“İşığa gedən yol” - tarixi şəxsiyyətlərə ucaldılan abidə
09.03.17 21:21
2546
"Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi
Həsən bəy Zərdabinin keçdiyi ağır, məşəqqətli həyat, eləcə də yaradıcılıq və
maarifçilik yolundan bəhs edən "İşığa gedən yol” romanı bir şəxsin timsalında
xalqın mədəniyyət, ədəbiyyat, bir sözlə, ziyalılıq tarixinə işıq salır. Roman
bəlli dövr ərzində Azərbaycan ziyalılığının tarixi hesab oluna bilər”. Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə fəlsəfə
doktoru, şairə-publisist Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığına
həsr olunan «İşığa gedən yol» romanının təqdimatında səslənən bu fikirlər romanın
məziyyətləri haqqında tədbir iştirakçılarına məlumat verməklə bərabər, o dövrün
ictimai-siyasi həyatına da güzgü tutdu.
Azərbaycan
ədəbiyyatşünaslığı üçün dəyərli əsər
Professor Asif
Rüstəmli «İşığa gedən yol» romanını Azərbaycan tarixinin və
ictimai-siyasi fikrinin son dərəcə maraqlı və zəngin bir dövrünü əhatə edən əsər
adlandırdı: "Tarixi materiallar və faktlar əsasında bədii körpü yaratmaq baxımından
əsər çox dəyərlidir. Zərdabinin həyatı, dünyagörüşü, müasirləri ilə bağlı maraqlı
obrazların canlandırılması ilə əsər tarixi olduğu qədər bədii, bədii olduğu qədər
də tarixidir”. A.Rüstəmli qeyd etdi ki, romanın oxunaqlığını təşkil edən başlıca
keyfiyyətlərdən biri bu əsərdə şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin öz adları
ilə qeyd edilməsi, yəni bədii obraz yaratmaqdan daha çox, tarixiliyə önəm verilməsidir.
Bu baxımdan roman daha çox bioqrafikdir: "Zərdabinin həyatı, dünyagörüşü, fəaliyyəti,
mühiti son dərəcə canlı, inandırıcı şəkildə oxucuya təqdim olunub”.
A.Rüstəmli əsərin müzakirəsinin geniş miqyasda «Azərbaycan»
jurnalında keçirilməsinin zəruriliyini vurğuladı: «Bu cür samballı əsəri başa gətirmək
böyük qəhrəmanlıqdır. Üstəlik, arxiv materialları əsasında o dövrü bədii dillə oxuculara
təqdim etmək müəllifin bu sahədəki böyük təcrübəsindən xəbər verir. Əsər Azərbaycan
ədəbiyyatşünaslığı üçün son dərəcə dəyərlidir».
«İşığa gedən yol» əsərinin Mətbuat Şurasının Ali Media
Mükafatına layiq görüldüyünü qeyd edən MŞ
sədri, millət vəkili Əflatun Amaşov
hər bir xalqın millət kimi formalaşmasında onun tarixi şəxsiyyətlərinin böyük
rol oynadığını qeyd etdi: "Hər əsrdə bir neçə belə tarixi şəxsiyyət milləti formalaşdırır.
19-cu əsrdə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi,
20-ci əsrin əvvəlində Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Əhmədbəy Ağaoğlu,
Əlibəy Hüseynzadə kimi şəxsiyyətlər haqqında yazmaqla, onları xalqa daha çox sevdiririk”.
Həsən bəy Zərdabini "milli mən”imizin özümüzə qayıtmasında böyük rol oynamış şəxsiyyət
adlandıran MŞ sədri qeyd etdi ki, biz onu xalqa dəqiq tanıtdırmasaq, günlərin birində
kimsə Zərdabi haqqında qeyri-dəqiq mənbələrə əsaslanan fikirlərlə çıxış edə bilər:
"İşığa gedən yol» romanı Azərbaycan jurnalistikasına gözəl töhfədir. İndiyə qədər milli jurnalistikamızda
Həsən bəy Zərdabi haqqında belə geniş mənbə yox idi. İnanıram ki, bu əsər Azərbaycan
jurnalistlərinin stolüstü kitabına çevriləcək”.
Bu günümüz üçün belə romanların yazılmasının vacibliyini
qeyd edən Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli indiyə qədər insanların
Həsən bəy Zərdabini daha çox milli mətbuatın banisi kimi tanıdıqlarını qeyd etdi:
«Biz hamımız Zərdabini «Əkinçi» qəzetinin təsisçisi kimi tanımışıq, maarifçiliyindən
xəbərdar olmuşuq. Romanda isə Zərdabinin yaşadığı dövr, həmkarları ilə maarifçilik
hərəkatı uğrunda apardığı mübarizə əhatəli şəkildə qələmə alınıb».
Ədəbiyyat tarixi
yaşadır
Milli-mənəvi dəyərlərimizə xaricdən çoxlu hücumlar
olduğunu deyən AMEA-nın Tarix
İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bu hücumların
mahiyyətində keçmişimizə, tarixi şəxsiyyətlərimizə arxa çevirmək kimi
məsələlərin olduğunu diqqətə çatdırdı: "Biz keçmişimizi, tarixi
şəxsiyyətlərimizi dərindən öyrənməsək, onların haqqında oxumasaq, milli-mənəvi
dəyərlərimizi qiymətləndirmək baxımından addım-addım uçurumlara düçar ola
bilərik. Tarix görkəmli şəxsiyyətlərin sayəsində millətin yaddaşına həkk olur.
Biz tarix boyu yaratdığımız mədəniyyət abidələrinə, tarixi şəxsiyyətlərə və
dövlətçiliyimizə sahib olmalıyıq. Tarixin müxtəlif bölümlərində tarixçilər öz
sözlərini deyə bilmirlər. Siyasi konyukturalar, müxtəlif maneələr qarşıya
çıxır. Biz orta məktəbdən başlayaraq, tariximizə həsr edilən bədii əsərlərlə
əhatə olunmuşuq. Tarix daha çox ədəbiyyatda yaşayır. Ədəbi mühit tarixi
yaşadır. Bu baxımdan tarixə müraciət edilən əsərlər doğru-düzgün yazılmalı,
reallığı əks etdirməlidir”
Tarixçi alim bəzən tarixi hadisələrin,
şəxsiyyətlərin həyatını dərindən öyrənmədən daxili duyğulara əsaslanan tarixi
əsərlərin yazıldığını qeyd etdi: "Həmin əsərləri böyük əksəriyyət oxuyur,
tarixi isə oxumurlar. Nəticədə millətin şüuru, təfəkkürü əks istiqamətə
yönəlir. Bu baxımdan, «İşığa gedən yol»u böyük nailiyyət hesab edirəm. Bu əsər
ərsəyə gələnə qədər Sona Vəliyeva dəfələrlə bizim institutda olub, müxtəlif şöbələrin
mütəxəssisləri ilə görüşüb, tarixi sənədlər üzərində axtarışlar aparıb. Bu
roman sənədlilik baxımından tarixçilərin ekspertizasından keçib”.
Tarixi romançılığı dərin ənənəsi olmayan janr adlandıran
«Yeni Azərbaycan» qəzetinin baş redaktoru,
millət vəkili Hikmət Babaoğlu bu gün bu janrda əsərlərin yazılmasına ehtiyac
olduğunu bildirdi: «Biz bu "İşığa gedən yol”da tarixi faktlara əsaslanan modern
tarixi romançılıqla üz-üzə qalırıq. Doğrudan da biz tarixi qeyri-ənənəvi yollarla
daha yaxşı öyrənirik. Bu baxımdan, bu səpkili əsərlər bizə tariximizi və tarixi
şəxsiyyətlərimizin həyatını öyrənməyə kömək edir».
Əsərin mətbuatda geniş təhlil olunduğunu qeyd edən Bakı Dövlət Universitetinin professoru
Cahangir Məmmədli "İşığa gedən yol”un bütövlükdə roman janrına cavab
verdiyini qeyd etdi: «Həsən bəy Zərdabi haqqında hər kəsin məlumatı var. Bu
kitabda Zərdabinin yaşadığı dövr və ətrafında olan işıqlı ziyalılar haqqında
ətraflı materiallar ortaya qoyulub. Roman oxucuya geniş məlumatlar verir».
Azərbaycan qadınının
rəsmi
Tarixi bədii əsərlərdən öyrənməyin vacibliyini
bildirən xalq şairi Sabir Rüstəmxanlı romanda
həm Zərdabinin yaşadığı dövrün, həm də Azərbaycan ziyalılarının tarixi və
onların fikir dünyasının dəqiqliklə əks olunduğunu qeyd etdi: «Yazıçının yazdığı
tarix millətin tarixidir. Romanın içində müəllifin öz obrazı var. Bu, ziyalı
Azərbaycan qadınının rəsmidir».
«Ədəbiyyat» qəzetinin
baş redaktoru Azər Turan Azərbaycanın üzünü Avropaya çevirməsində Həsən
bəy Zərdabinin böyük rol oynadığını qeyd edərək, romanı tariximizin parlaq səhifələrindən
biri adlandırdı: "Bu əsər Həsən bəy Zərdabi haqqında sanballı romandır. Ancaq tarixçilərin
üzərinə düşən bir məqam da var, Zərdabinin Azərbaycanın Paris Sülh Konfransına gedən
nümayəndə heyətinin tərkibində olan oğlu Səffət bəy haqqında heç bir məlumat yoxdur.
Bu çox mühümdür. Bunun araşdırılmasına ehtiyac var”.
Əməkdar jurnalist Flora
Xəlilzadə əsəri vətən sevgisi ilə eyniləşdirdi: "Əsərdə təkcə
Zərdabinin obrazı yaradılmayıb. Romanda Zərdabinin dövründə yaşayan bütün tarixi
şəxsiyyətlərin obrazı var”.
M.F.Axundov adına Milli
Kitabxananın direktoru Kərim Tahirov «İşığa gedən yol»u
tarixi şəxsiyyətlərə ucaldılan abidə kimi dəyərləndirdi: «Bu abidəni oxuyanlar o
şəxsiyyətlər, onların yaşadığı dövr haqqında hər şeyi biləcəklər. İstərdim ki, bu
cür əsərlər çox yazılsın».
Millət vəkili Elman
Nəsirov da bu tip əsərlərin yazılmasına ehtiyac olduğunu söylədi:
"Romanla tanış olanda, işığa gedən yolu aydın görürsən. Biz işıqlı yoldayıq. Bu
yolu sevməyənlər, ona kölgə salmaq istəyənlər var. Tariximizi bilmək üçün bu cür
əsərlər çox yazılmalıdır”.
Yazıçı-publisist Akif
Əli əsərdəki hadisələrin tarixi priyomlarla verilməsində, faktların ardıcıllıqla
bir-birini əvəzləməsində müəllifin yazı üslubunun rol oynadığını qeyd etdi: "Bu
romanda azərbaycanlı ruhu görünür. Əsərdə oğuz türkünün ruhu var. Kitabın həmin
ruhun daşıyıcısı Sona Vəliyevanın qələmi ilə ərsəyə gəlməsi də təsadüfi deyil”.
Tənqidçi Vaqif Yusifli, "Olaylar” qəzetinin baş
redaktoru Yunus Oğuz, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqa
çıxış edənlər romanı dövrünün
fəlsəfəsini, ictimai ruhunu ortaya qoyan əsər kimi dəyərləndirdilər.
Təqdimatda iştirak edənlərə təşəkkürünü bildirən «İşığa gedən yol» romanının müəllifi Sona
Vəliyeva öz yaradıcılığının poeziyadan ibarət olduğunu deyərək, Həsən bəy
Zərdabinin yaradıcılığına üz tutmasının səbəblərini açıqladı: «Bəzən həyatda
özümüzdən asılı olmayan elə mistik proseslər baş verir ki, özümüz də o
hadisələrdən baş açmırıq. Məni də Zərdabi haqqında yazmağa bu hisslər sövq
etdi. Həsən bəy Zərdabinin yaradıcılığında məni cəlb edən onun millətinə
təmənnasız sevgisi oldu». Əsəri işlədikcə axtarışlar etdiyini, o dövrün
şəxsiyyətlərini soraqlaşa-soraqlaşa millətimizin böyüklüyünə vurulduğunu deyən
S.Vəliyeva onların keçdiyi məşəqqətli yolu sanki yenidən addımladığını dedi:
«Mənə güc verən nə idi? Heç bir ümid olmayan yerdə Həsən bəyin Azərbaycanın
müstəqilliyinə inamı. Bu işığın gələcəyə ötürülməsi üçün mən Həsən bəy
Zərdabiyə borcluyam. O kökdə ilahi sevgi durur. Mənim beynimdə mövzular
dolaşır. İnşaallah, sizinlə yeni romanların təqdimatında görüşməyi
arzulayıram».