• cümə, 26 Aprel, 13:25
  • Baku Bakı 23°C

“Müflis olmaqdan qorxmuram” - Uğur hekayəsi

12.12.19 14:18 4346
“Müflis olmaqdan qorxmuram” - Uğur hekayəsi
Ruslan Məmmədov: "Sahib olduğum hər şeyi əlimdən alın, bir dollar pul verin...”
Deyir ki, nəyisə əldə etmək üçün nələrisə qurban vermək lazımdır. Hələ ki işlərindən dolayı ailəsinə istədiyi qədər zaman ayıra bilmir. Amma 2021-ci ilin yanvar ayının 8-ə qədər özünə vaxt qoyub, o vaxtdan sonra ailəsi ilə daha çox zaman keçirəcək. Düşünür ki, uğurun sirri çoxdur və yalnız bu sirləri bilən insanlar həqiqətən uğurlu olurlar. Müsahibimiz "Mario Russo” kişi geyim brendinin yaradıcısı Ruslan Məmmədovdur.
Qeyd edək ki, Ruslan Məmmədov 1988-ci ildə Almaniyada Postdam şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri Rusiyada keçib. 2004-cü ildən isə ailəsi ilə birlikdə Azərbaycana gəlib. 2005-ci ildə Bakı Biznes Universitetinin maliyyə və kredit fakültəsinə daxil olub.
Həmsöhbətimlə yaratdığı biznes barəsində danışarkən qeyd edir ki, "Mario Russo” elə Ruslan Məmmədov adından yaranıb: "Uşaqlıqda dostlarım mənə Ruslan yox, Russo deyərdilər və bu, mənə xoş gəlirdi. Markamıza ad seçəndə də ağlıma ilk bu ifadə gəldi. Mario isə soyadımın italyan versiyasıdır. Düşündüm ki, səslənişi qulağa yatımlı olsun. Həmçinin, dünya bazarlarına çıxış zamanı da özünəməxsusluğu ilə seçilsin”.

- Uşaq vaxtı sizə ünvanlanan "kim olmaq istəyirsən” sualına "adam” deyə cavab veribsiniz. Maraqlıdır, Ruslan üçün "adam olmaq” nə deməkdir?
- Bizim ailədə, nəsildə çox xoşlayırlar ki, insan insanları sevsin, onlara fayda versin. Həmçinin də insanlar onu sevsin, ona hörmət etsin. Bizim üçün bu məqamlar çox önəmlidir. Şəxsən mənim üçün ən böyük motivasiya işimdə əldə etdiyim inkişafdan çox yaxınlarıma etdiyim yaxşılıqların qarşılığında onların sevinməyidir. Kimisə sevindirmək xoş təsir bağışlayır. Hər şeyi pulla əlaqələndirmək olmaz. Hətta mən işə götürəcəyim insanın ilk olaraq xarakterinə baxıram, sonra iş təcrübəsinə.
- Başqalarına xeyir vermək, faydalı olmaq sizin üçün niyə bu qədər önəmlidir?
- Hər kəs nələrdənsə zövq alır. Mən də bu kimi işlərdən zövq alıram. İnsanları sevindirməyi çox sevirəm, ətrafımdakı insanların xoşbəxtliyi mənim xoşbəxtliyimdir. Mən o vaxt gülürəm ki, onlar da gülür. Məsələn, bura gəlməmişdən öncə bir-iki nəfəri sevindirmişəm və indi əhvalım çox yaxşıdır (gülür).

