Korporativ və işgüzar yazışmalarda nələrə diqqət etməli? - Gənclərə məsləhət

Müəssisələrin
imicinin formalaşmasında rol oynayan bir neçə amil var. Bunlardan biri də
professional yazışmalardır. Müasir dövrdə bu yazışmalar gündəlik iş həyatımızın
ayrılmaz bir hissəsinə çevrilib. Xüsusilə yeni başlayan işçilər və təcrübəsi az
olan insanlar bu yazışmalar zamanı müxtəlif səhvlərə yol verir. Bəzən hətta iş
yazışmalarını sosial şəbəkələr üzərindən edirlər. Bəs görəsən bu yazışmalar
hansı formada aparılmalıdır? Ümumiyyətlə, belə yazışmaların sosial şəbəkə
vasitəsilə edilməsi nə dərəcədə düzgündür?
Peşəkar
yazışmaların özlüyündə korporativ və işgüzar yazışmalar olmaqla iki hissəyə
bölündüyünü deyən "Avrora” şirkətinin insan resursları və təşkilatı inkişaf
departamentinin müdiri Xəqani Səfərov korporativ yazışmaların sosial şəbəkələr
üzərindən edilməsini doğru hesab etmir: "İşgüzar yazışmalar dedikdə iki, yaxud
bir neçə şirkət əməkdaşlarının arasında olan yazışmalar nəzərdə tutulur.
Korporativ yazışmalar isə şirkətdaxili olan yazışmalardır. Buna misal olaraq
şirkətin hansısa əməkdaşının şirkətin digər departamentlərinin əməkdaşları
arasında olan yazışmaları göstərmək olar. Bu mənada hesab edirəm ki, korporativ
yazışmaları sosial şəbəkələr üzərindən etmək düzgün deyil və bu, peşəkarlığa
ziddir. Bu cür yazışmalar daxili qaydada nizamlanmalıdır. İşgüzar yazışmaların
isə e-mail vasitəsi ilə aparılması daha məqsədəuyğundur. Heç kim inkar etmir
ki, müasir dövrdə sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib. Yaxın
gələcəkdə sosial şəbəkələr vasitəsi ilə yazışmalar daha da artacaq. Məsələn,
əvvəllər iş elanları işə qəbul saytlarında yerləşdirilirdi və ora yalnız
e-maillə müraciət etmək olurdu. İndi isə həmin elanlar sosial şəbəkədə post
şəklində paylaşılır və hər kəs öz tanışlarını orda işarələyir. Beləliklə, elan
daha çox şəxslərə çatmış olur. Mənim öz təcrübəmdə də belə hallar çox olub.
Məsələn, kimsə işə qəbul olmaq istəyən zaman mənim mesaj bölməmə yazaraq öz
CV-sini göndərib. Hətta elə olub ki, həmin şəxslərin CV-si dəyərləndirilərək
işə qəbul olunub. Yəni, artıq bu, bizim həyatımızın tərkib hissəsidir. Peşəkar
insanı tapmaq üçün bəzən sosial şəbəkələrdən istifadə etmək məcburiyyətində
qalırıq”.

Mütəxəssis
deyir ki, iki şirkət arasında olan yazışmalara gəlincə, bu yazışmaların sosial şəbəkələr üzərindən
edilməsi normal haldır. Amma korporativ yazışmaları digər şəxslərin görməsi
etik sayılmır: "Çünki bu, şirkətdaxili məsələdir. Bu yazışmaların daxili
e-mail, yaxud intromed sistemləri vasitəsi ilə aparılması daha məqsədəuyğundur.
Artıq intromed sistemlər Azərbaycanda bir sıra şirkətlərdə tətbiq olunur. Bu,
bir növ şirkətdaxili sosial şəbəkədir. Vacib yazışmalar, məlumatlar, elanlar
burada qeyd olunur”.
X.Səfərov
qeyd etdi ki, işgüzar yazışmalar şirkətin imicinə böyük təsir göstərir: "Burada
ən kiçik, məsələn, mətnin strukturundan tutmuş hərf səhvlərinə, faylın adına
qədər xırda detallar şirkətin imicinə böyük təsir göstərir. Tutaq ki, şirkət
böyük məbləğdə satış etmək istəyir və qarşı tərəflə yazışmalar aparılır. Bu
zaman göndərilən faylın adı qeyri-ciddi olduqda, həmin amil qarşı tərəfdə
istər-istəməz neqativ düşüncəyə yol aça
bilər. Bu mənada yazışmalar zamanı diqqətli olmaq lazımdır. Yazışmalar bir növ
"dress-kod” kimi vacib rol oynayır. Yazışmanın mətni, forması həmin şəxs
haqqında ilkin təəssürat formalaşdırır”.

Müsahibim
deyir ki, əslində, korporativ yazışmalar şablon formada olmur və bu yazışmalar hər şirkətdə fərqli şəkildə
aparılır: "Adətən, hər hansı bir şirkətdə çalışan şəxs başqa bir müəssisəyə
keçdiyi zaman əvvəlki təcrübələrini burada da tətbiq edir. Çünki o, bunu ən
yaxşı forma hesab edir. Onlar düşünür ki, korporativ yazışmalar yalnız bu
şəklidə aparıla bilər. Əslində, bu, qətiyyən belə deyil və hər müəssisənin
daxili normaları var. Bu korporativ etik
normaları öyrənmək üçün şirkət işçiləri üçün xüsusi təlimlər keçməlidir. Mən
özüm də, çalışdığım şirkətlərdə bu ənənəni formalaşdırmağa çalışıram.
Yazışmaların hansı formada aparılması, mətni, strukturu haqda işçilərə davamlı
şəkildə izahat vermək lazımdır”.
Şəbnəm
Mehdizadə
