AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“İlk sinxron təcrübəm 1-ci kursda Prezidentin qarşısında olub” - Gör-götür

“İlk sinxron təcrübəm 1-ci kursda Prezidentin qarşısında olub” - Gör-götür

Gənclik qəzeti
19 İyun 2020, 11:00 2323
 
Elnur Hüseynov: Əgər tərcümə vaxtı məna 10-15 faiz qədərində itirsə, sən sinxronçu deyilsən
 
Sinxron tərcüməçi kimi karyerasına ispan dili ilə başlayır, buna görə də əksər həmkarları onu "ispan Elnur” adlandırırlar. Ancaq zamanla tərcümə etdiyi dillərin sayı artır. Hazırda 4 dildə sinxron tərcümə ilə məşğuldur. Sinxronçu kimi fəaliyyəti boyunca, eyni zamanda biznes sektorunda rəhbər vəzifələrdə çalışır. Söhbət ispan, ingilis, rus və Azərbaycan dilləri üzrə peşəkar sinxron tərcüməçi, biznes məsləhətçisi Elnur Hüseynovdan gedir.

- Ölkəmizdə eyni zamanda ispan, rus, ingilis və Azərbaycan – bu 4 dildə sinxron tərcümə edən yeganə mütəxəssissiniz. Söhbətə bu yolun əvvəli ilə başlayaq...
- Ətrafımda bacı-qardaşlarım və digər qohumlar ən azı iki xarici dildə danışıblar deyə, uşaq yaşlarımdan məndə də xarici dillərə böyük həvəs yaranmışdı. İngilis dilində danışmaq mənim üçün o vaxt yalnız xəyallarda mümkün idi. 5-ci sinifdən ixtisaslaşmış ingilis dili məktəbinə daxil oldum və orada oxumağa, bu dili öyrənməyə başladım. Məktəbdən əlavə həftədə 3 dəfə fərdi dərslər alırdım. Uşaqlıqdan artıq bilirdim ki, həyatım dillərlə bağlı olacaq. O vaxt atam deyirdi: "dili öyrəndin – bəs o dildə nə danışacaqsan?” O, dildən bir vasitə kimi istifadə etməyimi istəyirdi və iddia edirdi ki, başqa bir peşəyə yiyələnməliyəm. Azərbaycan Dillər Universitetinə qəbul olub oxumağa başlayanda isə, gördüm ki, dil bir vasitədir, ancaq eyni zamanda məqsəd də ola bilər; dildən də pul qazanmaq mümkündür.

- Universitetə sənəd verərkən xəyallarınızın dili adlandırdığınız ingilis dilini deyil, ispancanı seçməyinizin səbəbi nə idi?
- 5-ci sinifdən sonra ingilis dilini öyrənməyə çox vaxt sərf etmişdim. Universitetə daxil olduqda, təkrar bu dili öyrənməyə lüzum görmədim. Başqa bir dili öyrənməyin daha yaxşı olacağını düşünürdüm. O vaxt ölkə başçısının Cənubi Amerika və İspaniyada ölkəmizin səfirliklərinin açılması ilə bağlı sərəncamları oldu. Fikirləşdim ki, məzun olduqdan sonra ispan diliylə bir işim olacaq. Həmin vaxtlar universitetdə ispan-ingilis dilləri üzrə yeni ixtisas açılmışdı. 
 


- Orta təhsilinizi rus dilində almısınız, adətən belə hallarda Azərbaycan diliylə bağlı zəiflik olur. Sizdə belə bir problemin olmamağının səbəbi nədir?
- Rus dilində oxusam da, əhatəm əsasən azərbaycandillilər idi və buna görə çox sevinirəm. Azərbaycan dilimi təkmilləşdirməklə bağlı qarşıma qoyduğum məqsəd həyatda verdiyim ən doğru qərarlarımdan biri idi.

- Dil öyrənmək başqa, sinxron tərcümə ilə məşğul olmaq ayrı. Bəs nə vaxt sinxron tərcüməyə başladınız?
- Bəli. Səhv etmirəmsə, ilk sinxron tərcüməm birinci kursda oldu. Bakıda Prezidentin iştirakı ilə humanitar forum keçirilirdi. Böyük bir konfrans zalında təcili ispandilli tərcüməçi axtarırdılar. Ölkədə həmin dil üzrə bir tərcüməçi yox idi və necəsə məni tapdılar. Dedim ki, sinxronu edə bilmirəm. İspan dilini həmyaşıdlarımdan yaxşı bilsəm də, bunu sinxron tərcümə üçün yetərli hesab etmirdim. Dedilər ki, gir kabinəyə, edəcəksən (gülür). Başqa seçimim yox idi. Məcburən məni kabinəyə saldılar. İlk sinxron təcrübəm Prezidentin qarşısında oldu. Stressli keçsə də, nəticədə alındı və buna görə çox sevinirdim. Beləliklə, ispan dili ilə başladım və məni əksər həmkarlarım "ispan Elnur” kimi tanıdılar. Bir-iki il sonra ingilis dilinə keçdim.

- Tərcümə fakültəsini bitirən bir çox gənc sinxronçu olmaq arzusu ilə yaşasa da, heç də hamısı bu sahə üçün hazırlıqlı olmur. Birinci kursda məcburən də olsa, bunu etmisinizsə və işinizin keyfiyyətindən şikayət olmayıbsa, deməli müəyyən qədər tələbə vaxtı hazır idiniz. Özünüzü necə yetişdirmişdiniz?
- Təəssüf ki, Azərbaycan Dillər Universitetində tələbələri daha çox yazılı tərcüməyə hazırlayırlar. Bizdə sinxronçu peşəsi ilə bağlı indi də təhsil səviyyəsi aşağıdır. Adicə bir fakt deyim ki, ADU-da təhsil alan tələbələrin 80-85%-i qız olur, ancaq sinxron tərcüməçilərin mütləq əksəriyyəti kişi cinsinə mənsubdur. Mən ekstravert olduğumdan daim şifahi nitqə fokuslanmışdım. Bu iş peşəkarlıqdan əlavə, daxili qabiliyyət və müəyyən vərdişlər tələb edir. Bu vərdişləri avtomatik səviyyəyə çatdırmaq lazımdır ki, düşünməyəsən. Sinxronda düşünürsənsə, deməli, hazır deyilsən, ləngsən. Sinxronçu ildırım sürətilə düşünən bir kəsdir. Özümü bu hala gətirmək üçün 3-4 dildə lüğəti demək olar ki, əzbərləyib, sonra beynimdə fərqli situativ ssenarilər qururdum. Daha çox eşidərək nəyisə mənimsəyirdim, nəinki görərək. Yaddaşın da fərqli növləri var – biri vizual, biri də səslə. Mən səslə öyrənirdim.
 


- Amma sinxron tərcümədə dodaqdan oxuma metodu da var. Səs yaxşı eşidilməyəndə, dodaqların hərəkətinə baxıb tərcümə edirlər. Bu cəhətdən sizdə problem olmur?
- Dodaq, bədən dili, qeyri-şifahi dil, vərdişlər var – bütün bunlar tərcüməçiyə mənanı çatdırır. Məhz bu səbəbdən sinxron tərcüməçi məruzəçini görməlidir. Bu səbəbdən bizim kabinələrin bir hissəsi şüşədən ibarətdir ki, oradan mühazirəçini görə bilək. Kabinə uzaq olanda, sənin qarşında məruzəçini görmək üçün monitor qoyurlar. Səs elədir ki, itə bilər, amma sən o adamı görürsənsə, dodağından, davranışından, gözündən, əllərindən, duruşundan, üz cizgilərindən dediklərini oxuya bilməlisən. Bütün bunlar sənə mesaj verir. Həmin mesaj bəzən onun dediklərindən daha vacib olur.

- Sizi sosial şəbəkədə izləyirəm, karantindən öncə, demək olar ki, hər gün hansısa bir iş prosesindən paylaşım edirdiniz. Yəqin bir çox sinxronçunun arzusudur ki, "frilans” çalışsa belə, hər gün işi olsun. Nə qədər müddət sonra bu mümkün olur?
- "Frilans” işləmək doğrudan da maraqlıdır. Arada zarafat edirəm ki, mən işsizəm, amma hər gün işləyirəm. Ötən il 262 dəfə sinxron və ardıcıl tərcümə etmişəm. Bu, Azərbaycanda rekord rəqəm idi. Onların 80 faizi fərqli dillərdən sinxron tərcümə idi. Deyə bilərəm ki, təxminən 7 ildən sonra bu səviyyəyə çatdım. Hələ də öyrənməyə çox mövzu və biliklər var. Öz brendini qurandan sonra müştəri portfelini yığırsan, ixtisaslaşırsan, daha da püxtələşirsən. Peşəkarsansa, işini bilirsənsə, müştəriyönümlüsənsə və işini sevirsənsə, daim işin olacaq. Buna əmin olmaq lazımdır.

- Müştəriyönümlü sinxronçu deyəndə, nəyi nəzərdə tutursunuz?
- İstənilən xidmət sahəsində müştəriyönümlü olmaq lazımdır. Əslində Qərbdə tərcüməçilər mövzulara görə ixtisaslaşır. Bu gün neft-qaz sahəsində işləyirsənsə, sabah insan hüquqları, siyasi məhbuslar mövzusunda tərcümə edə bilməyəcəksən. Etməməlisən də. Azərbaycanda bu sahədə peşəkar mütəxəssis azdır, tələb isə çoxdur. Mən əsasən siyasi sahələrlə bağlı işlərə dəvət olunsam da, digər istiqamətlərdə özümü daim inkişaf etdirirəm. Hətta iki ilə yaxındır ki, tibbə də yönəlmişəm. Bunu müştəri tələb edir – ya mütəxəssis yoxdur, ya da çox azdır. Müştəriyönümlü tərcüməçi konteksti hiss edərək müştəriyə onun danışdığı dildə, onun eşitmək istədiyi tərzdə tərcüməni ötürməlidir. Auditoriyadakılar məruzəçi ilə özləri arasında tərcüməçinin olduğunu hiss etməməlidir. Mən daim kömək etməyə hazır olan biriyəm və buna görə də müştərilərim üçün bir dostam, tərcüməçiyəm, məsləhətçiyəm, xoş bir insanam və ya ən azı buna çalışıram. Bu, bir xidmət sahəsidir və burada yalnız bilik səviyyənə görə qiymət vermirlər. Şəxsi keyfiyyətlərin də o qədər vacibdir.
 


- 10 ildən çoxdur ki, sinxronçu kimi çalışırsınız. Amma bu müddətdə həm də biznes sferasında işləmisiniz. Bir az da bu paralellikdən danışın.
- Adətən hər şey dildən başlayır, sonra idarəetməyə keçir. İdarəetmənin kökündə kommunikasiya dayanır. Rabitə də dildən yaranır. Beləcə, mən də karyeramın əvvəlindən həm də biznes sektoruna yönəldim. 7 il bir şirkətə (HRG Azərbaycan) rəhbərlik etdikdən sonra Türk Hava Yollarında regional satış direktoru, sonra isə fərqli beynəlxalq layihələrdə iştirak etdim. Bu müddətdə ölkə xaricində yaşasam da, tez-tez ölkəyə gəlib-gedirdim. Daim sinxronçu və təlimçi papaqlarını dəyişə-dəyişə davam etmişəm. 2 il əvvəl ölkəyə qayıdandan sonra qərar verdim ki, ancaq tərcümə ilə məşğul olacam, ən sevdiyim işimlə.

- Biznesdən tamamilə uzaqlaşmısınız?
- Xeyr. Turizm, İT, tikinti və s. sahələrdə çalışan bir sıra şirkətlərə konsaltinq xidməti göstərirəm. 

- Həm də Xəzər Universitetində və Azərbaycan Diplomatik Akademiyasında (ADA) müəllim kimi çalışırsınız..
- Bəli, 8 ildir ki, universitetdə marketinq və beynəlxalq menecment üzrə dərs keçirəm. Biznes sahəsində akademik təcrübəm olmasa belə, həyat və iş təcrübəm kifayət qədərdir. 

- Müsahibədən öncə söhbət zamanı sinxronçuların qəribə davranışları ola biləcəyini dediniz. Bu mövzuya toxunmasaq, olmaz.
- Sinxronçu o qədər fərqli mövzuda və o qədər çox insanla işləyir ki, nəticə etibarilə bəzi hallarda məruzəçidən qat-qat yaxşı çıxış edə biləcək qədər bilikli olur. Eyni mövzuda 100 tədbir tərcümə etsəniz, 101-cidə məruzəçidən də tez hamısını bir-bir danışa bilərsiniz. Sinxronçularda belə bir pis vərdiş yaranır. Özündən daha az bilikli insanlarla işlədikdə, təkəbbür, "mən bilirəm, sən bilmirsən” kimi yanaşmalar ola bilir. Peşəkar tərcüməçilər bu hallardan çəkinməlidir. Daim özünə xatırlatmalıdır ki, sən məruzəçi deyilsən, xidmət göstərənsən. 

Başqa bir məsələ odur ki, biz bəzən tədbirdən sonra o tədbir haqqında heç nə xatırlamırıq. Hətta bəzən işi bitirib kabinədən çıxanda, hansı mövzunu tərcümə etdiyini soruşurlar, amma yadımıza düşmür. İnsanlar fikirləşə bilərlər ki, tərcüməçinin gözəl yaddaşı olmalıdır və ya var. Bu, bir az yanlışdır. Ardıcıl və yazılı tərcüməçinin yaddaşı çox güclüdür, sinxronçulara gəldikdə, bizdə qısamüddətli yaddaş olduğundan, tərcümə edən kimi unutmalıyıq. Əks halda, beynimiz buna tab gətirə bilməyəcək.

- Sinxron tərcüməyə öncədən hazırlıq prosesi olurmu? Hansısa sözün yada düşmədiyi hallarda vəziyyətdən çıxma metodları nələr olur?
- Peşəkar şəxs işinə əvvəlcədən hazırlaşır və prosesi səmərəli şəkildə keçirir. İnsan hüquqları ilə bağlı tərcümə edəcəmsə, öncədən onu araşdırıram, tədbirin proqramına baxıram, məruzəçinin kim olduğunu öyrənirəm, həmin mövzu ilə bağlı dostlarla fikir mübadiləsi aparıram, videolara baxıram və s. Bütün bunlarla belə, hansısa sözün birbaşa tərcüməsi lazımi anda yadına düşmürsə, ancaq sözün hansı mənaya gəldiyini bilirsənsə, bu zaman həmin fikri 2-3-4, bəzən 5 sözlə ifadə edirsən. Fikri izafi sözlərlə ifadə etmək yaxşı tərcüməçi olmaq anlamına gəlmir. Əksinə, yaxşı tərcüməçi sözləri zərgər kimi seçir və tam mənanı çatdırır. Hər hansı sözü unutdunsa, onu tapmağa sənə həmkarın kömək edə bilər. Ya özü daha uyğun variantı deyəcək, ya internetdən öyrənib kömək edəcək. Bunu auditoriya duymadan ehmalca edirsən. Xüsusi fəndlər var, təbii ki. Məsələn, nitqini ləngidə, araya "deməli”, "beləliklə” kimi əlavə sözlər salıb vaxt uda bilərsən. Ancaq nitqi bu cür ifadələrlə doldurmaq olmaz. Sinxron tərcüməçilər cüt işləməlidir, amma Azərbaycanda müəyyən səbəblərə görə yalnız bir nəfəri dəvət edirlər. Bu da təəssüf ki, bizə öz təsirini göstərir - həm keyfiyyətə, həm sağlamlığımıza zərər dəyir.
 


- Hər sahənin özünə uyğun peşə xəstəlikləri olur. Peşənizdən dolayı, sağlamlığınızda hansısa problem yaranıb?
- Sağlamlığa böyük əhəmiyyət verildiyinə görə bütün dünyada sinxronçular çüt şəkildə işləyirlər. Azərbaycanda isə belə deyil. Mən özüm də neçə il tək işləmişəm, sonra bunun fəsadlarını gördüm. İndi gənc tərcüməçilərə deyirəm ki, bunu diqqətdə saxlasınlar. Fasiləsiz şəkildə işlədiyimə görə, payız gələndə boğazım ağrıyır. Heç bir soyuq yoxdur, amma boğazım ağrıyır, səsim batır, kobudlaşır. Payızın gəlməsi ilə tabletlər, sorma dərmanlar, şərflər, isti su, limon, bal, zəncəfil və s. həyatıma daxil olur. Yayda isə daim su içirəm. 

- Bütün sinxronçular bu problemlə üzləşirlər?
- Daim eyni templə danışan tərcüməçilər var, bir də mənim kimi rəng, emosiya və duz qatmaq üçün çalışanlar. Mən eyni templə tərcümə edib robot kimi tədbiri yola verməməyi seçirəm. Hər məruzəçiyə uyğun şəkildə tərcümə etməyə, səsləndirməyə çalışıram. İtalyan alim, yazar Umberto Eko deyib ki, tərcümə edəndə sən özün deyilsən, başqa şəxssən. Bu prinsipi daim özümə xatırladır, iş prosesində Con, Smit, Marqaret və digər başqa birinə çevrilirəm. Bunu etmək üçün də səs tellərin davamlı olaraq oynayır. Və səs tellərinə mənfi təsir edir.

- Stressli tərəfləri necə, varmı?
- Mən boğazımda olan problemdən əziyyət çəkirəm. Amma bir çox həmkarlarım hövsələdən tez çıxırlar. Tez-tez olur ki, tərcümə edəndə, kimsə gəlib kabinənin qapısını döyür, qeyd yazıb qoyur, telefonda nəsə göstərir, bizə nəsə işarə edir – hansısa formada işə müdaxilə edir. Bu kimi vəziyyətlərə sərt reaksiya verərək kobudluq edə bilirik. Kabinəni sındıran, kabinədən çıxıb auditoriyada qışqıran sinxronçular da olub. Çox gərgin iş rejimində olduqları üçün onları qınamaq da olmur. Amma auditoriya belə şeyləri başa düşmür.
 


- Bir də sinxronçuların "şoka düşmək” kimi halları olur. Buna səbəb nədir?
- Bu, fransız, ispan, bəzən də ingilis dilində olur. Məruzəçi aksentlə danışırsa, nitqi sürətlidirsə, yaxud çox mürəkkəb cümlələrdən istifadə edirsə və ya proqramdan, nitqindən kənar mövzuya keçirsə, belə hallar sinxronçunu şoka sala bilir, durub qalır. Daha çox aksentlərlə bağlı olur. Bizdə fransız dili tərcüməçisi var. Deməli, bir dəfə bir afrikalının fransızca danışığını tərcümə etməli idi. Tərcüməçi dedi ki, mən bunu başa düşə bilmirəm. Məruzəçi danışır, tərcüməçi dayanıb qalır.

Ən peşəkar tərcüməçi üçün əsas sınaq böyük konfranslarda işləmək olur. Böyük tədbirlərdə 5-6, bəzən 7 tərcüməçi bir yerdə sanki xorda mahnı oxuyurlar. Məsələn, ərəb danışırsa, biz ərəb tərcüməçidən asılı oluruq. Əksər tədbirlərdə yük ingilis dili tərcüməçisinin üzərinə düşür. Məsələn, mən ispancadan azərbaycancaya edirəm, onlar mənim tərcüməmdən götürürlər. Mən nə qədər yaxşı etsəm, o birilər də o qədər yaxşı işləyəcək. Mən zəif olsam, onların da işinə təsir edər və 30-40 faiz məna itə bilər. Bu, dəhşətli bir şeydir. Ümumiyyətlə, sinxronda mənanın nə qədər itməsi ilə bağlı rəqəm yoxdur. Ancaq fikirləşirəm ki, 5-6 faizə qədər itə bilər. O da sinxronçunun peşəkarlıq səviyyəsindən və başqa faktorlardan asılıdır. Əgər məna 10-15 faiz qədərində itirsə, sən sinxronçu deyilsən. Get ardıcıl və yazılını et, öyrən, sonra gəl. İndi sinxron tərcümə dəbə düşüb deyə, hamı ona can atır. Amma çoxu nə qədər çətin iş olduğunu bilmir. Demirəm ki, mümkün deyil, amma faktdır ki, dünyada ən çətin peşələrdən biridir.

Bir də yeni başlayanlar ilk vaxtlar çox həyəcanlı olurlar. Çünki ona qədər prezidentlə, nazirlə oturub-durmurlar, onlarla işləyəndə həyəcanlanırlar, çaş-baş qalırlar, səhvlər artır, tərləyirlər, sözlər gəlmir, sürət azalır, "əəə, ııı” ortaya çıxır.

- Sinxronçularla müsahibələrdə şablon sual var: Kimləri tərcümə etmisiniz?
- Kimləri tərcümə etməmişəm ki?! (Gülür.) Mən daha çox siyasi istiqamətdə işləyirəm. İki dəfə Prezident İlham Əliyev üçün tərcümə etmişəm. Onun şəxsi tərcüməçisi var, məni ispan dili tərcüməsi ilə bağlı dəvət etmişdilər. Birincidə Venesuelanın o vaxtkı prezidenti Uqo Çaves gəlmişdi. "Formula 1”in səfiri Fernando Alonso, Braziliya futbol yığmasının kapitanı Kafuya da tərcümə etmişəm. Prezident, nazirlər, komitə rəhbərləri, deputatlar və s. çoxuna haradasa tərcümə etmişəm.

- Karantin günləridir, işləriniz necə gedir? Sizin üçün nə dəyişdi?
- Karantinin ilk vaxtları sinxron tərcümə işləri olmadı, profili dəyişib yazılıya keçdim. Bir ay onu etdim. Yazılı tərcümə sinxronçu üçün darıxdırıcıdır, amma neyləyək? Bir aydır ki, tədbirlər başlayıb, 99 faizi onlayn olur. Təkbətək görüşlər, konfranslar, təlimlər və s. hamısını onlayn edirəm. Evim studiyaya bənzəyir. Hələ ki belə işləyirik, amma çətindir. Canlı tədbirlərdə, görüşlərdə insanı normal görə bilirsən, səsi daha yaxşı qəbul edirsən. Üstəlik, onlaynda bütün gün kompüter qabağında oluram. Adamı çox yorur.
 
Aygün Asimqızı