• şənbə, 16 Noyabr, 20:44
  • Baku Bakı 11°C

Minskdə Azərbaycana ilk “qızıl”ı qazandıran fateh - Portret

27.06.19 16:34 7663
Minskdə Azərbaycana ilk “qızıl”ı qazandıran fateh - Portret
Bu günlərdə ölkəmizin bütün idman həvəskarlarının diqqəti Minskdə keçirilən II Avropa Oyunlarına yönəlib. Digər kütləvi idman tədbirlərində olduğu kimi, əsası Bakıda qoyulan qitənin ən böyük yarışında da təmsilçilərimizdən gözləntilər çoxdur. Hərçənd, ilk günlər hadisələr heç də arzulanan məcrada cərəyan etmirdi. Yarışın ilk beş günündə üst-üstə 11 medal qazansaq da, komandamızın aktivində baş mükafat yox idi. İki gümüş və bir bürünc medalla yadda qalan gimnastlarımızın uğurlu çıxışı fonunda cüdo, boks və sambo kimi ənənəvi növlərdə yarışan favorit idmançılarımız potensialını tam ortaya qoya bilmədi. Təbii ki, bu, belə davam edə bilməzdi. Ən azından, yarışın ikinci yarısından mübarizəyə qoşulacaq titullu güləşçilərimizin "qızıl" hesabımızı açacağına şübhə etmirdik. Sağ olsunlar, adəti üzrə, etimadımızı artıqlaması ilə doğrultmaqdadırlar. Elə startdaca xalça üzərinə çıxan Mahir Əmiraslanov bütün rəqiblərini üstələyərək, Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilən 26 iyunu həm də "Minsk-2019-un ilk qızıl medalı ilə əlamətdar elədi. Bununla da, komandamızı arzuolunmaz pillədən xilas edən 22 yaşlı gənc, bir gündə hamının maraq dairəsinə düşdü. Beləliklə, çempionumuzu yaxından tanımaq istəyənlər üçün bu yazı faydalı ola bilər.

"Bizi qaçırtmadığı dağ-düzən qalmamışdı"

12 may 1997-ci ildə zəngin pəhləvanlıq ənənələrinə malik Qazaxda doğulan çempionumuz, güləşdə ilk addımlarını 8 yaşından atıb. İlk məşqçisi Qazax güləş məktəbinin tanınmış mütəxəssislərindən sayılan Ramiz Tağıyev olub. Özündən iki yaş böyük qardaşı Tahirlə birgə məşqlərə gedib-gələn Mahir, qısa vaxtda rayon birinciliyində, zona yarışlarında fərqlənib. Bu minvalla üç ildən artıq doğma rayonunda adından söz etdirdikdən sonra nəhayət, Bakıya gələrək, Respublika Olimpiya İdman Liseyinə qəbul olub. Yeniyetmələrdən ibarət seçməmizin çalışdırıcısı Əsgərxan Novruzovun rəhbərliyi ilə çalışmalarını davam etdirən Əmiraslanov, bu günədək məşqçisinə sadiqdir.


Tahir Əmiraslanov: "Atamız gəncliyində idmanla məşğul olub. Elə onun istəyinə görə, biz güləşə yazılmışdıq. Uşaqlıqdan Qazaxda bizi qaçırtmadığı dağ-düzən qalmamışdı. O, ikimizi də gələcəyin olimpiya, dünya çempionu kimi görmək arzusunda idi. Lakin bir ailədən iki eyni səviyyəli idmançının çıxması nadir hallarda olur. Bizim aramızda da Mahirin potensialı daha çox idi. Belə desək, istedad onun bəxtinə düşmüşdü".

İlk uğurlar

Mahir beynəlxalq miqyasda ilk uğurunu 2012-ci ildə, Yakutskda keçirilən Asiya Uşaq Oyunlarında əldə edib. 45 kiloqramda hamıdan güclü olan 15 yaşlı yeniyetmə, növbəti il ilk dəfə Azərbaycan birinciliyinin qalibi olub. Lakin buna qədər o, dünya birinciliyində də iştirak edib. Belə ki, seçim xarakterli mini-turnirdə hamıdan üstün olduğundan, yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Əmiraslanovu Bakıda keçirilən mundialda sınamaq qərarı vermişdilər. Nəticədə, ilk görüşdə məğlub olub, rəqibin finala çıxması sayəsində təsəlliverici görüşlərə qatılan Mahir, sonda mükafatsız qalmışdı.


Legionerlərin qənimi

2013-cü ildə o, əvvəlcə Çernoqoriyada keçirilən yeniyetmələrin Avropa birinciliyində bürünc medala yiyələnir, Serbiyada baş tutan dünya birinciliyini isə "gümüş"lə başa vurur. Maraqlıdır ki, Mahirin dünya birinciliklərindəki nəticələri eyni ildə təşkil edilən qitə yarışlarından daha uğurlu olub. Belə ki, növbəti il "Nankin-2014" Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa birinciliyini beşinci sırada tamamlayıbsa, yeniyetmələrin dünya çempionatında fəxri kürsünün ikinci pilləsində yer alıb. Aşağı yaş qruplarındakı yeganə çempionluğu da dünya birinciliyi ilə bağlıdır. Braziliyada keçirilən dünya birinciliyində 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərindən bir baş üstün olan 18 yaşlı Əmiraslanov, həmin ildə həm də Rio olimpiadasına lisenziya verən dünya çempionatında da çıxış edib. İlk mərhələdə almaniyalı rəqibinə seçim yeri buraxmayan seçməmizin ən gənc üzvü (7-0), 1/8 finalda özündən xeyli təcrübəli yapon rəqibinə yenilib (2-5). 2015-ci ilin sonunda respublika çempionu olub, 2016-cı ildə Riqada keçirilən Avropa çempionatında beşinci yeri tutub. Növbəti iki ildə isə o, AÇ-ləri buraxsa da, bir dəfə dünya çempionatına qatılıb. 2017-ci ildə Parisdə ikinci mundial təcrübəsini yaşayan Mahir, bu dəfə ilk mərhələdəcə özbəkistanlı rəqibinə uduzub. Bununla belə, sözügedən arada daha iki dəfə ölkə çempionatının qalibi olub. İlk çempionluğunu iranlı legioner üzərində qələbə ilə bayram etmişdisə, 2017-ci ilin əvvəlində gürcü Georgi Edişeraşvili, 2018-ci ilin dekabrında isə dağıstanlı İslam Bazarqonovla həlledici dueldən qalib ayrılıb.

Bir neçə beynəlxalq yarışda da üçqat Avropa çempionu Edişeraşviliyə seçim şansı buraxmayan çempionumuz haqqında "legionerlərin qənimi" desək, yerinə düşər. Hər halda, onun bu fərasəti xüsusi vurğulanmalıdır. Sirr deyil ki, bir çox çəki dərəcələrində yerli məktəbin nümayəndələri əksər hallarda güləş millilərimizə cəlb olunan əcnəbilərlə bacara bilmirlər.

"Qınaya da bilmirəm, dövrün uşaqları bir az başqa cürdür"

"Avropa çempionu olsaydı, bu zəfər qazanılmayacaqdı" deyir, Əsgərxan Novruzov: "Açıq deyim ki, Mahirdə tez-tez arxayınlıq olurdu. Bu səbəbdən, onun Rumıniyada keçirilən Avropa çempionatında üçüncü yeri tutmasına ikiqat sevinmişdim. Bir yandan böyüklərdə qazandığı ilk qitə miqyaslı medalın gələcək yarışlarda özünəinamını yüksəldəcəyini düşündüm, bir yandan da "yaxşı ki, birinci olmadı, yoxsa Avropa Oyunları əldən gedərdi" dedim. Onu qınaya da bilmirəm, dövrün uşaqları bir az başqa cürdür. Öz oğlum da tez-tez arxayınlığın qurbanı olur".


Hər şeyə inad...

"Minsk-2019" II Avropa Oyunlarına yola düşən güləş millilərimizdən ən ümidvericisi sərbəst güləşçilər idi. Lakin üçqat dünya çempionumuz Hacı Əliyevdən fərqli, digər pəhləvanlarımızın qızıl şansları o qədər yüksək qiymətləndirilmirdi. Çünki digər ölkələr kimi, bütün yarışların bir nömrəli favoriti sayılan Rusiya yığması da Belarus paytaxtına olduqca güclü heyətlə gəlmişdi. Altı çəki dərəcəsinin üçündə son dünya çempionunun yer almasını qeyd eləmək kifayətdir ki, şimal qonşumuzun bu yarışa nə qədər iddialı yollandığı göz önündə canlansın. Sözügedən çempionlardan biri də Əmiraslanovun çəkisində yer alırdı. Oyunlar ərəfəsində keçirilən Əli Əliyev memorialında da gürcü legionerimiz də daxil olmaqla, bütün rəqiblərini tam üstünlüklə yenən Zaur Uquyev, 57 kq-nın aşkar lideri sayılırdı. Lakin, sən demə, Uquyevi əməllicə analiz edən Azərbaycan pəhləvanı, qələbə qazanacağına əmin imiş."Edişeraşvili ona heç bir müqavimət göstərə bilməyibsə, təcrübəsiz Mahir nə edəcək" düşünənlərə inad, çox soyuqqanlılıqla müdafiə olunan Əmiraslanov, rəqibin ani boşluğunu lazımınca dəyərləndirdi.Belədə, serbiyalı sürpriz finalçı Miçiçlə görüşün nəticəsi ciddi şübhə doğurmurdu. Gözlənildiyi kimi, böyük üstünlüklə qələbə(9-1) və əsgər salamı! Yeri gəlmişkən, çempionumuz gələn ay əsgər gedir.

