AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Karantin rejiminin sərtləşdirilməsi öz nəticəsini verməkdədir

Karantin rejiminin sərtləşdirilməsi öz nəticəsini verməkdədir

Cəmiyyət
03 İyul 2020, 18:10 1946
Millət vəkilləri deyir ki, əgər hamılıqla sadə qaydalara əməl etsək, tez bir zamanda vəziyyətdən çıxa bilərik
 
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.
Həmçinin 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Alınan qərarların əsas məqsədi yoluxma sayının azaldılmasıdır. Mütəxəssislərlə xüsusi karantin rejiminin uzadılması və sərtləşdirilməsi ilə bağlı həmsöhbət olub, atılan addımların zəruriliyini müzakirə etdik.
Millət vəkili Afət Həsənovanın sözlərinə görə, koronavirus pandemiyası yayılan ilk vaxtlardan etibarən Azərbaycan dövləti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə yoluxma halı minimum həddə idi. Lakin təəssüflər olsun ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstəliyin yayılma sürətinin artmasına səbəb oldu.
O bildirib ki, yoluxmaların sayında artımın müşahidə edilməsi yenidən sərt karantin rejiminin tətbiqini zərurətə çevirdi: "Eyni vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə edilməkdədir. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejiminin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Göründüyü kimi, sərt karantin rejiminin yenidən tətbiqi öz nəticəsini verməkdədir. Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötüb. Lakin 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. Hesab edirəm ki, karantin rejimi sərtləşdirilməsəydi, daha çox sayda yoluxmalar baş verə bilərdi, bəlkə də gündəlik yoluxma sayı 1000-i ötərdi, lakin çox sevindiricidir ki, bu vəziyyətlə qarşılaşmadıq”.
A.Həsənova vurğulayıb ki, qarşıdakı günlərdə sərt karantin rejiminin nəticələrini daha aydın şəkildə görəcəyik: "Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhərdə insan sıxlığı və ictimai nəqliyyatdan istifadə aşağı düşüb. Eyni zamanda, hesab edirəm ki, ciddi karantin nəticəsində əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşmasına və müsbət tendensiyanın müşahidə edilməsinə gətirib çıxaracaq”.
Deputat əlavə edib ki, bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir: "Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Əvvəllər şayiələr yayılırdı ki, virus yoxdur, bunlar hamısı "siyasi oyundur”, ancaq indi bu cür şayiələr keçərli deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir. Ona görə də artıq şayiələrə, bəzi çaşdırıcı məlumatlara əhəmiyyət verməməliyik, həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl olunmasını təmin etməliyik. Əgər buna tam əməl edə bilsək, tez bir zamanda vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq”.
Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, dünyanı bürüyən koronavirusla digər ölkələr kimi, Azərbaycanda da mübarizə aparılır: "Görülən qabaqlayıcı tədbirlər nəticəsində pandemiya nəzarətdə saxlanılır və bu səbəbdən də karantin rejiminin uzadılması insanların sağlamlığını qorumaq üçün çox önəmlidir. Bu gün dünyanın bir çox qabaqcıl ölkələri pandemiya ilə mübarizə çərçivəsində yenidən sərtləşdirmələrə gedir, karantin rejimlərini uzadırlar. Azərbaycanda karantin rejiminin yumşaldılması cəmiyyətimizdə bir arxayınçılıq yaratdı, insanlar özlərini artıq bu xəstəlik yox olmuş kimi aparmağa başladılar. Şəhərdə az sayda insanlar tibbi maska taxırdı və yaxud heç bir faydası olmayan şəkildə taxırdılar, sosial məsafə saxlayan insanlar çox az sayda idi. Belə bir təsəvvür yaranırdı ki, koronavirus artıq yox olub. Amma bu xəstəlik dalğavaridir və artıq virus dünyada yenidən artmağa başlayıb. Dünyanın bir parçası kimi, Azərbaycanda da yoluxmaların sayında xeyli artım müşahidə olunur və bu da böyük təhlükə yaradır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkənin bir hissəsində karantin rejimini yenidən sərtləşdirməsi çox vacib və yerində olan bir addımdır. Sözsüz ki, bu qərarın məqsədi vətəndaşlarımızın sağlamlığını və təhlükəsizliyini qorumaqdır. İnsanlarımız məsuliyyətli davranmalıdır və bununla da hər kəs tək özünü yox, yaxınlarını, qohumlarını, dostlarını, ümumiyyətcə cəmiyyətimizi və dünyamızı qorumuş olur”.
 
Günel Azadə