Həvəskarları peşəkarlara çevirən Bakı Film İnstitutu- Reportaj
06.03.17 16:49
5227
Uzun müddət
idi ki, Bakı Film İnstitutuna (BFİ) gedib oradakı tədris prosesi ilə tanış
olmaq istəyirdim. Ancaq hər dəfə müxtəlif səbəblərdən bu məsələ yubanırdı.
Nəhayət, bu günlərdə BFİ Təhsil Mərkəzinin direktoru Fehruz Şamıyevlə əlaqə
saxlayıb "Aktyorluq” dərslərinə qonaq olmaq istədiyimi dedim. "Məmnuniyyətlə, gəlin,
sizi gözləyirik” deməsindən bir neçə saat sonra BFİ-də görüşdük.
BFİ-nin
yaranma səbəbləri
BFİ 2012-ci
ildə Gənc Kinematoqrafçılar Mərkəzinin bazasında yaradılıb. Bu barədə məlumatlı
idim. Lakin mərkəzin direktoru, prodüser Fehruz müəllimin dedikləri daha çox diqqətimi
çəkdi: "Artıq 5 ildir ki BFİ təhsil mərkəzi kimi fəaliyyət göstərir. Düşündük
ki, İncəsənət Universitetini bitirməyən, lakin çox istedadlı gənclərimiz var.
Müxtəlif təhsil ocaqlarında oxumaqlarına baxmayaraq, onların kinoya
bağlılıqları çoxdur. Sadəcə, iş elə gətirib ki, onlar başqa ixtisaslar üzrə
təhsil almalı olublar. Bu cür gəncləri bir yerə yığmaqda BFİ-nin böyük rolu
oldu. Dünya kinosuna nəzər yetirəndə görürük ki, xeyli sayda rejissor, aktyor
və prodüserlər ixtisasca başqa sahə üzrə təhsil alıblar. Lakin istedadları
sayəsində bu sənətdə kifayət qədər uğur qazanıblar. Belə hallar kinoda
normaldır. Bu baxımdan, biz də kinorejissor, aktyor, prodüser kurslarını təşkil
etdik. Hazırda kursumuz videomontaj proqramları üzrə də fəaliyyət göstərir. İlk
dəfə kinoprodüser ixtisası üzrə kursumuz oldu. Həmin qrupda ssenarist,
rejissor, hətta aktyor olmaq istəyən gənclər də vardı. Çünki ölkədə müxtəlif
ixtisaslar üzrə kurslar yox idi. Buna görə hər kəs düşünürdü ki kinoprodüser
kursunda oxumaqla qismən də olsa ssenarist, rejissorluq haqqında müəyyən bilgi
ala biləcək. Sonradan biz belə qərara gəldik ki ayrıca rejissor, kinoprodüser,
ssenarist, aktyor kursları təşkil edək”.
Deyilənə
görə, aktyorluq kursuna maraq daha çoxdur. Dünya kinosunda tanınmış aktyorların
əksəriyyəti demək olar ki, aktyor ixtisası üzrə ali təhsil almayıb. F.Şamıyevin
fikrincə, əgər bir insanda istedad varsa,
onu sadəcə cilalamaq, istiqamətləndirmək lazımdır: "Kurslarımız özündə istedad
olduğunu hiss edən gənclər üçündür. Müxtəlif ali məktəb bitirmələrinə
baxmayaraq, istedadının olduğunu düşünən gənclər bizim kurslarda sənətin
bazasını öyrənir. Düşünürəm ki, hər bir sahədə belədir. Sənətin əsas bazasını
öyrənmək vacibdir. Ondan sonra təcrübə səni daha da inkişaf etdirəcək”.
BFİ hər bir
istedadlı gəncin üzünə açıqdır
F.Şamıyev
əlavə etdi ki, burada dərs deyən müəllimlərin hər biri öz sahəsinin
peşəkarıdır: "Hazırda aktyorluq kursunda dərsləri əməkdar artist Nofəl Vəliyev
keçir. Nofəl müəllim həm də İncəsənət Universitetində 3-cü kurs Dram kino
aktyoru ixtisasında da kurs rəhbəridir. Rejissorluq ixtisasında dərsləri
rejissor Cavid Təvəkkül və Əli İsa Cabbarov keçir. Onların hər iksi peşəkar
insanlardır və müxtəlif beynəlxalq festivalların iştirakçısı və
mükafatçılarıdır. Dərslərimiz daha çox praktikdir”.
Rejissorun
sözünü yarımçıq kəsib bizə hakim kəsilən sualla müraciət edirik: "O zaman
BFİ-nin İncəsənət Universitetindən nə kimi fərqi var?” F.Şamıyev İncəsənət Universitetinin
ali təhsil ocağı olduğunu və orada ixtisasdan əlavə dərslər də keçirildiyini
dedi: "Biz kino təhsili mərkəziyik və spesifik olaraq ancaq ixtisasla bağlı
dərslər veririk. Üstəlik, dərslərdən əlavə, digər peşəkarların ustad dərslərini
də təşkil edirik. Onlar da öz fikirlərini tələbələrimizlə bölüşürlər. Düşünürəm
ki, ustad dərsləri kino sahəsində çox önəmlidir. Bəzən olur ki, kitabda
olmayanları başqasının təcrübəsindən öyrənirsən. Peşəkarlar öz təcrübələrini bu
master-klaslar vasitəsilə gənclərə çatdırırlar. Bakı Film İnstitutu da ixtisasından
asılı olmayaraq hər bir istedadlı gəncin üzünə açıqdır”.
