AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kim deyirsə ki yemək bişirməyi bacarmıram... - Gənclərə məsləhət

Kim deyirsə ki yemək bişirməyi bacarmıram... - Gənclərə məsləhət

Gənclik qəzeti
13 İyun 2020, 11:00 2157
 
Tariel Quliyev: "Yeməyi ilk dəfə, sevdiyiniz şəxsə hazırlayın, onda görəcəksiniz ki, bacarırsınız”
 
Yemək bişirmək, qadın ya da kişi, hamımız üçün vacibdir. Xüsusilə tək yaşayan, yoldaşları işləyən bəylər yemək bişirməyi bir az da olsun, bilməlidir. Ən əsası isə yeni ailə quran xanımlar "kişinin ürəyinə gedən yol mədəsindən keçir” deyimini əsas tutaraq, dadlı yemək bişirməyin yollarını axtarırlar. Bəs dadlı yemək bişirmək üçün nə etməliyik?

Aşpaz Tariel Quliyevin gənclərimizə məsləhətlərini diqqətinizə çatdırırıq. Həmsöhbətimiz deyir ki, hər hansı insan işi, təhsili və yaxud ailə qurması ilə bağlı ailəsindən ayrı yaşamağa başlayırsa, bu insan həyatda müəyyən dərəcəyə çatıb: "Onun ağız dadı, zövqü, istəkləri formalaşıb. Bu formalaşmış istək ona imkan verir ki, bəyəndikləri ərzaqları, dadları bir-birinə uyğunlaşdırmağı bacarsın. Hamı dadlı yeməyi bəyənir. Bu, bizim ortaq nöqtəmizdir. Yemək həyat faktorudur. Amma əsas məsələ onun hazırlanma prosesidir. İnsan ilk olaraq, nəyi bəyəndiyini bilməlidir. Kimsə nəyisə öyrənmək istəyirsə, hazırda ən yaxşı, hamının əldə edə biləcəyi metod internetdir. İnternetdə  yeməyin bütün hazırlanma metodları göstərilib. İstənilən ölkənin yeməyini internet vasitəsilə bişirə bilərsiniz. Ona görə, düzgün istifadə edə bilsəniz, ən yaxın dostunuz "Google” ola bilər. Əsas olan, həqiqətən yemək bişirməyi arzulamağınızdır”.
 


Aşpaz deyir ki, kim deyirsə ki, yemək bişirməyi bacarmıram, o söhbətə inanmayın. Onun sözlərinə görə, "bacarmıram” sözü düzgün deyil, hər kəs bacarır: "Sadəcə, sən yemək bişirmirsənsə, deməli istəmirsən. Yaxud "bacarmıram” deyən insan, bir dəfə də həmin yeməyi istədiyi, sevdiyi şəxs üçün hazırlasın. Bu valideyn, övlad, sevgili yaxud daha çox hörmət etdiyi insan ola bilər. Yemək, sənin nə hazırladığını hiss edir. Ola bilər ki, pafoslu səslənir, amma həqiqət budur. Əgər mən hazırlanma prosesindən zövq alıramsa, həmin şəxs də ondan zövq alacaq. Çünki ona sevgimi verirəm. Dadsız yemək olmur, kiminsə ağız dadına uyğun olmayan yemək olur. Nəyisə hazırlayanda ilk olaraq, sevdiyinizə hazırlayın, onda görəcəksiniz ki, bacarırsınız. Onda daha dadlı yeməklər bişirə biləcəksiniz”.

Bundan əlavə, yemək bişirərkən mətbəxdə etməməli olduğunuz səhvləri diqqətinizə çatdırırıq:

Soğanı əvvəl qovurun. Əgər sarımsaq da əlavə edəcəksinizsə, soğandan sonra əlavə edin. Əks təqdirdə sarımsaq yanaraq vitaminlərini itirəcək.

Ədviyyatı yemək bişməyə az qalmış əlavə edin ki, dadlı olsun.

Badımcan, kartof, kərəviz kimi məhsullar soyulduqdan sonra qaralır. Buna görə də onları kənarda çox saxlamayın. 

Yemək bişirməyə başlamazdan əvvəl qazan və ya tavanın qızdırıldığına əmin olun. Yaxşı qızmadan yağ tökməyin. Əks halda, yemək yağı özünə çəkəcək və yapışacaq. 

Qızartma edərkən tavanın ağzını bağlamayın. Hava ilə təmas qızardılan məhsulu daha dadlı edəcək. 

Buzlu əti bişməyə qoymayın. Otaq temperaturunda açılmasını gözləyin. Ancaq unutmayın ki, açıq havada çox qalması bakteriyaların yaranmasına səbəb ola bilər. 
Sulu yeməklərdə, ət bişmədən duz tökmək ətin bərkiməsinə səbəb ola bilər. 

Südü qızdırarkən, əvvəl qazanın dibini soyuq su ilə yaxalayın. Bu zaman süd yapışmaz.

Aygün ƏZİZ