Texnologiyaların
inkişafı leksikonumuza "virtuallaşan insan” sözünü gətirdi. Çünki texnologiyaların
inkişafı, xüsusilə də sosial şəbəkələr canlı ünsiyyəti böyük ölçüdə virtual
çərçivəyə salıb.
Əgər texnologiyalar
sahəsində çalışmayan insan dövrün tələbi ilə "robotlaşırsa”, bəs bütün işi
texnologiyadan ibarət olan sahənin mütəxəssislərində vəziyyət necədir?
Həqiqətənmi, İT mütəxəssisləri digər insanlarla müqayisədə ünsiyyət qurmaqda
çətinlik çəkirlər?
Bu sualın cavabını
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində gələcəyin informasiya
texnologiyaları (İT) mütəxəssisləri ilə müzakirə etdik.
Gənclər əvvəlcə nə
üçün bu sahəni seçdiklərindən danışdılar. Turxan Bədəlov:
- İnformasiya
texnologiyaları elə bir sahədir ki, burada məntiqi olmayan insan yer tapa
bilmir. Uğur qazanmaq, yaxşı proqramçı olmaq üçün yeni bilikləri əldə etməyə
hazır olmaq lazımdır. Hazır olmasan, bura gəlməyinə ehtiyac yoxdur. İT sahəsi
bacarıqlı insanların məkanı olduğu üçün bu sahəni seçdim.
Mirnamiq Abdullayev:
- Proqramlaşdırma
sahəsində işləyən gənclər digər insanlardan fərqlənir. Bizim sahənin
mütəxəssisləri tez düşünüb, sürətli qərar verirlər. İT sahəsi ilə məşğul olan
tələbələrin güclü məntiqi olur. Düzdür, bütün sahələrdə məntiq rol oynayır.
Amma İT-nin sütünu məntiqdir. İT səni bir addım öndə olmağa məcbur edir. Bu da
həmin şəxslərin uğur qazanmasının gizli açarıdır. Gələcəkdə bu sahəni davam
etdirmək istəyənlər daha çox çalışmalı və alqoritmik təfəkkürünü gücləndirməlidir.
Bizi bir addım önə apardığı üçün bu sahəni seçmişəm. Bu sahədə qadınlar niyə azdır?
İlahə Məmmədova:
- Bu fakültədə
oxuyan tələbənin məntiqlə riyaziyyatı güclü olmalıdır. Düzdür, bu sahədə qadınlar
azlıq təşkil edir. Çünki istər qadınlar, istərsə də kişilər fikirləşir ki, qadınların
bu sahədə bacarıqları kifayət qədər deyil, həmçinin burada iş rejimi elədir ki,
bəzən gecə də işləməli olursan. Bu isə qadınların ailə həyatında problemə çevrilir.
Xüsusilə kişilər düşünür ki, qadından proqramçı ola bilməz. Amma mən bu fikirlə
razı deyiləm. Məntiqi və biliyi kifayət qədərdirsə, qadınlar bu sahədə kişilərdən
də üstün ola bilər. Qadın hər bir işi bacara bildiyi kimi İT sahəsində də uğur qazana
bilər.
Mirnamiq İlahə ilə
razılaşmır. Deyir ki, İT sahəsində kişilər qadınlardan daha ağıllıdır.
Mirnamiq:
- Azərbaycanda xanımların
İT sahəsində azlıq təşkil etməsi ideologiya ilə bağlıdır. Bir çoxları fikirləşir
ki, ümumiyyətlə, qadın işləməməlidir. Ailələrin 80-90 faizində qadının işləməsinə
icazə vermirlər. Xarici ölkələrə baxsaq, görərik ki, kifayət qədər qadın proqramçılar
var. Lakin qadın və kişi proqramçılar arasındakı əsas fərq alqoritmik düşüncə ilə
bağlıdır. Kişilər qadınlardan daha çevik və ağıllı düşünür. Bu səbəbdən ölkəmizdə
sözügedən sahədə qadınlarla müqayisədə kişi mütəxəssislər daha çoxdur. Lakin elə bölmələr var ki, orada qadınlar
kişilərə nisbətən üstünlük təşkil edirlər. Məsələn, dizaynerlik. Çünki qadınlarda
zövq daha çoxdur. Bu sahədə onların bacarığı kişilərdən üstündür. Amma ümumi
götürdükdə, proqramçılıq kişi işidir. Sözügedən sahədə kişilər daha uğurlu və
güclü olurlar. Nuranə Rəhimova:
- Bildiyiniz kimi,
bizim ixtisasımız təkcə proqramlaşdırma yönümündə deyil. Bir çoxlarımızın marağı
riyaziyyat sahəsinədir. Çoxları iddia edirlər ki, qadın proqramçı ola bilməz. Ona
görə də bu ixtisasda təhsil alan bir çox qızlar və onların ailələri riyaziyyata
meyilli olur. Onlar fikirləşir ki, riyaziyyatı mükəmməl öyrənməklə riyaziyyat üzrə
daha tez uğur qazanmaq mümkündür. Fikirləşirəm ki, qadınların universiteti
bitirdikdən sonra İT ilə maraqlanmamalarının səbəbi budur. Bir çox valideyn fikirləşir
ki, proqramlaşdırma qız sənəti deyil. Bu ixtisası bitirən qızlar yaxşı
riyaziyyat muellimi ola bilər.
Gözəl Zülfüqarova:
- Mən yoldaşlarımın
fikri ilə razı deyiləm. Əgər insanın əzmi varsa, o, istənilən sahədə uğur qazana
bilər. Sadəcə, ailədə qadının üzərinə düşən məsuliyyət kişilərə nisbətən daha çoxdur.
Qadınların bu sahədə kişilərdən geridə qalmasının əsas səbəblərindən biri də budur.
Düşünürəm ki, bu, zehni biliklərlə bağlı olan məsələ deyil. Bir çox sahələrdə
qadınlar kişilərdən nəinki zəif, hətta güclü ola bilərlər.
- Bir çoxları düşünür
ki, proqramçıların ünsiyyət qurmaq bacarığı yoxdur. Əslində bu, stereotipdir. Bir
mütəxəssis komandada işləyirsə, istər-istəməz digərləri ilə ünsiyyət saxlayır. Əslində
ünsiyyət problemi bir proqramçıya daha çox ziyan vurur. Ünsiyyət qura bilməmək
bacarığı, məncə, sənətə aid edilməməlidir. O, şəxsin özündən asılıdır.Yaxşı bir
proqramçı mütləq ünsiyyət qurmağı bacarmalıdır.
Nuranə:
- Bu gün başqa
sahə ilə məşğul olan insanlar virtual ünsiyyətə üstünlük verirlər və onların
sosiallaşmasında problem yaranır, nəinki kompyuter sahəsi ilə məşğul olanlar. Nəzərə
alsaq ki, proqramçı sırf bu işlə məşğuldur və onun işi yalnız texnologiyadan asılıdır,
həmin insanın çox danışmaması müəyyən qədər qəbulediləndir. Burada həm də xarakter
böyük rol oynayır.
Mirnamiq:
- Bu sahənin insanlarının
dili yox, beyni daha çox işləyir. Ona görə də müəyyən mərhələdən sonra insanın dil
qabiliyyəti bir qədər aşağı düşür. Həmçinin onların mütaliə etməyə də imkanları
olmur. Bu da ünsiyyətin qurulmasında problem yaradır. Bu sahədə beyni dilindən
daha çox çalışanlar uğur qazana bilir. Yəni çox danışıb az iş görməkdənsə, az danışıb
çox iş görmək yaxşıdır. İlahə:
- İT mütəxəssisi
olan bir çox tanışlarım və fakültə yoldaşlarımın ünsiyyət qabiliyyətinin aşağı olduğunun
şahidi olmuşam. Amma onlar bu sahədə kifayət qədər uğur qazanıblar. Bir çoxları
hətta məşhur şirkətlərdə çalışır. Onların izah etmək qabiliyyəti də aşağı səviyyədə
olur. Bir şeyi mükəmməl səviyyədə bildiklərinə baxmayaraq, digərinə izah edə bilmirlər.
Bunun kökündə isə məhz ünsiyyət bacarığının olmaması durur. Ümumiyyətlə, müasir
dövrdə danışıq, ünsiyyət problemləri bir çox gənclərdə var. İnsanlar real ünsiyyətdən
daha çox virtuala üstünlük verirlər. Hətta ad günü təbrikini belə mobil telefonla,
yaxud kompyuterlə göndəririk. Ünsiyyət getdikcə yox olmağa doğru gedir. Amma əgər
bir mütəxəssis öz işini görməyi bacarırsa, onun dil qabiliyyətinin olmaması mənfi
cəhət kimi qəbul olunmamalıdır. Elə şairlər var ki, şeir yaza bilir, amma onu oxuya
bilmir. Elələri də var ki, intonasiya ilə şeiri oxumaq qabiliyyəti yaxşı olsa da,
şeir yaza bilmir. Bizdə də bir növ elədir. Əgər kod yazırıqsa, onu dillə nümayiş
etdirmək yersizdir.
Xəlil Şahbazov:
-Bir proqramçı yaxşı
kod yaza bilirsə, onun ünsiyyət bacarığının olmaması üstünlük deyil. Tutaq ki, hansısa
bir proqram yazmısan, amma bunun satışı zamanı reklama ehtiyac olur. Əgər sən öz
proqramını alıcıya yaxşı təqdim edə bilmirsənsə, səndən daha pis olanlar öz məhsulunu
daha tez sata bilər. Çünki burada ünsiyyət çox vacibdir. Yaxşı nitq qabiliyyəti
insana hər yerdə lazımdır. Nurlan Sofiyev:
- Mənə elə gəlir ki,
ünsiyyət qurmaq bacarığı aşağı olan insanlar əvvəldən seçilir. Çünki yaşıdları həyətdə
oynayanda bu sahəyə meyli olanlar günün böyük əksəriyyətini kompyuterlə keçirirlər.
Ona görə də onlar öz dostları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. 5-6 il kompyuter
qarşısında vaxt keçirən insan üçün kompyuter dostlarından daha doğmadır. Ona görə
də onlar gələcəkdə də məhz bu sahəyə meyllənirlər.
Turxan:
-Əgər mən frilanser
olaraq fəaliyyət göstərirəmsə, öz məhsulumu şirkətlərə təqdim edərkən ünsiyyətə
ehtiyacım olur. Komanda şəklində görülən iş zamanı da ünsiyyətə ehtiyac var. Çünki
hərə öz işini komandanın digər üzvləri ilə paylaşmalıdır. Bu, vaxt qazanmaqda kömək
etmiş olur. Ünsiyyət olmadığı zaman, sadəcə, deyilən işi görürsən. Amma ünsiyyətcil
bir proqramçı müzakirə edərək digər problemləri də tez həll etmiş olur. Bu da bir
növ bacarıqdır. Əgər bir insan işini bilməyən insanlarla işləyirsə, bu zaman
ünsiyyətə daha çox ehtiyac olur. Çünki bəzən sən onlara məsləhət verməli
olursan.
Nuranə:
- Natiqlik özü də
bir sənətdir. Əgər bir işdə peşəkar olmaq istəyirsənsə, ünsiyyət çox vacibdir.
Ünsiyyət bacarığı olmadıqda nə qədər peşəkar olmağından asılı olmayaraq, işində
problem yaranır. Problemi aradan qaldırmaq üçün məhz danışıq vacibdir. Yaxşı
olardı ki, peşəkar olmaq istəyənlər bunun da üzərində ayrıca çalışsınlar.
Aygün ƏZİZ