AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Millət vəkili: “Görülən və görüləcək işlər Böyük Qayıdışın qarantıdır”

Millət vəkili: “Görülən və görüləcək işlər Böyük Qayıdışın qarantıdır”

Cəmiyyət
28 Aprel 2021, 19:45 868
"Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olublar. Prezidentimizin Vətənimizin işğaldan azad olunmuş ərazilərinə hər səfərində xalqımız Qarabağda quruculuq konsepsiyasının sürətlə həyata keçirilməsinin bir daha şahidi olur”.
Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərində qarşıda nail olunacaq yeni böyük uğurların əsası qoyulur: "Prezident İlham Əliyevin səfəri Vətən müharibəsində böyük qələbələrin əsasının qoyulduğu Cəbrayıl rayonundan başladı. Dövlət başçısı bu səfərində bir daha İranla sərhəddə, Araz çayı üzərindəki Xudafərin körpüsünün bölgədə sülh və əmin-amanlığın, dostluğun bir simvolu olduğunu vurğuladı. Səfər zaman dövlət başçısı Dövlət Sərhəd Xidmətinin müasir standartlara uyğun yaradılmış yeni hərbi hissəsinin açılışında iştirak etdi, yeni hərbi texnikalarla tanış oldu. Bu, həm də Ermənistandakı revanşist qüvvələrə və onları dəstəkləyən havadarlarına bir mesaj idi. Azərbaycan ağır müharibədən sonra da Silahlı Qüvvələrinin qüdrətinin daha da artırılmasını xüsusi diqqət mərkəzində saxlayır və Silahlı Qüvvələrin bir hissəsi olan Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı bunun bariz nümunəsidir. Hərbi hissədə hərbçilər üçün yüksək şərait yaradılıb. Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistanda bir daha revanşist qüvvələr baş qaldırarsa, "dəmir yumruğ”u, Azərbaycan dövlətinin, ordusunun qüdrətini yenidən görəcəklər. Çünki son dövrlər Ermənistanda bəzi revanşist qüvvələr baş qaldırmağa çalışır. Dövlət başçısının mesajları isə məhz bu qüvvələrə yönəlib. Yeri gəlmişkən, dövlət başçısının Zəngilanı şərqi Zəngəzur adlandırması da təsadüfi deyil. Bu, həm tarixin gerçək yaddaşının təzələnməsidir, həm də Zəngəzur dəhlizinə mane olan qüvvələrə mesajdır”.
M. İbrahimqızı dövlət başçısının bütün çıxışlarında füsunkar təbiəti ilə yenidən qurulacaq Qarabağın dünyanın ən gözəl bölgələrindən birinə çevriləcəyini vurğuladığını qeyd edib: "İstər istifadəyə verilən, istər təməli qoyulan, istər planlaşdırılan tikililər, layihələr bunu sübut edir. Prezident səfər zamanı Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən "Ağıllı kənd” pilot layihəsi çərçivəsində görülən işlərlə tanış oldu. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri iştirak edir. Azərbaycan xalqı əsrlərdir ki, bu torpaqlarda yaşayıb və bundan sonra da yaşayacaq. Dövlət başçısı işğaldan azad edilən ərazilərə səfərlərində hər dəfə dünyaya bu mesajı çatdırır. 30 il ərzində bu torpaqları işğal altında saxlayanlar da bilirdilər ki, bu torpaqlar onlara məxsus deyil. Bunu bildikləri üçün də bu müddət ərzinə bu torpaqlarda yalnız dağıntılar törətməklə məşğul olub, evləri, infrastrukturu, məscidləri, bütün dini abidələri məhv ediblər. Hətta təbiətə, ekologiyaya qarşı da vandalizm törədiblər”.
Millət vəkili hər bir müharibədə qalib tərəfin də müəyyən insan və maddi resurs itkisinə məruz qaldığını söyləyib: "Azərbaycanın Vətən müharibəsində 3 minə yaxın şəhidi oldu, qazilərimiz var. Bununla bərabər, müharibədə çoxlu sayda texnikadan, hərbi sursatdan istifadə edildi. Amma bütün bunlara baxmayaraq, Vətən müharibəsindən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə mülki infrastrukturun yaradılması, o cümlədən hərbi infrastruktur sahəsində böyük işlər görülüb. Prezident İlham Əliyev Cəbrayılda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparıldığını bildirdi. Eyni zamanda, sərhədçilərin müharibə zamanı xidmətlərini qeyd etdi”.
M. İbrahimqızı Prezident İlham Əliyevin Zəngilan məscidinin təməlqoyma mərasimində şəxsən iştirak etdiyini bildirib: "Dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva üzərində "Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hördülər. Bu, mühüm bir mesajdır. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə də bildirmişdi ki, bir neçə dəfə Kəbədə ziyarətdə olub, hər ziyarətdə ancaq xalqımızın gələcəyi, Qarabağın işğaldan azad olunması ilə bağlı dualar edib. Dövlət başçısının sözləri və əməlləri xalqımızın hər bir nümayəndəsi üçün ciddi mesajdır. Onu da qeyd edim ki, bütün səmavi dinlərdə, inanclarda dini məbədləri dağıtmaq, dini abidələrə qarşı vandallıq ən böyük günah sayılır. Erməni faşizmi bu baxımdan xüsusi fərqlənir. Ancaq erməni faşizmi məqsədinə çatmayacaq. Dövlət başçısı dəfələrlə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və yaşayış obyektləri, məscidlər, dini məbədlər bərpa olunacaq. Dağıdılmış məscidlərimiz, dini məbədlərimiz ən yaxın zamanda bərpa edilərək yenidən istifadəyə veriləcək. Dövlət başçısının son səfərində də biz bir daha bunun şahidi olduq”.
Millət vəkili Qarabağda quruculuq prosesinə dünyanın ən qabaqcıl şirkətlərinin cəlb edildiyinə diqqəti çəkib: "Bu gün işğaldan azad edilmiş ərazilərdə Türkiyənin, İtaliyanın, İsrailin, Çinin və digər ölkələrin aparıcı şirkətləri çalışır. Bu, bir daha dövlətimizin gücündən xəbər verir. Prezident İlham Əliyev səfər zamanı Zəngilan-Horadiz avtomobil yolunun, Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoydu. Ümumilikdə isə bütün bu görülən və görüləcək işlər Böyük Qayıdışın qarantıdır”.