- Almaniyada doğulmağınıza baxmayaraq, uşaqlıq və yeniyetməlik dövrünüz Rusiyada keçib. O illəri necə xatırlayırsınız?
- Həmin dövr çox ağır keçib. Rusiyanın paytaxtında yox, çox ucqar bir yerində yaşayırdıq və orada rasizm hiss olunurdu. Kriminal hadisələr baş verirdi. Xüsusilə də yeniyetməlik dövrünü orada keçirən biri üçün çox dəhşətli idi. Bu yaxınlarda sosial şəbəkələrdə bir sual qarşıma çıxdı. Soruşulurdu ki, imkan olsaydı, həyatınızda nələri dəyişərdiniz. Açığı, bu sual ətrafında çox düşündüm. Ağlıma ilk həmin illər gəldi, əlimdə olsaydı, öz ölkəmdə doğulardım, ilk addımlarımı burada atardım. Amma bir az dərinə gedəndə, düşündüm ki, yox, heç nəyi dəyişməzdim. Çünki bugünkü Ruslanın formalaşmağında, inkişafında o illərin də böyük rolu var.
- 2004-cü ildə Azərbaycana gəlibsiniz. 11-ci sinfi bitirib, universitetə sənəd verdiyiniz bir zamanda atanız müflis olur. Həmin dönəmdə hansı çətinlikləri yaşadınız?
- Ümumiyyətlə, ən böyük çətinliyim dillə bağlı idi. Rus bölməsində oxuduğum üçün Azərbaycan dilində danışanda çətinlik çəkirdim. Həmçinin o dövrdə sinif yoldaşlarımın əksəriyyəti hazırlığa gedirdi, amma mən gedə bilmədim. Özüm hazırlaşdım və zəhmətimin nəticəsini də gördüm. Universitetə qəbul oldum, amma ödənişli. Ödənişliyə qəbul olmağımla çətinliklər davam etdi. Çünki illiyi ödəmək üçün işləməli idim. Amma dili yaxşı bilmirəm, təcrübəm yox, düşünürdüm ki, necə iş tapacağam. Elə oldu ki, ofisiant işləməyə başladım. Maaşım çox aşağı idi, sırf evə yük olmamaq, heç olmasa, yol pulumu qazanmaq üçün işləyirdim. Yadımdadır, ilk "çayavoy”um 30 qəpik olmuşdu. Onda necə sevinmişdim. Amma düşünürəm ki, nə yaxşı həyatımda o çətin günlər olub.
- İllər əvvəl 30 qəpik "çayavoy”a sevinən Ruslan bu gün özü nə qədər "çayavoy” qoyur?
- (Gülür). İstənilən sahədə xidmət böyük rol oynayır. Ofisiant işlədiyim dönəmdə də, indiki işimdə də bacardığım qədər yüksək səviyyədə xidmət göstərməyə çalışıram. Eynilə də yüksək xidmət görməyi xoşlayıram. Xidmət tam ürəyimcə olanda 10, 100, hətta 200 azn də "çayavoy” qoyuram.

