Karatenin 30 yaşda parlayan ulduzu - Portret

İtirilmiş illərini
sığortalamaq arzusunda olan Rafiz Həsənov, gənclik şövq və enerjisi ilə
istənilən mübarizəyə hazırdır
Uzun illərdir ardıcıl nəticələri ilə öyündüyümüz karateçilərimiz,
hazırda tarixi sınaq qarşısındadır. Tam təbii olaraq, "Tokio 2020"
onların ən böyük imtahanı kimi qiymətləndirilir. Digər tərəfdən, son illər bəzi
növlərin əvvəlki gücünü əhəmiyyətli dərəcədə itirdiyini nəzərə alsaq, karatenin
olimpiadanın proqramına salınması bizim üçün əsl göydəndüşmə hadisədir.
Ümumiyyətlə, ilk dəfə olimpiadanın proqramında yer alan bu növ üzrə artıq, ən
azından, iki lisenziyamızın olacağı dəqiqləşib. Əfsanəvi Rafael Ağayev və son
dünya çempionu İrina Zaretska dünya reytinq sisteminə əsasən, Tokioya bileti vaxtından
əvvəl sifariş ediblər. Digər lisenziyaların sahiblərinin adına 8-10 may
aralığında Fransanın paytaxtı Parisdə təşkil olunacaq Dünya Olimpiya Təsnifat
Turnirində aydınlıq gələcək. İlk üç yer, iştirakçıları karatenin vətəninə
aparacaq ki, çətin də olsa, bu missiyanın öhdəsindən gələcək tatami ustalarımız
var. Beləliklə, onların arasında ən ümidlisindən danışacağıq.
Təşəbbüs Fariz Nəcəfovdan
gəldi
Son vaxtlar stabil çıxışı ilə diqqət mərkəzinə düşən Həsənov Rafiz
Allahverdi oğlu 1989-cu ildə erməni işğalı altında olan Ağdam rayonunun
Kəngərli kəndində dünyaya gəlib. Karateyə gəlişi 8 yaşında, yaxınlarının təsiri
ilə baş verib. Belə ki, öncə Rafizin böyük qardaşı Firuzu karateyə gətirən,
ailənin yaxın qohumu olan tanınmış idman xadimi, veteran karateçi Fariz
Nəcəfov, sonradan kiçik Həsənovu da öz davamçısı kimi görmək istəyib. 1997-ci
ildə Elnur İbrahimovun yanında məşqlərə başlayan Rafizin karyerası ta əvvəldən
eniş-yoxuşlarla boldur. Tez-tez müxtəlif problemlərlə, habelə idmançının
qorxunc kabusu sayılan zədələrlə üzləşib, beləcə, aşağı yaş kateqoriyalarında
dünya və Avropa çempionatlarında fərqlənmək şansını qaçırıb. İki ilə yaxın
ümumiyyətlə, tatami üzünə həsrət qalan Rafiz, gənclərdə yalnız şotokan karate
üzrə dünya birinciliyinin qalibi olub. WKF-də biri Avropa, biri dünya olmaqla,
iki belə birinciliyə qatılıb ki, hər ikisində medalçılar sırasına düşə
bilməyib.

"İkinci nömrə"...
Mövzunun davamı olaraq, qeyd edək ki, Həsənov uzun illər yığmada
"ikinci nömrə" statusu daşıyıb. Yer aldığı 67 kiloqram çəki
dərəcəsində ən önəmli yarışlara, adətən daha titullu və təcrübəli Niyazi Əliyev
aparılıb. Bu, düz 2016-cı ilədək belə davam edir. O cümlədən, Bakıda keçirilən
ilk Avropa Oyunlarını da buraxan Rafiz, həmin arada Avropa çempionatı və
İndoneziyada baş tutan üçüncü İslam Həmrəyliyi Oyunlarının komanda yarışında
qızıl medal qazanırsa, Beynəlxalq Karate Federasiyasının dövrü yarışlarında bir
neçə dəfə qalib və mükafatçılar sırasına düşür. Əliyevin gedişindən sonra əsas
heyətdə möhkəmlənən Rafiz, əsasən cari ildəki çıxışları ilə diqqət çəkir. İlin
əvvəlində "Karate1 Premyer liqa" seriyasının ən önəmli yarışı hesab
edilən Paris turnirini üçüncü, Dubayda təşkil olunan analoji yarışı beşinci
sırada başa vuran Həsənov, ötən həftə Avstriyanın Zalsburq şəhərində keçirilən
turnirin qalibi oldu. Finaladak Mussa Bexultanı (Qazaxıstan) 10:2, Devid
Nquyeni (Belarus) 2:0, Tomas Kazereri (Avstriya) 5:0 və Burak Uyquru (Türkiyə)
6:2 hesabı ilə yenən Rafiz, həlledici dueldə 2015-ci ilin Avropa çempionu və II
Avropa Oyunlarının qalibi, italiyalı Luka Mareskaya da şans vermədi - 3:1.
Beləliklə, o, reytinqdəki mövqeyini bir xeyli yaxşılaşdırıb. Sonrakı
turnirlərin nəticəsindən asılı olmayaraq, reytinqə əsasən olimpiadaya getmək
şansını itirsə də, bu, maydakı təsnifat yarışında ona müəyyən mənada kömək ola
bilər.

Öncə Fərzəliyev səddi
aşılmalıdır
Karate, Tokioda ənənəvi qaydada 10 deyil, üçü kişilər, bir o qədər də
qadınlar arasında olmaqla, 6 çəki dərəcəsi ilə təmsil olunacaq. Taekvondoda
olduğu kimi, əksər çəki dərəcələri birləşdirilib. Odur ki, Rafizin ali zirvəyə
doğru rəqibləri, sadəcə, öz çəki dərəcəsində çıxış edənlər yox, həm də 60 kq
çəkidəki həmkarlarıdır. Belədə o,
Parisdəki təsnifat yarışına yollanmaq üçün öncə Firdovsi Fərzəliyev səddini
keçməlidir. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Bakıda keçiriləcək
Avropa çempionatında açıq qalan bütün suallara aydınlıq gələcək. Bu arada, paytaxtımızın,
tarixdə ilk dəfə ev sahibliyi edəcəyi sözügedən qitə yarışında Rafizin,
nəhayət, medal hesabını açması olduqca real görünür.
Super motivasiya
Karate yığması tarixi şansı maksimum dəyərləndirmək arzusundadır.
Lisenziya sayını ən azından üçə çatdırmaq minimum prioritetdir. Mümkün qədər
çox iştirakçı və illərdir ortaya qoyulan iddianın məntiqi yekunu olaraq,
qarşıya, Tokiodan qızıl medalla dönmək missiyası qoyulub. Ələlxüsus,
karateçilərin böyük intizarla gözlədiyi olimpiada haqda qəhrəmanımızın özü də
xeyli nikbin danışır. Dediklərindən belə qənaətə gəlmək olar ki, taleyüklü
yarış öncəsi motivasiya sarıdan heç bir problem yaşamır: "Fikrimcə, mənim
Tokioya lisenziya qazanmağım 80, hətta 90 faizlik bir ehtimaldır. Təbii ki,
asan deyil. Hamı var gücünü ortaya qoyacaq, eləcə də mən. Doğrusu, məndən
reytinqli idmançıların sayı az deyil. Onların da hamısı Parisdə bir araya
gələcək. Olimpiada, biz karateçilər üçün xüsusilə böyük şansdır, əldən
qaçırmağın üzüntüsü ağır olar".

"Hər dəfə qardaşım
qulağımdan tutub..."
Yuxarıda yaxınlarının təşəbbüsü ilə karatenin sıralarına qədəm
qoyduğunu vurğulamışdıq. Lakin bu, o demək deyil ki, özünün həvəsi olmayıb.
Əksinə, uyğunlaşması çox tez baş tutub. Təsadüfi deyil ki, o, startdan cəmi ay
yarım sonra komandalararası Azərbaycan çempionatının "qızıl"ını
qazanıb. Bu arada, əksər həmkarları kimi onun da uşaqlıq kumirləri Jan Klod Van
Damm, Brüs Li, Ceki Çan kimi döyüş filmlərinin ulduzlarıdır: "Uşaqlığım
onların hərəkətlərini təkrarlamaqla keçib. Harda gəldi şpaqat açırdım, evdə
stolların üstündə müxtəlif hərəkətlər edirdim. Paralel olaraq, futbola da
həvəsim çox idi. Yaxşı da oynayırdım. Hər dəfə qardaşım qulağımdan tutub,
danlaya-danlaya avtobusa mindirərək karate məşqinə aparırdı. Futbola görə, 3-4
il ərzində müəllimim də mənə əməlli-başlı qulaqburması verib. Deyirdi, futbol
oynamaq şpaqat açmağına mane olur. Lakin futbol, sadəcə sevgi, hobbi idi.
Karatedə isə potensialım həqiqətən çox idi. Müəyyən səbəblərdən beynəlxalq
turnirlərə getməyim alınmasa da, 15 yaşımadək respublika daxilində bütün
yarışlarda medala layiq nəticələr göstərmişəm".

Şanslı idmançı
İlk baxışdan sonluq kimi görünsə də, 31 yaşın astanasında olan Rafiz
tez bir zamanda karyerasını bitirmək haqqında düşünmür. Dediyinə inansaq,
Tokiodan sonra da uzun illər tatamidə qalacaq. Yorulmaq bilməyən qəhrəmanımızın
karate ilə bağlı arzuları çox, potensialına və ümumi təcrübəyə söykənsək, bir o
qədər də əlçatandır. Üstəlik, onun "Dünya karatesinin azərbaycanlı
brilyantı" Rafael Ağayev ilə çiyin-çiyinə addımladığını da nəzərə
almalıyıq. Nə qədər də olmasa, digər komanda yoldaşları kimi, Rafiz də qocalmaq
bilməyən canlı əfsanənin xarakterindən müəyyən keyfiyyətlər
"oğurlayıb". Ümumiyyətlə, dünyanın hər bir yerindən istənilən
karateçini dindirsən, deyər ki, WKF tarixinin ən yaxşısı Ağayevlə bir komandada
çıxış etmək xoşbəxtlik məsələsidir. Odur ki, bu cəhətdən ona lap qibtə də etmək
olar.

Portret
30 yaşını keçmiş idmançı deyərkən, göz önünə çox vaxt yorğun,
usanmış, formasını təhvil verməyə hazır biri gəlir. Rafiz tam fərqlidir. Ona
nəzər saldıqda elə təəssürat yaranır ki, sanki karyera yeni başlayıb, qarşıda
çox uzun zaman var. Uzağa getməyək, yerli təcrübə dəfələrlə göstərib ki, bu
xarakterə sahib idmançılar, adətən özlərini təsdiq edə bilirlər. Qoy heç bir
halda rəqiblər bizi hesabdan silməyə tələsməsin. İtirilmiş illərini
sığortalamaq arzusunda olan Rafiz Həsənov, əsl gənclik şövq və enerjisi ilə
istənilən mübarizəyə hazırdır.
Sahib
