• cümə, 19 Aprel, 13:32
  • Baku Bakı 25°C

“Kitabda yazır ki, işçi çoxaldıqca, işçilərin məhsuldarlığı azalır” – Kitab rəfi

20.06.20 11:15 13408
“Kitabda yazır ki, işçi çoxaldıqca, işçilərin məhsuldarlığı azalır” – Kitab rəfi
Kitab insanın özünü inkişaf etdirməkdə əvəzsiz rola malikdir. Ancaq müasir dövrdə vaxt az olduğu üçün insanlar daha faydalılarını seçib oxumağa üstünlük verirlər. Ona görə, bu cəhətdən başqalarının məsləhətlərini diqqətə alırlar. Bu dəfə təlimçi, spiker, kouçİsmayıl Vəliyevin məsləhət gördüyü 3 kitabı təqdim edirik. O qeyd etdi ki, kitabları ingilis dilində oxuyub, ona görə, Azərbaycan dilində tərcümə edilib-edilmədiyindən xəbərsizdir.
İ.Vəliyevin ilk seçimi Stiven Pressfieldin "Müharibə sənəti” kitabı (The Art of War) oldu: "Bu il oxuduğum və ən çox bəyəndiyim kitablardandır. Möhtəşəmdir. Milliyətindən, yaşadığı ölkədən, ixtisasından asılı olmayaraq, öz üzərində işləyən, yaradıcılıqla məşğul olan hər kəsə tövsiyə edirəm. Kitab bizim daxilimizdə hiss etdiyimiz müqavimət, qorxu haqqındadır. O müqavimət ki, bizim üzərində işləyib çatmaq istədiyimiz arzularımız, xəyalımız var, amma onları etmirik. Onlara başlamaq istəyəndə başqa işlər çıxır və diqqətimizdən yayınır. Kitab bu haqdadır. Mövzunu dərinliyinə qədər izah edən kiçik kitabdır. Kitab, həmçinin özümüzdə vərdiş, inanc, intizam formalaşdırmağı çox mükəmməl izah edir.
Peter F.Dukerin "Effektiv idarəçi” (The effective Executive)kitabı da onun bəyəndikləri sırasındadır: "Bu kitabda bəyəndiyim bir neçə nüansı qeyd etmək istərdim. Yazar özünü və vaxtını idarə etmək mövzusuna maraqlı yanaşıb. Digər kitab və yazarlardan fərqli olaraq, hədəf qoymaq, vaxtını idarə etməyə çalışmaqdan öncə, vaxtın nələrə getdiyini izləmək, yazmaqla bağlı mövzuya toxunub. Hansı məşğuliyyətlər nə qədər vaxt alır? Nəyə nə qədər vaxt getdiyini biləndə, artıq nizamlama aparmaq daha yaxşı olur. Vaxt alan, lazımsız işləri çıxarmaq və vacib olanlara daha çox vaxt ayırmağa kömək edir.
Bir çox insan vaxtını səmərəli istifadə etmək üçün eyni anda bir neçə işlə məşğul olmağa çalışır. Kitabda bununla bağlı tövsiyələr də maraqlıdır.
Qərar verməklə bağlı da maraqlı nüanslar var. Yazar deyir ki, əsas olan az, amma önəmli qərar verməkdir.
Şirkətlərdə, adətən işlər çoxalanda, satışlar artanda işçi sayını artırmaq məsələsi var. Bu, təbii görünür. Yazar isə deyir ki, işçi çoxaldıqca işçilərin məhsuldarlığı azalır. Bunun səbəbləri kitabda gözəl şəkildə izah edilib.
Sakit və tək qalmağı seçmək yanaşmasını da bəyəndim. Yazar deyir ki, yaxşı menecer, rəhbər olmaq istəyənlər özlərinə vaxt ayırmalıdırlar. Sadəcə, istirahət, əyləncəni nəzərdə tutmur. Oturub düşünməyə vaxt ayırmağı deyir. İşinin nə qədər çox olmasının, nə qədər cavablandırılacaq e-maillər gözləməsinin fərqi yoxdur, qapını bağlayıb otaqda 20-30 dəqiqə düşünməlisən. Hər gün bunu etməyi məsləhət görür.
Maraqlı nüanslar çoxdur, mən bir neçəsini qeyd etdim”.
Skot Trençin "Həyat üçün məqsəd” (Set For Life) kitabı onun üçüncü seçimi oldu: "Bu kitab Amerika üçün yazılıb, Azərbaycanda nə dərəcədə maraqlı olacağını deyə bilmərəm. Metodları demirəm, amma kitabın ümumi yanaşması, fəlsəfəsinin oxuculara faydalı olacağından əminəm. Kitab, mümkün qədər tez yaşda maddi müstəqillik qazanmaq haqqındadır. Kitabda fərqli yanaşmalar var. Hansılar ki, onu hər gün edirik. Məsələn, nəsə etmək istəyirik, amma kifayət qədər pulumuz çatmadığını deyirik. Əslində isə bizim etmək istədiyimiz, amma pul tapmadığımız şeylər üçün kifayət qədər vəsaitimiz olur. Sadəcə olaraq, bu problemi yaşamağımızın səbəbi odur ki, nə qədər pulu nələrə xərclədiyimizin fərqində deyilik. Kitabın mövzusu budur ki, əslində, düşündüyümüz qədər pul ehtiyacımız yoxdur, sadəcə olaraq, düşünmədiyimiz qədər pul xərcləyirik. Bu kitabı oxumaqla ciddi dərəcədə dəyişikliklər edib maddi vəziyyətimizi yaxşılaşdıra bilərik”.
Aygün
banner

Oxşar Xəbərlər