Həlli tapılmayan problem - ARAŞDIRMA
Ekspertin
fikrincə, xaricdə oxumağa gedən şəxs, ilk növbədə "o ölkənin diplomu Azərbaycanda
tanınacaqmı?” sualına cavab tapmalıdır. Nüfuz xətrinə, "təki xaricdə oxuyum”
deyənlər çox vaxt nəticəni düşünmürlər. Xaricdə təhsil seçimi edərkən
ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən.
Xaricdə
təhsilə maraq xüsusən son illərdə artmaqdadır. Lakin tələbə və valideynlərin bu
marağı bəzən xoş olmayan "sürpriz”lərlə qarşılaşır. Onlar xaricdə universiteti bitirdikdən
sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Qeyd edək
ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü
il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici
diplomların tanınması proseduru isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət
Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
62 tanınmayan diplom
Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalara əsasən, ekspertiza
zamanı sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına
qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə
də öyrənilən fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur.
TKTA bildirib ki, təkcə fevral ayı üçün 268 müraciətdən 62-si mənfi cavab alıb. Belə
ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 28,
tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər
olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin
ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər
səbəblər üzrə 8 nəfərin müraciətinə mənfi cavab verilib. Təəssüf ki, xarici
universitetlərdən alınan diplomların tanınması ilə bağlı qaydalar aydın olsa
da, problemin içərisində çabalayanlar kifayət qədərdir.
Seçim düz olmayanda
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, istər Azərbaycan universitetlərinin
diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə
tanınması ta sovet vaxtından əsas problemlərdən biri olub. Problemin əsas səbəbi
isə ya xaricdə təhsil şirkətlərinin, ya da tələbənin
məlumatsızlığından qaynaqlanır: "Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat
əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf
edirlər və Azərbaycanda tanınmayan diplom alırlar”. Ekspertin fikrincə, müəyyən
diplomların tanınmaması Boloniya prosesinin şərtləri ilə də bağlıdır: "Boloniya
prosesinə qoşulandan sonra diplomların qarşılıqlı tanınması əsas bəndlərdən
biridir. Amma bununla belə nə bizim diplomların bəzi xarici ölkələrdə, nə də bəzi
xarici ölkələrin diplomlarının bizdə tanınması məsələsi həll olunub. Ona görə də,
hansı ölkələrin diplomlarının tanındığı ilə bağlı siyahı müəyyənləşib. Bu günlərdə
Xaricdə Təhsillə bağlı yeni Dövlət Proqramı qəbul olundu. Kim ki oxumağa dövlət
təminatı ilə gedir, onların diplomları birmənalı tanınır. Amma kimlərsə müəyyən
şirkətlərin, hazırlıq mərkəzlərinin vasitəsilə attestatla, heç bir imtahan nəticəsi
tələb olunmadan xaricdə oxumağa gedirsə, onlar belə problemlərlə üzləşirlər. Nəticədə,
onların diplomları tanınmır”. Ekspertin fikrincə, xaricdə oxumağa gedən şəxs,
ilk növbədə "o ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab
tapmalıdır. Amma nüfuz xətrinə, "təki xaricdə oxuyum” deyənlər çox vaxt bunun
sonunu düşünmürlər. Ona görə, xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək
lazımdır ki, qayıdanda belə problemlərlə qarşılaşmayasan”.
Ukraynadan gələn tələbələr
Ekspert
hazırda Ukraynada təhsil alan tələbələrin yerləşdirilməsi ilə bağlı problemlərin
olduğunu bildirir: "Onların böyük əksəriyyəti də attestat qiymətləri ilə ali məktəblərə
qəbul olanlardır. Belə tələbələrin sənədləri bizdə ekvivalent sayılmır. Ancaq onlar bizim vətəndaşlarımızdır və
müharibəyə görə qayıdıblar. Ona görə də onları Azərbaycanın ali məktəblərinə yerləşdirmək lazımdır”.
"Dil” baryeri
Ekspertin
sözlərinə görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaranandan sonra bu
problemlərin həlli istiqamətində müəyyən işlər görülüb: "Əvvəllər diplomun təsdiqi
üçün aylarla vaxt gedirdi. İndi müraciət edəndə dərhal cavablandırılır. Xeyli
diplomların tanınması həyata keçirilib. Sadəcə, Rusiyada, Ukraynada oxuyub
qayıdanların "dil” məsələsi yoxlanılır. Təhsilin məzmununu mənimsəmək üçün tələb
olunan minimal dil biliklərinin olmaması ucbatından müəyyən narazılıqlar ortaya
çıxır. Bu məsələ dəfələrlə müzakirə olunub. Hesab edirəm ki, bu məsələ də həll
olunacaq”.
Abituriyentlər məlumatlı olsalar...
Təhsil eksperti Qoşqar Məhərrəmovdiplomların
tanınması ilə bağlı təkcə bizim ölkəmizdə deyil, dünyada problemlə
qarşılaşanların çox olduğunu bildirir: "Bunun səbəbi abituriyentlərin xaricdə təhsil
məsələsini əvvəlcədən yaxşı araşdırmamalarıdır. Hər hansı universitetə oxumağa
gedən abituriyent Təhsildə Keyfiyyət Təminatı Agentliyi vasitəsilə diplomları
Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Abituriyentlər
bu barədə məlumatlı olsalar, diplomu ölkəmizdə tanınmayan universiteti seçməyəcəklər.
Mütləq hansısa formada araşdırma aparmalı, əlaqədar qurumların saytlarına
baxmalı, informasiya əldə etməlidirlər”. Ekspertin sözlərinə görə, diplomları
tanınmayan bir qisim abituriyentlər də
var ki, ali məktəbdən qəbul alsalar da, universitetdə normal təhsil almayıblar:
"Onlar dərsə getməyiblər, asan yolla məzun olublar. Onların pasportunda ölkədən
çıxış-girişlə bağlı qeydlər olsa da,
müsahibə zamanı kəsilirlər. Agentlik məzundan tələb edir ki, təhsil aldığı ölkənin
dilində danışsın. Bu zaman şübhələr meydana çıxır. Tələbə Ukraynada, Rusiyada,
Gürcüstanda təhsil aldığı ali məktəbin proqramının və tədrisinin dilini bilmirsə,
prosedurdan keçə bilməyəcək. Ona görə də, tələbələr ayıq-sayıq olmalı, əvvəldən
araşdırma aparmalıdırlar. Bu şərtlərə əməl edəcəkləri təqdirdə, heç bir
problemlə qarşılaşmayacaqlar”.
Təranə Məhərrəmova