• cümə, 19 Aprel, 10:47
  • Baku Bakı 13°C

Komandasının və həyatının maestrosu

24.02.14 10:27 3274
Komandasının və həyatının maestrosu
Bəzi idman növləri Azərbaycanda həmişə böyük marağa səbəb olub. Futbol, güləş, cüdo… Həmçinin voleybol. Xüsusilə də, qadın voleybolu. Dünya voleybolunun ən böyük simalarından biri-İnna Rıskal bakılıdır, bu torpağın yetirməsidir. Ən yeni tarixdə də “Azərreyl”in heyətində Yelena Şabovta, Alla Həsənova, Parxomenko bacıları, Valeriya Korotenko və başqaları ölkənin adını beynəlxalq arenada zirvələrə daşıyan isimlər olublar. Ancaq həmişə belə bir stereotip olub: bu oyun Azərbaycan mentalitetinə ziddir, bizdə voleybolu ancaq əcnəbi, yerli olsalar da, daha çox rus kökənli qadınlar oynayırlar. Sağlam düşüncəli, daha böyük dünyagörüşü olan, voleybolu həqiqətən sevən şəxslər isə bu fikirlə razılaşmırdılar. Amma onların nümunə kimi ortaya qoya biləcəyi birinə ehtiyac vardı. Natəvan Qasımova belələrindəndir.
“Oğlan”, futbolçu, keçəl, çoban, dalaşqan…

1985-ci il iyulun 8-də Naxçıvanın Babək rayonunun Qaraxanbəyli kəndində anadan olan Natəvan, üç bacının ortancılıdır. Musiqi kollecində hərbi hazırlıq müəllimi olan ata və evdar qadın ananın ailəsində dünyaya göz açan qəhrəmanımız, lap kiçik yaşlardan idmana həvəskar olub. Oğlan kimi böyüyüb. Ancaq oğlanlarla dostluq edib, məhlələrində ancaq onlarla futbol oynayıb. Hətta 9-10 yaşına qədər oğlan paltarı geyinib, saçını həmişə qısa kəsdirdiyinə, yay tətilləri zamanı isə keçəl etdiyinə görə bəzi oğlanlar onu qız yox, oğlan biliblər. Birinci sinfə kənd məktəbində gedən Natəvan, özündən bir yaş böyük bacısı ilə eyni sinifdə oxuyub. Özünün dediyinə görə, hər zaman bacısını qoruyar, ona bir söz deyənləri mütləq döyərmiş. Çılğın xarakterinə baxmayaraq, ailəsinə də köməkçi olub. Yay tətilləri zamanı nənəsiylə birlikdə qoyun otarmağa gedər, 3 ay çobanlıq edər, qoyunları sağar, hər səhər saat 7-də atası ilə bərabər çölə gedib ot toplayarmış.
Voleybol sevgisi

Futbolu çox sevən qızcığaz, məktəbdə idman dərslərindən birində voleybolla tanış olur. Xoşuna gəlir bu oyun. Müəlliməsi onu xüsusi məşqlərə cəlb etmək istəyəndə valideynləri razılaşmırlar. İnadından dönməyən Natəvan, məşqlərə qatılır və bacarığı ilə hamını razı salır. Türkiyənin İqdır komandası ilə matça dəvət alan və ailəsinin inadına rəğmən oyuna yollanan gənc voleybolçu birdəfəlik bu idmana vurulur. Naxçıvan komandasının heyətində Azərbaycan çempionatında debüt edəndə Oktay Musayev (federasiya rəsmisi) onu görüb bəyənir və Bakıya aparmaq qərarına gəlir. Ancaq valideynləri “bir elə o qalmışdı ki, idmançı olasan” deyib onu voleyboldan uzaqlaşdırırlar. Bir il məşqlərə ara verməli olan Natəvan, atasının işlədiyi musiqi kollecində pianino dərslərində iştirak edir. Ancaq bir neçə gündən sonra hazırlığı bəhanə edib evdən çıxar, voleybol, özü də kişi komandaların məşqlərinə qoşulardı. Yenidən həvəslənən qız, ailəsinə inad edərək iki ayağını bir başmağa dirəyir: öldürsəniz də voleybol oynayacağam! Qızlarının fikrindən dönməyəcəyini görən valideynləri təslim olurlar.
“Artıq daha çox çalışmalısan”

Hər halda təhsilini də davam etdirir Natəvan. Kollecdə oxuduğu zamanlarda arada məşqlərə qaçan voleybolçu, Naxçıvanda ilk Olimpiya Kompleksi açılanda kişilərin turnirində yenidən Oktay Musayevin gözünə sataşır. Mütəxəssis onu çağırır və atasını “bu qızın gələcəyi var, önünü kəsməyin” deyərək razı salır. Bir müddətdən sonra Bakıdan zəng gəlir və Natəvan rəsmi dəvət alır. Anasını güc-bəla ilə razı salan Qasımova, karyerasına “Lokomotiv”də start verir. Bir ildən sonra çempionatdakı oyunu bəyənilir və “Azərreyl”in gənc komandasına dəvət alır. Həmin günü həyatının ən həyəcanlı günü kimi xatırlayan voleybolçunu, bir neçə məşqdən sonra Faiq Qarayev yanına çağırır, tərifləyir və deyir: “Artıq daha çox çalışmalısan”.
Hücumdan “dirijorluğa”

Qarayev onun potensialını sezmişdi. Bir il hücumçu kimi oynayan Natəvan, məşqçisinin təkidiylə toppaylayıcı mövqeyinə qoyulur. Qasımova hücumu çox sevdiyindən uzun müddət razılaşmır, ağlayır, narazılıq edir. Ancaq sonradan işini çox sevən gənc voleybolçu bir ildən sonra əsas komandaya çağırılır. Cəmi 16 yaşında millidə debüt edir! Kiçik bir haşiyəyə çıxaq: 9-cu sinfi bitirdikdən sonra musiqi kollecinə qəbul olan Natəvan, həm fortepianoda çalar, həm də xor dirijorluğu edərmiş. Bu dirijorluq bacarığı onun sonrakı karyerasında vacib rol oynadı. Liderlik xüsusiyyəti, öz komandasını - “orkestr”ini idarə etmək bacarığı meydanda toppaylayıcı mövqeyində “dirijorluq etməsinə” yol açdı. Bunun nə demək olduğunu yaxşı bilən qızımız, uşaqlıqda gördüyü təlimlərin bəhrəsini illər sonra, daha böyük arenalarda gördü. Faiq Qarayevin Natəvandakı bu bacarığı sezməsi isə, mütəxəssisin həqiqətən də dahiliyindən xəbər verir.
Uzun və dopdolu karyera

Məhz Qarayevin rəhbərliyi altında uzun müddət – daha dəqiqi 7 il “Azərreyl”də (2004-2011) oynayan Qasımova, qısamüddətli legionerlik həyatı da yaşayıb. İtaliyanın məşhur “Skavolini Pesaro” (2011) klubunda forma geyinən Natəvan, vətənə dönəndən sonra bir il “Bakı” (2012) klubundan oynayıb. Son iki ildə isə “Azəryol-Bakı”da çıxış edir. Karyerası ərzində bir sıra uğurlar qazanan Natəvan yüzlərlə beynəlxalq matça çıxıb. 2012-ci ildə “Çelenc Kuboku”nun finalında (2012) oynayan voleybolçu, 4 qat (2005-2008) Azərbaycan çempionudur. Azərbaycan milli komandasının heyətində 120 qarşılaşma keçirib, bir çox mötəbər turnirlərin seçmə və final mərhələlərində oynayıb. Bir sözlə, idmançı həyatı gərgin matçlar, mübariz qələbələr, sevincli anlarla doludur.
Bir dövlətdə iki dövlət

Ailə dövlətin kiçik formasıdır. Hər bir cəmiyyətin özəyi olan bu dövlət, qarşılıqlı sevgi və hörmət əsasında qurulmalı, ətrafa, digər “dövlət”lərə nümunə təşkil etməlidir. Natəvan Qasımovanın qurduğu ailə də belələrindəndir. Tale elə gətirib ki, voleybolçu özünə həyat yoldaşını Türkiyədən seçib. Onun menecer Tunc Afşarla ailə qurması daha bir köhnə stereotipin qırılması üçün vasitə sayıla bilər. “Əcnəbiyə ərə gedib xoşbəxt olmaq olmaz” fikrini 2011-ci ildən bəri Natəvanın yaşadığı hər gün təkzib edir. Milliyyətindən, aradakı yaş fərqindən asılı olmayaraq xoşbəxt ailənin mümkünlüyünü biz bu cütlüyün simasında görə bilirik. Belə demək olarsa, onlar “Bir millət - iki dövlət” deyimini bir kiçik dövlət içərisinə sığışdıra biliblər.
Atasının dayağı!

Atası onu və bacılarını böyük çətinliklər hesabına böyüdüb. İmkanları olmadığından, musiqi məktəbində tanış müəllimələrdən biri ona pianino dərslərini pulsuz keçib. Yəni çətinliyin, kasıblığın nə demək olduğunu yaxşı bilən Natəvan bundan sınmayıb. Əksinə, hər zaman böyüyüb atasına dayaq olacağını deyən Qasımova, sözünün üstündə durub. Bir məqamı da xatırlayır: “Soyuq günlərdən birində evdə oturmuşduq. İşıqlarımız yanmırdı. Radiodan idman xəbərlərinə qulaq asırdıq. O zaman “Azərreyl”in CEV Kubokunu qazandığını dedilər. Mən də gülə-gülə atama dedim ki, “mən bir gün bu komandada oynayacam”. Atam isə “qızım, özünü bu xəyallara qapama. Kimdir səni o komandaya götürən?” demişdi”. Sonrası hamıya məlumdur.
Portreti

Natəvan Qasımova-Afşar həyatın bütün – maddi, mənəvi - çətinliklərini və sevincini dadmış biridir. Yaşadığı həyatdan çox razı və xoşbəxtdir. Keçmişini həmişə fəxrlə xatırlayan Natəvan, bir azərbaycanlı qızının edə biləcəyi, etməli olduğu az qala hər şeyi edə bilib. Stereotipləri qırıb, mübarizlik nümayiş etdirib, arzusu üçün sona qədər döyüşüb və ona nail olub. Natəvanın bütün şəkillərinə baxanda yaşından asılı olmayaraq hamısını simasında bir “uşaq məsumiyyəti” görünür. O, hələ böyüməyib. Yaşı 30-u haqlasa da, hələ “uşaq”dır. Hər gün top-top oynayan, yaşadığı hər dəqiqədən, hər andan zövq alan, həmin anları maksimum yaşayan, onun kefini çıxaran “uşaq”. Problemlər olub, var, olacaq da. Onlarsız həyatın mənası da olmaz. Ancaq Natəvan üçün bunların hər biri yaşanan macəradır sanki. “Yaşamaq gözəldir” sözləri məhz onun üçün deyilib elə bil.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər