"Kaspi"nin etimadını doğruldan gənc - Portret
Güləş üzrə dünya və Avropa çempionatlarında qazandığımız medalların
sayı-hesabı itib. Cüdo, boks, taekvondo, karate kimi döyüş növlərində də
aktivimizdə yetərincə qitə "qızıl"ı, mundial və digər mötəbər
beynəlxalq turnirlərin mükafatları var. Lakin insanın kompleks bacarıqlarını
özündə birləşdirən, idmanın "kraliça"sı adlandırılan atletikada uzun
illər bu uğurlara "ac" olmuşuq. Hətta bir çox idman mütəxəssisləri
hesab edirdi ki, bu növ Azərbaycan üçün deyil. Ta ki, bu ilin martınadək. Nazim
Babayev Şotlandiyanın paytaxtı Qlazqoda baş tutan qapalı məkanda XXXV Avropa
çempionatında adını Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazdırdı.
Üçtəkanla tullanma yarışında 17.29 metr nəticə ilə qitənin ən güclüsü olan
Babayev, əslində, buna qədər də dəfələrlə adından söz etdirib. Təsadüfi deyil
ki, o, hələ beş il əvvəl "Kaspi”nin "Portret” rubrikasının qəhrəmanı olub.
Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalını
qazanmaqla, "Kaspi"nin diqqətini üzərinə çəkən 16 yaşlı Nazim, bu gün
atletika tariximizin sayca ikinci (red: İlk uğur Efiopiya əsilli qaçışçı Hayle
Desta Haqosun adı ilə bağlıdır), üçtəkanla tullanma üzrə ilk Avropa çempionudur.
Belədə, o, həm də cığıraçandır. Odur ki, haqqında yenidən söhbət açmaqda fayda
var.
İlk təkan
Şəxsi məşqçisi, 15 ildir onunla çiyin-çiyinə addımlayan Ziyad
Xəlfəyevlə keçmişə səyahət edirik: "Nənəsinin əlindən tutub yanıma gələndə
çox zəif uşaq idi. Valideynləri elə bu səbəbdən onu atletikaya yazdırmaq qərarı
vermişdilər. Lakin əla sürəti var idi. Yaşına görə, qavrama qabiliyyətinə də
söz ola bilməzdi. Hazırlığa top oyunları və digər inkişafetdirici hərəkətlərlə
başladıq. Beləcə, fiziki cəhətdən istənilən səviyyəyə çatdı. Əvvəl futbola daha
çox həvəsli olsa da, az müddətdə atletikaya bağlandı. Vaxt yetişdi, respublika
birinciliklərində sınaqdan keçirdik. Uzunluğa tullanma yarışlarında hər dəfə
mükafatçılar sırasında yer alırdı. Sonradan boyunu, sürətini və digər texniki
göstəricilərini nəzərə alıb, üçtəkanla tullanmaya keçirdim. Burada uğurlu
olacağına əmin idim. Zaman göstərdi ki, yanılmamışam".
30 illik rekordu qırır
İlk beynəlxalq uğurunu 2012-ci ildə Yakutiyada keçirilən Asiya Uşaq
Oyunlarında qazanan (gümüş medal) Babayev, sonrakı ildə Hollandiyanın Utrext
şəhərində təşkil edilən Avropa Gənclər Festivalında 15.53 metr nəticə ilə
"qızıl"ı boynundan asır. 2014-cü ilin mayında Bakıda baş tutan
olimpiadaya lisenziya xarakterli yarışda 16.18 metr nəticə ilə o, həm çempion
olur, həm də yeniyetmələrin ölkə rekordunu yeniləyir. Həmin ilin avqustunda
Çinin Nankin şəhərində təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
15.93 metr göstərici ilə "bürünc"ə yiyələnən vunderkind, 2015-də İsveçdə
keçirilən 20 yaşadək gənclərin Avropa çempionatında fantastik göstəriciyə imza
atır. Belə ki, yekunda 17.04 nəticə göstərərək, fəxri kürsünün ən yüksək
pilləsinə qalxan Nazim, həm də yarışın 30 illik rekordunu qırır. Bu, eyni
zamanda ona Rio olimpiadasına da lisenziya qazandırır. Cəmi 18 yaşında ölkəmizi
dördilliyin ən möhtəşəm yarışında təmsil etmək hüququ qazanan Babayev,
təcrübəsizliyin, müəyyən mənada da zədənin qurbanı olur.
Gənc atlet bu uğursuzluğu növbəti il artıqlaması ilə sığortalayır.
İlk olaraq Bakının ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunlarında 17.15 metr
göstərici ilə çempion olan Nazim, iyulda Polşanın Bıdqoş şəhərində baş tutan 23
yaşadək atletlərin Avropa çempionatında şəxsi rekordunu müəyyənləşdirərək (17.18),
"qızıl"a yiyələnir. İlin digər çempionluğu isə avqustda Tayvanda
keçirilən Universiadada qeydə alınır. 2018-ci il isə uğursuzluqla yadda qalır.
Belə ki, zədə səbəbindən xeyli müddət məşqlərdən uzaq qalan Babayev, cəmi ay
yarım hazırlıq keçməklə qatıldığı qitə çempionatında dördüncü nəticə göstərir.
Xüsusi vurğulayaq ki, o, ölkə idmanının inkişafındakı xidmətlərinə
görə, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə
təltif olunub. Erkən yaşlarından böyük perspektiv ortaya qoyan, ölkədə kifayət
qədər populyarlaşan Nazim, paytaxtımızda təşkil olunan İslamiadanın idmançı
səfirləri arasında da yer almışdı.
Gerçəkləşən xəyal
Avropa çempionatına hazırlıq beş ay davam edir. Bu müddətdə bütün
planlarda əla səviyyəyə çatan 21 yaşlı idmançı, qarşısına ən azından 17.30 metr
göstəriciyə nail olmaq məqsədi qoyur. Rəqibləri arasında olimpiya, dünya və
Avropa mükafatçıları olsa da, sadəcə, çempionluğu hədəfləyir. Təfərrüatını isə
öz dilindən oxuyaq: "Qapalı məkanda keçirilən yarışların çətin tərəfləri
daha çoxdur. Ən əsası, psixoloji durumun çox yaxşı olmalıdır. Mən də məhz bu
cəhətdən yarışa özümü tam hazırlamışdım. Ziyad müəllim 17.30 metr nəticəyə
qadir olduğumu deyib, məni buna inandırmışdı. Yekunda 1 santimetr az nəticə
göstərsəm də, məqsədimə çatdım.
Böyüklərin yarışında bu, ikinci ilimdir. İlk vaxtlar çətinliklə
üzləşirdim. Bununla belə, 21 yaşımda Avropa çempionu olmağımı böyük nailiyyət
sayıram".
Fransalı ikiqat dünya və Avropa çempionu Teddi Tamqonu özünə kumir
seçən Nazimin, uşaqlıqda maraqla izlədiyi atletlərdən biri də sözügedən yarışın
gümüş mükafatçısı, portuqaliyalı Nelson Evoradır. Bir vaxtlar ekran qarşısından
heyranlıqla baxdığı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionunu
üstələmək, qəhrəmanımızın nəzərində "qızıl"ın "əyyar"ını
ikiqat artırır.
Tokioya doğru
Onu cari ildə iki mühüm yarış gözləyir. İyulda Neapolda baş tutacaq
Universiadada titulunu qorumağı hədəfləyən Babayev, iki ay sonra Dohada mundial
sınağı verəcək. Qarşıya qoyulan əsas məqsəd isə Yay Olimpiya Oyunlarına
lisenziya qazanmaqdır. Bunun üçün də 17.14 metr göstəriciyə nail olmaq
lazımdır. Dördilliyin zirvə yarışından mükafatla dönmək, hər bir idmançı kimi
onun da ən böyük arzusudur. Qlazqoda çempion olmaqla yanaşı, şəxsi rekordunu
müəyyənləşdirən 21 yaşlı atlet, Tokioda mükafatlara iddia ortaya qoymaq üçün
göstəricisini ən azından 20 santimetr yaxşılaşdırmalıdır. Bu, tək bizim yox,
həm də komandamızın məşqçilər heyətinin qənaətidir. Atletika yığmamızın
çalışdırıcısı Bəhruz Salehli və Ziyad Xəlfəyev hesab edir ki, Nazim qarşıdakı
bir ildə qeyd olunan nəticəni göstərmək gücündədir. Üçtəkanla tullanmanın
tarixinə, təcrübənin gənclik qarşısında üstünlüyünə diqqət çəkən hər iki
mütəxəssisin qənaətincə, o, hələ üç olimpiadada rahatlıqla medallar uğrunda
mübarizə apara bilər.
Aktual suala cavab
Bu aralar ölkə idman camiəsində Nazimlə bağlı "O da Ramil
Quliyev kimi xaricə üz tutacaqmı?" sualı aktualdır. Həm özünün, həm də
yuxarıda adıçəkilən mütəxəssislərin cavabı birmənalı oldu: "Yox!". Bu
günə qədər bir neçə təklifin olduğunu qeyd edən Babayev deyir ki, belə fikirdə
olsaydı, çoxdan gedərdi: "Mən vətənpərvər insanam. Başqa ölkənin himnini
səsləndirməyi təsəvvür edə bilmirəm".
"Legionerin varlığı
mənim üçün əlavə stimuldur"
Bir çox növlərdə legionerlərin xidmətindən istifadə halları birmənalı
qarşılanmasa da, rəqabət mühiti yaratmaq üçün atletika və digər ənənəsi zəif
olan növlərdə bu hal başadüşüləndir. Üçtəkanla tullanmada da Nazimlə yanaşı,
ölkəmizi dünya və Avropa çempionatlarının mükafatçısı, Kuba əsilli Frensis
Kapello təmsil edir. Qəhrəmanımız deyir ki, bu, onun üçün əlavə stimuldur.
İslam Həmrəyliyi Oyunlarında kubalı legioneri üstələyən Babayev, yarışsonrası
açıqlamasında belə bir fikir dilə gətirmişdi: "Bu, mənim üçün prinsipial
qələbə idi. Kubalıdan daha güclü olduğumu sübut etməli idim. Doğma publika
önündə ona uduzmağı əsla özümə bağışlamazdım".
Futbol və cüdo azarkeşi
"İdman həyatımın doxsan faizini əhatə edir" deyən Nazim,
yerdə qalan vaxtda özünü zehni cəhətdən inkişaf etdirir. Xarici dil biliklərini
təkmilləşdirmək, 21 yaşlı idmançının əsas məqsədlərindəndir.
Onun idman maraqları atletika ilə çərçivələnməyib. Uşaqlıqda futbolçu
olmaq istəyən qəhrəmanımız, bu gün də "idmanın şahı"na qarşı sevgi
bəsləyir. Azarkeşlik etdiyi klublara gəldikdə, bunlar "Neftçi" və
"Barselona"dır. Həm də cüdo həvəskarı olan Babayev,
təmsilçilərimizdən Rüstəm Orucov və Orxan Səfərovun döyüş tərzini daha çox
bəyəndiyini deyir.
Portret
Beş il əvvəlki portreti ilə indiki arasında fərq saysızdır. Cəmi 16
yaşında olarkən kəşf edib, əminliklə böyük perspektiv vəd etdiyini, tezliklə
zirvələri fəth edəcəyini vurğuladığımız gənc, bizləri nəinki çempionluqlara,
rekordlara alışdırıb. Dəyişməyən isə xarakteridir. Uğurlardan başı
gicəllənməyən, ucaldıqca sadələşən Nazim, həyatını idmana bağlayan yeniyetmə və
gənclərə əsl örnəkdir.
Respublikanın əməkdar məşqçisi, "Tərəqqi" medallı Ziyad
Xəlfəyevin bu fikirləri isə qənaətimizə şübhə yeri qoymur: "O, həyatının
çox hissəsini mənim yanımda keçirib. Öz övladım qədər bələdəm. Elə övladım kimi
də əzizdir. Bu günə qədər gözlədiklərimdən də artığını bacarıb. Çünki istedadlı
idmançı olmaqla yanaşı, yüksək tərbiyəyə, məsuliyyət hissinə sahibdir.
İdmançılar var ki, bir-iki xırda uğurdan sonra özlərini göylərdə hiss edir, hamıdan
ağıllı sanırlar. Amma o, lap olimpiya çempionu olsa belə, təvazökarlığını
itirməz. Odur ki, bizi yeni zirvələrdə qarşılamağa hazırlaşın".
Sahib