• şənbə, 03 Oktyabr, 01:24
  • Baku Bakı 16°C

Kütləvi pambıq yığımına başlanılıb

03.10.26 00:13 23
Kütləvi pambıq yığımına başlanılıb

2026-cı ildə Azərbaycanda 90 min hektara yaxın sahədə pambıq əkilib, 89 min hektardan məhsul yığımı gözlənilir. Görülən tədbirlərdə əsas diqqət məhsuldarlığın artırılmasına yönəlib. 

Sentyabrın sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. Bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər və məsul şəxsləri, rayon icra hakimiyyəti strukturlarının nümayəndələri, Nazirliyin tabeli qurumlarının əməkdaşları və pambıqçı fermerlər iştirak ediblər.

M.Məmmədov fermerlərlə görüşdə "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə toxunub. Nazir qeyd edib ki, prioritet istiqamətlərdən biri olan pambıqçılıqda ölkə başçısının tapşırıqlarına uyğun olaraq son illərdə həyata keçirilən sistemli tədbirlər pambıq istehsalının artmasına, məhsuldarlığın yüksəlməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə şərait yaradıb. 

90 min hektara yaxın sahədə pambıq əkilib

M. Məmmədov bildirib ki, 2026-cı ildə Azərbaycanda 90 min hektara yaxın sahədə pambıq əkilib, 89 min hektardan məhsul yığımı gözlənilir. Onun sözlərinə görə, bu sahədə həyata keçirilən bütün tədbirlər məhsuldarlığın artırılmasına yönəlib. “Müvafiq dövlət proqramına əsasən, 2030-cu ilə qədər Azərbaycanda məhsuldarlığın hər hektar üzrə beş tona çatdırılması məqsədilə bu il aqrotexniki tədbirlərin daha düzgün həyata keçirilməsi üçün lazer hamarlama işlərinin aparıldığı sahələrə birdəfəlik 250 manat subsidiya nəzərdə tutulub. Eyni zamanda, adambaşına suvarma qurulacaq sahədə yığılan məhsulun hər tonuna 300 manat subsidiya ödəniləcək. Bu tədbirlər pambıqçılıqda məhsuldarlığın artırılmasına müsbət təsir edəcək və önümüzdəki illərdə biz hədəfimizə nail olacağıq", - deyə o qeyd edib.

Qiymət dünya bazarına uyğun tənzimlənir

Nazir əlavə edib ki, 2025-ci il Azərbaycan pambıqçılığı üçün uğurlu illərdən biri olub və 100 min hektar sahədə pambıq becərilib: "Ötən il 360 min tondan çox məhsul yığılıb ki, bu da Azərbaycan tarixində rekord göstərici sayılır. İldən-ilə məhsuldarlığı artırmağa yönəlik tədbirlər davam etdiriləcək".

Nazirin sözlərinə görə, pambığın alış qiyməti dünya bazarında olan qiymətlərlə tənzimlənir. Birja qiymətlərində ilin əvvəlində pambığın qiyməti xeyli aşağı olub, amma ilin ikinci yarısına doğru qiymətlərdə sabitləşmə yaranıb. “Hazırda fermerlərə dəstək olaraq dövlətin artırdığı subsidiya məhz aqrotexniki qulluğu yaxşılaşdırmağa yönəlib. Sadə bir hesablama ilə götürsək, əvvəllər bir hektardan üç ton pambıq yığan fermer damlama suvarma qurarsa, həmin hektarda 30 % məhsul artımına nail olarsa, əvvəlki illərdə aldığı subsidiya 600 manat idisə, yeni subsidiya mexanizmi ilə 1200 manat subsidiya əldə edə biləcək", - deyə M. Məmmədov vurğulayıb.

banner

Oxşar Xəbərlər