İtlərlə toy fotosessiyası edən xanım

Bakı küçələrində və ətraf rayonlarda sahibsiz heyvanlar kimilərsə tərəfindən döyülür,
öldürülür, işgəncələrə məruz qalır, ya da acından, soyuqdan tələf olurlar. Bir
qrup heyvan müdafiəçiləri bunun qarşısını almaq üçün əllərindən gələni edirlər.
Pul yığıb yemək alır, baytara aparır, müalicə etdirir və onlara yuva, sığınacaq
tapmağa çalışırlar. Əsas məqsədləri insanlar arasında heyvan sevgisini təbliğ
etmək və küçə itlərinə qarşı olan zorakılığın qarşısını almaqdır. Lakin əksər
insanlar duyğulu olmasa, bu problemin öhdəsindən gəlmək mümkün deyil. Onlar səslərini
eşitdirmək, diqqət çəkmək üçün sosial şəbəkələrdə fərqli üsullara əl atırlar.
Bu həftə isə toy fotosessiyasını heyvanlarla edən gəlin hamının diqqətinə səbəb
olmuşdu. Biz də sosial şəbəkələrin müzakirə obyektinə çevrilən gəlinlə söhbətləşdik.
Müsahibimiz heyvan müdafiəçisi Fəridə Nəbiyevadır.
Həmsöhbətimiz Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini
bitirib.
Bəysiz
fotosessiya...
Fəridə toy günü geyinib-keçinib, fotoqrafla birlikdə
Balaxanıya - sığınacağa yollanıb. Son zamanların trendinə çevrilən "love
story”-dən fərqli olaraq, gəlin paltarında küçə itləri ilə şəkil çəkdirib.
Deyir ki, heyvanları sevməyi ona valideynləri öyrədib. Bu səbəbdən də bəzi
insanların küçə heyvanlarına olan rəftarı onu narahat edir: "İtlərin döyülməsi,
işgəncə verilməsi, ac saxlanılması, yandırılması məni çox narahat edir. Bu, əsl
problemdir. Mən hər həftə Balaxanıdakı sığınacağa gedirəm. İtlərə yemək
aparıram, bəzən pul yardımı da edə bilirəm. İnsanların heyvanlara qarşı zorakı
davranışlarını görəndə, çəkib sosial şəbəkə hesablarımda paylaşıram ki, belələri
qınansın və problem ortadan qalxsın. Problemi həll etmək üçün minlərlə insanı
buna cəlb etmək lazımdır. Ona görə də, biz qərar verdik ki, toy fotossesiyamızı
heyvanlarla edərək, diqqətimizi bu sahəyə yönəldək”.

Fəridə fotosessiyanı bəysiz edib. Deyir ki, toy
günü olduğu üçün bəy məşğul olub: "Mən yoldaşıma demişdim ki, gəl fotosessiya
edək, o isə deyirdi ki, bizim cəmiyyət bunu başa düşməyəcək. Hamı güləcək,
gülüş hədəfinə çevriləcəyik. Mən bilirəm ki, onsuz da ilklərə çox vaxt gülürlər,
amma sonra öz təsirini göstərir. Əgər mənim fotosessiyam insanları düşündürürsə,
itlərə bir faydam dəyirsə, gülüş hədəfinə çevrilməyimin önəmi yoxdur. Sonra özü
də bununla razılaşdı. Amma toy günü məşğul olduğu üçün gələ bilmədi. Əslində gəlin
də çox məşğul olur. Amma bu, mənim məqsədim idi və etməli idim. Səhər rəfiqəmə
zəng vurdum, gəlinlik paltarımı geyindim və küçə itlərinin sığınacağına getdik.
Həmin gün hava çox soyuq idi. Külək, yağış yağırdı. Mən toyda iki gəlinlik paltarı
geyinməli idim. Amma birinci paltarımı külək, palçıq yararsız hala saldığı üçün
geyinmədim. Evə gəlib yenidən salonda hazırlaşdım və toya getdim”.
"Heyvanlara
qayğı ürəyin gözəlliyini göstərir”
Fəridənin şəkillərinə sosial şəbəkələrdə müxtəlif şərhlər
gəlib. Neqativ şərhlərə əvvəlcə utansa da, pozitiv fikirlərin çox olması onu
sevindirib: "Paylaşanda azca utandım. Sonra düşündüm ki, məqsədim yaxşıdır,
fikir verməyim. İnsanlar əsas məqsədə fokuslanmır, fatanı, paltarı, makiajı pisləyirdilər. Yoldaşım rəyləri oxudu
və çox utandım. O isə dedi ki, mən səninlə fəxr edirəm. Heyvanlara qayğı ürəyin
gözəlliyini göstərir. Rəylərdə çox insan pozitiv reaksiyalar verirdi. Anladım
ki, cəmiyyət dəyişikliklərə, fərqliliklərə hazırdır”.

Yemək vermə,
su vermə, amma işgəncə də vermə...
Fəridənin ən böyük narazılığı insanların
heyvanlarla bağlı qanunları bilməməyidir. Həmsöhbətimizin sözlərinə görə, əgər
insanlar heyvanlara verdikləri işgəncəyə görə, qanun qarşısında cavabdeh
olduqlarını bilsələr, belə zorakılıqlar yaşanmaz: "Bizdə qanunvericilik bazası
var. Heyvanı öldürməyə, işgəncəyə görə cərimələr var. Heyvanlara işgəncə vermək
olmaz. Təəssüf ki, insanlar bunu bilmir. Hətta bəzi polislərin də bu barədə məlumatı
yoxdur. Bir dəfə mən məhəlləmizdə bir hadisə ilə rastlaşmışdım və ərizə
yazmışdım ki, itə işgəncə verirlər. İtin səsinə səhər saat 7-də oyandıq. Qan
içində olan iti sürüyüb aparırdılar. Biz ərizə yazanda polis qəbul etmək istəmirdi
və deyirdi ki, heyvandı də, bundan ötrü niyə şikayət edirsiniz? Bizə ərizə
yazdırmamaq üçün deyirdi ki, belə bir cərimə növü yoxdur. Mən internetdən
axtarıb tapdım və polisə məlumat verdim ki, İnzibati Xətalar Məcəlləsinə edilən
dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə
və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılıb. Lakin insanlar
bunu bilmir. Hamı heyvanları sevməyə məcbur deyil. Amma heç kimin hüququ yoxdur
ki, onları incitsin. Hamı başa düşməlidir ki, biz bunu etsək, qanun qarşısında
cavabdeh oluruq. Bu planet ancaq bizim yaşadığımız yer deyil. Bizdən başqa da
canlılar yaşayır. Bu insanların eqoistliyindən
irəli gəlir ki, mən bu planetdə təkəm, bütün canlılardan üstünəm, digər
canlıları canlı hesab etmirəm və incidirəm. Sən sevməsən belə, onu incitməyə
haqqın yoxdur. Eybi yox, yemək vermə, su vermə, amma işgəncə də vermə”.
"İtlərdə
aqressiyanı biz yaradırıq”
Heyvan müdafiəçisinin sözlərinə görə, itlərdə
aqressiyanı insanlar yaradır: "Heyvan sevgisi ailədən gəlir. Biz yaxşını, pisi
ailədə öyrənirik. Uşaq da atasına baxır, ata, ana özünü necə aparırsa, o da həmin
hərəkətləri edir. Sonra bağçada, məktəbdə davam edir. Məncə, təhsildə də bu
problem qaldırılmalıdır. Uşaqların təfəkkürünə yazılmalıdır ki, heyvanları sevmək
lazımdır. Məsələn, uşaq heyvanı nazlamaq istəyir, valideyn deyir ki, yox murdardır,
qov onu. Hətta bir dəfə balaca uşaq it balasının gözünə qum atırdı. Anası "etmə”
demirdi, deyirdi ki, kənarda dur, səni dişləyər. İtlərdə aqressiyan biz
yaradırıq, onlar dişləyir. Biz onları incitməsək, dişləməzlər”.

"İtlər məskunlaşdıqları
yeri öz əraziləri kimi qoruyurlar”
Problemin həll yoluna gəldikdə isə həmsöhbətimiz
deyir ki, bunu həll etmək üçün axtalaşdırma proqramını həyata keçirmək
lazımdır: "Küçədə olan heyvanları sevə bilərsiniz, onlara yemək verə bilərsiniz.
Amma həqiqətən küçədə olan heyvan problemini həll etmək istəyirsinizsə,
axtalaşdırmaq məsələsinə ciddi yanaşmaq lazımdır. Kömək etmək lazımdır ki, küçədəki
sahibsiz itlər qısırlaşdırılsın, onlar yeni balalar doğmasın, küçədə
artmasınlar. Ayrı-ayrı klinikalar, təşkilatlar var. Endirimli proqramlar edirlər.
Bir neçə iti aşağı qiymətlə qısırlaşdırırlar. İtlər məskunlaşdıqları yeri öz əraziləri
kimi qoruyurlar. Məsələn, sizin ərazidə
itlər varsa, onları qısırlaşdırsanız, artmayacaqlar və sizin məhəlləyə sahiblənib
öz əraziləri kimi qoruyacaqlar. Əgər küçədə yemək tapa bilsələr, itlərin ömrü
6-7 ildir. Ev şəraitində isə 15-20 ilə qədər yaşayırlar. Amma küçədə tez ölürlər.
Həmin müddətdə itlər ərazini qoruyur, yeni itlərin daxil olmasına icazə vermirlər”.
Qeyd edək ki, sahibsiz it-pişiklərlə bağlı
problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası bu yiyəsiz
dördayaqlılar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir. Belə məntəqələr dünyanın
bir çox ölkələrində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, qonşu Türkiyədə
küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün
sığınacaqlar var. Avropanın bir çox ölkələrində isə heyvanların hüquqlarını
müdafiə edən qanunlar qəbul edilib. Almaniya konstitusiyasına görə, əgər
heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti
qadağandır. Avstriyada itlərin quyruğunu, yaxud da qulağını kəsmək, zəncirləmək
qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min
dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər
məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə,
ya da 1 ilik həbs cəzası gözləyir.
Aygün ƏZİZ



