• şənbə, 26 Sentyabr, 02:24
  • Baku Bakı 22°C

İnsanların borclanma vərdişləri dəyişir

26.09.26 01:37 21
İnsanların borclanma vərdişləri dəyişir

Kredit kartları üzrə əməliyyatların həcmi bir il ərzində 12,8 faiz azalaraq 703 milyon manata düşüb. Kredit limitlərinin sərtləşdirilməsi, faizsiz taksit imkanlarının genişlənməsi və əhalinin borclanmağa daha ehtiyatlı yanaşması kredit kartlarının dövriyyəsinə təsir edən əsas amillər sırasındadır.

Azərbaycanda bank kartlarından istifadənin ümumi həcmi artmaqda davam etsə də, bu sahədə diqqətçəkən fərqli tendensiya müşahidə olunur. Belə ki, debet kartları ilə aparılan əməliyyatlar artdığı halda, kredit kartları üzrə dövriyyə əksinə, nəzərəçarpacaq dərəcədə azalıb. 2026-cı il avqustun 1-nə kredit kartları ilə əməliyyatların həcmi illik müqayisədə 12,8 faiz azalaraq 703 milyon manata düşüb. Bəs görəsən vətəndaşlar kredit kartlarından daha az istifadə etməyə başlayıblar, yoxsa bankların kreditləşmə siyasətində sərtləşmə bu azalmanı şərtləndirib? 

“Kreditə maraq azalmayıb, sadəcə seçim dəyişib”

Maliyyə və bank eksperti Xəyal Məmmədlinin sözlərinə görə, kredit kartları ilə əməliyyatların azalmasını yalnız vətəndaşların bu maliyyə alətinə marağının zəifləməsi ilə izah etmək düzgün olmaz. Burada həm istehlakçı davranışındakı dəyişikliklər, həm də bankların kredit siyasəti rol oynayır: “2025-ci ildən kredit kartları üzrə tənzimləyici tələblərin sərtləşdirilməsi bankları kredit limitlərini müəyyənləşdirərkən daha ehtiyatlı davranmağa sövq edib. Borcalanın gəliri və mövcud kredit öhdəlikləri daha ciddi nəzərə alınır. Bu isə həm yeni limitlərin, həm də istifadə olunan kredit vəsaitlərinin həcminə təsir göstərə bilər. Yəni vətəndaşın kredit kartından istifadə imkanının əvvəlki qədər geniş olmaması onun bu məhsula olan tələbinin azalması görüntüsünü də yarada bilər. Bu baxımdan, statistik göstəriciyə həm bankların kredit siyasəti, həm də istehlakçıların davranışı təsir edir”. 

X.Məmmədli bildirdi ki, istehlakçılar kredit kartları əvəzinə istehlak kreditlərinə və müxtəlif taksit məhsullarına üstünlük verirlər. Ümumi kart əməliyyatlarının 6,7 faiz, debet kartları üzrə dövriyyənin isə 8 faiz artması göstərir ki, kartlardan istifadəyə maraq ümumilikdə azalmayıb: “Sadəcə, vətəndaşların maliyyə alətlərindən istifadə strukturunda dəyişiklik baş verir. Yaxın dövrdə kredit kartları üzrə artımın daha məhdud olacağı gözlənilir. Lakin bunu bazarın zəifləməsi kimi deyil, kreditləşmənin daha seçici xarakter aldığı və risklərin daha ciddi qiymətləndirildiyi mərhələ kimi dəyərləndirmək lazımdır”.

“Faizsiz taksit kredit kartının rəqibinə çevrilib”

Bank eksperti Emin Kərimov isə düşünür ki, əsas səbəblərdən biri kredit limitləri ilə bağlı tətbiq olunan tənzimləmələrdir: “Kredit limitlərinin əvvəlki dövrlə müqayisədə daha ehtiyatlı müəyyənləşdirilməsi vətəndaşların kredit kartlarından istifadə imkanlarını da məhdudlaşdıra bilər. Əvvəlki illərdə banklar kredit kartları üzrə limitləri daha sərbəst müəyyənləşdirirdilər. Bəzi hallarda kredit limiti müştərinin əməkhaqqının 10-15 mislinə çatırdı. Hazırda tətbiq olunan məhdudiyyətlər isə kredit xəttinin əvvəlki qədər geniş olmasına imkan vermir. Nəticədə daha yüksək məbləğə ehtiyac yaranan zaman bəzi vətəndaşlar nağd kreditlərə yönəlirlər. Bu zaman kredit kartı üzrə dövriyyə azalır, lakin həmin şəxsin kreditə olan ehtiyacı tamamilə aradan qalxmır. Sadəcə, borclanma üçün istifadə etdiyi maliyyə aləti dəyişir”. 

E.Kərimovun fikrincə, kredit kartları üzrə dövriyyənin azalmasına taksit imkanlarının genişlənməsi də təsir edir: “Hazırda həm mağazalarda, həm də bank məhsullarında 6, 12, bəzi hallarda 24 aya qədər faizsiz taksit imkanları təqdim olunur. Vətəndaş məhsulun dəyərini faizsiz hissə-hissə ödəyə bilirsə, bunun üçün ayrıca kredit xəttindən istifadə etməyə ehtiyac qalmır. Yəni kredit kartlarına müəyyən alternativ yaranıb”.

“Bank üçün əsas məsələ yalnız daha çox kredit vermək deyil” 

Ekspertin sözlərinə görə, kredit limitlərinin məhdudlaşdırılmasının əsas məqsədi əhalinin həddindən artıq borclanmasının qarşısını almaq və problemli kreditlər riskini azaltmaqdır: “Bank üçün də əsas məsələ yalnız daha çox kredit vermək deyil, verilən vəsaitin geri qaytarılmasını təmin etməkdir. Buna görə müştərinin gəliri, mövcud öhdəlikləri və ödəmə qabiliyyəti daha çox əhəmiyyət daşıyır. Bununla belə, kredit kartlarının bazardakı rolunun aradan qalxacağını düşünmək olmaz. Bu məhsullar xüsusilə qısamüddətli və təcili maliyyə ehtiyaclarının qarşılanması baxımından aktual olaraq qalacaq. Kredit kartının əsas üstünlüklərindən biri də vətəndaşa müəyyən məbləğdə maliyyə resursuna ehtiyac yarandığı zaman çevik imkan yaratmasıdır. Gələcəkdə debet, kredit və taksit imkanlarını birləşdirən multifunksional kartların daha geniş yayılması da mümkündür”.

“Vətəndaş borclanmağa daha ehtiyatlı yanaşır”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə bildirdi ki, kredit kartlarının geniş yayılması insanların bu maliyyə alətinin mahiyyətini daha yaxşı anlamasına da təsir edib. Vətəndaşlar artıq kartdakı vəsaitin şəxsi gəlir deyil, borc olduğunu və nəzarətsiz istifadənin əlavə maliyyə yükü yarada biləcəyini yaxşı başa düşürlər. Bəzi şəxslər maliyyə vəziyyətinə və ya əvvəlki kredit öhdəlikləri üzrə gecikmələrinə görə bu məhsuldan istifadə edə bilmirlər. Faiz əsaslı maliyyə məhsullarından dini səbəblərlə istifadə etməyənlər də var. Digər qrup isə kredit kartından istifadə etdikdən sonra onun özü üçün faydalı olmadığını düşünərək bu məhsuldan imtina edir”.

R.Atakişiyevin fikrincə, maliyyə savadlılığı artdıqca insanlar maliyyə məhsullarının üstünlükləri ilə yanaşı, risklərini də daha düzgün qiymətləndirirlər: “Əvvəllər bəzi vətəndaşlar kredit limitinin tamamından istifadə edib sonrakı ödənişləri necə edəcəklərini düşünmürdülərsə, indi borcun hansı mənbədən və nə vaxt qaytarılacağına daha çox diqqət yetirilir. Bu baxımdan kredit kartlarından istifadənin azalması istehlakçıların daha düşünülmüş maliyyə qərarları verməsi ilə də bağlı ola bilər. Banklar üçün də bu dəyişiklik yalnız mənfi tendensiya kimi qiymətləndirilməməlidir. Müştərilərin dəyişən tələbatına uyğun daha çevik və effektiv maliyyə məhsullarının təqdim edilməsi yeni imkanlar yarada bilər”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər