• bazar ertəsi, 23 iyun, 09:52
  • Baku Bakı 20°C

“Mənsuriyyə”siylə əlçatmaz zirvəyə yüksəlmiş Yaqub Məmmədov

17.02.16 14:30 2452
“Mənsuriyyə”siylə əlçatmaz zirvəyə yüksəlmiş Yaqub Məmmədov
Onun səsi, ifası və sənətkarlığı görənin, eşidənin ağlını başından alırdı
Kəndin tən ortasında, kolxoz binasının həyətində işıq dirəyinə oxşayan namünasib yekə bir ağacın başına pərçimlənmiş reproduktordan səs aləmə yayılardı. Köhnələr sözü, televizorun çıxmayan, radionun matah vaxtlarıymış. Ağacın təpəsindəki dəmir parçası səhərdən axşama kiriməzmiş. Xəbər, konsert, veriliş bir-birinə calanarmış. Sahədə, əkində-biçində olan adamlar günorta həm dincini almaq, həm də bir qismət çörək yemək xatirinə özlərini verərmişlər bu ağacın altına. Xan əmi, Zülfi bəy, Mütəllim kişi, Sara xanım oxuyarmış. Camaat nəfəs çəkmədən dinlərmiş. Hayıl-mayıl olub sakitcə dinşəyən kim, başını yırğalamaqdan əldən-heydən düşən kim. Beləymiş rüzgar, hər ay, hər həftə, hər gün. İllah da yazdan payızacan, havaların xoş vaxtı.
Aran Qarabağda - Bərdədə muğama qiymət Şuşadan geri qalan deyil. Necə olmasa, Qarabağdı, üstəlik, qədim tarixi, ənənəsi olan paytaxt şəhərdi Bərdə. Dədəm danışardı ki, Xan əmi adamların gözündə eyzən peyğəmbər misallıydı. Ona yaxın düşməyi, əl verib görüşməyi, kəlmə kəsməyi hamı sanki möcüzə sayırdı. Dövrün, zamanın belə vədəsində Xan əmi bir yol Bərdəyə gələndə yanında cavan, qarayanız, şivərək oğlan gətirmişdi. Başı radiolu ağacın böyründə traktorun lafetindən “səhnə” düzəldilmişdi. Üstünə xalça-palazdan sərilib, stullar qoyulmuşdu. Əvvəlcə qayda üzrə Xan oxudu. Sonra növbə o çağacan bərdəlilərin düz-əməlli tanımadığı həmin oğlana çatdı. Bayaqdan böyük xanəndəyə qulaq kəsilənlər eşitdikləri təzə səsə heyran qaldılar. Ustad: “Bu qarabalanın adı Yaqubdu, maa elə gəlir gələcəkdə yerimi o tutajax” - deyəndən sonra uğultu qopdu. Alqış-alqışa qarışdı. Bərdənin qonşuluğundakı Ağcabədidən olan Yaqubun bəlkə də ilk ciddi sənət imtahanıydı. Demək, o, sınaqdan üzüağ çıxmışdı.
Lap çoxdan, təqribən altmış beş il əvvəl baş verən həmin hadisədən sonra Yaqub taleyini birdəfəlik Bakıya bağladı. Ev-eşik yiyəsi oldu, tanındı burda. Səsi radiodan eşidilməyə başladı. Bərdədə kolxoz həyətində onu görənlər neçə yol həmin başına radiodan papaq qoymuş ağacın altına yığışdılar, qara oğlanın bal kimi şirin, qaltanlı səsinə qulaq asmaqdan ötrü. Və bəlkə hələ çox yığışacaqdılar, əgər televiziya yaranmasaydı, radio dəbdən düşməsəydi, kolxozdakı məşhur ağacın kəlləsindəki “sehrli qurğu” quru dəmir parçasına dönməsəydi, lap sonra paslanıb göz dağına çevrilməsəydi…
Azərbaycan muğam sənətində say-seçmə imzaların içinə Yaqub Məmmədovun adı hələ cavan yaşlarında yazıldı. Səs, ifa, sənətkarlıq görənin, eşidənin ağlını başından alırdı. Yaqub çox şey oxuyub: “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Segah”… Əsas muğamlardan savayı, onun səsinə-nəfəsinə bələnən “Arazbarı”, “Qarabağ şikəstəsi”, “Gül açdı”, “Boz at” və sair var. Amma Yaqub Məmmədov deyəndə göz önünə ən birinci “Mənsuriyyə” gəlir. Onacan və ondan bəri çox xanəndələr “Çahargah” oxuyub. Yaddaqalanları da yetərincədi. Di gəl, Yaqubun ifasına çatan çətin tapıla. Özü də maraqlıdı ki, “Çahargah” bütünlüklə yox, məhz “Mənsuriyyə”siylə əlçatmaz, ünyetməz zirvəyə yüksəlib. Yaqub səsiylə möhürlənib və yalnız lentlərə yox, ürəklərin başına yazılıb “Mənsuriyyə”. Mən bunu tam əminliklə deyə bilərəm, nədən ki, özüm həmin muğamı dinləməkdən doymayan, dili-ağzı təpimiş kimi su yerinə içənlərdən biriyəm. Xüsusilə Habil kamanının iniltisinə qoşulub, qıyya çəkən yerdə bu səs, ifa adamın ürəyini oyum-oyum oyur, yarasına duz basır. Bunca təsir, bunca ovsun hardandı? Bax, ifanın hüsnü də ordandı.
Mən Yaqub Mәmmədov adında bir neçə nəfər tanıyıram. Amma heç şübhəsiz, onların sırasında xanəndə Yaqub Məmmədov birincidi. Əlbəttə, birinci. Həm yaşda boyük, həm də sənətdə məşhur olan xalq artisti zamansızlığına görə mütləq başda dayanmalıdı. Ayrı cür mümkünsüz. Axı Yaqub Məmmədov var olandan onunla qol-boyun səs ustadın gedişindən sonra da meydandadı. Və hələ nə qədər beləcə əzəmətlə, məğrurcasına çağlayacaq Yaqub ömrünün tərcümanı səs.
Necə onilliklər boyu sevilən, rəsmi xalq artisti adını altmış yaşında alsa da, hələ çox qabaq xalqın bu ada layiq gördüyü sənətkar ömru boyu dinməz-söyləməz gəzib. Onun dinib-danışmağı oxuyanda gələrdi. Ya da hərdənbir qabağına mənim kimi əhli-qələm çıxanda. Bir zaman xoşbəxtlikdən onunla kəlmə kəsməyə macal tapmışdım. Ustadın şirin, yapışıqlı səslə oxuduğu "Mənsuriyyə", "Şur", "Bayatı-Şiraz", “Mirzə Hüseyn segahı” və daha neçə təkrarsız inciləri dinləməyə vaxt tapan təki.
İllər öncə bir qış gününün ilıq havalı vaxtında dəniz qırağında elədiyimiz söhbətdən yaddaşımda ilişib qalanları bayaqdan bəri söylədiklərimin ardına qoşsam, yəqin pis çıxmaz. Məncə, yazımıza məntiqi tamlıq, ağzımıza dad gələr. Yaqub tamı, Yaqub dadı-duzu…
Yaqub Məmmədov salam-kəlamın ardınca başlamışdı ki, bəs a bajoğlu, çatan-çatan bir şəkil aparır, ta məndə şəkil-zad qalmıyıf. Elə bunu güjnən tapıf gətirdim.
- Yaqub dayı, bu nə sirri-xudadı ki, Siz hələ də əvvəlki şövqnən, ustalıqnan oxuyursuz?
- Allahın milyon-milyon möcüzəsi var. Yaradanın qüdrətinnəndi. Cavannıxda deyirdim əllidə oxumağı qoyajam qırağa. Sonra gördüm əməlli-başlı oxuyuram, çıxmadım meydandan.
- Sizin musiqi təhsiliniz yoxdu. Bəs muəllimləriniz kimlərdi, demək olarmı?
- Vallah, deyim ki, heç düz-əməlli orta təhsilim də yoxdu, inanmarsan. Həqiqətdə cəmi altı sinif oxumuşam. Müharibə vaxtıydı, çətin zamanıydı onda. Düzdü, mən elə çox əzab-əziyyət çəkməmişəm. Balacalıqdan oxumuşam, müharibə dövründə rayonumuzda - Ağcabədidə bir kənd-kəsək qalmazdı, gedib konsert verərdik ki, camaat ruhdan düşməsin. Qabağımıza bir tikə pendirdən, çörəkdən qoyardıldar, aj qalmazdıx. Xan əmini, rəhmətdik Mütəllim Mütəllimovu özümə müəllim hesab eləyirəm. Onlara baxa-baxa, qulaq asa-asa öyrənmişəm... Məşhurlaşan vaxtlarımda çox yerdən dedilər ki, ay gəl, bu məktəbdə oxu, ay o məktəbdə oxu. Dedim, yox qağa, tutalım, yalandan attestat aldım, sonra da institut oxudum, əşşi, bir şey bilməyənnən sonra bunun nə xeyri?
- Təhsilsiz xanəndəyə əngəllər olmurdu?
- Allah saa insaf versin, nə əngəl olajeydi, vəzifə tutmamışdım, heç elə şeyin davasını da çəkmirdim. Oxumax nə tələb eləyirdilər, sağlığına, artıqlamasıynan oxuyurdum. Mənim konsertlərimnən "Azkonsert" bir dünya pullar qazanıf. Dövlətə nə qədər xeyir vermişəm. Hökumət bunnan sonra maa mane olajeydı?
- Siz danışığınızda, hərəkətinizdə təbiisiz, ölçü-biçi gözləyən deyilsiz. Çəkilişlərdə problem yaranmır?
- Elə onu deyəjeydim. Mən çox konsert yazdırmamışam, həmin bu vaxt-zad, quru-quru kamera qavağında oturmaq məsələsinə görə. O televiziyada gedən konsertlər də, nətəri deyərlər, birnəfəsə yazılıf. Getmişəm, oturmuşam, qavalı götürüf başlamışam oxumağa, çəkiflər. Bir də oxuyuf qurtaranda durmuşam ayağa. Vəssalam, iş bitif. Ta ay burasın bir də oxu, orasını bir də çəkək, heylə şey olmuyuf.
- İndi müğənnilər çoxalıb, bu Sizi qorxutmur?
- Qorxutmağına qorxutmur. İntəhası, bir şey pis oluf ki, bir-iki kəlmə bilən düşüf ortaya. Camaatın da zövqü korranıf ey. Yaxşı-yaman itif. Qabaq belə şey nə gəzirdi. Hərə öz yerini bilərdi. Saa deyim, bu mikrofon “moda” minəndən aləm lap qarışdı.
- Heç səsiniz Sizi pis vəziyyətdə qoyub?
- Niyə, elə hallar oluf. Oluf ki, oxumaq istəmişəm, səsim sözümə baxmıyıf. Allah canlarına dəyməsin camaatımızın, üzümə vurmuyuflar. Artıqlamasıynan pulumu da veriflər. Demişəm, bunu maa niyə verirsiz, axı oxuyammıram. Deyiflər, biz səni tanıyırıq, halalındı.
- Yaqub dayı, taleyinizdәn razısız?
- Narazı olmağa haqqım yoxdu. Allah maa bu boyda səs bəxşeyiş verif. Bu səsin hesabına məşhurlaşmışam, əlim çörəyə çatıf... Maa xalq artisti adı veriləndə, inan Allaha, xəbərim olmamışdı. Heç həsrətində də deyildim. Camaat, xalq məni sevirsə, o elə hər şeydi. Həyatımda ad-sanımnan istifadә eləməmişəm. İndi fikirləşirəm ki, ayə, mən nətəri heç nəynən maraqlanmamışam. Cavan olmuşam dana, bijdih-zad qanmamışam.
- Ailənizdən danışmadız...
- Üç qız, bir oğul atasıyam. Gərək ki, on da nəvəm var. Hələlik yolumnan gedəni yoxdu. Sonrasını Allah bilir.
-Yeri gəlmişkən, xanımınız milliyətcə rusdur. Eşitdiyimə görə, uzun illərdi bir yerdə yaşasanız da, nə o bizim dili dili bilir, nə də Siz rus dilini. Bu necə olan şeydi?
-(Gülür) Camaat bilməyən şeyə qurd düşər. Uşaqların anası o malakan deyirlər ha, bax onlardandı. O ki qaldı nejə olmaq məsələsinə, bir yerdə yaşayanda hər şey düzəlir. Hansı millətdən, dindən olmaq yox, adamlıq, adam dilində çalıf-çağırmaq vacifdi, qağa. Bu sarıdansa əvvəlindən bizimki yaxşı tutuf. Yoxsa beyləjə uzun yolu keçif gələmməzdih.
-Ürəyinizdə nə sözünüz-sovunuz qalıb?
-Eh, o qədər arzu-dilək var ki… Nə vaxtsa boşalarmı ürək dediyin? Yetmişi haqlamışam… Bircə müharibə söhbəti ortadan yığışsa, hər şey qaydasına düşəjək. Arzum budu ki, Qarabağ torpağı azad olsun, bir də o yerlərə gedək, gəzif dolanax. Vətəni bərk qorumağısa unutmamalıyıq. Ta bu səfər torpaq getsə, qutardı ey, qiyamətəcən çətin qayıda…
Bu söhbətdən sonra Yaqub Məmmədovun ömrü yetmişi bitirməyə, “Şöhrət” ordeni, Prezident təqaüdü almağa yetdi, Qarabağın azadlığa çıxacağı günəsə yox. Amma nə qəm, nə qədər ki xanəndəni yaşatmaq yolunda zəhmət çəkən Füzuli müəllim kimi Yaqubsevərlər var, demək Qarabağı varlığından ayrı sanmayanlar, bu torpaq alınmayınca dinclik bilməyənlər sıralarımızdadı. Yaqub Məmmədov təki…
Seymur Elsevər
[email protected]
P.S. Yazıda Yaqub Məmmədovun danışıq tərzi olduğu kimi saxlanılıb.
banner

Oxşar Xəbərlər