Söhbətə ara
verib, dərs prosesinə qulaq kəsildik. Əməkdar artist, istedadlı aktyor və
rejissor Nofəl Vəliyev tələbələri ətrafına cəm edib, onlarla etüdün hazırlanması,
aktyor peşəkarlığı və s. barədə diskussiya aparırdı. Müəllimlə tələbələrin
söhbətindən aydın olurdu ki, onlar obrazın daxili gərginliyi, mimika və bədən
dili, təklif olunmuş vəziyyət, xəyali əşyalarla iş, emosiyanın büruzə verilməsi
kimi dərsləri yaxşı səviyyədə məniməsəyiblər. Nofəl Vəliyev tələbələrlə hisslərə
daha çox təsir edə bilən mövzular üzərində işləməyə çalışırdı.
Müzakirələrin
sonunda tələbələrin ifasında "Aeroport” etüdünü izlədik. Əslində bu etüddə
tələbələrə heç bir ssenari təqdim olunmamışdı. Rejissor onlara içlərindən
gəldiyi kimi oynamağı tapşırmışdı. Onlar da tapşırığın öhdəsindən məharətlə
gəlməyə çalışdılar. Etüd səhnəsi bitdikdən sonra iştirakçılarla söhbət etmək
imkanı əldə etdik.
Səmədov
Rüstəm 2012-ci ildə çəkilən "Metro” filminin
ssenarisini yazıb. Bundan əvvəl Moskvada "Obraz” məktəbini bitirib.
Xarici kanalların birində teleaparıcı kimi çalışıb. İndi isə təhsilini artırmaq
üçün Bakı Film İnstitutuna müraciət edib. Deyir ki, burada güclü səviyyədə dərs
keçildiyindən xəbərsiz olub: "Biz Moskvada obraz, fənnin tədris olunması kimi
bir çox dərslər keçmişik. Ancaq aktyor baxımdan belə dərslər keçməmişdik. Xırdalıqları
açan olmamışdı. Burada da gözləyirdim ki, məşğələlər peşəkar səviyyədə
olmayacaq. Tamaşalara baxandan sonra gördüm ki, heç də Moskva teatrlarından
seçilmir”.
Tələbələrin
dünyası
Məmmədli
Şəhriyar da dedi ki, 2 ildir aktyorluğa maraq salıb: "Bu kursu mənə dostlarım
məsləhət bildi. Kursa başlayanda gördüm ki deyilənlər həqiqətən də doğrudur.
İnanmıram ki, bizə burada keçirilən metodikanı başqa bir kursda keçsinlər.
Nofəl müəllim bizə səhnədə, efirdə necə davranmağın yollarını öyrədir. Öyrənmək
də qalıb özümüzə. Ən çox ilhamlandığım odur ki, dünyaca məşhur aktyorların çoxu
başqa sahələrdən gələnlərdir və onlar daha peşəkar aktyora çevriliblər”.
Əfsalov Bəhram
isə reklam sahəsində çalışır. Fotomodel
kimi də fəaliyyət göstərir. Dostları ona ixtisasını genişləndirməyi və aktyorluq
kursuna yazılmağı məsləhət görüblər: "Özümü aktyorluq sənətində də sınamaq
istədim və Bakı Film İnstitutuna yazıldım. Aktyor olaraq filmlərdə rol almaq, bu
sahədə çalışmaq istəyirəm. Burada obrazı yaşamağı, hiss etməyi, ona malik
olmağı, bir sözlə, yoxdan varı öyrəndik”.
Digər tələbə Nəriman
Novruzzadə də aktyorluq sənətinə uşaqlıdan bəri həvəsi olduğunu deyir: "Mən
tamam başqa bir ixtisas üzrə təhsil almışam. Çox istəyirəm ki, bu sənəti
öyrənim. Nofəl müəllimdən çox şey öyrəndim. Əvvəl hər şeyə başqa cür baxırdım.
İndi isə fikirlərim dəyişib”.
Afaq
Əhmədovanın isə kursa gəlişinin səbəbi tamam başqadır. O, Azərbaycan
Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Beynəlxalq
münasibətlər” ixtisasını bitirib. Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər
Universitetinə qəbul olub. Sonra Nyu Yorkda müəyyən təlimlərə qatılıb. Daha sonra
Moskvadakı Azərbaycan səfirliyində çalışıb. Vətənə geri döndükdən sonra öz
təşkilatını təsis edib. Deyir ki, təşkilatın rəhbəri olaraq bir sıra
konfranslar keçirib. Tədbirlərdə çıxış edəndə həyəcan keçirirmiş: "Tədbirlərdə
nədənsə məsələnin məğzini danışanda fikrim başqa yerə gedirdi. Özümü necə idarə
etmək lazım olduğunu bilmirdim. Bu kursda özümü kənardan görməyi öyrəndim.
Bütün kənar fikirləri söndürüb özümə nəzarət etməyi öyrəndim. Burada az vaxt
ərzində çox şey öyrənmişik. Kurs özümü tanımağa kömək etdi”.
Qeyd edək ki,
BFİ-nin bundan əvvəlki məzunlarının səsi dünyanın ta o tayından eşidilməkdədir.
Belə ki, onlardan ikisi dövlət proqramı ilə dünyanın ən böyük kino
məktəblərindən sayılan London Film Məktəbində təhsil alır. Digərinin isə "İkinci
Güllə" filmi bu yaxınlarda Azərbaycan kinoteatrında təqdim edildi. Həmçinin
Azərbaycan Kinematoqrafçılar İttifaqının iki dəfə keçirilən "Yeni Nəfəs”
ssenari müsabiqəsində əvvəlcə birinci yerin qalibi, ikinci müsabiqədə isə
ikinci yerin qalibi məhz BFİ məzunları olub. Xəyalə Rəis