• cümə, 06 Iyun, 13:16
  • Baku Bakı 21°C

Miqrantların patent problemi

27.02.15 14:33 7415
Miqrantların patent problemi

Yeni qaydalara görə, Rusiya sərhəddini keçəndən sonra 30 gün müddətində patent almaq lazımdır
Bu ildən başlayaraq MDB ölkələrindən Rusiyada işləməyi arzulayanlar patent almalıdırlar. Belə ki, onlar bu sənədlə hər hansı kompaniyada və ya hərbi müəssisələrdə çalışa bilərlər. Hansı sektorda işləyəcəyini isə miqrantın özü müəyyənləşdirir. Digər tərəfdən, işə icazə üçün işçidə norma axtarmaq lazım deyil. O, bir dəfə gəlir, patenti alır və iş dalınca gedir. Həmçinin patent almaq üçün əlavə sənədlər lazımdır. Artıq bu sistem bir aydır ki, Rusiyada fəaliyyətdədir.
Qonşu ölkənin Federal Miqrasiya Xidməti patent almaq istəyənlərlə doludur. Deyilənə görə, yanvar ayında ajiotaj olmayıb. Müxtəlif yerlərdən məsləhət almaq üçün telefonla da əlaqə saxlanılıb. Ekspertlər bunu miqrantların bayramları öz evlərində və doğmalarının əhatəsində qeyd etmələri ilə əlaqələndirirlər. Bu üzdən həmin ərəfədə Rusiyada miqrantlar az olub. Yalnız fevral ayında onlar Orta Asiya ölkələri, Azərbaycan, Ermənistan və s. ölkələrdən iş dalınca gəliblər. Dərhal da vaxt və pul itirməmək üçün instansiyalara üz tutmağa başlayıblar. Rusiyanın bir sıra vilayətlərində, o cümlədən, Vladivostokda miqrasiya məsələləri ilə bağlı konsultasiya mərkəzində sərhədi keçəndən sonra 30 gün müddətində patent almaq lazımdır. «Bu müddətdə miqrant bilməlidir ki, rus dilindən imtahanı, qanunları və Rusiya tarixi haqqında imtahanları harada verəcək» - deyə mərkəzin rəhbəri Sergey Puşkaryov bildirir: «Ehtiyac olarsa, imtahanlara hazırlıq kursu keçmək olar. Sonra isə Moskvadan imtahanın nəticəsi ilə bağlı sertifikat gözləmək lazımdır. Bu sənədlər paytaxtda hazırlanır. Üstəlik pulu tibbi komissiyadan keçmək və sığorta vəsiqəsi düzəltmək lazımdır. Əgər 30 gün müddətində imtahanı verə bilməyəcəklərsə, 10-15 min rubl civarında cərimə ödəməli və mərhələni davam etdirməlidirlər.
Bundan əlavə, patentin qiymətləri bu ildən kəskin dəyişib. Əgər keçən il bu, 1000 rubldan çox idisə, bu ildən başlayaraq regiondan-regiona qiymətlər dəyişir. Məsələn, Altay diyarında, Kirov, Kostroma, Penza, Rostov, Ulyanovsk vilayətlərində və digər regionlarda illik patentin minimal qiyməti 1568 rubldursa, Çukotkada – 8000 (bu, Rusiyada ən yüksək qiymətdir), Yakutiyada – 7000, Yamalo-Nenetski muxtar dairəsində – 6629 rubldur. Buna görə də miqrantlara ətraflı düşünmək lazım gəlir. Çünki indi onlar bir regionda patenti ucuz alıb daha çox qazanacaqları yerdə işləyə bilmirlər. Yəni patenti harada alırlarsa, orada da işləməyə məcburdurlar.
Bir sıra regionlarda, məsələn, Novosibirskdə miqrasiya xidməti patentlərin verilməsinə başlayanda ajiotaj yaratmaq istəməyib. Keçən ilin noyabr ayında orada patentin alınması üçün yeni şərtlərlə bağlı informasiyalar geniş yayılıb. Dekabr ayında «İki gün ərzində patent» adı altında keçirilən aksiya çox məşhurlaşıb.
Digər rayonlarda əgər miqrant keçən ilin sonuna qədər patent ala bilibsə, o, köhnə qiymətlə – 1200 rubl ödəyib və il boyu sakit işləyə biləcək.
Ekspertlərin qeyd etdiyinə görə, heç də bütün miqrantlar olduqları yerə tam bələd deyillər. Əksəriyyətinə bu proseduru keçmək üçün hər şeyi sıfırdan başlamaq lazım gəlir. Bu baxımdan ekspertlər və mütəxəssislər əmindirlər ki, Rusiyada bu il əmək miqrantları keçən illərdəkinə nisbətən çox olmayacaq.
Rus dilindən imtahan bir çox əməkçi miqrantlar üçün ən böyük maneədir. “Əgər SSRİ dövründə yaşayan yaşlı adamlar dilin tələbləri ilə bağlı maneələrlə qarşılaşmırlarsa, bu, gənclər üçün daha çətindir” - deyə Kaluqa vilayətinin miqrasiya xidmətinin rəhbəri İnessa Naqornı bildirib. Belə ki, imtahan testləri kifayət qədər çətindir: «Qonşu ölkələrdən gələn gənclər rus dilini bilmirlər. Hətta müəyyən müddətli hazırlıqdan sonra da ağlagəlməz kobud səhvlər edirlər. Bundan əlavə, digər imtahanlar da çətindir. Məsələn, miqrantlardan tələb olunur ki, Birinci Rus inqilabının bütün mərhələlərini sadalasınlar”.
Əcnəbilər üçün dərslik müəllifi Anna Qolubeva bildirib ki, hətta rusiyalıların özləri belə bu mərhələləri xatırlaya bilmirlər. Onun fikrincə, hazırlıq kurslarında testə düşən faktların əzbərlənməsi prosesi çətinliklə gedir. “İş dalınca gələn miqrant əgər imtahandan keçmirsə, o, nə qədər lazımdırsa yenidən imtahan verməyə cəhd göstərir. Onun üçün əsas olan bir ay ərzində şəhadətnamə almasıdır”. Dövlət Testləşdirmə Mərkəzinin müfəttişi Albina Muxtasimovanın sözlərinə görə, prosesdə ədalətsizlik də var. Belə ki, əcnəbi vətəndaş Rusiyadan vətəndaşlıq almaq üçün sənəd verərkən, həmçinin imtahan verməlidir. O, predmetlərin birindən keçməsə, qaydaya görə yenidən imtahan verməlidir. Əmək miqrantı ölkəyə gəldiyi az müddətdə belə sərt tələblərlə üzləşir. Məsələn, əgər o, ictimaiyyət fənnindən imtahan verə bilmirsə, amma rus dilindən və tarixdən keçirsə, yenidən bu 3 fənn üzrə testdən keçməyə məcburdur. Digər ədalətsiz bir məqam isə bu 3 testdən keçə bilməyəndə 3 ay ərzində başlanğıc məbləğin yarısını ödəməklə bağlıdır. Bütünlüklə testdən keçməyəndə isə ona bütün məbləği ödəmək lazım gəlir.
Qanun güzəşt etmir...
Miqrantlar üçün 3 növ kurs təklif olunur. Yeni başlanğıc üçün məşqlər (10500 rubldan başlayır) həftədə iki dəfə 3-4 saat müddətində keçirilir. Rus dilində az-çox danışmağı bilənlər üçün təməl kurslarına görə (48 akademik saat nəzərdə tutulub) 6500 rubl ödəmək lazımdır. Eyni zamanda, rus dilini bilən, ancaq tarixi və Rusiyanın əsas qanunlarını bilməyənlər üçün də intensiv 3 həftəlik kurslar təşkil olunur. Onlar üçün kurslar 4,5 min rubla başa gəlir. Bundan əlavə, axşam məktəblərinin bazasında pulsuz rus dili kursları tapmaq olar. Həmçinin ictimai təşkilatlarda da pulsuz kurslar olur.
Ekspertlər vağzallarda, insanların çox olduğu küçələrdə miqrantların işlə dərhal təminatına söz verənlərə aldanmamağı məsləhət görürlər. Belə ki, işbazların xidmətləri 30-40 min rubla başa gələ bilər. Bu isə qanuni patentin qiymətindən 10 dəfə bahadır.
Ölkədə miqrantlar üçün təşkil olunan kurslardan başqa miqrasiya xidmətinin saytında başqa ölkələrin vətəndaşları üçün də müxtəlif test məntəqələrinin siyahısı yerləşdirilib. Bu, İtaliya, Yaponiya, Polşa və əsasən Orta Asiya ölkələridir. Çünki ən çox miqrantlar Novosibirskə məhz bu ölkələrdən gəlirlər. Özbəkistandan gələnlər isə ümumilikdə 55 faiz təşkil edir. Miqrantlar bunun üçün imtahanı öz ölkələrində verə və sertifikat ala bilərlər. Əgər imtahanı verərlərsə, Rusiyaya səfər onlar üçün lotereya olmayacaq. Onlar dərhal Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Miqrantlar əmək müqavilələrini patent alandan sonra miqrasiya xidmətlərinə təqdim etməlidirlər. Əks halda, patent ləğv olunur və miqranta öz vətəninə qayıtmaq lazım gəlir.
Rusiyada tətbiq olunan qaydalar oraya iş dalınca üz tutan soydaşlarımıza da aid olduğundan vəziyyətin o qədər də ürəkaçan olmadığı qənaəti yaranır. Bir halda ki qanun heç kəsə güzəşt etmir...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər