AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kənd təsərrüfatı məhsullarının ixracı üçün bazarlar şaxələndirilməlidir - Ekspert

Kənd təsərrüfatı məhsullarının ixracı üçün bazarlar şaxələndirilməlidir - Ekspert

İqtisadiyyat
04 Avqust 2021, 09:00 153
Kənd təsərrüfatı məhsullarının ixracı üçün bazarlar şaxələndirilməli, Rusiya bazarından asılılıq aradan qaldırılmalıdır.
Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, xüsusən, intensiv istehsalçılıq inkişaf etdikcə, istixanalar, aqroparklar, kütləvi məhsul istehsalı artdıqca, Azərbaycanın bazarları şaxələndirmə zərurəti də güclənməkdədir: "Çünki kənd təsərrüfatı məhsullarının 90 faizi, hətta bəzi yerlərdə 92-93 faizi Rusiya bazarlarına satılır. Bu isə bazardan asılılıq yaradır. Düşünürəm ki, burada bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, bazarlar şaxələndirilməlidir. Hətta etibarlı tərəfdaş olsa belə, bir bazardan asılılıq heç vaxt uğurlu olmur. Bəzi hallarda burda təkcə inzibati maneələr deyil, iqtisadi, sosial məsələlər də prosesə öz təsirini göstərir. Məsələn, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi faktor var. Buna görə də bazarların şaxələndirilməsi, yeni bazarların tapılması istiqamətində fəaliyyətlər daha da gücləndirilməlidir".

Ekspert bildirib ki, bəzi hallarda biz özümüz də müəyyən mənada əsaslar veririk ki, məhsulların idxalını məhdudlaşdıra bilsinlər: "İstehsal prosesində keyfiyyətin artırılması istiqamətində mütləq standartlar formalaşdırılmalı və bu, beynəlxalq bazarın tələbinə uyğun standartlar olmalıdır. Tərəfdaşlıq etdiyimiz ölkələrlə qarşılıqlı əməkdaşlığı daha ciddi hüquqi əsaslarla qurmalıyıq. Məsələn, Rusiya Azərbaycana kifayət qədər çox sayda mal və xidmətlər ixrac edir. Azərbaycan da hansısa formada müəyyən alətlər formalaşdırıb Rusiyanın zaman-zaman kənd təsərrüfatı üzərində yaratdığı müvafiq problemə adekvat cavab verə bilər. Bu üsullardan istifadə etməklə kənd təsərrüfatı sahəsindəki problemləri müəyyən qədər neytrallaşdırmaq mümkündür".
R.Həsənov onu da əlavə edib ki, bu tədbirlərlə yanaşı, fermer təsərrüfatlarının gəlirlərinin sığortalanması istiqamətində müxanizmlər də təkmilləşdirilməlidir: "Dünyada aqrar sığortanın bir sıra növləri var. Azərbaycanda isə çox təəssüf ki, bu sahə o qədər də inkişaf etməyib. Amma gəlirlərin, ixracın sığorta edilməsi istiqamətində məhsulların formalaşdırılmasına ehtiyac var. Həmçinin, dövlət satınalmaları, dövlət tədarükü də bu istiqamətdə bəzən yardımçı olur. Bildiyiniz kimi, 2014-2015-ci illərdə Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında yaranmış problemlemdə Aİ bənzər mexanizmdən çox ustalıqla istifadə etdi. Azərbaycanda da bu alətlərin hamısı formalaşmalıdır. Çünki ölkədə kənd təsərrüfatı müqayisəli üstünlüyə malik olan sahələrdən biri kimi inkişaf ehtimalı yüksək olan sahədir. Bunun üçün qarşıda olan maneələrin ən qısa zamanda aradan qaldırılması və müxtəlif mexanizmlərin formalaşdırılması gələcəkdə aqrar sektorun iqtisadiyyatda payının artmasına əhəmiyyətli təsir göstərə bilər".