AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Karantin rejiminin yumşaldılmasını pandemiyanın bitməsi kimi qəbul edirlər"

Cəmiyyət
23 May 2020, 17:08 211
"Həqiqətən də, ölkədə COVİD-19-a yoluxma ilə bağlı statistika narahatedicidir. Pandemiyanın kəskin vaxtında ölkədə mənzərə belə qorxulu deyildi. Həm yoluxanların, həm də yoluxma nəticəsində dünyasını dəyişənlərin sayı çox az idi. İndi yoluxma və ölüm sayı, təxminən 4-5 dəfə artıb”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, hətta cəmiyyətdə tanınan, bilinən şəxslərin də yoluxma halları çoxalıb: "Məsələn, mən mayın 15-də mövzu üzrə açıqlama verəndə bildirmişdim ki, ölkədə koronavirusa yoluxan journalist yoxdur, cəmi 1 nəfərdə aşkara çıxıb. Amma indi bildiyimə görə ən azı 4 jurnalistdə belə hal tapılıb. Qısa müddət ərzində, 8-9 gün ərzində vəziyyətin belə dəyişməsində bilinən tək səbəb sərt karantin rejiminin yumşaldılması bilinir. Sərt karantin rejimi dövründə insanlar məcburən sosial izolyasiya şəraitində oldular, sosial məsafə saxladılar, tibbi maskalar taxdılar, dezinfeksiyaedici maddələrdən istifadə etdilər. Nəticədə əhalinin kütləfi yoluxma halı olmadı, ölüm sayı aşağı göstəricilərlə müşayiət olundu. Amma indi vəziyyət dəyişib”.
M. Ələsgərli qeyd edib ki, sərt karantin rejiminin dəyişməsinin səbəbləri var idi: "Ehtimal olunurdu ki, mart-aprel aylarında tətbiq edilən 2 aylıq rejim insanlarda müəyyən vərdişlər formalaşdırıb, onlar artıq özləri-özlərini mühafizə edə bilərlər. Həm işlərini görərlər, həm də qaydanı qorumaqla sağlam qala bilərlər. Təəssüf ki, düşüncələr özünü doğrultmur, insanlar sərt karantin rejiminin aradan qaldırılmasını, pandemiyanın sanki bir gün müddətində bitməsi kimi qəbul edirlər. Görünür, yenidən sərt tədbirlər tətbiq etməyə zərurət yaranır”.
Ekspert qeyd edib ki, tibbi maska taxmamağa, sosial məsafə saxlamamağa görə tətbiq edilən cəzalar baxımından ayrı-ayrı ölkələrdə əhəmiyyətli təcrübələr var: "Avropa, Asiya qitələri ölkələrindən başlamış digər ölkələrə qədər təcrübə müxtəlifdir. Mənim araşdırmama görə, tibbi maska taxmamaq və sosial məsafə saxlamamağa görə tətbiq edilən görə cərimələrin miqdarı ayrı-ayrı ölkələrdə müxtəlifdir, təqribən 15 ABŞ dollarından başlamış 5 min ABŞ dolları məbləğinə qədər dəyişir. Bizim ölkəmizdə isə məsələyə yanaşma çox humanistdir. Polis nümayəndələri ictimai sıxlıq olan yerlərdə izahat işi aparır, tibbi maska taxılmasının zəruriliyini anladırlar. Görünən budur ki, izahetmədən nəticə çıxaran azdır. Yoluxma intensivliyinin qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir”.