Mahirin Polşaya apardığı problem - TƏRS BUCAQ
Polşanın
"Legiya” klubunda çıxış edən Mahir Emreli komandanın baş məşqçisi Çeslav
Mixneviçlə söhbətdə acı etiraf edib. Polşaya gələndən sonra Mahirə bəyan olub
ki, əslində, Azərbaycanda uşaq futbolunda ona çox şey öyrətməyiblər. Emreli
etiraf edib ki, əgər futbolun sirlərini məsələn, "Legiya”nın futbol
akademiyasında öyrənsəydi, indi tam fərqli futbolçu olardı.
Öncə
bünövrə tökülməlidir
Aydındır,
Mahir Polşada problemlə üzləşib. Və bu problemi özü ilə aparıb. Azərbaycanın uşaq
futbolundakı problemi. Bax futbolumuzun əsas bəlası da məhz budur. Bizdə uşaq
futboluna yanaşma düzgün deyil. Bir ölkənin futbol sənayesini qurmaq üçün öncə
onun bünövrəsi tökülməlidir - uşaq futbolu yaradılmalıdır. Bunun üçün nə tələb
olunur? İnfrastruktur və kadrlar.
Köhnə
sovet sistemi ilə işləyirlər
Hətta
infrastrukturdan da vacib olan amil kadrlardır. Azərbaycanda uşaq futbolunda
ixtisaslı kadrlar çatışmır. Uşaq futboluna cəlb olunan məşqçilər ya köhnə sovet
sistemi ilə işləyirlər, ya da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında öyrəndikləri metodla. Və hər iki metod müasir futbolun
inkişafına, sürətinə uyğun gəlmir.
Baxışları
dəyişməli olanlar
Azərbaycan
futboluna xarici məşqçilər dəvət edilməlidir. Amma əsas yığmaya yox. Yığma
komanda piramidanın ən üst hissəsidir. Axı bunun bünövrəsi yoxdursa... Xaricdən
mütəxəssislər ilk növbədə uşaq futboluna dəvət edilməlidir. Avropada futbol sənayesini
qura bilmiş ölkələrdən kadrlar gətirilməli, yerli mütəxəssislər isə onlardan görüb-götürməli
idilər. Üstəlik, zaman-zaman yerli məşqçilər xarici ölkələrə təcrübəyə göndərilməli
idi. Adlı-sanlı klubların futbol akademiyalarında əldə olunacaq təcrübə yerli
mütəxəssislərin futbola baxışını tam dəyişə bilərdi. Baxışları dəyişən, müasir uşaq
futbolunu anlayan mütəxəssislər futbolçunu infrastruktur kasad olan yerdə də -
torpaq, asfalt üstündə də yetişdirə bilər.
Bizim
futbolda məhsul necə yetişir?
Futbolçu məhsuldur.
Məhsulu yetişdirmək üçün toxumu səpmək şərt deyil, aqrotexniki qaydalara riayət
edilməlidir ki, bol və sağlam məhsul əldə edilsin. Bizim futbolda məhsul necə
yetişir? Toxumu – uşaqları keyfiyyətsiz süni örtüklü meydançalara buraxıb
qarşılarına top atırlar, vəssalam. Belə "aqrotexniki qaydalar”la adda-budda məhsul
– futbolçu yetişəcək. Adda-buda yetişən futbolçular da xaricə gedərkən özləri
ilə problem aparacaqlar. Azərbaycanın uşaq futbolunda olan problemi. Və bu
problem onları digərləri qarşısında ən azı bir addım geri salacaq.
Natiq MUXTARLI