir. Amma gənclər müstəqil qərar verməyi, ayaq
üstə durmağı öyrənməlidir. Yaxın ətraf, dostlar gənclik dövründə çox önəmlidir.
Kollektiv olaraq bir-birini dəstəkləməlidirlər. Ünsiyyətlə çox şeyi həll etmək
mümkündür.

Aytac
Sahil:
- İnsan özünü idarə etməsi üçün özünü kifayət
qədər tanımalıdır. Düşüncələrimizi dəyişməkdə özümüzə güvənməliyik. İnsan özü
real vəziyyətini qiymətləndirə bilmir. Qiymətləndirmək üçün ətrafdan güzgü
lazımdır. Bu bizim ailəmiz, dostlarımız və psixoloq ola bilər.
Zümrüd
Əkbərli:
- Sən o vaxt sağala bilərsən ki, xəstə
olduğunu qəbul edəsən. Danışmaq, fikirləri bölüşmək, yazmaq, şəkil çəkmək, təmiz
havada gəzmək lazımdır. Hərəkətdə ol, həyatı sev və gülümsə.

Rövşən
Hümbətov:
- Əhval-ruhiyyəni salan stress faktorlarıdır.
Stressdən uzaq qalmaq lazımdır. Fəsil dəyişəndə, yaşam tərzini, yemək vərdişlərini,
gündəlik yuxu rejimini dəyişirsən. Neqativ düşüncələr əhval-ruhiyyəyə təsir
edir. Bu məsələdə dostlarla, qohumlarla ünsiyyət önəm daşıyır.
Aytac
Sahil:
- Yuxu rejiminə riayət etmək, normal
qidalanmaq və hərəkətdə olmaq depressiyanın ən yaxşı dərmanıdır.
Aygün
ƏZİZ
