• çərşənbə axşamı, 09 iyul, 01:08
  • Baku Bakı 27°C

Küçələrdə böyüyən fidanlar

22.06.24 02:29 1497
Küçələrdə böyüyən fidanlar

Küçə uşaqları ilə bağlı problem cəmiyyətdə ciddi narahatlıq yaradır. Reallıqda onların sayı ilə bağlı etibarlı rəqəmlər olmasa da, gözümüzün qarşısında canlanan mənzərə həyəcan təbili çalmağın vaxtı olduğunu deyir. 

“Küçə uşaqları” hazırda təcili həllini tələb edən ən aktual sosial problemlərdəndir. Valideyn nəzarətindən məhrum, küçələrdə dolanan, gecəqondulara sığınan, yemək və əyləncə axtarışında olan nəzarətsiz uşaqlar cəmiyyətdə ciddi narahatlıq yaradır.
Mətbuatda və sosial mediada bəzən belə uşaqların sayı haqqında qorxulu məlumatlar verilir. Reallıqda isə küçələrdə olan uşaqların sayı ilə bağlı etibarlı rəqəm yoxdur. 

Problemin ciddiliyini nəzərə alan Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi bu istiqamətdə layihənin icrasına başlayıb. Həmçinin uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir. Layihədə uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədar yeni tələblər yer alıb. “Bəzən urbanizasiyanın nəticəsində aşkar olunmayan, amma dəstəyə ehtiyacı olan uşaqlarla bağlı məlumat alırıq. Onların çoxu qeydiyyatsız evlərdə, gecəqondularda yaşayırlar. Ona görə rayon icra hakimiyyətlərinin yerlərdəki nümayəndələrinin daha fəal olmasını istəyirik”, - deyə Komitədən bildirilir. 

Küçə uşaqlarının sayı və vəziyyəti ilə bağlı mənzərənin reallığı maraq doğurur. Bəs problemin birdəfəlik çözümü - onların bütünlüklə ailələrinə qaytarılması və ya dövlət müəssisələrinə cəlb edilməsi mümkündürmü?

Küçə uşaqlarının sayı artır

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova küçə uşaqları ilə bağlı mənzərənin xoş olmadığını bildirir: “Uşaqların hansı ərazidə dilənməsi və ya əməklərinin istismar olunması ilə bağlı zənglər və müraciətlər alırıq. Biz onları Uşaqlar üçün Reabilitasiya Mərkəzinə yönəldiririk. Mərkəzdə sosial işçilər tərəfindən həmin uşaqların həyatının öyrənilməsi, nədən küçə həyatına sövq edilməsi, ailələrinin tapılması və yaşayış şəraitinin öyrənilməsi həyata keçirilir. Bu prosesdə küçədə olan uşaqların sayının artdığını görürük. Müşahidələrimiz də bunu təsdiqləyir: uşaqlar gül satır, maşınları təmizləyir, dilənirlər. Yaxınlaşıb bunun səbəbini öyrənməyə çalışırıq”. 

Məqsəd hər bir uşağı ailəsinə qaytarmaq olmalıdır

K.Aşumova küçə uşaqları arasında təhsildən yayınmaların çox olduğunu bildirir: “İcbari təhsil doqquzuncu sinfə qədərdir. Amma biz görürük ki, sosial-maddi rifahı, sənədlərin olmamasını və digər səbəbləri əsas tutaraq uşaqları təhsildən yayındırırlar”. Təşkilat rəhbəri uşaqların küçəyə qaçmasını müxtəlif səbəblərlə - ailəyə kömək, evdə zorakılıqla üzləşmə, valideyn məsuliyyətsizliyi, qayğının olmaması və s. əlaqələndirir: “Onların arasında valideynini itirən, rəsmi qəyyumu olmayan uşaqlar azdır. Onları da aşkarlayıb müxtəlif dövlət müəssisələrinə yerləşdirirlər”. QHT rəhbəri qaraçı uşaqları ilə bağlı məsələnin də vacib olduğunu bildirir: “Küçə uşaqları sırasında daha çox bu kateqoriya yer tutur. Onlara da həmin müdafiə sistemi tətbiq olunmalıdır”. Təşkilat rəhbəri bildirir ki, küçə uşaqları arasında hər yaşda olanlar var: “Bir az yaşı olan uşaqlar aşkar olunmamaq üçün özlərini gizli saxlaya bilirlər. Kiçik yaşlılar isə fəaliyyətlərini gizlədə bilmirlər”. K.Aşumovanın sözlərinə görə, bu uşaqları küçədən yığıb uşaq evlərində yerləşdirmək problemin həlli yolu və son məqsəd deyil: “Məqsəd hər bir uşağı ailəsinə qaytarıb davamlı reabilitasiya və sosial xidmətlərlə əhatə etməkdir. Əsas məqsəd uşaqların doğma ata-anası və ya qəyyumu ilə yaşamasına dəstək verib, ailələrində olan problemlərin həllinə dəstək göstərməkdir. Amma elə uşaqlar da var ki, artıq onların ailələrinə qaytarılması mümkün deyil. Belə halda onlar yaşa və qanunvericiliyə uyğun müəssisələrdə yerləşdirilməlidirlər”. 

Ünsiyyətsizlik və ailə basqısı

Hüquq pozuntuları törətmiş, çətin tərbiyə olunan uşaqlarla iş zamanı psixoloqların prosesə cəlb edilməsinin vacibliyi də vurğulanır. Psixoterapevt Fatimə Bayramova bildirir ki, belə uşaqlarla iş prinsipi onların fərdi xüsusiyyətlərini öyrənmə əsasında aparılır: “Hər bir uşaq fərqlidir. Onların hansı travmalar aldığını öyrənmək lazımdır. Bu məsələdə yaşa uyğunluq prinsipi də önəmlidir. Çünki hər bir uşaq aldığı travmanı başqa cür əks etdirir”. Psixoloq hesab edir ki, uşaq küçəyə evdəki ünsiyyətsizlikdən, ailə basqısından qaçır: “Bu, əsasən 14-15 yaşında baş verir. Valideynin cahilliyi ondan ibarət olur ki, uşaq yeniyetməlik dövrünün psixoloji xüsusiyyətlərini bilmir. Bu, uşağı evdən uzaqlaşdırır. Uşaq valideynlə toqquşduqda valideyn yaş amilini nəzərə almalı, uşağa zidd gəlməməlidir. Uşaqların təhsildən yayınmaması üçünsə ilk növbədə travmalarını aradan qaldırmaq, onlarla ünsiyyət qurub sosial fəaliyyətlərə cəlb eləmək lazımdır”.

Uşaqların dilənçiliyə cəlbi məsuliyyət yaradır

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini, polis mayoru İmran Əliyev sorğumuza cavab olaraq bildirdi ki, yetkinlik yaşına çatmayan uşaqların avaralığa və dilənçiliyə cəlbi məsuliyyət yaradır. O cümlədən, uşaqlarını təhsildən yayındıran valideynlərin barəsində də məsuliyyət tədbiri görülür: “Çətin tərbiyə olunan uşaqlarla bağlı yalnız qapalı tipli müəssisə mövcuddur. Ağır və xüsusilə ağır cinayət törətmiş uşaqlar o müəssisəyə yerləşdirilir. Lakin bu tip uşaqlar üçün açıq tipli təlim-tərbiyə müəssisəsi hələ mövcud deyil. Bu ilin oktyabr ayında Elm və Təhsil Nazirliyi tərəfindən belə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər