• çərşənbə axşamı, 19 mart, 11:35
  • Baku Bakı 8°C

İstiqlala gedən yolun ilk qığılcımları

20.01.22 00:00 370
İstiqlala gedən yolun ilk qığılcımları
2020-ci ildə Vətən müharibəsində Zəfərimizə qədər olan dövrdə ermənilərin birbaşa və dolayı yolla xalqımıza qarşı çoxsaylı təxribatlar, qətliamlar törədiblər və bu baxımdan 20 Yanvar hadisəsi Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu hadisə idi. XX əsrin əvvəllərində, yəni, 1904-1905-ci illərdə azərbaycanlı əhaliyə qarşı soyqırımı hadisəsi törədiləndə Azərbaycanın demokratik ziyalıları bu hadisənin təfərrüatına varmadılar. Onlar elə başa düşürdülər ki, bu hadisə, sadəcə, Azərbaycan və erməni xalqları arasında məişət zəminində baş verən hadisədir. Ziyalılarımız Azərbaycan xalqına anlada bilmədilər ki, XIX əsrin 80-ci illərindən başlayaraq ermənilər "böyük Ermənistan” xülyası uğrunda mübarizəyə başlayıblar. Ermənilər "Daşnaksütyun” partiyasının rəhbərliyi altında "dənizdən-dənizə” ideyası ilə hərəkət edirlər. Bu ideyanın müəllifləri iddia edirdilər ki, guya "böyük Ermənistan” dövləti eradan əvvəl mövcud olub və bu dövlətin ərazisi Aralıq dənizindən Qara dənizə, oradan isə Xəzər dənizinədək uzanırmış. İndi məqsəd tarixi erməni dövlətini və onun torpaqlarını bərpa etməkdir. Bu torpaqları geri qaytarmaq üçün həmin ərazidə yaşayan azərbaycanlıları qırmaq, soyqırımına məruz qoymaq lazımdır. 1905-1906-cı illərdə törədilən hadisələrin səbəbini bilmədiyimiz və "Axı erməni bizdən nə istəyir? sualına cavab tapmadığımız üçün 1918-1920-ci illərdə Azərbaycan xalqı yenidən bu dəhşəti yaşamalı oldu. Bu qırğınlar əvvəlkindən daha dəhşətli və əhatəli idi. Artıq azərbaycanlıların soyqırımı həm Şimali, həm də Cənubi Azərbaycanda aparılırdı.
Təəssüflər olsun ki, 1920-ci ilin aprel işğalından sonra həyata keçirilən təbliğat azərbaycanlılara qarşı törədilən soyqırımı yaddan çıxardı, hadisələrə başqa don geyindirildi. Təbliğat aparıldı ki, guya 1918-1920-ci illərdə həyata keçirilən soyqırımı deyilmiş, bu, vətəndaş müharibəsi imiş və bunun səbəbkarı Azərbaycanın milli demokratik ziyalıları, hadisənin qəhrəmanı isə Stepanyan Şaumyan imiş. 1920-ci ildən başlayaraq Azərbaycanın milli demokratik ziyalıları bu bəhanə ilə sıradan çıxarıldı. İdeologiyanın forması dəyişdirilərək xalqlar dostluğuna çevrildi və proletar beynəlmiləlçiliyə xidmət etməyə başlanıldı.
Kaspi.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun "20 Yanvar hadisələri istiqlala gedən yolun ilk qığılcımları idi” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: "Məhz bunların nəticəsi idi ki, XX əsrin 80-ci illərinin sonlarında ermənilər bizə qarşı ərazi iddiası ilə çıxış edəndə onlara qarşı mübarizə aparmaq üçün bir yumruq kimi birləşə bilmədik. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistanda həm hakimiyyət, həm əhali, həm də erməni diasporu miatsum (Azərbaycan torpaqları hesabına "birləşmiş” erməni dövlətinin yaradılması ideyası) ideyası ətrafında birləşərək Azərbaycanın tarixi torpaqlarını qəsb etmək üçün güc sahibi oldular. Amma Ermənistandan fərqli olaraq, Azərbaycanın siyasi hakimiyyəti üzünü Moskvaya tutdu, ümidini ona bağladı. Lakin Azərbaycanın demokratik ziyalıları bununla razılaşmadılar və etiraz səslərini ucaltdılar. Təəssüf ki, birləşmək mümkün olmadı, fikir ayrılığı yarandı və təbii ki, Moskvadan asılılıq insanlarımızı qırğına sürüklədi.
20 Yanvar Azərbaycan xalqının tarixində ən ağrılı hadisələrdən biridir. Bu faciədə yüzlərlə insan həlak oldu. Şikəst qalan da oldu, itkin düşən də. Amma bununla yanaşı, xalq ilk dəfə olaraq boyunduruqdan xilas olmaq uğrunda mübarizəyə qalxdı. Sovet hökumətindən əlini üzən xalq meydanlara axışdı. Sovet dönəmində təkcə Azərbaycanı idarə edən deyil, həm də sovet hökumətini idarə edənlərdən biri - yeganə türk müsəlman ulu öndər Heydər Əliyev xalqının səsi oldu, sovet imperiyasını öz məkanında, paytaxt Moskvada ifşa etdi. Azərbaycan xalqı birmənalı olaraq dərk etdi ki, 70 il ərzində təbliğ olunanlar yalan imiş və sovet ordusu heç vaxt Azərbaycan ordusu olmayıb və olmayacaq. Bizim vətənimiz SSRİ deyil, Azərbaycandır.
20 Yanvar ibrətli tarixdir. Bu tarix istiqlala gedən yolun ilk işartılarını özündə əks etdirirdi. Meydan hərəkatı anlatdı ki, xalq öz ərazi bütövlüyünü qorumaq üçün Vətən, torpaq uğrunda mübarizəyə qalxmalıdır. O, əliyalın da, silahsız da ola bilər. Bu mübarizədə ən kiçik yaşlı məktəbli də, əsgər də, gənc polis də, ahıl da şəhid ola bilər, təki Vətənin bütövlüyünə, azadlığına xələl gəlməsin.
Azərbaycan xalıq da 1990-cı il yanvarın 20-də bütün dünyaya göstərdi ki, Vətən sevgisi hər şeydən yüksəkdir və bu xalq Vətən üçün ölümün gözünə dik baxmağı bacarır və heç nədən qorxmur. Bu faciədə yüzlərlə vətəndaşımız şəhid oldu. Amma şəhidlər versək də, müstəqilliyimizi yenidən qazandıq. Azərbaycan xalqı XX əsrdə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin xalq müstəqil dövlətini qurmaq, möhkəmləndirmək, müdafiə etmək və inkişaf etdirmək üçün ağır sınaqlarla, çətinliklərlə üzləşməli oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu çətinliklərin öhdəsindən gəlməyə nail olmuş Azərbaycan Respublikası həm müstəqilliyini qoruyub saxladı, həm də respublika daxilində ictimai-siyasi sabitlik yaratdı.
Şəhidlər əvvəl bir ailənin övladı, şəhadətə qovuşandan sonra isə bütün Azərbaycanın övladı olurlar. 20 Yanvar hadisələri zamanı aparılan mübarizənin nəticəsi idi ki, Azərbaycan xalqı 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Ordumuz 2020-ci il sentyabrın 27-də əks-hücuma keçərək qırx dörd gün ərzində müharibəni Qələbə ilə başa çatdırdı.
Əslində, 20 yanvardan sonra Azərbaycan əsgər və zabitləri 2016-cı ilin Aprel döyüşlərində "məğlubedilməz erməni ordusu” mifini darmadağın etmişdilər. 44 günlük Vətən müharibəsində bütün dünya bir hadisənin şahidi oldu ki, bu xalqın sayı az ola bilər, ərazisinin sahəsi kiçik ola bilər, ancaq Azərbaycan xalqı qəhrəman və mübariz xalqdır. Çünki bu xalq torpaq uğrunda minlərlə şəhid verib.
Şəhidlər xiyabanı hər birimizin ziyarət yeridir. Hər dəfə şəhidlərin xatirəsini yad etmək üçün xiyabana gedəndə "sizin qanınız yerdə qalmayacaq” deyirdik. İndi onların məzarlarını igid oğul və qızlarımızın ruhuna dua oxuyaraq üzümüz ağ, alnımız açıq ziyarət edir və deyirik: "Rahat uyuyun, sizin qanınız yerdə qalmadı!”.
Azərbaycan 30 ildə yaxşı dostlar qazandı və bu dostluğun ən gözəl nümunəsi Türkiyənin bizi hərtərəfli dəstəkləməsi oldu. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət” oldu. Eyni zamanda, türkdilli və digər dost dövlətlərin Azərbaycanın haqq işində yanımızda olması bizə əlavə güc verdi. Azərbaycan öz istiqlalı, ərazi bütövlüyü uğrunda mübarizədə qalib gəldi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda şərəflə, qürurla dalğalanır. 20 Yanvar bu istiqlala gedən yolun ilk qığılcımları idi.
Bütün şəhidlərimiz bizim üçün əzizdir, 20 Yanvar şəhidlərinin yeri isə qəlbimizdə bir ayrıdır. Xalqımızın qəhrəman övladları qəlbimizdə, beynimizdə azadlıq toxumu əkdilər, yolumuza işıq saçdılar. Həmin toxumun cücərtiləri Vətən müharibəsində Qələbəmizi təmin etdi.
banner

Oxşar Xəbərlər