• cümə axşamı, 18 aprel, 10:12
  • Baku Bakı 12°C

İstedadlarına sığınanlar - Fotolar

20.10.14 11:16 8823
İstedadlarına sığınanlar - Fotolar
Ötən günlərdən birində ruhi xəstələrin sərgisi ilə bağlı xəbər oxudum. Belə ki, 1 ay davam edən sərgidə ruhi xəstələrin 50-dən artıq əl işi nümayiş olunmuşdu. Bu sərgi mənə çox qəribə gəldi. Bir anlıq düşündüm... Normal insanların əksəriyyətinin bacarmadığını, insandan yüksək istedad, səbr tələb edən belə əl işlərini ruhi xəstələr necə edə bilərdi?
Bunu müşahidə etmək və fürsətdən istifadə edib onların əl işləri ilə tanış olmaq üçün “Bacarıqlı Əllər Dünyası İctimai Birliyi”nin rəhbəri Azadə Məmmədova ilə birlikdə Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yollandıq.
Yolda söhbət əsnasında məlum oldu ki, Azadə xanım həftədə iki dəfə iki saat öz komandası ilə birlikdə sözügedən xəstəxanadakı xəstələrlə məşğul olur, onlara mucuq düzmə, rəsm, toxuculuq sənətinin sirlərini öyrədirlər.
Heyrətləndirən əl işləri
Xəstəxananın həyətində irəlilədikcə qarşımızdan ruhi-əsəb xəstəsi olan insanlar keçir. Sakit baxışlarla bizi izləyən bu insanlar həyətdə təsərrüfat işləri ilə məşğul olurlar. Kimi su daşıyır, kimi həyətdəki oturacaqları boyayır, kimi isə sadəcə həyətdə gəzir. Binaya daxil olduqda isə dərsin başlamasını həyəcanla gözləyənlər bizi qapıda qarşılayır. Azadə xanım onların hər biriylə öz övladı kimi salamlaşır və əhvallarını soruşur. Onlardan kimisi siqaret gətirib-gətirmədiyini soruşur, kimisi də “mənə nə gətirmisən?” sualına cavab axtarırdı. Azadə xanım isə hər dəfə olduğu kimi, öz tələbələrinə evdən gətirdiyi şirniyyatları verir, onları əzizləyirdi. Hətta o, Qabil adlı xəstənin siqaretini belə yandırır.
Xəstələrlə birlikdə dərs otağına yaxınlaşırıq. Əvvəlcə pasiyentlər hazırladıqları əl işlərini nümayiş etdirmək üçün stolların üstünə yığırlar. Əl işlərinə baxdıqda həqiqətən insan təəccüblənməyə bilmir. Çəkilən rəsmlər, toxunan paltarlar, muncuqdan düzəldilən suvenirlər o qədər professional işlənib ki, bunları əsəbləri yerində olmayan xəstənin edə biləcəyinə insan şübhə edir.
Artıq saat 10-dur. Dərs başlayır. Kimisi əlində qələm-kağızla şəkil çəkməyə hazırlaşır, kimisi öz müəlliməsindən paltar toxumaq üçün mil istəyir, kimisi də muncuqla yeni fiqur düzəltmək üçün müəlliməsinə diqqətlə qulaq asır.
Muncuq müəllimə
Xəstələrin əksəriyyəti muncuqla düzəldilən əl işlərinə daha çox maraq göstərirlər. Onlara muncuq sənətini öyrədən Ruhəngiz Əliyeva deyir ki, bəzi tələbələr onu muncuq müəllimə kimi tanıyır: “Buradakı pasiyentlərin muncuqdan xoşları gəlir. Sanki muncuq onları özlərinə cəlb edir. Onlarla işləmək çox rahatdır. İzah etdiklərimi o qədər gözəl qavrayırlar ki, bəzən özüm də məəttəl qalıram. Buradakı xəstələrin özlərinə məxsus dünyaları var və muncuqlarla dünyalarına girməyə yol tapmışam”.
Muncuqdan suvenir it düzəldən Əsədulla deyir ki, muncuqla işləməkdən zövq alır: “4 aydır ki, müəllimənin köməkliyi ilə suvenirlər düzəldirəm. İndiyə kimi gül, sep, yarpaq düzəldib evdəkilərə hədiyə etmişəm. Bundan sonra da muncuqdan suvenirlər düzəldəcəm və sağalandan sonra düzəltdiklərimi satıb pul qazanacam”.
Fərid isə yandırma üsulu ilə taxtada rəsm çəkir. O deyir ki, belə işlərlə məşğul olmaq onların əsəblərini sakitləşdirir: “Taxtanın üstünü yandırmaqla rəsm çəkirəm. Sonra onu rəngləyəcəm. Burada keçirdiyimiz 2 saat bizə çox kömək olur. Əl işlərini asanlıqla mənimsəyirik. Həm darıxmırıq, həm də vaxtımız səmərəli keçir”.
“Normal insanla hamı işləyə bilir...”
Xəstələrə qayğı göstərən, onların başını sığallayan Azadə xanıma yaxınlaşırıq. Bu zaman Qabil də “mənə siqaret gətirdin? deyərək ondan siqaret istəyir. Azadə xanım çantasından siqaret çıxarır və Qabilin siqaretini yandırır. Daha sonra Qabil kağız qələmini götürərək şəkil çəkməyə başlayır. Kənardan onun çəkdiyi rəsmə diqqət edirik. Heç kimlə ünsiyyətə girməyən gənc oğlan kağızda Azərbaycan bayrağını çəkməyə çalışırdı.
Azadə xanım deyir ki, psixi xəstələri elə sakit görmək, onlarla vaxt keçirmək, kömək etmək ona xüsusi zövq verir: “Normal insanla hamı işləyə bilir. Amma belə problemli insanlarla işləmək çətindir. Yardıma ehtiyacı olan insanlara kömək etmək mənə həmişə zövq verirdi. Biz onların qazanc yeri tapmalarına da kömək oluruq. Bu xəstələr sağaldıqdan sonra cəmiyyətdə öz yerlərini tuta biləcəklər. İşlədikləri əl işlərini satacaq, istedadları itib-batmayacaq və ən əsası cəmiyyətə yararlı olduqlarını dərk edəcəklər. Bəzən cəmiyyət ruhi xəstə insanları düzgün qəbul etmir. Bu cür bacarıqlı insanları cəmiyyətə çıxarmaq lazımdır”.
Ağlını itirsə də, istedadını qoruyan rəssam
Kənarda səssizcə rəsm çəkən Elşən diqqətimizi çəkir. Elşən o qədər sakit, aramla, səliqəli işləyir ki, sanki ətrafında heç kim yoxdur. Üstəlik, onun çəkdiyi şəklə təəccüblənməmək mümkün deyil. Elşənin əl işlərini xüsusi çərçivəyə salıb xəstəxanada saxlayırlar.
Həkimlərlə söhbətimizdən məlum oldu ki, Elşən bu xəstəxanaya gəlməmişdən öncə rəssam imiş. Psixi problemləri olsa da, o rəsm çəkməkdən zövq alır və bununla sakitləşir. Psixi xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, o hələ də öz istedadını kağız üzərinə köçürə bilir”.
Zərgün isə Elşəndən fərqli olaraq şəkil çəkməyi xəstəxanada öyrənib. O dovşan, quzu şəkli çəkir və rəngli karandaşla onları rəngləməyə başlayır. Şəkil bitdikdən sonra isə sevincək bizdən onun şəklini çəkməyimizi istəyir. Zərgün deyir ki, şəkil çəkməyi burada öyrənib: “Mən də qəşəng şəkillər çəkə bilirəm. Çəkdiyim şəkilləri öz otağıma yığıram. Gələcəkdə sərgilərim olacaq və xəstəxanda çəkdiyim şəkilləri sərgilərdə nümayiş etdirəcəm”.
Burada rəsm çəkən, muncuqla suvenir düzəldənlərlə yanaşı, toxuculuqla məşğul olanlar da var. Onlardan biri də Səbinədir. Səbinə artıq 3 ildir, toxuculuqla məşğuldur. Yoldaşları onu çox sevir. Çünki o, qışda yoldaşları üçün paltar, üstlərinə örtmək üçün odeyal toxuyub. Onun əl işləri o qədər gözəldir ki, onları çərçivəyə salıb palatalarından asıb. Səbinənin həkimi deyir ki, o, elə incə iş görür ki, normal insan Səbinə kimi səbrlə işləyə bilməz. Səbinə həm muncuqla, həm də sapla paltar toxuya bilir.
Hamımız dəliyik...
Dərs otağında müəllimlər və pasiyentlər o qədər canla-başla işləyir ki, hətta həkimlər də xəstələrlə birlikdə muncuq toxuyur, şəkil çəkirlər.
Və artıq vaxt bitir. Saat 12 00-dır. Xəstələrin palataya getmək vaxtı gəlib. Bu istedadlı insanlarla sağollaşıb onları otaqlarına yola salırıq.
Reportajımızın qəhrəmanları ilə xudahafizləşəndə psixoanaliz elminin banisi Ziqmund Freydin sözləri yadımıza düşür: “Əslində hamımız dəliyik; kimimiz az, kimimiz çox...”. Buna görə də halı daha ağır olan xəstələrə kömək edək, cəmiyyətə yararlı olmaları üçün əlimizdən gələni əsirgəməyək.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər