• cümə axşamı, 09 may, 02:09
  • Baku Bakı 15°C

Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi - ŞƏRH

13.11.21 11:45 827
Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi - ŞƏRH
2022-ci ildə ümumi daxili məhsulda 3,9 faiz, ayrılıqda qeyri-neft sektorunda isə daha çox artım olacaq. Xərclərin 46,5 faizi birbaşa sosial istiqamətə yönələcək. Büdcədən ayrılan hər 100 manatın 46 manatdan çoxu məhz sosial sferaya xərclənəcək. Bu o deməkdir ki, 2022-ci ilin büdcəsi sosialyönümlü olacaq.
Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci il üçün büdcə layihəsi müzakirə olunub. Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov məlumat verib ki, növbəti ilin dövlət büdcəsi layihəsində gəlirlər 26 milyard 816 milyon manat, xərclər 29 milyard 879 milyon manat proqnozlaşdırılıb. Dövlət rəsmisinin sözlərinə görə, icmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, xərcləri 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub. Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Hər 100 manatın 46 manatı sosial sferaya xərclənəcək

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcədir. Yeni büdcənin gəlir və xərclərində əvvəlki illərlə müqayisədə artımlar nəzərdə tutulub. Büdcə həcminin böyüklüyünü, nəzərdə tutulan istiqamətləri və xərcləri "Kaspi” qəzetinə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovbildirib ki, bütövlükdə 2022-ci ildə makroiqtisadi göstəricilərin 2021-ci ildə olduğu kimi artım tempi ilə davam edəcəyi proqnozlaşdırılıb. Onun sözlərinə görə, 2022-ci ildə ümumi daxili məhsulda 3,9 faiz, ayrılıqda qeyri-neft sektorunda isə daha çox artım olacaq: "2021-ci ili Azərbaycan iqtisadiyyatı 5 faiz böyümə ilə başa vuracaq. Bu baxımdan proqnozlar nikbindir. Yeni büdcənin xərclərinə diqqət yetirsək, görərik ki, xərclərin 46,5 faizi birbaşa sosial istiqamətə yönələcək. Büdcədən ayrılan hər 100 manatın 46 manatdan çoxu məhz sosial sferaya xərclənəcək. Bu isə o deməkdir ki, 2022-ci ilin büdcəsi sosialyönümlü olacaq. Əlavə olaraq 1,4 milyard manatlıq sosial paket təsdiq olunacaq. Bu, əməkhaqqı, müavinət və pensiyalarda artımların olacağından xəbər verir. İlkin qiymətləndirmələrə görə, sosial paket orta hesabla 20-40 faiz intervalında artımlara gətirib çıxaracaq”.


İşğaldan azad olunan ərazilərin yenidən qurulması

İqtisadçı millət vəkili deyib ki, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması gələn il də prioritet olacaq. O, bu istiqamətə 2,2 milyard manat vəsait ayrılacağını dilə gətirib: "Bütünlükdə 2021 və 2022-ci illərdə bərpaya, yenidənqurmaya 4,4 milyard manatın ayrılması planlaşdırılıb. İşğaldan azad olunan ərazilərdə işlər intensiv şəkildə həyata keçirilir və qarşıdakı illərdə də bu proses davam etdiriləcək. Bununla yanaşı, 2022-ci ilin dövlət büdcəsindən təhsil, səhiyyə, müdafiə və sair istiqamətlərə xərclənən vəsaitin həcmində artımlar nəzərdə tutulub. Praktik olaraq bütün sahələr üzrə xərclərdə artım olacaq. Çünki bir tərəfdən qeyri-neft sektorundan daxilolmalar yüksəkdir, digər tərəfdən neftin dünya bazarında qiymətində bahalaşma var. Bu, büdcədə neft sektorundan cəlbedilmələrin, transferlərin reallaşmasına imkan yaradır. Yeni büdcədə neftin qiyməti 50 dollar nəzərdə tutulub ki, bu da konservativ qiymətdir. Bu, dünya bazarında neftin qiymətinin bahalaşması fonunda potensial dalğalanmalardan dövlət büdcəsini sığorta etmək məqsədi daşıyır”.


Sosial müavinətlərin məbləği artacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov söyləyib ki, "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilən gəlir, xərclər 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə 5,4 və 4,7 faiz çoxdur. Onun fikrincə, büdcədə 3.063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7 faiz azalma deməkdir: "Büdcə gəlirlərinin 25.874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı yerli gəlirləri, büdcə xərclərinin isə 28. 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclər təşkil edir. 2022-ci ilin dövlət büdcəsinin əsas xərclərini sosialyönümlü xərclər təşkil edəcək. Həmin xərclərin əsas hissəsi sosial təminat və sosial müdafiə xərclərinə yönəldiləcək. Gələn il minimum aylıq əməkhaqqının məbləğinin artırılması, o cümlədən büdcədən maliyyələşən təşkilatlarda əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Əmək pensiyalarının minimum məbləğinin, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı həddinin, bir sıra sosial müavinətlərin məbləğinin artırılması da nəzərdə tutulur ki, bu tədbirlərin maliyyələşdirilməsi 2022-ci ilin dövlət büdcəsinin sosial xərclərində xüsusi yer tutacaq”.


Dövlət əsaslı vəsait qoyuluşu

A.Hüseynov vurğulayıb ki, 2022-ci ildə dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5,932 milyon manat vəsait ayrılması nəzərdə tutulub: "Həmin vəsaitin 4. 992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2.790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri təşkil edəcək. Bundan başqa, dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 1,1 faiz çoxdur. Gələn il aqrar sektora çəkiləcək xərclərin 477 milyon manatı kənd təsərrüfatı tədbirlərinə, 47 milyon manatı baytarlığa, 460 milyon manatı meliorasiyaya, 13 milyon manatı isə kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1.792 milyon manat və yaxud 1.054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub. Nəticə etibarilə 2022-ci ilin icmal büdcəsi 33 milyard manata yaxın olacaq. Bu, ilkin proqnozla müqayisədə 2,4 faiz çoxdur”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər