AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Məktəblər açılır

Məktəblər açılır

Cəmiyyət
22 Yanvar 2021, 18:30 331
Valideynlər uşaqlarını dərsə göndərməyə çəkinirlərsə... 
 
Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Sənədə görə, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili təmin ediləcək. Belə ki, sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin olunacaq. Qərara görə, Təhsil Nazirliyi tərəfindən tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə 2 qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər. Sənəddə qeyd edilib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.

Təhsil Nazirliyi tərəfindən məktəblərin açılması ilə bağlı keçirilən brifinqdə də bütün təhsilalanları, təhsilverənləri, ümumən cəmiyyəti əyani təhsilin bərpası ilə bağlı maraqlandıran suallara aydınlıq gətirildi.

Mərhələli şəkildə 
 
Təhsil naziri Emin Əmrullayev fevralın 1-də ölkə üzrə tədrisin mərhələli şəkildə başlayacağını qeyd etdi. Belə ki,  Nazirlər Kabinetinin qərarına əsasən fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif, məktəbəhazırlıq qruplarında, icma əsaslı qruplarda tədrisə qismən start veriləcək:  "Məlumdur ki, 2020-ci ilin mart ayından bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da pandemiya baxımından çətin il oldu. Mart ayından ölkədə distant təhsilə keçildi. Sentyabr ayında dərsləri qismən bərpa etsək də, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan müharibə və koronavirus infeksiyasına yoluxma sayının artması yenidən karantin rejiminin sərtləşməsini tələb etdi. 1000-dən artıq məktəb əyani təhsili davam etdirə bilmədi. Məktəblərin açılması ilə bağlı qərarın verilməsi təkcə Təhsil Nazirliyinin verəcəyi qərar deyil. Bu, Nazirlər Kabinetinin müvafiq şöbələrinin və elmi araşdırmalara əsasən verilən qərardır”. Nazir ölkə üzrə 1 fevral tarixindən ibtidai təhsilin mərhələli şəkildə bərpa edildiyini qeyd etdi: "Növbəti 2 həftə ərzində (1 fevraldan sonra) Ali Təhsil Müəssisələrinin və 5-9-cu siniflərdə təhsil bərpa edilə bilər: "Əsas vəzifəmiz tələsik açılışa gedib və sonra tələsik bağlanışa getməməkdir”.

Nazirin sözlərinə görə, fevralın 1-dən repetitor fəaliyyəti üzrə tədrisin bərpası da nəzərdə tutulur. Belə ki, fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla, repetitor xidmətlərinin fəaliyyəti bərpa oluna bilər”. Nazir qeyd etdi ki, bu il fənn olimpiadalarını ənənəvi qaydada, sıxlıq nəzərə alınmaqla keçirmək planlaşdırılır: "Fevralın sonu, martın əvvəllərində bu olimpiadaları keçirmək olar”.
 
 

E.Əmrullayev müəllimlərin işə qəbulu məsələsinə toxunaraq MİQ-in bölgələrdə də keçirilməsi təcrübəsindən yararlanmaq istədiklərini qeyd etdi: "Bu, sıxlıq və idarəetməni də asanlaşdıra bilər”.

Nazir "Ötən müddətdə təhsilin keyfiyyətinin əsaslı şəkildə müsbət istiqamətdə dəyişdiyini deyə bilmərik” deyə qeyd edərək bildirdi ki, hazırkı şəraitdə ən böyük zərər aşağı siniflərdə oxuyan uşaqların sosial emosional vəziyyətinə dəyib: "Bunun hansı səviyyədə olması ilə bağlı araşdırma aparılacaq. Güman edirik ki, bu müddətdə şagirdlərin müstəqil öyrənmə bacarığı artıb. Amma bunun fakt olaraq, hələ təsdiqi yoxdur”. Ölkədə distant təhsilin keçirilməsi məsələsinə toxunan nazir qeyd etdi ki, bu format mövcud vəziyyətdən çıxış yoludur: "Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq, elə də asan məsələ deyil: "Bir həftə ərzində 6 milyondan çox uşaq və müəllim dərslərə qatılıbsa, bu, elə də az nəticə deyil. Biz bütün məsələləri addım-addım həll etməliyik. Bizim ilkin məqsədimiz ondan ibarət idi ki, şagird və müəllim elektron qeydiyyatdan keçsin və daha sonra onları izləyə bilək. Bir həftə ərzində 6 milyon 200 min şagirdə dərs verə bilmişiksə, demək, uşaqlar və müəllimlər ekranın o tərəfində olublar. Hər bir şagird və müəllim öz məsuliyyətini dərk etməlidir”. Nazir qeyd etdi ki, əyani dərslərə start veriləndən sonra da hər valideynin öz övladının yalnız distant formada tədrisinin davam etdirmək istəməsi hüququ var: "Hazırda sosial məsafə tələbi olduğundan, siniflər iki qrupa bölünəcək”. Nazir həmçinin qeyd etdi ki, təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək: "Valideynlər uşaqlarını məktəblərə göndərməyə çəkinirlərsə, təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək. Teledərslərin olması,  dərsin heç olmamasından yaxşı nəticə verib. Belə ki, teledərslərə "Youtube”da 12 milyon, "Edu.az” saytında 5 milyon baxış olub”. Bağçaların açılmasına gəlincə, nazirin sözlərinə görə, bağçaların fevralın 15-dək açıla biləcəyinə ümid var: "Lakin hazırda bununla bağlı proqnoz vermək çətindir”.

Nazir siniflərdə şagird sıxlığına da münasibət bildirdi: "Azərbaycanda 311 sinifdə, başqa sözlə siniflərin 0,4 faizində şagird sayı 40-dan çoxdur. Bu siniflər bizim üçün tədrisin bərpası ilə bağlı problem yarada bilər”. Azərbaycanda təqribən 86 min sinif olduğunu nəzərə çatdıran nazir qeyd etdi ki, onlayn təhsil şəbəkəsinin mövcudluğu nə qədər müəllim və şagirdin bu şəbəkədən istifadə etdiyini görməyə imkan verir”. Nazir İKT-nin tədrisi ilə bağlı keçən illə müqayisədə əsaslı irəliləyişlər olduğunu da vurğuladı. Belə ki, bu, keçirilən onlayn dərslərdə müəllim və təhsilalanların daha əhatəli istifadəsinə şərait yaradıb. E.Əmrullayevin sözlərinə görə, elektron dərsliklərdən istifadə faizi də ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Belə ki, 40 milyondan artıq elektron dərsliyə müraciət olub.

Ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində təhsilin təşkilinə toxunan nazir qeyd etdi ki, tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində məsafədən təhsil formasında davam etdiriləcək. Müəyyən bir tarixdən sonra isə praktik məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi qaydada təşkil edilə bilər.
 
Təhsil haqqı problemi

Təhsil kreditlərinin verilməsindən danışan nazir qeyd etdi ki, təhsil kreditlərini iki qrup üzrə vermək nəzərdə tutulur: "Birinci qrupda təhsil kreditinin daha aşağı sosial vəziyyəti olan şəxslərə faizsiz, ikinci qrupda kreditlərin bacarığa görə verilməsi nəzərdə tutulur. Bəzi hallarda təhsil haqqının, ümumiyyətlə, ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir. Əgər biz həmin sistemə keçsək, bu o, deməkdir ki, rəqabət şəraitindən imtina edirik”. Nazirin sözlərinə görə, bu gün ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 56-sı dövlət hesabına təhsil alır: "Hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur. Amma təhsil haqqı problemi olan tələbələrimiz də var”.

Nazir qeyd etdi ki, ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır. "Bakalavr səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional təhsil müəssisələrində bu məbləğ daha aşağıdır”.

Müəllimlərin vaksinasiya məsələsinə aydınlıq gətirən nazir diqqətə çatdırdı ki, artıq vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb: "Bakı, Sumqayıt və Abşeronda 15698, bölgələrdə isə 32600 müəllimin yaşı 50-dən çoxdur. Onlar əsas risk qrupuna daxildirlər. Biz bu müəllimlərin vaksinasiyasını tövsiyə edirik”.

Ciddi nəzarət olunacaq

Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu  qeyd etdi ki, şagird və müəllimlərin davamiyyəti Təhsil Nazirliyi tərəfindən nəzarətdə saxlanılır. Belə ki, bu prosesdə ictimai münasibət də önəmlidir: "Dərsləri mütəmadi və yüksək keyfiyyətlə keçən müəllimlərin mənəvi reytinqi də artır. Həm şagirdlər, həm də valideynlər arasında həmin müəllimlərin xüsusi çəkisi var. Məncə, bu, ən böyük qiymətləndirmədir. Tədris əyani formaya keçəndən sonra bu müəllimlərin şagirdləri də yüksək nəticə əldə edəcək”. V.Yaqublu qeyd etdi ki, birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq. Belə ki, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: "Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris də başlanacaq, həmin vaxtlarda bu şagirdlər sosial məsafə və sıxlığı gözləməklə imtahan verə bilərlər”.

Orta məktəblərdə koronavirusun qarşısının alınması ilə bağlı bütün zəruri tədbirlərin görüləcəyini qeyd edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirdi ki, şagirdlərin və müəllimlərin hərarətinin ölçülməsi, ara məsafəsinin qorunması, gigiyena qaydalarına riayət olunmasına ciddi nəzarət olunacaq: "Əgər kimdəsə temperaturun yüksək olması müşahidə edilərsə, həm şəxs dərhal izolyasiya olunacaq və zəruri tədbirlər görüləcək”.
 
Brifinqdə iştirak etdi
Təranə Məhərrəmova