• şənbə, 20 Aprel, 00:13
  • Baku Bakı 15°C

İtirilən zamanı toplayan gənc - Hobbi

17.10.16 11:03 2677
İtirilən zamanı toplayan gənc - Hobbi
Deyirlər, hobbisi olmayan insan yoxdur. Sadəcə, hobbilərinin fərqində olmayan insanlar var. Ona görə də ən xırda örnəklər belə hobbi ola bilər. Çünki hobbisiz yaşayıb yalnız pul qazanmaq üçün fokuslanan insanların həyatı cansıxıcı olur. Bu səbəbdən hər kəs boş vaxtlarında müəyyən işlərlə məşğul olur. Kimisi hobbisinə bağlı olur, kimisi də buna, sadəcə, məşğuliyyət kimi yanaşır...

Çoxları üçün zibil parçası olsa da...

"Hobbi” rubrikasının Nurlan Əhmədovdur. Nurlan 1996-cı ildə Ağdam rayonunda dünyaya göz açıb. Hazırda Bakı Slavyan Universitetinin 3-cü kursunda təhsil alır. Nurlanın hobbisi köhnə qəzetləri, müxtəlif ölkələrdə olduğu zaman mağazalardan verilən çekləri, futbol oyunlarının biletlərini yığmaqdır. İlk hobbisi isə sovet pullarını yığmaq olub: "Hobbi anlayışı mənim üçün bir az fərqlidir, çünki əksərən hobbi bir sahə ilə bağlı olur, amma mənim bir deyil, bir neçə hobbim var. İlk hobbimə hələ 10 yaşım olarkən keçmiş sovet pullarını yığmaqla başlamışdım. Daha sonra futbol oyunlarının biletlərini toplamağa başladım. 2009-cu ildən bu yana futbol oyunlarının biletlərini toplayıram. Ən çox bilet isə Ağdamı təmsil edən "Qarabağ” komandasına məxsusdur. Demək olar, bütün Avrokubok oyunlarının biletləri kolleksiyamda var. Özüm üçün ən maraqlısı isə müxtəlif ölkələrdə olduğum zaman marketlərdə və ya restoranlarda verilən çeklərdir. Demək olar, hər gün nəsə alırıq, çoxları üçün bu, sadəcə, bir zibil parçası olsa da, mənim üçün bu çeklər çox əhəmiyyətlidir.Çünki tarixin hər anını yadda saxlamaq olmur. Amma bu çeklərə baxdığım zaman hətta saatına qədər dəqiqliklə harada nə aldığımı və kimlərlə bölüşdüyümü xatırlaya bilirəm”.

"Unudulmaqdan qorxuram”

Həmsöhbətimiz deyir ki, unudulmaqdan qorxduğu üçün keçmişi ilə bağlı olan, onun məhz bu dövrdə yaşadığını sübut edən vasitələri yığıb saxlayır. Onun sözlərinə görə, hobbisi ruhunu qidalandırır və var olduğunu sübut edir: "Düzünü desəm, əslində 20 yaşım olmasına baxmayaraq, bəzən mənə ayrılan həyat yolunun tez bitəcəyindən qorxuram. Con Qrinin bir əsərində deyildiyi kimi, "ölməkdən yox, unudulmaqdan qorxuram”. Çoxuna bu kolleksiyalar mənasız zibil yığını kimi görünsə də, bəlkə də 100 il sonra bu biletlər "Qarabağ” FK-nın muzeyində, pullar hansısa muzeydə saxlanılacaq, çeklərin adı isə ən böyük arzularımdan biri olan Ginnesin rekordlar kitabında, balaca hərflərlə olsa belə, mənim adımla qeyd olunacaq və bunu mən görməsəm belə, hiss edəcəm”.

"Bala, it sümük yığan kimi o zir-zibili niyə yığırsan?”

Nurlanın kolleksiyasında 50-dən çox bilet, xarici ölkələrdən topladığı 100-ə yaxın çek var: "Biletlə izlədiyim oyunlar təxminən 50-yə qədərdir. Yaşadıqca da bu rəqəmi artıracam”.
Həmsöhbətimiz deyir ki, ətrafındakı dostları, qohumları "kağız parçaları”nı yığdığı üçün onu qınayıblar, ağılsız kimi yanaşıblar: "Bunları yığdığım üçün məni qınayanlar çox olub. Yuxarıda da qeyd etdiyim kimi, kolleksiyama zibil yığını belə deyiblər. Hətta biz qarabağlılarda bir məsəl var və hər dəfə onu mənə deyirlər: "Bala, it sümük yığan kimi o zir-zibili niyə yığırsan?” Mən də hər dəfə zarafata salıb deyirəm ki, zər qədrini zərgər bilər”.

"Hobbim ruhumu qidalandırır”

Müsahibimiz hesab edir ki, hər bir insanın asudə vaxtında məşğul ola biləcəyi maraq dairəsi var. Lakin hər kəs bu istedadını ortaya çıxara bilmir, ən pisi isə odur ki, buna əhəmiyyətsiz bir şey kimi yanaşır: "Hər bir insanın maraq dairəsi olur. Hobbi boş vaxtın dəyərləndirilməsidir. Amma əsas olan bizim onu necə kəşf etməyimizdir. Elə insan var ki, hobbiyə adi bir şey kimi baxır. Elə insan da var, bundan yararlanaraq həyatını qurur. Və məhz onun üzərində yaşayır, yaradır. Mənim hobbim də mənim ruhumu qidalandırır. Məni keçmişə aparır. Həmin an əhəmiyyətsiz olan bir kağız illər sonra o qədər dəyərli olur ki...”.

"2 addım irəli, 1 addım geri”

Müsahibimiz kolleksiyalarının itməsindən qorxur. Bu səbəbdən işini ehtiyatlı tutur. Deyir ki, kolleksiyalarının itməməsi və ya korlanmaması üçün əlindən gələni edir: "İtirməkdən çox qorxurdum. Amma sonra düşündüm ki, itirdiklərimizin qədrini onlar olmadıqda anlayırıq. Belə bir hadisə başıma gəlsə, çox pis olardım. Özümə giley edərdim, amma zənnimcə, bu mənə daha böyük bir kolleksiya üçün stimul verərdi. Bu dəfə isə təhlükəsizlik baxımından daha diqqətli olardım. Stalin demişkən: "2 addım irəli, 1 addım geri”.

İzah edə bilməyəcəyim xoşbəxtlik...

Alimlərin araşdırmalarına görə, bədbəxt insanların 38 faizinin heç bir hobbisinin olmadığı üzə çıxıb. Elm adamları düşünür ki, hobbisi olan insanlar digərlərinə nisbətən daha xoşbəxtdirlər. Müsahibimiz deyir ki, hobbi ona həqiqətən izah edə bilməyəcəyi xoşbəxtlik verir: "Bəzən çox pis anlarda, hətta depressiyaya düşəndə belə, xırda bir kağız parçası üzümüzü güldürə bilər. Bəzən ən böyük acılarını belə dənizdən tutduğun bir kilkəylə unudursan.Yaşlı-başlı insanlar balıq tutarkən sanki 3 yaşında uşağa konfet veriləndə sevindiyi kimi sevinirlər. Xoşbəxtlik isə mənim üçün isbatı olmayan bir aksiomdur. Çünki hələ də insan oğlu xoşbəxtlik deyə bir məfhum kəşf etmiyib. Lakin əks tərəfdən, bayaqdan adını çəkmədiyim açar brelokları kolleksiyama nəzər salanda hər ölkənin qoxusu ciyərlərimdə dejavu yaradır və bunu edə bildiyim üçün xoşbəxt olduğumu düşünürəm. Ümumiyyətlə, hobbiləri olan insanlar təbiətən sakit olurlar. Çünki bütün aqressiyanı, bütün neqativ enerjini hobbilərlə çıxarırlar. Əgər bir insandan nəyə görə kolleksiya yığdığını soruşsanız, bunu sözlə ifadə edə bilmədiyini deyəcək. Hobbilər insanın şüuraltı situasiyasını tamamlamağa yardımçı olur”.
Gələcək planlarından danışan həmsöhbətimiz deyir ki, kolleksiyasını yığmaqda davam edəcək: "Təbii ki, artırmaqda davam edəcəm, yeni ölkələrə getmək qismət olduqca, bu, daha geniş vüsət alacaq. Gələcəkdə çekləri hətta ölkələr üzrə qruplaşdırmağı düşünürəm. Hobbi mənim üçün itirilən zamanların bir əmanət kassasında toplanması deməkdir. Bu səbəbdən zamanımı itirməyəcəm və toplayacam”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər