Hər səfərdə valideynlərinin Allaha əmanət etdiyi alpinist
Dağı sevir. O qədər dağ sevgisi var ki, valideynlərinin
etirazına sinə gərib bu məqsədinin ardınca yollanıb. Düşünür ki, hər bir insan
bir dəfə də olsa, dağın əzəmətini hiss etməli, o ecazkarlığı görməlidir. Müsahibimiz
alpinist Zəhra Mütəllibovadır.
Zəhra Şəkidə anadan olub, Zaqatalada böyüyüb. İki
ali təhsili var. Bakı Slavyan Universitetinin Polşa üzrə beynəlxalq münasibətlər
və regionşünaslıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Universitetinin
biologiya fakültəsinə qəbul olub. Deyir ki, dağa çıxmaq, alpinizm onun ən böyük
hobbisidir.
- Nə üçün
alpinizm. Bu həvəs necə yarandı?
- Mən ingilis dili kurslarına hazırlaşırdım. Orada
"Nature Discovery Azərbaycanın” təsisçisi Nurlan Xudazarovla tanış oldum. Yürüşlər, dağlar barəsində danışdıq. İçimdə
bir "canavar” oyandı ki, bu, mənlikdir. Başladım yürüşlərə getməyə. Dağlara
deyil, sadə yürüşlərə qatıldım. Sonra qrupumuza daha yaxın oldum. Artıq dağlara
çıxmağa başladım. İlk getdiyim dağ Kəpəz olub. Ümumiyyətlə, Zaqatala dağlıq ərazidir.
Mən orada böyümüşəm. Bəlkə də içimdəki o oyanmayan həvəs, hobbinin bünövrəsi
uşaqlıqdan qoyulub. Sadəcə onu ortaya çıxardım. Hazırda Mürsəl Qasımov, peşəkar
alpinist Sirxan Məmmədovla dağlara qalxırıq.
- Ailənizi
necə razı saldınız, alpinizmlə məşğul olacağınızı bildikdə reaksiyaları necə
oldu?
- Məncə, bu, mənə veriləcək ən vacib suallardan
biridir. Bununla bağlı o qədər problem yaşamışam ki... Yürüşlərə gedəndə belə,
evdə qardaşım, valideynlərim narazılıq edirdilər. Amma sonradan dağlara getməyə
başladım. Dağa gedəndə isə ən azı 2-3 gün qalırdıq. Hətta Elbrusa getmək 7 gün
vaxtımızı alıb. Sadəcə olaraq, oturub başa saldım ki, bu, bir hobbidir,
daxilimdən gələn bir maraqdır. Dağa gedəndə sakitləşirəm, beynimdəki neqativ
fikirlərimi tam unuduram. Elə bil ki, yenilənib geri qayıdıram. Hisslərimi ailəmə
izah etdim. Təbii ki, yenə də narazılıqlar oldu. Hələ indiyə kimi də bəzi
narazılıqlar var. Amma buna baxmayaraq, dağdan evə qayıdanda məni gülər üzlə,
gül-çiçəklə qarşılayırlar.
- "Qızın
dağda nə işi var” sualı ilə yəqin ki tez-tez rastlaşıbsınız. Özünüz də qeyd
etdiniz ki, ətraf, sizin bu fikirlərinizə o qədər də yumşaq yanaşmayıb. Bəs bu
fikirlərin içində dağa getmək cəsarətini haradan aldınız?
- Mən hər şeyə adi yanaşan biriyəm. Hər insanın öz
düşüncə tərzi var. Heç kim, heç kimin həyatına qarışmaq iqtidarında deyil. Sadəcə
olaraq, qız olduğumuz üçün "olmazlar” bizim beynimizə uşaqlıqdan yeridilib.
Valideynlərimizin sözündən çıxmağa qorxuruq deyə, bəlkə də elə düşünürük. Təxmini
5-6 ay olar ki, düşünürəm ki, mən bu stereotipi necə qırdım, evdəkiləri necə
razı saldım, bunu necə bacardım. Cavabını yalnız dağa bağlayıram. Dağ insanı
daxilən çox dəyişir. Bunu ancaq dağa gedən insanlar başa düşə bilər. Çünki
içində bir özünə güvən hissi yaranır. Daha sərbəst, daha aktiv, daha səmimi
olursan. Mən həyatda həmişə utancaq, bir
az çəkingən olmuşam. Amma dağa gedəndən sonra utancaqlığım, çəkingənliyim çox
geridə qalıb.
- Dağda nə
baş verir ki, sizdə özünəinam hissini yaradır?
- İnsanlar çox vaxt deyirlər ki, mən dağı fəth
etdim. Həmin cümləni mən heç vaxt xoşlamıram. Biz dağı fəth edə bilmərik. Çünki
dağ bizi fəth edir. İçimizdəki hissləri dəyişir. Özünəinamımızı artırır. Sadəcə
olaraq, dağla üzbəüz dayanırsan və onun əzəmətinə heyran qalırsan, yəni sən təbiətlə
təkbətək qalırsan. Zirvə yolundan qayıdanda həmişə dostlarımdan arxada gedirəm.
Təbiətdən zövq ala-ala, dağların əzəmətinə, gözəlliyinə baxa-baxa gəlirəm. Belə
vaxtlarda içimdə başa sala bilməyəcəyim hiss olur. Bəlkə də həyatındakı
problemləri onun yanında cılızlaşdırırsan. O boyda əzəmətli dağa gedibsənsə və
bunu bacarıbsansa, düşünürsən ki, insanın öhdəsindən gələ bilməyəcəyi bir şey
yoxdur. Hər gedəndə fərqli düşüncələrə qapılıram və hər dəfə hisslərim dəyişir.
Ümumiyyətlə, təcrübəli bir alpinistdən soruşsanız ki, dağa niyə gedirsən, həmin
insanın verdiyi cavab hər dəfə fərqli olur.
- Dağda sizi
daim özünə çəkən nə var? Dağın hansı xüsusiyyətidir ki, bəzən qayıtmamağı belə
gözə alıb gedirsiniz?
- Dağda təbiətlə təkbətək olursan. Təbiət səni çəkir,
ruhun dincəlir. Bax, mən bunu sevirəm. Biz dağa qrup şəklində gedirik. Həmin
qrupda yaşca, vəzifəcə böyük-kiçik insanlar olur. Amma zirvə yolunda hamı
bir-biri ilə səmimi olur, bəlkə də mən bunu xoşlayıram. İnsanın münasibətləri də
dağa gedəndə başqa cür olur. Statusundan, vəzifəsindən asılı olmayaraq, insanın
gözündə hamı eyniləşir. Orada fərqi yoxdur ki, sənin vəzifən, statusun nədir.
- Bəs dağda
hansı təhlükəli hadisə ilə rastlaşıbsınız?
- Təhlükəli məqam bir neçə dəfə olub. Bu, artıq adi
hal alıb. Bir dəfə qrupumuzla Şahdağa gedirdik. Yol çox uzun olduğu üçün geri
qayıdanda dizim ağrıdı. Ona görə də, yeriməkdə bir az çətinlik çəkirdim. Həm də
tez-tez şəkillər çəkdiyim üçün qrupdan geri qalırdım. Bir dəfə də şəkil çəkəndə,
geriyə döndüm ki, heç kim yoxdur və mən tək qalmışam. Bir az narahat oldum,
onlara tez çatmaq üçün qaçanda ayağım sürüşdü, aşağı düşdüm. Həmin anda
dostlarımı köməyə çağırdım. Sağ olsunlar, iki nəfər gəlib kömək etdilər, məni
qaldırdılar. Heyvanlarla bağlı təhlükəyə gəldikdə, bu il yayda Elbrus dağına
gedəndə dumanlı hava idi. Fikirləşirdim ki, hava açılsaydı çıxıb şəkil çəkərdim.
Axşam vaxtı hava açıldı və şəkil çəkməyə başladım. Yanımda heyvan gözü
parıldadı. Elə bildim pişikdir. Ağlıma da gəlmədi ki, 3800 metr hündürlükdə pişik ola bilməz. Bunu pişik bilib sığallamaq
istədim. Əlimi atanda mənə yaxın gəldi, gördüm ki, bu pişik deyil, tülküdür. Həmin
anda çox qorxdum. Çünki gecə idi və mənim yanımda heç kim yox idi. Yaxşı ki,
sığallamamışam. Yoxsa 100 faiz məni dişləyərdi.
- Dağda təhlükəli
hadisələr daha çox olur. Heç düşünübsünüz ki, bu dəfə getməyim?
- Ümumiyyətlə, qorxu hissi mənə yad olan bir
hissdir. Sadəcə valideynlərimə görə narahatam. Çünki onlar mənə güvənir,
inanırlar və gedəndə hər zaman deyirlər ki, gedirsən get, amma sağ-salamat evinə
qayıt. Məni allaha əmanət edirlər. Bu
söz həmişə yadımda olur, ona görə də, dağda olarkən maksimum ehtiyatla
davranıram. Çalışıram ki, təhlükədən uzaq olum. Əgər valideynlərim mənə inanır
və deyirlərsə ki, gedə bilərsən, deməli, mən də onların inamını yerə vurmayıb,
sağ-salamat evimə dönməliyəm.
- Dağa gedəndə
qida rasionunuzda dəyişiklik olurmu?
- Zirvəyə çıxmamışdan əvvəl çox yemək olmaz. Çünki bu,
bir az ağırlıq edir, təngnəfəslik yarada bilər. Amma mən bu problemləri
yaşamamışam. Əksinə, yeməsəm dağa çıxa bilmirəm. Elə bilirəm ki, enerjim
yoxdur. Əksinə, mən dağda daha çox yeyirəm. Bazardüzü zirvəsinin yolu çox
uzundur. (4466m). Oraya qalxanda yolda çox dayanmaq, istirahət etmək olmaz.
Çünki adaptasiyanı itirirsən. Mən də çörək yemədiyimə görə, gedə bilmirdim. Heç
kimi də başa sala bilmirəm ki, mən dağa ac qalxa bilmirəm, gərək yeyim. Acıram,
mənə şokolad verirlər. Axırda əsəbiləşib dedim ki, xahiş edirəm, mənə zavod çörəyi
verin. Bu hadisədən sonra dağda olanda uşaqlar həmişə mənə "zavod çörəyi”
deyirlər. Dağda yeməyi sevirəm. Təkcə dağda deyil, hər bir azərbaycanlı kimi
yeməyi sevirəm. Dağda meyvə yemək çox yaxşıdır. Həm enerji verir, həm də suyu əvəz
edir.
- Dağa
qalxmaq istəyən xanımlara nə demək istəyərdiniz? Bir insan nə üçün təhlükələri
gözə alıb dağa getməlidir?
- İnsan o ecazkar mənzərəni görmək üçün mütləq getməlidir.
Mən dağa getməzdən əvvəl bilməzdim ki, Azərbaycanda bu qədər gözəl mənzərələr
var. O möhtəşəm gün doğuşlarını görməkdən ötrü mütləq getməlisən. Ən əsası, ruhən
təzələnmək, daha başqa bir insan olmaq
üçün getmək lazımdır. Dağçı bir insana sual verəndə hamı deyir ki, mən
ruhən dəyişdim. Dağda qurulan dostluqlar daha möhkəm olur. Dağda tamamilə fərqli
problemlərlə rastlaşırsan və qarşına məqsəd qoyursan ki, mən bu zirvəni dəf edəcəyəm.
Zirvəni dəf etdikdə isə insan özü ilə fəxr edir. Məncə, bundan gözəl hiss
yoxdur.
Aygün ƏZİZ