• çərşənbə axşamı, 19 mart, 14:34
  • Baku Bakı 8°C

“Müəllim, nənəm sizə təndir çörəyi göndərib...” - Örnək

29.11.19 11:00 5232
“Müəllim, nənəm sizə təndir çörəyi göndərib...” - Örnək
Şahid Muradlı: "İbtidai sinif müəllimi olduğum üçün azyaşlılarda məktəbə, təhsilə, mütaliəyə həvəs yaratmağın məndən asılı olduğunu bilirəm”
Uşaqları çox sevir. Elə bu sevgisi də onu müəllimliyə gətirib. Uşaqların ona sevgisi isə bəlkə daha da çoxdur. Ondan qollarındakı düymələri bağlamağı xahiş edəcək, evdən onun üçün təndir çörəyi gətirəcək qədər... Deyir ki, seçdiyi ixtisasın maddi qazancından çox, ona verəcəyi mənəvi zənginliyini düşünür və müəllim adı ilə qürur duyur.

Müsahibimiz ucqar kənd müəllimi Şahid Muradlıdır.

Şahid 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Qafqaz Universitetinə (Bakı Mühəndislik Universiteti) daxil olub. 2015-ci ildə məzun olduqdan sonra "Müəllimlərin işə qəbulu imtahanında” iştirak edərək müəllim adını qazanıb. Şahid öz istəyi ilə Bakıdan İsmayıllı rayonunun İstisu kəndinə ibtidai sinif müəllimi kimi yollanıb. Artıq 5 ildir ki, bu kənddə müəllim kimi fəaliyyət göstərir.

- Şahid bəy, nə üçün müəllimlik? Bu peşə sizin üçün nə ifadə edir?
- Uşaqlarla işləməyi çox sevirəm. O qədər saf, təmiz hisslərə malik olurlar ki... Biz böyüklərdən fərqli olaraq qarşılaşdıqları hadisələrə özünəməxsus reaksiya göstərirlər. Bəzən sadəcə, gülümsəməklə onlara dünyaları verə bilirsən. Uşaqlara, onları öyrətməyə və ən əsası, onlarla birgə öyrənməyə həvəsim olduğu üçün müəllimliyi seçdim.

- Əvvəllər müəllimlik, adətən "qadın sənəti” kimi qiymətləndirilirdi. Kişi müəllimlər bu sahəyə daha az gəlirdi. Hətta psixoloqlar da bu məsələ ilə bağlı həyəcan təbili çalmışdılar. Bu qərarı necə verdiniz?
- Təəssüf ki, belə idi. Çünki məişət qayğıları kişi müəllimləri bu ixtisasdan uzaqlaşdırırdı. Ali təhsil aldığım müddətdə qrupda tək oğlan idim və seçdiyim ixtisasın maddi qazancından daha çox mənə verəcəyi mənəvi zənginliyini düşünürdüm. Ölkəsinə, xalqına xeyir vermək istəyən biri istənilən sahədə bunu edə bilərdi. Mən isə yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində iştirak edərək sağlam bünövrə yaradılmasında iştirak şansı əldə etmişdim. Bu səbəbdən müəllim adını qürurla daşıyıram.

- Yerindən-yurdundan, rahatlığından imtina edib ucqar kənddə işləmək yəqin ki, asan deyil...
- Əlbəttə, asan olmadı. Şəhər mühitində böyümüş, ailəsi ilə birgə yaşayan gənc üçün ucqar kəndə yollanmaq, təbii olaraq, bir sıra çətinliklər yaşadır. Ailənin, dostların əhatəsindən tanımadığın insanların əhatəsinə düşürsən. Təkbaşına həm məktəbdə olan vəzifələrini icra etməli, həm də evdə yerinə yetirməli olduğun gündəlik məişət qayğılarının öhdəsindən gəlməlisən.


- Kənddə ilk dəfə sizi necə qarşıladılar?
- Kənd əhalisi qonaqpərvər, mehriban və istiqanlı insanlardır. Onların dəstəyi ilə kəndə adaptasiya müddətini daha tez keçə bildim. Ləzgi camaatı olan yerli əhalinin, şirin ləhcə ilə "Bakıdan bizim övladlarımıza dərs demək üçün gəlmisən, hər hansı çətinliyin olsa, hər zaman yanındayıq, can” deməsi mənə motivasiya olur.
- Şahid müəllim, uşaqlarla çox gözəl münasibətiniz var. Bunun sirri nədir? Necə olur ki, uşaqlar sizi sevir, doğmaları kimi münasibət göstərir, hətta sizinlə qartopu belə oynayırlar.
- Uşaqları sevdiyiniz və onlarla dost olmağı bacardığınız zaman onlar da sizi öz doğmaları kimi qəbul edirlər. Qarşılaşdıqları çətinliklər zamanı onları anladığımı və birlikdə bunun öhdəsindən gələ biləcəyimizi hiss etdirirəm. Beləliklə, öz rəngarəng dünyalarına məni də daxil edirlər. Uşaqların ən rahat anlaşdığı və yaradıcılıqlarını, zəkalarını üzə çıxardığı an oyun prosesidir. Bu prosesi müşahidə etmək əvəzinə, mən də onlara qoşulmağı seçdim. Beləcə, aramızda səmimi və doğma münasibət yarandı.

