• bazar, 14 Iyun, 04:38
  • Baku Bakı 25°C

Kredit kartları ilə bağlı məhdudiyyətlərin səbəbi nədir?

03.02.16 11:48 1104
Kredit kartları ilə bağlı məhdudiyyətlərin səbəbi nədir?
Ekspertlər bildirirlər ki, bankların bu addımı atması üçün real əsaslar var
“Bank of Baku”nun məhsulu olan “Bolkart” kredit kartım var. Bankla bağladığım müqaviləyə görə, həmin kartının balansı 2000 manat həcmində razılaşdırılıb. Lakin manatın ikinci devalvasiyasından təxminən bir ay sonra bank tərəfindən bildirildi ki, son 6 ay ərzində mənim “Bolkart”dan istifadə və ödəniş dərəcəm bank tərəfindən yenidən qiymətləndirilib və kredit kartındakı limitim 967 AZN təyin edilib”. Bunu bizimlə söhbətdə Bakı sakini Sabir Əliyev (ad şərtidir) bildirdi. O deyir ki, bu günə kimi bank qarşısında bütün öhdəliklərini vaxtlı-vaxtında, gecikdirmədən, problemlər yaşatmadan yerinə yetirib. Buna görə də kartındakı məbləğin azaldılmasının onunla heç bir əlaqəsinin olmadığını düşünür. O, kredit kartındakı məbləğin azaldılmasının səbəbinin nə olduğunu öyrənmək istəyir.
Əslində son zamanlar bu problemlə üzləşən bir çox vətəndaş var. Belə ki, artıq banklar kredit kartlarından istifadə səviyyəsini aşağı salıb. Əvvəllər kredit kartlarından nağd ödəniş üçün də istifadə etmək mümkün idi. Amma hazırda nağd ödəniş çox aşağı səviyyəyə salınıb. Eyni zamanda, kartlardan nağdsız ödənişlərin istifadəsi üçün də təyin edilən məbləğ aşağı salınır. 2015-ci ilin sonuna olan statistikaya görə, Azərbaycan vətəndaşlarında 1 milyon 89 minə yaxın kredit kartı olub. Bu o deməkdir ki, yeni məhdudiyyətlər xeyli insanın oxşar problemlə üzləşməsi deməkdir.
Əvvəlki illərlə müqayisədə kredit kartlarına marağın artdığı bir zamanda bankların onlardan istifadəni məhdudlaşdırması bu sahədə yenidən geriləməyə səbəb ola bilər. Kredit kartlarındakı pullar dollarla deyil, manatla hesablanırdı. Bəs banklar bu addımı niyə atırlar? Bu məhdudlaşdırılma ilə hansı problemlərdən sığortalanmağa çalışırlar? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov deyir ki, bankların bu addımı atması təbii qarşılanmalıdır. Banklar vətəndaşların növbəti devalvasiyanı qabaqlamaq və qazanc əldə etmək üçün manatı kartdan çıxarıb dollara çevirmələrindən ehtiyatlanırlar. Lakin bu, qanunsuzdur: “Belə çıxır ki, bank birtərəfli qaydada kredit müqaviləsinin şərtini dəyişdirir. Bu, qanun pozuntusudur. Bank yalnız bir halda kredit kartı üzrə boyun olduğu krediti verməkdən imtina edə bilər: əgər borc alanın maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşibsə. Bank bunu sübut etdikdən sonra kredit kartı üzrə müqavilədə əks olunan məbləği verməkdən imtina edə bilər”.
Ə.Həsənov deyir ki, bankın bütün müştərilərinin maliyyə vəziyyətinin eyni vaxtda pisləşməsi də mümkün deyil: “Kredit kartlarında məbləğin artırılıb-azaldılması fərdi şəkildə qiymətləndirilmə aparılaraq təyin edilə bilər. Vətəndaşlar indiki halda üzləşdikləri problemlə bağlı bankı məhkəməyə verməklə haqlarını tələb edə bilərlər”.
“Modern Marketig Group”un təsisçisi Yusif Vəliyev isə qəzetimizə açıqlamasında bildirdi ki, bankların hazırda kredit kartları ilə bağlı məhdudlaşdırılmalar aparmasının bir neçə səbəbi var: “Dünya təcrübəsinə baxsaq görərik ki, kredit kartlarından insanlar ya onlayn alış üçün istifadə edirlər, ya da ödəniş kart vasitəsilə olan mağazalarda yararlanırlar. Yəni müştərilər banklardan kredit kartlarını götürüb, öz alış-verişlərini reallaşdıra bilirdilər. Təbii ki burada kredit kartlarından əlavə, bankın hansısa digər kartına özləri balans yükləyə bilərdilər. Təbii ki bizdə bu anlam bir az fərqlidir. İnsanlar kredit kartlarından daha çox kredit çəkmək məqsədi ilə istifadə edirdilər.
Götürülən kredit kartının məqsədi də o olurdu ki, ehtiyac olduğu zaman oradan pul çəkə bilsinlər. Bir sıra hallarda kartdakı məbləği hissə-hissə deyil, birbaşa hamısını çəkirlər. Bu isə həmin kredit kartını, onun məqsədini dəyişmiş olurdu”.
Y.Vəliyev deyir ki, hazırda kredit kartından nağd pul çəkilməsinə limit qoyulmasını problemli kreditlərin qarşısını almaq cəhdi kimi də qiymətləndirmək olar: “Kredit kartlarındakı məbləğlər vətəndaşların aylıq məvacibləri və digər gəlir mənbələrinə əsasən təyin olunur. Bu zaman onun bir ay kartdan nə qədər istifadə edə biləcəyini müəyyənləşdirilir. Lakin müştəri həmin məbləği birbaşa çəkdiyi zaman onun yerinə qoyulması bir az çətinləşir və problemli kreditə çevrilmə halı artır. Bunun üçün də kartdan hər ay maksimum 100-300 AZN-dən artıq pul çəkilməsi ilə bağlı limit qoyulur. Ümumilikdə isə devalvasiyanı çıxmaq şərtilə yaranan problemli kreditlərin böyük əksəriyyətinin səbəbi bankların kredit verən zaman müştərini düzgün qiymətləndirməsi ilə əlaqədardır”.
Y.Vəliyevin sözlərinə görə, hazırda banklarla bağlı problemlərin yaşandığı bir vaxtda kredit kartlardan sui-istifadə edənlər də ola bilər: “Düşünə bilərlər ki, onsuz da indi problemli kreditlər çoxdur. Mən 1000-2000 manatı götürüb xərcləyə, sonra qaytarmaya da bilərəm. Banklar da problemli kreditlərinin çox olmaması üçün çalışırlar ki, bu cür alternativ baryerlər qoysunlar”.
Məsələ ilə bağlı yazıda adı çəkilən “Bank of Baku” ilə əlaqə saxlayıb, kredit kartlarındakı məbləğin azaldılması, yaxud kartın ləğv edilməsi işinin hansı qaydada aparılması ilə bağlı açıqlama almağa çalışdıq. Bankın mətbuat xidmətindən suallarımızı günün sonunadək cavablandıracaqlarını bildirsələr də, sözlərinə əməl etmədilər.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər