Məsuliyyəti ilə atasını peşman edən yeniyetmə - Portret

O, Bakıdakı yarışda hansı
rekordu müəyyənləşdirib?
Cari olimpiya dövrünün təəssüf doğuran məqamı nə qədər çox olsa da,
üzümüzü güldürən məqamlar da yox deyil. Tarixdə ilk dəfə əslən azərbaycanlı
gimnast fərdi lisenziyaya sahib çıxdısa, velosiped idmanında da Tokio yerli
idmançının debütü ilə əlamətdar olacaq. Bunlardan daha çox maraq kəsb edən fakt
var ki, bu, üzgüçülük idman növünün payına düşür. Belə ki, indiyədək, sadəcə,
"wild kard" əsasında zirvə yarışına yollanan komandamız, ilk dəfə
"A" lisenziyasına yiyələndi. Ümumiyyətlə, Riodan bu yana sözügedən
idman növü üzrə istər aşağı, istərsə də yuxarı yaş qrupunda çıxış edən
təmsilçilərimiz davamlı nailiyyətlərlə yadda qaldı. Ardıcıl iki Avropa Gənclər
Yay Olimpiya Festivalında, habelə Bakıda təşkil olunan İslamiadada əldə olunan
nəticələr üzgüçülüyə qarşı münasibəti bir xeyli dəyişdi desək, yanılmarıq.
Hazırda kifayət qədər perspektivli gənclər var ki, onlar indiyədək müəyyən
miqyaslı yarışlarda adlarından söz etdirə biliblər. Bugünkü qəhrəmanımız isə
hələ yeniyetmədir. Amma "Tokio 2020"-də iştirak şansları olduqca
yüksək qiymətləndirilir.

Üç aya dəyişən baxış və
özünü günahkar hiss edən ata
Tanış olun; Vəlizadə Ramil Əli oğlu. 16 fevral 2004-cü ildə Bakıda
dünyaya gəlib. Atası ali təhsilli futbol mütəxəssisi olan Ramil, üzgüçülüyə
valideynlərinin təşəbbüsü ilə hələ beş yaşında olarkən, başlayıb. Hər bir uşaq
kimi, sadəcə, sağlamlıq naminə bu yola qədəm qoyan yeniyetmə qəhrəmanımız, ilk
üç ay ərzində elə bir irəliləyişə nail olub ki, müəllimləri onun haqqında artıq
peşəkar yöndə düşünməyə başlayıblar. Əzm-inadı, habelə, ata-anasından aldığı
maksimum dəstək sayəsində o, günbəgün göstəricilərini daha da yaxşılaşdıraraq,
bəslənən ümidləri artıqlaması ilə doğruldub. Beləcə, "Aqua park"dan
start götürən yol Ramili cəmi altı ilə yığma komandaya aparıb. Eyni qaydada
etimadı doğruldan Vəlizadə, ötən illər ərzində böyüklər arasında baş tutan
respublika çempionatlarının 50-dək qalib və mükafatçısı olub. O cümlədən,
dəfələrlə ölkə xaricində - Slovakiyanın Jilina, Türkiyənin Ədirnə, Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərlərində - keçirilən yarışlarda bayrağımızı
dalğalandırmaq şərəfi yaşayıb. Bir sözlə, haqqında danışılan yeniyetmə bu gün
üçün Azərbaycanın ən titullu üzgüçülərindən biri sayılır.
"Biz ona övladdan çox, idmançı kimi yanaşırıq" - deyir,
atası: "Üzgüçülük həyat tərzidir. Bir gün məşqə getməyəndə, darıxır, özünü
narahat hiss edir. Hərdən deyir ki, mən üzgüçülükdən sonra, görəsən, nə
edəcəyəm? Lap uşaqlıqdan çox məsuliyyətlidir. Ən xırda məsələlərdə belə, bu,
özünü büruzə verir. Sözün düzü, bir yandan da peşmanam. Çünki uşaqlığını
yaşamayıb. Buna görə özümü hardasa günahkar da hiss edirəm".

AGOF sürprizi: Öz yaşıdları
arasında birinci və ölkə rekordu
Ramil Vəlizadə deyərkən, ilk qeyd edilməli yarış ötən ilin iyununda
Bakıda təşkil olunan Avropa Gənclər Yay Olimpiya Festivalıdır. Belə ki, o, 200
metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında finala vəsiqə qazanaraq, 2
dəqiqə 2.11 saniyə göstərici ilə beşinci nəticə göstərdi. Bu zaman Vəlizadənin
15, yuxarı pillələrdə qərarlaşan Rusiya, Böyük Britaniya və Polşadan olan
rəqiblərinin 16 yaşında olduğunu nəzərə alsaq, həmyerlimiz öz yaşıdları
arasında ən yaxşı oldu. Ümumilikdə, final mərhələsində tarixdə ilk dəfə iki
nəfərlə təmsil olunan komandamız sonda mükafatsız qalsa da, "yarışı aktivimizə
yazdıq” deyə bilərik. Digər finalçımız Məryəm Şeyxəlizadəxangah 754 FİNA balı
ilə yarışı başa vurdusa, Vəlizadə ondan 5 bal daha artıq topladı. 759 bal
sözügedən yarış adına Azərbaycan təmsilçilərinin rekordu kimi qiymətləndirilir.
Halbuki belə bir nəticə əvvəlcədən heç mütəxəssislər tərəfindən də
proqnozlaşdırılmamışdı. Çünki Ramilin buna qədər ən yaxşı çıxışı AGOF-dakından
bir xeyli geri qalırdı. Hərçənd onun təəccübləndirmə potensialının olduğu da
sirr deyil.

"Yüz faiz əmin edirəm
ki..."
"Hesablaması, məntiqi çox güclüdür" - deyir, Rəşad
Əbdürəhmanov. Yığma komandalarımızın baş məşqçisi hesab edir ki, 16 yaşlı
Vəlizadə Tokio Yay Olimpiya Oyunlarına lisenziya normativini də gec-tez yerinə
yetirəcək: "Start və finiş hesablaması, ümumiyyətlə, yarış planlaması ən vacib
amillərdəndir. Məsələn, sən pik göstəricini bir həftə əvvəl etsən, sonra onu
bacarmayacaqsan. İstədiklərimi ondan ala bilirəm. Bu, fiziki, texniki
bacarıqlarından əlavə, Ramilin həm də güclü düşünmə potensialının olmasından
xəbər verir. Karyeram ərzində yüzlərlə yeniyetmə ilə işləmişəm, əminliklə
deyirəm ki, Ramil hər zaman ələ düşən istedad deyil. Deyəsi çox söz var və
bilirəm ki, təkəbbürdən uzaq olan Ramilin təriflərdən başgicəllənmə ehtimalı
yox dərəcəsindədir. Ancaq hər halda, işimizi ehtiyatlı tutaq. Sadəcə, onu deyə
bilərəm ki, biz qarşımıza bəlli hədəflər qoymuşuq. Bu yolda o, bizə çox
yardımçı olacaq.
Tokioya "B" lisenziyası üçün Ramilə, indiki nəticəsini iki
saniyədən bir qədər çox yaxşılaşdırması lazımdır. Qarşıda bir neçə yarış və
xaricdə təlim-məşq toplanışları var. Yüz faiz əmin edirəm ki, şansların birini
mütləq dəyərləndirəcəyik".
Yazının əvvəlində qeyd etdiyimiz kimi, komandamızın lideri Maksim
Şemberyev 2019-cu ilin sentyabrında Cənubi Koreyanın Quanqju şəhərində
keçirilən dünya çempionatında "A" lisenziya normativini yerinə
yetirib. Bu səbəbdən, daha heç bir üzgüçümüzə "wild kard"
verilməyəcəyi qətiləşib. Vəlizadə ilə yanaşı, Məryəm Şeyxəlizadəxangahın da
"B" normativini doldurması gözlənilir. Əbdürəhmanov, bu halda
aralarında daha yaxşı göstəriciyə malik olanın "gündoğar ölkə"
paytaxtına yollanacağını qeyd etdi.

Felpsə yaxınlığı
Oğlan, ya qız, fərq etməz, hansı gənc üzgüçüdən "kumirin
kimdir" deyə soruşsan, cavab eyni olur: "Maykl Felps". On dörd
yaşında idman ustası adı alan bugünkü qəhrəmanımız da bizi təəccübləndirmədi.
Lakin digərlərindən fərqli, Ramili dahi amerikalı ilə yaxınlaşdıran səbəblər az
deyil. Ələlxüsus, erkən nəzərə çarpan istedad amilini və hər ikisinin
batterflay üsulla üzmədə çox uğurlu olduğunu vurğulamalıyıq.
Atasından fərqli olaraq, futbolla arası yoxdur. Döyüş növlərini, daha
çox da kikboksinqi sevir. Bu arada, ona qədər nə ailədə, nə də yaxın
qohum-əqrəbada üzgüçülüklə məşğul olan olmasa da, kiçik qardaşlarının üzgüçülük
təcrübəsi var.
Orta məktəbin 11-ci sinfində oxuyan Vəlizadə, ali təhsilini idman
istiqaməti üzrə alacağını çoxdan qətiləşdirib. Çox güman, növbəti ildən onu
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi görəcəyik.
Portret
Yüzlərlə istedadlı yeniyetmə və gənc güləşçinin, cüdoçunun yaşadığı
Azərbaycanda, Ramil kimi böyük perspektiv vəd edən üzgüçünün də yetişməsi
həmişə arzulanıb. Qısa vaxtda əhəmiyyətli yol qət edərək, ölkənin əsas
üzgüçülük simalarından birinə çevrilib, böyük ehtimalla, olimpiadaya lisenziya
məsələsinin də öhdəsindən gələcək. Təbii ki, bütün bu faktlar həm də onun
üzərinə yaşına xas olmayan məsuliyyət qoyur, istər-istəməz. Lakin... Təmkinli
olmalıyıq. Vəlizadədən tezliklə nəhəng arenaların fəthini gözləməyin, sadəcə,
bir adı var: sadəlövhlük. Unutmayaq ki, üzgüçülük olduqca çətin, səbir və
zəhmət tələb edən idman növüdür.
Sahib