- Təhsil sahəsində bəzi kəndlərdə vəziyyət ürəkaçan deyil. Kənddə dərs deyən müəllim kimi, sizcə, hansı məsələlər həll olunsa, təhsilin keyfiyyəti artar?
- Ötən illərə nisbətən, son illərdə ən ucqar kəndlərdə də şəraitin yaxşılaşdırılmasına başlanılıb. Neqativ hallar mövcud olsa da, zamanla belə halların aradan qaldırılacağına inanıram. Məktəblilərin asudə vaxtlarını keçirməsi üçün dərnəklərin, yaradıcı fəaliyyətlə məşğul ola bilməsi üçün məkanların yoxluğu kəndlərin ən böyük problemlərindən biridir. Bildiyiniz kimi, şəhər mühitində bu kimi məkanlar uşaqlara xidmət edir. Və uşaqlar dərsdən sonra özlərini inkişaf etdirə biləcək fəaliyyətlərlə məşğul ola bilirlər.

- Kənddəki şagirdlərlə şəhərdəkilər arasında hansı fərqlər var?
- Fərqlərin olması təbii haldır. Belə ki, şəhər mühitindən fərqli olaraq, daha kiçik coğrafi məkan olan kənd ərazisində yaşayan insanlar bir-biri ilə sıx əlaqə və ünsiyyətdə olurlar. Sevincli və çətin günlərində bir-birilərinin yanında olan insanların əhatəsində böyüyən şagirdlər də öz milli adət-ənənələri haqqında daha məlumatlı, ailə dəyərlərinə isə daha bağlı olurlar.

- Bəs qız uşaqlarının təhsilə yanaşması necədir?
- Kənd sakinləri öz qızlarının təhsilinə xüsusi önəm verir. İşlədiyim bu illər ərzində apardığım müşahidələrə görə deyə bilərəm ki, valideynlər oğulları ilə qızları arasında heç bir fərq qoymurlar. Təsadüfi deyil ki, bu il İstisu kəndindən ali və orta ixtisas məktəblərinə 14 nəfər daxil olub ki, onların 9-u qızlardır.


- Kənddə başınıza gələn, unutmadığınız hadisələri bizimlə bölüşərdiniz.
- Bir neçəsini qeyd edim. İlk dərs günümdə 2-ci sinif şagirdlərimi evə yola saldığım zaman kiminsə məni israrla çağırdığını eşitdim. Arxaya çevrilib baxanda, gördüm ki, balaca qız "müəllim, qolumun düyməsini bağlaya bilmədim, bunu bağlayın da...” deyir. Onun məsum xahişini hələ də unuda bilmirəm. Bunu biz nə universitetdə, nə də təcrübədə olduğumuz zaman öyrənirik. Sadəcə, yaşayaraq öyrənə bilirik.

Bir dəfə isə şagirdlərimdən birinin bütün dərs boyu mənə nə isə demək istədiyini hiss etdim. Nəhayət, evə gedəndə yaxınlaşdı və çantasından çıxardığı təndir çörəyini mənə uzatdı: "Müəllim, bunu nənəm bişirib, sizə göndərdi”.

Bir dəfə isə, müəllim yoldaşımı əvəz etdiyim üçün 2-ci növbəyə qalmışdım. Əvvəlcədən planda olmadığı üçün nahar etməmişdim və axşam evə qayıdarkən yorğun halda necə yemək bişirəcəyimi düşünürdüm. Evə çatan kimi, qaldığım evin sahibi öz nəvəsi ilə mənə isti yemək göndərmişdi: "müəllim bütün günü nahar etmədən məktəbdə olub, apar, isti xörək yesin”.

Tətil başlayacağı üçün Bakıya, evə qayıtmalı idim. Axşam yola çıxdığım üçün maşın olmadı. Kənddən əsas yola qədər məsafə çox uzaqdır. Piyada gedərkən qarşıdan gələn maşının saxladığını gördüm. "Müəllim, gəl əyləş, səni aparım” dedi. Mənə görə gəldiyi yolu yenidən qayıtmalı olacaqdı. Xeyli məsafə idi. Nə qədər israr etsəm də, məni yolda qoymağa razı olmadı və böyük məsafəni təzədən qayıdaraq məni əsas yola çıxardı.

Düşünürəm ki, ən sadə məqamlarda müəlliminə bu cür dəyər verən xalqımız hər zaman təhsil almaq, inkişaf etmək iqtidarında olacaq.

- Müəllim kimi əsas qayəniz, məqsədiniz nədir?
- Məqsədim Azərbaycanı elm və mədəniyyət sahəsində daha da inkişaf etdirəcək gənclər yetişdirməkdir. İxtisasım ibtidai sinif müəllimliyi olduğu üçün təhsildə ilk addımlarını atan azyaşlılarda məktəbə, təhsilə, mütaliəyə həvəs yaratmağın məndən asılı olduğunu bilirəm. Öz milli, mənəvi dəyərlərinə sadiq, xalqını, vətənini sevən, yeniliklərə açıq olan gənclər yetişdirmək ən böyük məqsədimdir.
Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər