• şənbə, 26 Sentyabr, 05:13
  • Baku Bakı 22°C

Uzunmüddətli tərəfdaşlıqlardan investisiyalara

26.09.26 04:12 23
Uzunmüddətli tərəfdaşlıqlardan investisiyalara

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd - konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.

Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) işə başlayıb. İki gün davam edəcək forum dünyanın aparıcı investorları, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib.

İqtisadiyyat Nazirliyi və "The European House – Ambrosetti & TEHA Group"un strateji tərəfdaşlığı ilə keçirilən tədbir "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub. Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd - konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.

Xarici şirkətlər mənfəətlərini yenidən Azərbaycana yatırmağı seçirlər

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan uzunmüddətli tərəfdaşlıqları yeni investisiyalara çevirməyi hədəfləyir.

O vurğulayıb ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" Azərbaycan ilə dünyanın aparıcı enerji şirkətləri arasında güclü əməkdaşlıq modelini bərqərar edib: "Artıq üç onillikdən çoxdur ki, tərəfdaşlarla əl-ələ verib çalışaraq, biz yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və onun hüdudlarından kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik. Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiya və təkrar investisiyalar yaratmağa davam edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti mənfəətlərini yenidən bura yatırmağı seçirlər".

Qlobal iqtisadi çağırışlara toxunan nazir qeyd edib ki, son altı ilin təcrübəsi – pandemiya, daşınma axsamaları və geopolitik gərginliklər təchizat zəncirinin davamlılığının və etibarlı tərəfdaşlığın önəmini bir daha göstərib: "Azərbaycanın məqsədi məhz uzunmüddətli tərəfdaşlıq vasitəsilə qazanılmış etimada əsaslanaraq regionlararası əlaqələri möhkəmləndirməkdir".

Qlobal iqtisadi artımın hərəkətverici qüvvəsi

Baş ofisi ABŞ-nin Nyu-York şəhərində yerləşən makroiqtisadi məsələlər üzrə konsaltinq şirkəti - "Roubini Macro Associates"in Baş İcraçı Direktoru (CEO) Nauriel Roubini qeyd edib ki, ABŞ qlobal iqtisadi artımın hərəkətverici qüvvəsi olacaq. Onun sözlərinə görə, 2 aprel tariflərindən və ABŞ-İran münaqişəsindən sonra belə bir hiss var ki, ABŞ istisnaçılığı (müstəsnalığı) bitib, ABŞ dollarının əsas qlobal ehtiyat valyutası kimi rolu şübhə altına düşəcək və buna görə də ABŞ-nin həddindən artıq imtiyazı yox olacaq, ABŞ fond bazarı köpük içindədir və çökəcək, ABŞ tənəzzülə uğrayacaq: "Mən bununla razılaşmıram. Birləşmiş Ştatların tənəzzülə uğrayan bir dövlət olacağına mərc etməyin”. 

Ardıcıl islahatlar və səmərəli rəhbərlik

"Euronews"un İdarə Heyətinin sədri Pedro Varqas bildirib ki, Azərbaycan möhkəm fundamental baza, ardıcıl islahatlar və səmərəli rəhbərlik sayəsində dayanıqlı inkişaf göstərməyə davam edəcək. "Mən Bakıdayam və qlobal vəziyyətdən asılı olmayaraq, ayrı-ayrı dövlətlərin uğur qazanacağını müşahidə edirəm. Əminəm ki, bu, məhz ardıcıl inkişaf etməyə davam edəcək region və ölkədir, çünki burada fundamental zəminlər var, islahatlar aparılır və güclü rəhbərlik mövcuddur", - o qeyd edib. 


Qeyd edək ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb.

banner

Oxşar Xəbərlər