Bu arada onu da qeyd edək ki, Uquyev üzərindəki qələbə həm də revanş əhəmiyyəti kəsb edir. Belə ki, Mahir yeddi il əvvəl Bakıda keçirilən dünya birinciliyində məhz ona uduzmuşdu.


Tilsimi qırdı!

Yunan-Romada olduğu kimi, sərbəst güləş üzrə də ən yüngül çəki dərəcəsində mükafatlarımız kifayət qədərdir. Təmsilçilərimiz olimpiya, dəfələrlə Avropa çempionu olub, DÇ mükafatları qazanıblar. Bu əsnada ələlxüsus, Azərbaycan idmanın canlı əfsanəsi Namiq Abdullayevi xatırlamaq yerinə düşər. Elə onun karyerasını bitirməsindən sonra bu çəkidə ciddi boşluq yarandı. Hətta "London-2012" Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilmədik. Ayrı-ayrı vaxtlarda Mahmud Maqomedov, Georgi Edişeraşvili Avropa çempionu olsalar da, etiraf edək ki, bu nailiyyətlərə münasibət birmənalı deyildi. "Niyə yeni namiqlər yetişmir" sualı uzun illər aktuallığını qoruyub. Odur ki, Əmiraslanovun "Minsk-2019"dakı parlaq qələbəsini müəyyən mənada tilsimin qırılması kimi də xarakterizə etmək olar. Bu arada, qardaşının dediyinə görə, o, hələ bir neçə il əvvəl Abdullayevin xeyir-duasını alıb: "Sənədli filmin çəkilişləri zamanı Namiq müəllim sağ əlini onun başına qoyub, "inşallah, sən də olimpiya çempionu olarsan" demişdi".


"Ayrı uşaq olsa, deyərdi..."

Bu yerdə elə illər əvvələ, çempionumuzun uşaqlıq çağlarına dönək. Ə. Novruzov xatirələrini vərəqləyir: "Uşaqlıqda nə qədər dəcəl olsa da, çox utancaq, çəkingən idi. Bir dəfə müəllimlərindən biri mənə şikayət etdi ki, bəs çox dərs buraxır, ona bir qulaqburması ver. Heç dinməmiş, üzümün ifadəsini görən kimi başladı hönkür-hönkür ağlamağa. Necə qorxmuşdusa, vurmağa ürəyim gəlmədi. Dəfələrlə olub ki, əsəbiləşib demişəm, çıx, hara gedirsən-get. Ayrı uşaq olsa, deyərdi, əşi, bir belə nəticəm var, hara getsəm, mənə hər yer yaşıl işıqdır. Amma o, çox sadiqdir. Hər qələbəsindən sonra verdiyi açıqlamada ən başda mənim adımı çəkir, əməyimi qiymətləndirir. Bu, hər idmançıya xas cəhət deyil".


Portret

Həm ölkədaxili, həm də beynəlxalq yarışlardakı nəticələrinə nəzər saldıqda, bəzi təzadlarla qarşılaşırıq. Görünür, o, favorit idmançılarla qarşılaşmalara özünü daha yaxşı kökləyir. Elə bu məqamı əsas götürüb, yetərincə prinsipial xarakterə sahib olduğunu vurğulasaq, yanılmarıq. Yay Olimpiya Oyunlarına lisenziya sahiblərinin müəyyənləşəcəyi ərəfədə əldə olunan bu mükafat lap yerinə düşdü. Qələbə onu bir qədər də ruhlandırmalı, səhvləri üzərində daha səylə işləməyə sövq etməlidir.
Sahib


banner

Oxşar Xəbərlər