- Əsgərlikdən sonra iş həyatına başlamaq üçün hansı əngəllərlə rastlaşdınız, onları necə aşdınız?
- Dil və təcrübə problemi hələ də davam edirdi. Amma düşünürdüm ki, artıq ofisiant işləməklə heç nə əldə edə bilməyəcəyəm, inkişaf etmək, irəli getmək vaxtıdır. Müraciət etdiyim yerlərdən "yox” cavabı almaqdan bezmişdim. Qərara gəldim ki, insanları mənimlə işləmələri üçün maraqlandırmaq lazımdır. Bir mağazada sual-cavab zamanı yalandan dedim ki, çin və rus dilini bilirəm. Onlar da güldülər, adımı, nömrəmi götürdülər, amma müsbət heç nə demədilər. Nə isə mağazadan çıxdım, metroya tərəf gedirdim. İçimdə də bir təəssüf hissi var idi ki, yenə də iş tapa bilmədim. Bu məqamda telefonuma zəng gəldi, həmin mağazadan idi. Məni geri çağırdılar, çin dilini bilməyim onların marağına səbəb olub. Mağazanın İnsan Resursları mütəxəssisi ilə görüşdüm. O məndəki potensialı görüb işə götürdü. İnanın, heç çin dili biliyimi yoxlayan olmadı (gülür). İşə götürüldüyüm üçün çox xoşbəxt idim və bacardığımdan çox işləyirdim. 100 yox, 101 faizlik nəticə göstərməyi qarşıma məqsəd qoymuşdum. İşlədiyim butikdə ilk ay ən çox satış edən satıcı idim. Növbəti 3 ayda isə mağazanın 13 filialı arasında ən çox satışı edən oldum. İstirahət günü götürmədən işləyirdim.
- Bir zamanlar iş həyatının kəskin şərtləri ilə qarşılaşan, iş axtaran Ruslan bu gün özü böyük bir biznesin sahibidir və 200-dən çox işçisi var. Maraqlıdır, hazırda Ruslan hansı şərtlərlə işçi götürür?
- İlk növbədə insanın potensialına, sonra təcrübəsinə baxıram. Təəssüf ki, əksəriyyət şirkətlər hazır kadr axtarışındadır. Mən isə kadrı özüm yetişdirirəm. Mənim investisiyam vaxtımı ayırmaq, bildiklərimi öyrətməkdir. Əgər işçidə o potensial varsa, hazır kadrdan da yaxşı işləyir və sənin onun üçün etdiyin xeyirxahlığı daha yüksək qiymətləndirir. Sabah başqa firma ona 5-10 manat artıq maaş verəndə də səni tərk edib getmir. Ola bilər ki, təcrübəsiz kadr götürməklə bir tərəfdən itirirəm, amma potensial baxımdan düzgün seçim etmişəmsə, gələcəkdə ikiqat qazanıram.
- Necə düşünürsünüz, bir markanın inkişafında işçi-rəhbər münasibətinin rolu nə qədər önəmlidir?
- Mənim üçün komandam çox önəmlidir. Komandamdan pozitiv enerji almasam, onlarla məsləhətləşməsəm, işləyə bilmərəm. Bu gün sahib olduğum işi özüm təkbaşına qurmuşam, amma inkişafında komandamın rolu böyükdür. Hər bir insanın yanaşması fərqlidir. Bu baxımdan, istənilən işdə fərqli fikirlər dinləmək gözəldir. Onların risk eləmək potensialı daha yüksək olur, çünki bunu öz pulları ilə etmirlər (gülür). Ona görə normal və anormal ideyalar verə bilərlər. Komandanı dinləmək lazımdır, amma qərarı sonda özün verirsən. Əslində, komandaya da xoş olur ki, rəhbər onunla məsləhətləşir, fikrini dinləyir. Hətta hansınınsa ideyasından istifadə edəndə motivasiya alırlar. Bu zaman işə daha məsuliyyətli və yaradıcı yanaşırlar. Nəticədə markanın inkişafı üçün nə isə etmiş olurlar.
- Bir müsahibənizdə oxudum ki, ölkəmizdə fəaliyyət göstərən bir multi-brend univermağında ilk görüşdə təklif olunan maaşdan imtina edibsiniz. Amma bir neçə gün sonra sizə istədiyiniz maaşı təklif edərək işə dəvət ediblər. Bilmək olar, nə qədər təklif edilmişdi və sonda razılığa gəlinən məbləğ nə qədər oldu?
- Həmin şirkət çox yaxşı statusa sahib olan böyük tekstil şirkəti idi. Səhv etmirəmsə, indi də ölkədə nömrə bir şirkətlərdəndir. Əslində, onlardan təklif gələndə təəccüblənmişdim. İlk təklif edilən maaş 450 manat idi, amma 3 ay sonra 600 manata qalxacağı və faizlərdən də müəyyən qədər gəlir olacağı deyildi. Lakin razı olmadım, çünki işlədiyim yerdə təklif ediləndən çox qazanırdım. Bəlkə də indiki Ruslan şirkətin adına, öz inkişafıma görə nələrsə göz yumub gedərdi, lakin o vaxt pula ehtiyacım var idi. Belə risk edə bilməzdim. 4-5 gün sonra, zəng vurub görüşə çağırdılar. Görüş zamanı razı olub-olmadığımı soruşmadan "600 manat veririk və heç bir söz demədən işə başlayırsınız” dedilər. Mən də gülərək "başlayaq” dedim.

- Atanızın müflis olmağının səbəblərindən biri də yerli bazarı bilməməyindən irəli gəlib. Maraqlıdır, siz bu bazarı necə öyrəndiniz?
- Deyir, yaxşı bankir olmaq üçün qapıçı olmaq lazımdır. Mən ən aşağı vəzifədən bütün səhvləri, düzləri görərək bu yerə qalxdım. Deyə bilmərəm ki, işə başlayan kimi pullar başımdan töküldü. Şəxsən iki dəfə müflis olmaq yolundan qayıtmışam. Amma o riskləri bilə-bilə edirdim. Çünki risk edə-edə öyrənirdim.

- Heç düşünübsünüz, müflis olsanız nə edərsiniz?
- Bu sualı 2015-ci ilə qədər hər gün özümə verirdim. Hansısa mağazada işləyəndə düşünürdüm ki, buradan işdən çıxsam, nə edərəm, biznesimi qurduqdan sonra müflis olsam, nə edərəm? Amma hazırda heç nədən qorxmuram. Çünki keçən zaman ərzində investisiyanı işimə yox, özümə etmişəm. Bu sahədə özümü kifayət qədər inkişaf etdirmişəm. Sözün əsl mənasında bu dəqiqə sahib olduğum hər şeyi əlimdən alın, amma mənə bir dollar pul verin. Bu gün məndən aldıqlarınızı bir il sonra yenidən qazanacağam. Ona görə müflis olmaqdan qəti şəkildə qorxmuram. Bunun üçün də hər kəsə məsləhət görürəm ki, ilk olaraq özlərini inkişaf etdirsinlər.
- Maraqlıdır, siz özünüzü necə inkişaf etdirirsiniz?
- Məşq edirəm, idmanı çox sevirəm, hətta deyərdim ki, ondan asılıyam. Sağlamlığıma ciddi nəzarət edirəm, düzgün qidalanıram, siqaret çəkmirəm, amma arada xeyir işlərdə içirəm (gülür). İdman insanı passivləşməyə qoymur, qan dövranı çox yaxşı işləyir. Nəticə olaraq da ətrafda baş verənləri daha yaxşı müşahidə edib, informasiyanı daha rahat qəbul edə bilirsən, beyin itilənir, yaradıcı ideyalar düşünürsən və daha məhsuldar işlər görürsən.
- Biznesinizi devalvasiya vaxtı, hər kəsin işini itirdiyi, şirkətini bağladığı bir dövrdə qurubsunuz. Bunu cahil cəsarəti yoxsa, özgüvəndən doğan bir risk adlandırmaq olar?
- Heç nəyə güvənmədən riskə getmək ağılsızlıqdır. Demirəm, 51 faiz, ən azından 10 faiz də olsa, nəyəsə güvənmək lazımdır.

- Bəs, siz nəyə güvənərək bu addımı atmışdınız?
- Yaşadığım bütün çətinliklərə baxmayaraq, uşaqlıqdan özümü çox xoşbəxt saymışam. Hiss edirəm ki, Allah məni çox istəyir. Hansısa çətinliyim olsa belə o, məni dəstəkləyəcək, kömək edəcək. Həyatda ən böyük dəstəkçim isə ailəmdir. Onların da dəstəyi təsirsiz ötüşmədi və onların mənə olan inancını, güvənini boşa çıxartmamalı idim. Bundan başqa, az da olsa, iş təcrübəm var idi. Müəyyən qədər ona da güvənirdim (gülür). Bir də hisslərim məni yanıltmır. Həmin dönəmdə hiss etdim ki, risk etmək vaxtıdır.

- Güvənilir geyim markası olmağın əsas şərtləri nələrdir?
- İlk növbədə hər bir insan ekskülizivlik, keyfiyyət axtarır. Digər tərəfdən, qiymət nüansını da gözardı etmək olmaz. İnsanlar keyfiyyətə və ekskülizvliyə nə qədər maraq göstərsələr də, qiymətə də önəm verirlər. Bu qiymət nə aşağı, nə də yuxarı olmalıdır. Həmçinin insanlar peşəkarlığa da diqqət yetirirlər. Bütün bunlar bir arada cəmlənəndə, güvəni qazanmaq elə də çətin deyil.

- Yerli bazarda özünüzə rəqib görmədiyinizi deyibsiniz. Bunu nəyə əsasən bildiribsiniz?
- Məni inkişaf etdirən xüsusiyyətlərimdən biri də rəqabətdir. Kiminsə məndən güclü və ya yaxşı işlədiyini görəndə yaxşı mənada aqressiya yaranır və hər nə olursa, olsun onu keçməyə çalışıram. Ondan daha yaxşı olmağı qarşıma məqsəd qoyurdum. Məqsədimə çatanda isə darıxmağa başlayırdım. Hazırda fəxrlə deyirəm, sübut edirəm və edəcəyəm də ki mən daha yaxşıyam. Əlbəttə, ola bilər bu gün daha yaxşı bir brend yaransın və məndən də yaxşı xidmət göstərsin. Amma ona da müddət qoyuram ki, hansısa müddət sonra mən onu da keçəcəyəm (gülür). Çünki yenə rəqabət və daha yaxşı olmaq hissi yaranacaq. Bəlkə də eyni səviyyədə olacağıq, amma işə yanaşma mütləq şəkildə fərqli olacaq.
- Yaxşı bir atalar sözü var, "insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar”. Sizcə, münasibətlərin qurulmasında geyimin rolu nə dərəcədə önəmlidir?
- Bu deyimi bəyənirəm. Psixoloji yanaşmadır. Yəni qarşınızdakı insanla ilk əlaqəniz gözlə olur. Onunla danışmadan, əl-ələ salamlaşmadan öncə istər-istəməz gözünüzlə qiymətləndirirsiniz. Bu, insanın özündən asılı deyil. Ona görə də ilk baxış, təəssürat çox önəmlidir. Daha sonra onun xarakteri, düşüncəsi ilə bağlı fikirlər yaranır. Demirəm, insan mütləq bahalı geyinməlidir. Sadəcə, səliqəli olmaq, geyinmək üçün elə də çox pula ehtiyac yoxdur.

- Kişilər dəbli klassik geyimdə qadınların diqqətini daha çox cəlb edirlər?
- 99 faiz bəli (gülür). Çünki xanımlar instinktiv olaraq həyat yoldaşı, uşaqlarına ata axtarırlar. Nə qədər adrenalini sevən qadın olsa belə, yenə də müəyyən vaxtdan sonra stabillik, normal həyat tərzi istəyir və klassik geyimdə olan kişilərdə bu potensialı daha çox görür. Çünki həmin kişilər daha ciddi, yaradıcı, ağıllı təəssürat bağışlayır.
- Sözünüzdən belə anlaşıldı ki, kostyum, şalvar kişinin ağlının göstəricisidir.
- (Gülür). Əslində, bunu mən yox statistika deyir. Dünyanın məşhur jurnallarından olan "Forbes” deyir ki, dünyada olan milyonerlərin, milyarderlərin 92 %-nin üzü qırxılı və klassik geyimlidir. Yəni kostyum geyinən, üzü qırxılı adam daha uğurludur.
- Uğurdan danışmışkən, sizcə, uğurun sirri nədir?
- Uğurun sirri pozitivlikdir, işə sevgi ilə yanaşmaqdır, arzulamaqdır. Məncə, insan ilk olaraq həyatda onu nəyin motivasiya etdiyini bilməlidir. Bəlkə də bu, yaxşı səslənmir, amma insan kiminləsə rəqabətə girməli, ondan daha üstün olmağı qarşısına məqsəd qoymalıdır. Uğurun sirri çoxdur və sirləri bilən insan həqiqətən uğurlu olur.
- Ən böyük dəstəkçinizin ailəniz olduğunu dediniz. Bu qədər işin arasında onlara vaxt ayıra bilirsiniz?
- Nəyisə əldə etmək üçün, nəyisə qurban etmək lazımdır. Təbii ki, ailəmə çox vaxt ayıra bilmirəm. Amma çalışdığım qədər onlarla daha çox zaman keçirirəm. Özümə 2021-ci ilin yanvarın 8-ə, yəni 33 yaşıma qədər vaxt qoymuşam. Nə olursa, olsun o zamandan sonra ailəmə daha çox vaxt ayıracağam.
Günel Azadə






banner

Oxşar Xəbərlər