Mənzil bazarında dələduzluğa son
Azərbaycanda
yeni tikilən binalardan mənzil almaq üçün yeni qaydalar tətbiq ediləcək. Bu
məsələ Milli Məclisin son plenar iclasında Mülki Məcəlləyə edilən dəyişikliklərdə
öz əksini tapıb.
Dəyişikliklər haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məqsəd mənzil
satışı zamanı bir çox problemlərin yaranmasının, bir mənzilin bir neçə nəfərə
satılmasının qarşısını almaqdır.
Dəyişikliyə əsasən, Azərbaycanda tikintisi başa çatmayan binaların
tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə
edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu
çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması
kimi sui-istifadə hallarının aradan qaldırılması üçün tam yeni bir mexanizm
yaradılacaq. Layihə daşınmaz əmlaka sərəncam verilməsi və daşınmaz əmlakın
dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi,
notariusla daşınmaz əmlakın dövlət reyestri arasında əlaqələrin elektron
informasiya sistemləri vasitəsilə daha çevik qurulması, eləcə də tikilməkdə
olan (tikintisi başa çatmayan) binaların tərkib hissələrinin (mənzillərin)
alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanıb.
Mülki Məcəllənin 144-cü (Daşınmaz əmlakın dövlət reyestri
obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında
təsdiqlənməsi) maddəsinə təklif edilən dəyişikliyə əsasən, sərəncam verən
tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud
yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə
"Notariat haqqında” qanuna uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət
reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların
daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin
edilməlidir.
Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni
təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri
vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə
daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli
gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında
müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.
Edilən
dəyişikliyin mahiyyətini və nə kimi əhəmiyyətinin olacağını öyrənməyə çalışdıq.
Vətəndaş üçün ilkin qeydiyyat sənədi
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə
Heyətinin sədriRamil Osmanlı edilən
dəyişikliyin yeni tikililərin dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı
olduğunu deyir: "Əvvəllər vətəndaş ilə Mənzil Tikinti kooperativləri arasında
ikitərəfli müqavilə bağlanırdı. Və bu müqavilənin heç bir yerdə reyestri
aparılmırdı, həmçinin müqaviləyə dövlət təminatı olmurdu. Müqavilə notarial
qaydada təsdiq edilmirdi. Hətta müqavilə bağlamaq üçün notariuslara
yaxınlaşanda, onlar bunu qəbul etmirdilər. Müxtəlif, heç bir təsdiqi olmayan
bəhanələr gətirirdilər. Amma bundan sonra tikinti şirkətləri ilə vətəndaşlar
arasında imzalanan müqavilə notarial qaydada öz təsdiqini tapacaq. Və həmin
müqaviləni vətəndaş daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata sala
biləcək. Yəni bu, vətəndaş üçün ilkin qeydiyyat sənədi rolunu oynayacaq. Düzdü,
hələlik tam mülkiyyət hüququndan söhbət getmir. Ancaq buna baxmayaraq, həmin
müqavilə dövlət reyestrində qeydiyyata alınır. Bununla belə, vətəndaş mənzil
alarkən Əmlak Məsələləri Dövlət Komitəsinin saytına daxil olub həmin mənzilin
başqa kiməsə satılıb-satılmadığını öyrənə bilər. Çox sadə və kifayət qədər başa
düşülən bir prosesdir. Yəni vətəndaşlarla Mənzil Tikinti kooperativləri
arasında bağlanılan müqavilələr artıq notarial qaydada təsdiq olunacaq və
dövlət reyestrində qeydiyyata alınacaq”.
Müsahibimiz
deyir ki, illərdir daşınmaz əmlakla bağlı bəzi problemlərin aradan qaldırılması
üçün bu təkliflə çıxış edirmişlər: "Problemlərdən əsas çıxış yolu kimi
göstərirdik ki, müqavilələr notarial qaydada təsdiq olunmalı, eyni zamandan
həmin müqavilələr dövlət reyestrində qeydiyyata düşməlidir. Nəhayət ki, bu
təklif Milli Məclisdə qəbul olundu. Məncə, bu kifayət qədər fundamental bir
məsələdir. Yəni hazırda mövcud olan bəzi problemlərin qarşısının alınmasına
ciddi şəkildə kömək göstərəcək. Düşünürəm ki, tam olmasa da, müəyyən qədər
problemlərin qarşısı alınacaq. Bundan başqa, əvvəllər tikilmiş binalar,
satılmış mənzillər də var. Onların da qeydiyyatının aparılması zərurəti ortaya
çıxır. Bu da təbii ki, müəyyən qədər vaxt aparacaq”.
Qanunlardakı boşluqlar aradan qalxacaq
Daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimli artıq uzun müddət idi ki, bu barədə
söhbətin getdiyini deyir: "Tikinti mərhələsində olan mənzillərin
reyestrinin aparılması, onların alqı-satqı, ödəniş qaydalarının tənzimlənməsi
və uçotun düzgün aparılması ilə bağlı bəzi problemlər neçə illərdir ki,
mövcuddur. Və bu edilən dəyişiklik uzun müddətdir bu sahəyə aid qanunda olan
boşluqları dolduracaq. Bu qaydalar xüsusilə ödəniş qaydalarını tənzimləyəcək.
Belə ki, ödəniş mərhələli şəkildə həyata keçiriləcək. Yəni mənzil alarkən onun
özülü qoyulanda, sonra tikinti başa çatanda, daha sonra binanın fasadı
suvananda, qapı-pəncərəsi qoyulanda hissə-hissə ödəniş olacaq. Obyektin
dəyərinin tam ödənilib qurtarması dövlət komissiyasına təhvil veriləndən sonra
başa çatdırılır. Həmçinin alqı-satqı da elektron qaydada aparılır. Düşünürəm ki,
edilən bu dəyişikliklər mənzil sahəsində olan bir sıra problemlərin aradan
qalxmasına, tikinti müddətinin qısaldılması, ödənişlərin mərhələli şəkildə
aparılmasına, həmçinin bazardan təsadüfi iş adamlarının çıxarılmasına səbəb
olacaqdır”.
Günel
Azadə