cümə axşamı, 29 sentyabr, 17:23

Baku Bakı 25°C

Əmək qabiliyyətinin itirilməsinə görə işsizlikdən sığorta haqqı hesablanmalıdırmı?

icon 335 icon 09 avqust 2022 | 09:15 Əmək qabiliyyətinin itirilməsinə görə işsizlikdən sığorta haqqı hesablanmalıdırmı?

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətdən işsizlikdən sığorta haqqı hesablanmalıdırmı?

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat isə əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən, işçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.