• cümə axşamı, 28 mart, 18:20
  • Baku Bakı 13°C

İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət xilas edəcək

07.07.20 15:07 468
İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət xilas edəcək
Bu gün Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Açılışı olmuş 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın da açılışının olması, eyni zamanda, əlavə olaraq daha bir neçə xəstəxanaların da inşasının nəzərdə tutulması dövlətin pandemiya ilə mübarizəsi və xalqın sağlamlığının qorunması üzrə necə prinsipial mövqe tutduğunu isbatlayır.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, çox yaxın zamanda koronavirusa yoluxmuş xəstələrin müalicəsi, onların yenidən sağlam həyata qaytarılması üçün ölkəmizdə 5 mindən çox çarpayı potensialı olacaq: "Mövcud 45 xəstəxanada 2100, 15 modul tipli xəstəxanalarda 3 min, "Yeni klinika”da isə təxminən 700 yerin yaradılması imkan verəcək ki, koronavirusa yoluxmuş insanların rahat müalicəsi həyata keçirilsin. Bununla yanaşı, yaxın günlərdə ölkəmizə əlavə 15 laboratoriyanın da gətirilməsi nəzərdə tutulur ki, bununla da ümumi laboratoriyaların sayı 44 olacaq. Nəzərə alsaq ki, bu gün 29 laboratoriya ilə 522 mindən çox test keçirilib, əlavə laboratoriyaların gətirilməsindən sonra testlərin aparılması daha da sürətlənəcək. Onu da qeyd etmək lazımdır ki, hazırda adambaşına aparılan testlərin sayına görə Azərbaycan dünyada 40-cı yerdədir”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, hazırda demək olar bütün dünya ölkələri yenidən sərtləşdirməyə gedirlər. Son vaxtlar Çində, Hindistanda, İsraildə, Almaniyada, İspaniyada, Portuqaliyada, Bolqarıstanda yenidən məhdudiyyətlər tətbiq edilir: "Öncədən də deyilirdi ki, koronavirus pandemiyası ölkələr, xalqlar arasında seçim etmir. Pandemiya dünyanı spontan yaxaladığı üçün bu gün bir çox hallarda nümunə kimi göstərilən ölkələrin də səhiyyə sistemini çökdürüb. Məsələn, Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. Bu gün dünyada 12 milyona yaxın insan koronavirusa yoluxub, təxminən 540 min insan ölüb. Təsəvvür edin ki, yoluxanların 6 milyonu, ölənlərin isə 300 minə qədəri ABŞ, Braziliya, Hindistan, Rusiya və Böyük Britaniyanın payına düşür. Bu, həmin ölkələrdir ki, səhiyyə sistemi ilə dünyaya model olaraq təqdim edilirdilər. Amma pandemiya bir daha sübut etdi ki, müasir səhiyyə sistemləri belə hazırlıqsız olduqda çökürlər. Reallıq odur ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Bu mənada, inkişaf etmiş ölkələrdəki vəziyyətin acınacaqlı olmasını nəzərə aldıqda Azərbaycandakı situasiyanı normal hesab etmək olar. Amma bu o demək deyil ki, Azərbaycanda pandemiyanın təsiri zəifdir. Xeyr.Çox təəssüflər olsun ki, dövlətin atdığı bütün addımlara adekvat olaraq bəzi insanlarımızın məsuliyyətsiz hərəkətləri ilə cavab vermələri bu gün virusa yoluxanların sayının 500 ətrafında hərəkətinə səbəb olub. Təsəvvür edin ki, qaydaları pozanlar cəzalandırılır, cərimələr artırılır, lakin insanlar yenə də məsuliyyətsizlik etməkdə davam edirlər. Məşhur otellərin birinin karantin qaydalarını pozmasına da göz yummaq mümkün deyil. Vətəndaşlarımız məsuliyyətsizlik edib, bu öz yerində. Bəs, otelin rəhbərliyi hara baxır? Onlar dövlətin tətbiq etdiyi qaydaları nəzərə almırlarmı? Karantin günlərində 5-10 nəfərin onların istirahət xidmətindən istifadə etməsi hansı maliyyə itkisini bağlayacaq ki? Əksinə, 5-10 nəfərin karantin qaydalarını pozub istirahət etmələri əlavə 600 nəfərin yoluxması deməkdir. Axı, hər dəfə təkrar-təkrar deyirik ki, bir koronaviruslu xəstə 60 nəfəri yoluxdura bilər. Bax, elə səbəb də budur ki, günlərdir Azərbaycanda virusa yoluxanların sayı 500-dən aşağı enmir. Doğrudur, polis bu cür hallara qarşı mübarizə aparır. Polislərimiz də insandırlar. Əgər pandemiya şəraitində qarşılıqlı anlayış və hörmət olmasa, dünya düşməni olan koronavirusa necə qalib gələcəyik? Məgər hansısa vəsait, pul, yardım insanları xilas edəcəkmi? Xeyr. İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək. Məsuliyyətli olub karatin qaydalarına riayət etməliyik, polislərimizə və həkimlərimizə hörmət etməliyik, dövlətin situasiyanı idarəetmə siyasətinə və tədbirlərinə anlayışla yanaşmalıyıq”.
Sədaqət Vəliyeva əlavə edib ki, indiki şəraitdə "bir nəfər hər kəs üçün, hər kəs də bir nəfər üçün” prinsipi ilə davranmalı, dövlətin ətrafında sıx birləşməli və pandemiyanı məğlub etməliyik. Əks halda sonu bilinməyən proseslərə yol açıla bilər.
banner

Oxşar Xəbərlər