• çərşənbə axşamı, 05 noyabr, 12:56
  • Baku Bakı 13°C

Həyəcan imtahan vərəqi gələnə qədər olur - Reportaj

11.01.19 13:15 5515
Həyəcan imtahan vərəqi gələnə qədər olur - Reportaj
Deyirlər, mühazirədə başa düşmədiyini imtahanda anlayarsan. Nəhayət, o gündür... Bəzi tələbələrin bütün semestri gözəyarı baxdığı, bilet qarşısına gələndə "kaş bu dərsdə müəllimə daha diqqətlə qulaq asıb, oxuyardım” dediyi gün... Kimisinin bilet nömrəsinə baxarkən gözlərinin sevincdən işıldadığı, kimisinin də "oxumadığım bilet düşdü” və ya "bəxtim olsaydı, bu bileti seçməzdim” dediyi gün... Bəli, bu gün tələbələrin il ərzində oxuduqlarının yoxlanıldığı, sınanıldığı gündür. Təsadüfi deyil ki, onlar üçün ən qısa gündüz və ən uzun gecələrin yaşandığı an imtahan vaxtlarıdır.

Hazırda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində qış imtahan sessiyası davam edir. Biz də imtahan prosesini izləmək üçün Bakı Slavyan Universitetinə yollandıq.

Saat 9:00-dur. İmtahan başlayır. 5 dəqiqə əvvəl dəhlizdəki səs-küy yerini sükuta verir. Diqqətlə dinləsək, tələbələrin həyəcandan artan ürək ritmini də duyarıq. Hər birinin simasında fərqli ifadə var. Kimisində qorxu, kimisində həyəcan, kimisində də özgüvən. Bütün ifadələrin bir amalı var: imtahandan keçmək. Gözlərini yumub, biletlərini çəkib, yazmağa başlayırlar. Bileti çəkdikdən sonrakı üz ifadələri də fərqlidir. Kimisi sevinir, kimisi "qismət” deyib keçir.

Universitetin rektoru, professor Nurlana Əliyeva imtahan keçirilən otaqları gəzir, tələbələrin həyəcanını azaltmağa, onlara ürək-dirək verməyə çalışır. Bütün auditoriyalarda tələbələrlə söhbətləşir: "İmtahanlarda yeganə meyar bilikdir. Oxuyan tələbə üçün imtahan çətin deyil. Sadəcə, semestr boyu oxuduqlarınızı, biliklərinizi sübut etmək vaxtıdır. Hər birinizə uğurlar!”


Rektorun humanistliyi

Rektor dəhlizdə imtahanları müşahidə edərkən bir tələbə "şparqalka”dan istifadə etdiyi üçün imtahandan xaric edilir. Tələbə simasındakı peşmanlıq ifadəsi ilə rektora yaxınlaşır və ona ikinci şans verilməsini xahiş edir:

Rektor: "Niyə özünü aldadırsan? Niyə oxumursan?”

Tələbə: "Birinci kursda oxuyuram. Universitetdə ikinci imtahan təcrübəm olduğu üçün öz biliyimə güvənmədim, belə səhv etdim. Hələ yazmağa başlamamışdım, çox xahiş edirəm mənə ikinci şans verin. Bir daha təhsil həyatımda "şparqalka”dan istifadə etməyəcəyəm”.

Rektor tələbənin vərəqinə nəzər yetirir və həqiqətən "şparqalka”dan istifadə etmədiyini, vərəqin ağ olduğunu görüb onun yenidən imtahana buraxılmasına göstəriş verir. Bu dəfə ön sırada və xüsusi nəzarətlə ona ikinci şans verilir”.


"Yeganə meyar bilikdir”

Rektor nəzarət etmək üçün operativ qərargahın yerləşdiyi otağa gedir. Biz də söhbətləşmək üçün qərargaha üz tuturuq. İmtahanlarla bağlı məlumat verən N.Əliyeva deyir ki, Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyası yanvarın 3-dən başlayıb: "İmtahan sessiyası ərəfəsində universitetdə ciddi hazırlıq işləri aparılıb, şəffaflığın təmin edilməsi üçün hər cür şərait yaradılıb. İmtahandan öncə hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirilib. Onlara öz tövsiyələrimi verib, imtahanlarda biliyin yeganə meyar olmasını izah etdim”.

N.Əliyeva imtahanlar dövründə tələbələrlə məsləhət saatlarının keçirildiyini də qeyd edib: "Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ Qərargah və Münaqişə Komissiyası yaradılıb. İmtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının "Modul 3” bölməsində onlayn şəkildə bütün kurslar üzrə imtahan nəticələri operativ şəkildə elan olunur. Həmçinin tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanı da yaradılıb. BSU-nun saytında onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala, imtahan qərargahı ilə birbaşa əlaqə yarada bilərlər”.


İmtahan sessiyası ilə bağlı yaradılan qərargahın rəhbəri, universitetin beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədovdur. O, imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirildiyini bildirir və nəticələrin imtahan başa çatdıqdan az sonra elan edildiyini qeyd edir: "Tələbələrin şikayətlərinə onların özləri və valideynlərinin iştirakı ilə baxılır. Buraxılmış səhvlər bir-bir izah edilir”.

Qərargah imtahandan öncə, yəni saat 08:30-da işə başlayır. Rektorun əmrinə əsasən yaradılmış qərargah 13 nəfərdən ibarətdir. İmtahandan əvvəl üzvlər tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır. İmtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Münaqişə Komissiyasında baxılır. Üstəlik, şikayətlərin araşdırılmasında valideynlər də iştirak edir”.

Jurnalistika kafedrasının müəllimi Tofiq Yusifov nəticələri oxuyur: "Hələ ki hər şey yaxşıdır. Bu vaxta qədər heç bir şikayət daxil olmayıb. Ümumiyyətlə, jurnalistika fakültəsinin tələbələri yaradıcı və savadlıdırlar. Əvvəllər bu fakültədə boşluq var idi. Məsələn, hazırda 3-4-cü kurs jurnalistika tələbələri yoxdur. Rektor bu məsələyə xüsusi diqqət ayırdı və 2016-cı ildən sonra biz təbliğat kampaniyaları apardıq, məktəblərə getdik. İndi kifayət qədər tələbələr var və potensialları da çoxdur”.


"Yoldaşlarımı da yandırdım”

Koridordakı sükut azalıb. Artıq tələbələrin bəziləri imtahandan çıxırlar. Dəhlizdəki müzakirə səsləri də Müasir Azərbaycan dili fənnindən imtahan verən tələbələrin səsidir. Şövkət Abışovanın üz ifadəsindən görünür ki, imtahandan yaxşı çıxıb. 2-ci kursda oxuyur. Elə özü də "imtahan necə keçdi” sualına fərqli vurğu və intonasiya ilə "yaxşı” deyir: "Həyəcan imtahan vərəqi önümüzə gələnə qədər olur. Bir müddət keçəndən sonra suallarla tanış olur və yazırıq. Özüm yaxşı yazdığımı düşünürəm. Bildiyim suallar idi. Ümid edirəm ki, qiymətim də yaxşı olar”.

Mehin Qasımova ikinci kursda oxuyur. Deyir ki, "şparqalka”dan bir dəfə istifadə edib və elə həmin gün də peşman olub. Çünki yoldaşlarını da "şparqalka”dan istifadə etməyə təşviq edib, özü ilə birlikdə onları da "yandırıb”: "İnformatika fənnindən imtahan verirdik. Çox çətin idi. Evdə "şparqalka”ları hazırladım və yoldaşlarıma da verdim. Dəftərin altına vərəqlər qoyub yazırdıq. Amma hamımız tutulduq və imtahandan kəsildik. Bəlkə də "şparqalka”dan istifadə etməsəydim kəsilmə ehtimalım az olardı”.

Acı da olsa, həqiqətdir ki, oxumayan tələbələrin imtahanda sevmədiyi insanlar nəzarətçilərdir. Çünki nəzarətçilər ədaləti bərqərar etmək üçün onları 4 gözlə izləyirlər.


"Tələbə elə bilir ki, görmürük...”

Universitetdə "şparqalka”ları əli ilə qoymuş kimi tapan, gözündən heç nə yayınmayan nəzarətçi kimi tanınan Samirə Məcidova ilə söhbətləşirik. S.Məcidova tərcümə fakültəsinin koordinatorudur. Ən çox "şparqalka” tutan müəllimlərdəndir. Artıq tələbələr auditoriyada onu görən kimi "şparqalka”lardan istifadəyə cürət belə etmirlər. Deyir ki, tələbənin baxışları, davranışları onları ələ verir: "Tələbə elə bilir ki görmürük. Həyəcanlanır, ətrafa tez-tez baxır. Elə bil ki, nəisə axtarır. Fikrini suallara yox, kiminsə ona nəzarət edib etməməsinə fokuslayır. Həmin tələbəyə diqqət edir və "şparqalka”dan istifadə edərkən imtahandan xaric edirik”.

Həmsöhbətimiz deyir ki, şparqalkadan ancaq oxumayan tələbə istifadə etmir: "Heç vaxt gördüyüm "şparqalka”ya göz yummuram. Artıq məni görəndə tələbələr bilir ki, köçürə bilməyəcəklər. Mən tələbələrə təəccüblənirəm ki, o "şparqlaka”ya sərf etdikləri vaxta fənni öyrənə bilərlər. Hətta yaxşı oxuyan tələbə də bəzən "şparqalka”yla gəlir. Deyir ki, bir sualı bilmirdim, o da mənə düşdü və istifadə etdim”.

Ayan Yusifli vərəqini təhvil verir və imtahandan çıxır. Deyir ki, çəkdiyi biletdə bildiyi suallar düşdüyü üçün tez yazıb: "Bildiklərim idi və çox rahat yazdım. Arzuladığım bileti çəkmişdim”.


Günün qəhrəmanı Xaləddin...

Nəhayət, rektorun ikinci şans verdiyi, günün qəhrəmanı Xaləddin də imtahandan çıxır. Təəssüratlarını öyrənirik: "Əslində imtahana hazırlaşıram. Lakin bir bileti öyrənib digər biletə keçəndə, o biri bileti unuduram. Ona görə "şparqalka” hazırladım. İstifadə etmək istəyəndə tutuldum və xaric edildim. Kor-peşman çölə çıxdım, gördüm ki, rektor auditoriyaları gəzir. Yaxınlaşdım, xahiş etdim. O da məni əfv etdi. Rektorumuzu onsuz da hər birimiz humanist insan kimi tanıyırıq. Mənə ikinci şans verdiyi üçün ikiqat çox sevdim. Mənim üçün də maraqlı xatirə oldu”.

"Savadlı ana savadlı cəmiyyət deməkdir...”

İmtahan ab-havasından ayrılıb çölə çıxırıq. Bu zaman çöldə həyəcanla gözləyən ana diqqətimizi çəkir. Yaxınlaşırıq, sən demə, gəlinini gözləyən qayınanadır: "Gəlinim ikinci kursda oxuyarkən oğlumla ailə həyatı qurdu. O gündən etibarən ona dəstək olur, imtahanlarda tək qoymuram. Evdə də nəvəmi saxlayıram ki, gəlinim dərsə yaxşı hazırlaşsın. Çünki savadlı ana savadlı cəmiyyət deməkdir”.

"Gəlin mənim süpürgəmdir. Harada qoysam, orada dayanacaq”. Məşhur "Qayınana” filmindən ölməz sənətkarımız Nəsibə Zeynalovanın dillər əzbəri olan ifadəsini, yəqin, xatırladınız. Amma bu gün gördüklərimiz onu deməyə əsas verir ki, indi əksər gəlinlər süpürgə deyil. Hətta qayınanalar özü belə, gəlinin süpürgə olmasını istəmir. Eynilə söhbətləşdiyimiz Müşviqə xala kimi...

Əgər qaynanalar belə dəyişibsə, oxumamağa haqqımız yoxdur. Reportajımızı məşhur "Oxumaq, oxumaq, yenə də oxumaq!” fikirləri ilə bitiririk. Tələbələrə uğurlar arzulayıb, universitetdən uzaqlaşırıq.

Aygün ƏZİZ








banner

Oxşar Xəbərlər