ICGB Şaquli Qaz Dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) əməliyyat şirkəti olan ICGB Şaquli Qaz Dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumunda iştirakını yeniləyib.
Bu barədə Kaspi.az ICGB-yə istinadən xəbər verir.
Məlumata görə, Bolqarıstanın ICGB AD, “Bulgartransgaz EAD”, “Yunanıstanın DESFA S.A.”, “Gastrade S.A.”, Macarıstanın FGSZ LTD və Rumıniyanın “SNTGN TRANSGAZ S.A.” şirkətlərinin nümayəndələri Yunanıstanın Afina şəhərində Anlaşma Memorandumunun yenilənməsi haqqında saziş imzalayıblar.
Qəbul edilmiş sənəd Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək və təbii qazın nəqlinə imkan verəcək Şaquli Qaz Dəhlizinin yaradılması üzrə şirkətlər arasında əməkdaşlığa yönəlib.
Qonşu ölkələrin ötürücü sistemlərinin bağlılığının təkmilləşdirilməsi enerji sektorunda Avropanın birgə prioritetləri - regionda enerji təhlükəsizliyinin artırılması, təbii qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsi yolu ilə bazara inteqrasiya, eləcə də rəqabətin artırılması ilə uzlaşır.

ICGB-nin Bolqarıstan və Yunanıstan tərəfindən icraçı direktorları Teodora Georgieva və Georgi Satlas enerji əlaqələrini yaxşılaşdırmaq və daha çox qaz təchizatı mənbələrini təmin etmək üçün region ölkələri arasında sıx əməkdaşlığın zəruriliyini vurğuladılar. Onların fikrincə, regionda dəyişmiş enerji və təhlükəsizlik mühiti şəraitində şaxələndirilmiş qaz mənbələrinə zəmanət vermək üçün yeni enerji layihələrinin inkişafı və tikintisi üzrə əməkdaşlıq əsas prioritet məsələyə çevrilir: “Biz milli və Avropa səviyyəsində görülən ciddi səyləri tanıyırıq, enerji əlaqələrinin təkmilləşdirilməsi və diversifikasiya yolu ilə enerji müstəqilliyinə nail olmaq baxımından yüksək qiymətləndiririk”.

Qeyd edək ki, bu Anlaşma Memorandumu 3 il müddətinə imzalanıb və gələcəkdə daha bir il müddətinə uzadılması mümkün olacaq.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.