• cümə, 29 Mart, 06:06
  • Baku Bakı 5°C

İnternet dünyasının musiqi ulduzları

18.11.19 10:07 827
İnternet dünyasının musiqi ulduzları
Və ya sosial şəbəkələr istedadlı insanlar üçün böyük imkanlar təqdim edir
Musiqinin insan həyatındakı yeri və rolu əvəzsizdir. Bəzən isə insan öz həyatında dəyişikliyə elə gündəlik olaraq dinlədiyi musiqiləri dəyişməklə başlayır. Bu musiqilərdə yeni nəfəs, fərqli ifa tərzi, qulaqdan qəlbə doğru yol alan sözlərin axtarışına çıxırıq. Bəzən axtardığımız mahnıları tapıb onlardan zövq alır, bəzən isə "burda bizlik heç nə yoxdur” - deyə, dolaşdığımız internet resursunu tərk edirik.
Bu gün həyatımızın böyük hissəsini həsr etdiyimiz sosial şəbəkələr, yeni simaları, gənc musiqiçiləri tanımağımızda əsas vasitəçi rol oynayır. Əvvəllər televiziyalarda təqdim edilən musiqi saatlarını izləyən, musiqi verilişlərinə SMS yazaraq mahnı sifariş edən izləyicilər, indi o istəklərini "Youtube” üzərindən həyata keçirir, özü də heç kimə minnətçi düşmədən. İnsanların musiqi seçimi isə tamamilə fərqlidir. Necə ki, rənglər və zövqlər müzakirə edilmir, musiqi seçimləri də müzakirə olunmamalıdır.
Sözümün canı ondadır ki, yaşadığımız dövrdə gözəl səsi, istedadı olan insanlar üçün heç bir əngəl yoxdur. Əgər, sözün əsl mənasında istedadın varsa, sosial şəbəkələr bunun üçün sənə hər bir imkanı yaradır. Belə ki, musiqisiz, aranjemansız istədiyin mahnını səsləndirib, sosial şəbəkədə paylaşaraq bir gecədə məşhurlaşmaq imkanına maliksən. Elə bir gecənin içərisində məşhurlaşan ifaçılarımız da kifayət qədərdir. Sosial şəbəkələr həmin gənclərə özlərini realizə etmələri üçün geniş imkanlar təqdim edir, bir az istedadı və manevr etmək qabiliyyəti olanlar bu imkandan yetəri qədər bəhrələnirlər. "Xalqın gözü tərəzidir” prinsipi burada özünü büruzə verir. Əgər sənin səsin yerindədirsə və bir az insanların qəlbinə toxunan sözlərə müraciət etmə qabiliyyətin varsa, demək ki, izləyicilərin zövqündəsən və dinləniləcəksən. Bir neçə paylaşımdan sonra isə artıq məşhursan.
İndi istedadını göstərmək üçün nə əvvəlki kimi xərc çəkib televiziyalara müraciət etməyə, nə də sponsor dalınca qaçmağa ehtiyac var. Seçim isə sərbəstdir. Bu mənada, sosial şəbəkələr televiziyaları üstələyib.
Televiziyadan ayrılıb sosial şəbəkədə öz şəxsi vloqlarını, kanallarını açan məşhurlar isə etiraf edirlər ki, sosial şəbəkədə fikir, söz azadlığı var. Efirlərdə vəziyyət başqadır, çünki orada müəyyən məhdudiyyətlər, sərhədlər mövcuddur. Belə olduğu halda, həm tamaşaçılara, həm də yaradıcı adamlara "Youtube” daha əlverişlidir. Sosial şəbəkələr yeniliklərə açıqdır! Burada qadağalar yoxdur. Burada "torba tikmək”, efir məhdudiyyətləri olmur. Tamaşaçı və istedad arasında hansısa kabinetdə oturan maneələr yoxdur! Burada "kiminsə qohumudur”, "kiminsə tanışıdır” məsələsi də keçmir! Burada reytinq anlayışı daha dürüstdür! Belə olduğu halda, ifaçılar özləri sosial şəbəkələrə üstünlük verirlər. Artıq yeni klip çəkdirən müğənni ilk olaraq televiziyaların üstünə qaçmır. Onlar sosial şəbəkədə paylaşmaqla, rahat şəkildə hansı kontingentin onu izlədiyini və nə qədər izləyicisi olduğunu görə bilirlər.
"Yotube”un yaratdığı imkanlar vasitəsi ilə insanların ən çox dinlədiyi mahnıları da izləmək mümkündür. Di gəl ki, bəzən trenddə olan mahnıların daha çox bayağı mahnılar olduğunu görürük. Ancaq bununla bağlı cəmiyyətdə hər nə qədər qınaqlar olsa da, onlarla bərabər, Nahidə Babaşlı, Nigar Muharrem, Sura İskenderli, Çinarə Məlikzadə kimi gənclərin ifa etdikləri coverlər də çox dinlənilir. Hansı ki, onlar köhnə mahnıları aranjeman edərək, bəzən də tək gitaranın müşayiəti ilə səsləndirirlər. Gənclərin klassik mahnıları yeni aranjemanda ifa etməsi isə böyük izlənmə rekordları qırır. O gənclər ki, bayağılığa, hind rəsqlərinin ritmləri üstündə hazırlanan mahnılara meyl etmirlər. Əksinə, yüksək zövqlü mahnılara müraciət edərək, repertuar seçimi etmək gücünə malikdirlər. Sevindirici hal odur ki, həmin ifaçılar televiziyalara çıxmadan, özlərini reklam etdirmədən elə "Youtube” üzərindən məşhurlaşırlar.
Yadımdadır, bir dəfə Türkiyəyə səfər etdikdə, orada məndən Nahidə Babaşlı ilə Çinarə Məlikzadənin yeni mahnısını soruşmuşdular. O vaxtadək Nahidə Babaşlının kimliyi və fəaliyyətindən xəbərsiz idim. Bakıya geri döndükdən sonra onun ifa etdiyi mahnıları dinləməyəbaşladım. Gənc ifaçının səhifəsində nəinki yerli izləyicilərin, hətta yetəri qədər xarici izləyicilərin olduğunu gördüm. Demək ki, bu gənclər çox da maliyyə xərcləmədən özlərini tanıtmaq gücünə malikdirlər. Özü də sadə bir üsulla. Bu gün vətəndən kənara çıxanda belə, artıq SSRİ xalq artistlərimizi deyil, məhz bu gəncləri tanıyırlar. Hansı ki, onlar unudulmuş, klassik mahnılarımızı gözəl üslubda təqdim edirlər. Onların məhz klassik və səviyyəli mahnılarla tanınması və vətəndən kənarda belə sevilməsi isə bizim gənclərimizin uğuru və istedadının göstəricisidir. Bizə isə onların – internet əsrinin ortaya çıxardığı ifaçılarımızın uğurlarına sevinmək qalır.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər