• çərşənbə axşamı, 19 mart, 13:39
  • Baku Bakı 8°C

“İnsanın içi rəngli olmalıdır” - Fenomen

13.09.19 13:30 18917
“İnsanın içi rəngli olmalıdır” - Fenomen
Hər keçən gün daha da inkişaf edən texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün hamı, xüsusilə də gənclər istədikləri məlumatı əldə etmək üçün sosial şəbəkələrdən, internetin təqdim etdiyi digər vasitələrdən istifadə edirlər. Bəziləri bloq yaradaraq insanların daha çox maraqlandığı mövzulara dair araşdırmalar edir və ən asan üsulu onlara göstərməyə çalışırlar. Bu istiqamətdə populyarlıq qazananlar qısa zamanda fenomenə çevrilirlər. "Fenomen” rubrikamızın ilk qonağı radio və televiziya aparıcısı, bloqer Turanə Hüseynlidir. O deyir ki, bu gün fenomen olmaq o qədər də çətin deyil.

- Sizcə, tamaşaçılar Tutunu, yoxsa videobloqer Turanəni daha çox sevir?
- Tamaşaçılar ilk olaraq məni MAG verilişinin aparıcısı Tutu kimi tanıdı. Uzun müddətdir ki, radio aparıcısı da deyiləm. Heç "Oralar”dakı Turanə də deyiləm. İndi İctimai Televiziyanın səhər aparıcısı Turanəyəm. Səhərimi tamaşaçılarla birlikdə "Sabahınız xeyir”lə açıram.

- Səhər-səhər bu qədər müsbət enerjiyə sahib olmağın hər hansı bir yolu varmı?
- Hər şey insanın daxilindən başlayır. Heç zaman beynimin içərisinə neqativ zərrəciklərin daxil olmasına imkan vermirəm. Sahib olduğum müsbət hadisələri göz önümə gətirib, içimdəki neqativ enerjini çıxarmağı bacarıram. Ətrafımda bədbin, neqativ, daim pis düşünən, başqaları haqqında qeybət edən insanlar yoxdur. Adi rəfiqəmlə görüşəndə işlərimizdən, gələcək planlarımızdan danışırıq. Bu da məni hər zaman müsbətə kökləyir. Çalışıram ki, dostlarımla oturanda ancaq özümüzdən danışaq. Belə olanda insanın başı ancaq özünə qarışır. İnsanın beyni özü ilə məşğul olanda, "mən nə edim ki, xoşbəxt, uğurlu olum?” kimi düşünəndə, orda başqa məsələlərə yer qalmır. Beynində özünə aid yer olmayan insanların beyni o qədər boş olur ki, ancaq düşünürlər, "görəsən nə edim?” və başlayırlar başqaları haqqında danışmağa.


- Qeyd etdiniz ki, hər kəs sizi ilk olaraq Tutu kimi tanıyıb. Bəs Tutunun Turanəyə çevrildiyi proses çoxmu çətin oldu?
- Biz Fariz və Xəyalə ilə üçlükdə MAG verilişinə başlayanda "MZ Production”ın rəhbəri Üzlüfət xanım dedi ki, Fariz, Xəyalə və Turanə efir üçün çox uzun addır. Nə Farizi Fafa edə bilərik, nə də Xəyaləni Xaxa. Sənin adını qısaltmalayıq. O gündən sonra mən Tutu olaraq efirə çıxdım. Artıq öz adımı unutmuşdum. Kimsə mənə Turanə deyəndə şübhələnirdim ki, görəsən məndən inciyibmi? Bir dəfə rəfiqəm dedi ki, Tutu başında keçi olan balaca qız idi, indi artıq böyümək vaxtıdır.

- Və siz ondan sonra böyüməyə çalışdınız?
- MAG-dan ayrılanda artıq böyümüşdüm. Hoppanaraq "salam gənclər” deyib studiyaya girə bilmirdim. Tutudan Turanəyə keçmək mənim üçün bir az çətin oldu. İndi də uzun müddətdir dostluq etdiyim iki ən yaxın rəfiqəm mənə Tutu deyə müraciət edir.

- Bəs zamanın tələbindənmi videobloqerliklə məşğul olmağa başladınız?
- İçimdə bir tələbat var idi. O zaman bizdə çox az adam özünə şəxsi bloq açmışdı. Düzdür, "İntagram” səhifəmdə kifayət qədər izləyicim vardı. MAG-dan ayrılandan sonra televiziyalardan çoxlu təkliflər almağa başladım. Mənim arzum əgər bir "talk şou” aparıcısı olmaqdırsa, o yerə gedən yolda hər şeydən keçən biri deyiləm. Misal üçün, "talk şou” aparıcısı olmaq üçün şou nümayəndələri ilə dostluq edib, onlarla yaxınlıq etməyə çalışan tip deyiləm. Həmin dönəmlər kənara çəkildim və şou proqramları, kolbasa-sosiskalı reklamları qəbul etmədim. Müxtəlif reklam agentlikləri ilə çalışıb, marketinq, PR işini öyrəndim. Daha sonra Araz FM-də radio aparıcı olaraq ilk debütümü etdim və Avto FM-də çalışdım. Radioda işlədiyim dövrdə başa düşdüm ki, mən daha çox video ilə bağlı bir layihə istəyirəm. Əgər bunu televiziyada edə bilmirəmsə, "Youtube” mənə bu şansı verir. Həmin ərəfələrdə Gənclər Fondu müsabiqə elan etmişdi. Müsabiqəyə "Əlfəcin” adlı bir layihə verdim. Əlfəcin kitabın vərəqləri arasına qoyulan, xatırlatma üçün olan bir kağız parçasıdır. Hətta bu gün mənə Əlfəcin Turanə də deyirlər. Bu layihəyə şəxsiyyətinə, fikirlərinə hörmət etdiyim müxtəlif sahələrdə çalışan məşhur simalardan DJ Fateh, Bəhram Bağırzadə, Azər Qərib, Sevda Ələkbərzadə və Elxan Qaraqanı dəvət etdim, onlarla kitabarası söhbətlər etdim. Youtube-da etdiyim bu layihə çox uğurlu oldu. Qrand layihəsi olduğu üçün böyük maliyyə tələb edirdi və bunun davamını gətirə bilmədik. 22 yaşımda özüm komanda toplayıb, həyata keçirdiyim layihə idi. Düşünürəm ki, indi oturub o keyfiyyətdə layihə edə bilmərəm.

- Video hazırlayanda bloqunuz üçün mövzuları necə seçirsiniz?
- İnternet resurslarından yararlanıram. Nəyisə araşdırmağı çox sevirəm. Bloqun adını ona görə "Turanə hazırlayır” qoymuşdum ki, hər şeyi ilk dəfə hazırlayırdım. Misal üçün, həyatımda ilk dəfə toyuq ləvəngisi hazırlamışdım. Mən onu anamda görmüşdüm, ancaq hazırlamamışdım. Hər kəs o ləvəngini çox bəyənmişdi. İlk dəfə təcrübəmi kamera qarşısında sınamışdım. İnanıram deyə bu məndə uğurlu alınır. Alınmasa, insanları inandırıram ki, bu, həqiqətən yaxşı şeydir və insanlar o zaman inanırlar.

- Bloqunuza gələn şərhləri oxuyursunuz?
- Əlbəttə ki, oxuyuram. Əvvəl MAG-da çalışanda, sosial şəbəkədə şəkillərimizi paylaşanda altından haqqımda "nə eybəcər qızdır” yazılmışdı. Mən onu oxuyanda oturub ağlayırdım (gülürük). Böyüdükcə başa düşdüm ki, insan nə qədər bekar olmalıdır ki, başqa birisi haqqında pis rəy yazmağa zamanı olsun. İndi həmin insanlara ancaq xoşbəxtlik arzulayıram ki, kaş o qədər məşğul olsunlar ki, belə şeylərə vaxt sərf etməsinlər. Hətta sizə deyim ki, iş agentlikləri ilə axtarışlar etməyə başladım ki, onları yönləndirim, gedib işləsinlər. Çox şükür ki, izləyicilərim mənə ağır sözlər, mədəniyyətsiz şərhlər yazmırlar. Bəylər belə mənə çox ehtiyatla şərh yazırlar. Hətta kompliment yazanda da bunu ehtiyatla edirlər. Düşünürəm ki, mən izləyicilərlə aramda o sərhədi qoya bilmişəm. Elə xanım deyiləm ki, kimsə mənimlə rahatlıqla zarafat eləsin. Şükür ki, məni olduğum kimi tanıya biliblər.

- Sizin fəaliyyətinizə nəzər yetirəndə görürük ki, hər işlə bir az məşğul olmusunuz. Məsələn, musiqi, rəqs, videobloqerlik, radio aparıcılığı və sair.
- Çünki çılğınam, enerjiliyəm. Həyatda hər şeyin dadına baxmağı xoşlayıram. O dönəmlərdə həyatda nə istədiyimi bilmirdim və hər şeyin dadına baxmaq istəyirdim. Mətbəx bloqu yaratmaq istəyirdim, yaratdım. "Əlfəcin” layihəsini həyata keçirmək istəyirdim, etdim. Bunların hamısının həyatıma qatqıları oldu. Uşaqlıqda rəssamlıq, heykəltəraşlıq, pianino, skripka, rəqs və xorla məşğul olmuşam. Və mən aparıcı olduqda, indiyə qədər öyrəndiyim bu sənət növlərinin hər biri mənə lazım oldu. Misal üçün, aparıcısı olduğum verilişə rəssam qonaq gələndə onunla sərbəst şəkildə danışır, musiqiçi ilə dialoqa girə bilirəm. Hər şeyin ən yaxşı bilicisi deyiləm, ancaq hər şeydən məlumatlı olmağı sevirəm.

- Uğursuzluq sizi heçmi izləməyib?
- Mənim həyatımda səbəbsiz yerə uğursuzluq olmayıb. Yadımdadır ki, 2017-ci ildə rəfiqəmlə Starbox-a bir iş üçün müraciət etməyə getmişdim. Son qəpiyimlə evdən çıxmışdım ki, bəlkə bu iş alınar. Oradan imtina cavabı alanda, oturub hönkür-hönkür ağlamışdım. Hansı ki, mən insanların içərisində heç vaxt ağlamaram və bu baxımdan kompleksim var. Deyirdim ki, "bu qədər də uğursuzluq olmaz”. Onda başımı qaldırıb dedim ki, "Allahım, bu qədər uğursuzluğun bir mükafatı olmalıdır”. Bir ay keçməmiş, "Oralar” layihəsinə təklif aldım və dünya səyahətinə çıxdım. Ondan sonra həyatımda hər hansı bir uğursuz gün yaşayanda, səbirlə keçirirəm, özümü motivasiya edirəm, deyirəm bu da keçəcək, səni çox gözəl bir həyat gözləyir.

- İstərdim içinizdəki rəngli dünyaya səyahət edək və bizi daim şən, pozitiv olan Turanə ilə daha yaxından tanış edəsiniz.
- Özümü olduğum kimi sevirəm. 9-cu sinfə qədər çox ciddi bir şagird olmuşam. Hər zaman ön partada oturan, iki hörüyü olan, 5 qiymət alan, ciddi bir qız olmuşam və 9-cu sinfə qədər heç zaman gülməyi bacarmamışam. 9-cu sinifdən sonra xarakterim ciddi şəkildə dəyişdi.

- Sizi güldürən səbəb nə oldu?
- Bilmirəm. Böyüdükcə özümdən sıxıldım. Daha sonra kimya-biologiya təmayüllü liseyə keçdim. Başa düşdüm ki, əslində mən şən bir insan imişəm. Məktəb illərində valideynlərim mənə "sən böyük qızsan” deyirdilər. Düşünürdüm ki, böyük qız hər zaman ağır olmalı, danışıb-gülməməlidir. İndi isə içimdəki bütün Turanələri sevirəm. Ən çox daxilimdə iki Turanə var ki, onları daha çox sevirəm. Onlardan biri Turanə xaladır, o hər an mənə deyir ki, "bunu etmə, uşaq deyilsən”. Bir də 18 yaşlı Turanə. O, keçi hörüklü, şən, pozitiv, istədiyini deyən, istədiyi kimi əylənən, küçədə rəqs edən və hər an yerindən və zamanından asılı olmayaraq mahnı oxuyan biridir.

- Bəs onlardan hansını daha çox sevirsiniz?
- Balaca Turanəni. Çünki o çox şirindir. Gün keçdikcə özümü daha çox sevməyə başlayıram. Öz düşüncələrimi, saçımı, bədən üzvlərimi. Çünki insan özünü sevdikdən sonra istədiyi kimi yaşamağa başlayır. Bunun üçün də ilk növbədə insanın içi rəngli olmalıdır. Məsələn, mən bu gün yenə də rəssamlıqla və rəqslə məşğulam. İçimdəki o rəngli dünyamı özüm istədiyim kimi doldura bilirəm. Özümü heç zaman tək hiss etmirəm. Əgər bu gün özüm tək çıxıb kinoya gedirəmsə, bu mənim üçün özümlə keçirdiyim zamandır və öz dünyamda xoşbəxtəm. Bu dünya ona görə rəngli qalıb ki, heç zaman özümü məcbur etməmişəm ki, işlə, pul qazan. İnsanın həyatındakı o məcburi işlər onun ruhunu ağırlaşdırır, rənglərini soldurur.


- Bəlkə də fərqiniz bundadır?
- Məncə, hamı fərqlidir. Bizim barmaq izlərimiz nə qədər fərqlidirsə, insanlar da o qədər fərqlidir. Mən öz iç səsimi dinləyirəm. Məhz bunun üçün həyatda daha cəsarətliyəm.

- Özünüzü fenomen hesab edirsinizmi?
- Əsla. Deyim ki, bu gün fenomen olmaq o qədər də çətin deyil. Kimin "İnstagram” səhifəsinə baxırsan, hər kəs ulduzdur. Sosial şəbəkədə məşhur olmaq o qədər də çətin deyil. Əgər gözəl, yaraşıqlısansa və brend geyinirsənsə, maraqlı söhbətlər edirsənsə, sən artıq məşhursan. Bu gün Azərbaycanda bloqerliyin haqqını verən xanım bloqerlər kifayət qədərdir. Bu insanlar kifayət qədər araşdırmalar edirlər. Blogerlik işi həqiqətən də çətindir. Onları işlərində dəstəkləyirəm. Mənim onlardan fərqim ondadır ki, televiziyada çalışan və kifayət qədər sosial mediada tanınan gəncəm. Məsələn, Taleh Yüzbəyov fenomendir, ancaq mən yox.

- Son olaraq müsahibə almaq, yoxsa vermək çətindir?
- Müsahibə vermək daha rahatdır, çünki heç kim mənim sözümü kəsmir (gülürük).

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər