Həkimlikdən satışa keçən inadkar oğlan - Uğur hekayəsi

Ona görə uğur üçün lazım olan bütün bacarıqları sonradan qazanmaq
mümkündür. Yetər ki, insan buna cəhd etsin, çalışsın, mübarizə aparsın. Onun öz
karyera təcrübəsinə nəzər salanda bunun əyani sübutunu görmək mümkündür.
Müalicə-profilaktika sahəsində təhsil alsa da, artıq 13 ilə yaxındır ki, satış
sahəsində çalışıb və bu istiqamətdə müəyyən uğurlar qazanıb. Müsahibimiz satış
mütəxəssisi, təlimçi, "Sat Group”un həmtəsisçisi və rəhbəri Azad Qəhrəmanovdur.
Qeyd edək ki, A. Qəhrəmanov 2004-cü ildən Birbaşa Satış Sistemində
fəaliyyət göstərir, Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna
respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaradıb, bu müddət
ərzində 1000-dən çox satış nümayəndəsini hazırlayıb. 2014-cü ildə Sat Group
şirkətini təsis edərək müxtəlif şirkətlərin (Qobustone, Kontakt Home, Tepe
Azərbaycan, AGA Group, Cersan Asansör, Optimax, Navigator.az, Vip Dental,
İvento, Sky Bridge, Natura İnşaat, Buzer İnşaat, Konsis, Piramida Adversting,
Media Master və d.) satış personalının peşəkarlığını artırmaq üçün təlimlər
keçib. SAT kitabının müəllifidir.

- Müalicə-profilaktika
sahəsində təhsil almısınız. Amma "satış adamı” deyəndə daha çox sizin adınız
çəkilir. Həkimlikdən satışa keçid necə baş verdi?
- Əslində, çox təsadüfi oldu. Gələcəklə bağlı gözləntim o deyildi.
10-cu sinifdə oxuyandan peşəkar həkim karyerası qurmağı düşünmüşdüm. Azərbaycan
Tibb Universitetinə daxil olmuşdum və yaxşı da oxuyurdum. Dördüncü kursda
təcrübə qazanmaq üçün hamı özünə əlavə iş axtarırdı. Tələbələrin çoxu ya
apteklərdə, ya xəstəxanalarda iş axtarırdılar. Mən də iş axtarırdım və
təsadüfən bir dərman firması ilə tanış oldum. Dərman vasitələri, tibbi
avadanlıqlar, kosmetik vasitələr satırdılar. Yeni nəsil məhsullar olduğu üçün
mənə maraqlı gəldi. Bu səbəbdən də elə-belə məşğul olmaq qərarına gəldim. Əvvəl
ancaq işin tibbi tərəfləri ilə maraqlanırdım. Satış, biznes məni bir o qədər də
maraqlandırmırdı. Amma zamanla satış sahəsinə meylləndim.
- Təhsiliniz tiblə bağlı
idi. Satış aparmaq üçün gərək müəyyən biliklər olsun. Bunlarsız satış aparmaq
çətin olmurdu?
- Tibbi biliyim varıydı və
düşünürdüm ki, məhsulu bilsəm, onsuz da işin gedəcək. İşə başlayanda da
məhsulları sürətlə öyrənməyə, aktiv şəkildə görüşlər keçirməyə başladım. O
qədər görüşlər keçirsəm də, ortalıqda bir nəticə olmurdu. Tibbi oxuduğum üçün
işimi bəlkə də orda çalışanların çoxundan yaxşı bilirdim. Amma tibbi təhsili
olmayanlar məndən qat-qat yaxşı satışlar edirdi. Bu, məni əməlli-başlı
düşündürməyə başladı. İşə təzə başlayanda deyirdilər ki, satışa, insan
psixologiyasına aid kitablar oxu. Düşünürdüm ki, satış nədir ki, onun da
kitabını oxuyasan. Yaxud da ki, psixologiya bizim nəyimizə lazımdır? Əsas
məhsuldur. İkinci aydan sonra nəyisə səhv etdiyimi hiss etdim. İlk növbədə Deyl
Karneginin «Dostu necə qazanmalı?» kitabını oxudum. Kitabı oxuyandan sonra başa
düşdüm ki, bu iki ay müddətinə kiminləsə görüşmüşəmsə, həm özümə, həm də onlara
əziyyət vermişəm. Çünki çox mübahisə edirdim, sübut etməyə, qarşımdakını səhv çıxarmağa
çalışırdım. Amma lazımi kitabları oxuduqca, işi anladıqca, daha peşəkar şəkildə
qurduqca gördüm ki, satış olur, pul qazanıram. İki ay bir nəfər də olsun
müştəri olmadı, amma kitabı oxuyandan dərhal sonra müştərilər gəldi. Hər dəfə
satışa aid nəsə oxuyanda, öyrənəndə satışlar artırdı.

- Tibbi özünüz seçib
getmişdiniz? Yoxsa valideynlərin "oğlumuz həkim olsun” arzusundan dolayı o
istiqamətə meyillənmişdiniz?
- Bizdə valideynlər qətiyyən o məsələyə qarışmırdılar. Dəqiq elmləri
də çox yaxşı oxuyurdum, humanitarı da. Amma 10-cu sinifdə həkim olmağa qərar
verdim. Çünki insanlara yardım etmək xoşuma gəlirdi. Həm də cəmiyyətdə
həkimlərin böyük nüfuzu olduğunu görürdüm. Həkimliyə sevərək getmişdim, sadəcə,
həyatda bəzən qarşına gözləmədiyin elə şanslar çıxır ki, sən onunla daha yaxşı
inkişaf edə bilərsən. Satışla məşğul olanda gördüm ki, tələbə ola-ola bizneslə
də məşğul ola bilərəm. İnstitutu qurtaranda qurduğum işdən yaxşı gəlirim var
idi. Bu sahədə davam etməyimin bir səbəbi də çalışdığım şirkətin də tibbi
istiqamətli məhsullar satması idi. Həmin məhsullar insanların sağlamlıqlarını
qorumağa, bərpa etməyə kömək edirdi. Ona görə düşündüm ki satış etməklə də
insanlara öz sağlamlıqlarını tapmaqda yardım etmiş oluram. Həm də satış özü də
maraqlı gəldi.
- Satışın maraqlı tərəfi
nələrdir?
- Prinsipcə, satışda gəlir əldə etmək üçün limit yoxdur. Gəlirləri
artırmaq mümkündür. İkincisi hər bir satış mütəxəssisi hansısa məhsulu satmaqla
kiminsə həyatında nəsə dəyişikliyə səbəb olur. Yaxşı olar ki, satdığı məhsul
faydalı olsun. Bunu etməklə müsbət dəyişikliklər yaradırsan. Eyni zamanda, bu
gün seçim imkanları çoxdur, tutaq ki müştəri mebel almaq istəyirsə, hansı
mağazaya üz tutacağını, hansı keyfiyyət və qiymətin onun üçün sərfəli olduğunu
bilmir. Bu zaman həmin sahədən yaxşı bilən bir satış adamı ona uğurlu seçim
etməyə kömək edə bilər. Hansı ki həm də mehriban adamdır. Belə olan halda
müştəri məmnun olur. Peşəkar satıcını müştərilər də çox sevirlər, hörmət
bəsləyirlər, ona sadiq olurlar.

-
"Müştərinin səndən xoşu gəlməsə, məhsulunu da almayacaq” deyə bir fikir var.
Müştərinin xoşuna necə gəldiniz? Yoxsa, bu genetikada da olmalıdır?
- Şəxsən mənim genetikamda yoxuydu. Əslində, bunun genetikadan gəldiyinə
də inanmıram. Bu, müəyyən qədər valideynlərdən ötürülmə vərdişlərdir. İnsan
xarakteri vərdişlərdən ibarətdir. Kimsə valideynlərindən satış üçün uğurlu
vərdişlər əldə edir. Məsələn, ünsiyyətcillik, gülər üzlülük, yad insanlardan qorxmamaq,
tanımadığı insanla rahatlıqla ünsiyyətə girmək və s. bu tipli üstün vərdişlər
ona satışda da çox rahatlıq gətirir. Məndə şəxsən o vərdişlər yoxuydu. Tələbə
vaxtı kimsə yaxınlaşıb mənimlə tanışlıq etməsəydi, kiməsə yaxınlaşıb ünsiyyət
qurmazdım. Sadəcə, satış məni vərdişlərimi dəyişməyə məcbur etdi. Satış işinin
çətin tərəflərindən biri də məhz vərdişləri dəyişməklə bağlıdır. Amma
kitabların, treninqlərin sayəsində özümdə lazımi ünsiyyət vərdişlərini
formalaşdırmağa çalışdım. Vərdişləri düzəltdikcə gördüm ki, satış etmək
asandır, yad insanlar da yaxşı insanlardırlar. Əvvəllər yad insana təhlükə kimi
baxırdımsa, sonralar mənim üçün maraqlı gəlirdilər. Satış zövqlü işdir, xeyli
sayda insanlarla ünsiyyətdə olursan, dost qazanırsan.
- Bəs
həkimliklə satışı paralel
aparmaq mümkün olmazdımı?
- Tibb məhsulları satdığım üçün təxminən iki sahəni
eyni anda apardığımı da demək olar. Amma aktiv həkimlik etmək, həm də bizneslə
məşğul olmaq bir əldə iki qarpız tutmaq kimi bir şeydir. Çünki insan bir sahəyə
fokuslananda daha yaxşı inkişaf edə bilər. Həkim pasientlərlə, satış
mütəxəssisi müştərilərlə görüşə bekar vaxtlarında hazırlaşır. Gənc adam uğurlu
karyera qurmaq istəyirsə, uzun müddət bir istiqamətə getməlidir.

- Amma elə iş adamları var ki,
müxtəlif sektorlarda biznesləri var…
- Bu o halda olur ki, biznesdə müəyyən bir səviyyəyə çatırsan,
yatırımlar etmək imkanlarına malik olursan. Sən ağıllı insansan, bazarda olan
imkanları görə bilirsən və başqa istiqamətlərə də pul yatırırsan, bacarıqlı
insanları ora cəlb edirsən. İşi aparanlar, məsuliyyətini çəkənlər olur. Sən
sadəcə investisiya və məsləhət verirsən. Çünki təcrübən var və s. Amma xeyli
müddət bir istiqamətdə inkişaf etmək lazımdır. Yetərincə resursa sahib olandan
sonra fərqli sahələrə yatırım etmək olar.
- 13 ildir satış
sahəsindəsiniz. Bu müddətdə öz inkişafınız üçün nələri etmisiniz?
- Ümumiyyətlə, inkişaf valideynlərdən başlayır. Bu gün hansısa
valideyn uşağına lap körpəlikdən nəsə öyrədirsə, qarşısına qoyub nəsə başa
salırsa, bu, uşağın gələcəkdə hansısa sahədə uğur qazanmasına kömək edir. Mənim
də valideynlərimin rolu böyükdür, onlar məni oxuyub öyrənməyə həvəsləndiriblər.
İkincisi, müəllimlərimə borcluyam. Orta və ali məktəbdə öyrəndiyim hər şeyin
satışda böyük faydası var. Satış spesifik olduğu üçün bu sahə ilə bağlı
bilgiləri əldə etmək lazımdır. İnsanları daha yaxşı anlamaq üçün insan
psixologiyasını öyrənməliyik. İkincisi, özümüzü daim motivasiya etməyi
bacarmalıyıq. Çünki satış yetərincə gərgin işdir. Daim yad insanlardan etirazlar,
imtinalar eşidirsən. Müştərilər kapriz edə, sənə yuxarıdan aşağı baxa bilər və
s. Buna tab gətirmək üçün satış mütəxəssisi özünü motivasiya etməlidir. Əks
halda, təzyiqə tab gətirmir və tezliklə özünə başqa bir iş axtarmalı olur. Eyni
zamanda, satacağın məhsulu o qədər yaxşı tanımalısan ki, adamlar səninlə söhbət
zamanı bu sahənin ən məlumatlı insanı olduğunu hiss etsinlər. Və satış
texnikalarını bilmək vacibdir. Ünsiyyət qurma, potensial müştərinin tələbatını
aşkarlama, tələbat yaratmaq, effektiv şəkildə məhsulu təqdim etmə, müştərinin
etirazları ilə işləmə, qiymət danışıqlarını aparma və s. bacarıqları inkişaf
etdirmək lazımdır.

- "Sat Group”un bir devizi
var: İnkişaf et, çox qazandır. İnkişaf edirsiniz, bəs çox qazana bilirsinizmi?
- Çox qazanmaq bir az nisbi anlayışdır. Kimin üçünsə mənim qazancım
az görünə bilər, kiməsə çox. Bu gün məni tam səviyyədə qane edəcək qədər qazana
bilirəm. Düşünürəm ki, enerjili, gənc adam daha çox qazanmağa meyl etməlidir,
burda pis heç bir şey yoxdur. Təbiətdə maraqlı bir hadisə var. Bal arıları
çiçəkdən-çiçəyə qonub özləri üçün nektar yığırlar, amma bu zaman həm də
ağacları tozlandırırlar. Ağaclar tozlanaraq çoxalırlar. Məhz bunun sayəsindədir
ki, yer üzərində meşələr var. Meşələrin sayəsində oksigen var. Oksigenin
sayəsində isə bütün canlılar nəfəs alır, yaşayır. Bal arıları nektar yığarkən
özləri üçün çalışsalar da bütün canlıların yaşayışına səbəb olurlar. İstənilən
şəxs də özü üçün pul qazanırsa, cəmiyyətə də fayda vermiş olur. Çox qazanan
insanın mənəvi hisslərini itirməsi yanlış bir inancdır. Belə fikirlər ancaq
gəncləri süstlüyə sövq edir.
- Qeyd etdiniz ki, satış
sahəsi psixoloji gərgin işdir. Təzə vaxtlara etiraz olanda, aqressiv cavab
alanda pessimistlik olurdu sizdə?
- Satış adamlarının hamısında olur. Mən işə başlayanda yay tətiliydi,
yayda hamı istirahət etmək istəyir. Əslində, mənim pula o qədər ehtiyacım
olmasa da, qarşıma işləməyi məqsəd qoymuşdum. Çünki vaxtım var idi, daha çox
işlər görə bilərdim. Yayın istisi, əynimizdə köynək, boğazımızda qalstuk,
şəhərin müxtəlif yerlərinə gedir, görüşlər keçirirdik və bəzən olurdu ki, bir
dənə də "hə” cavabı almırdıq. O zaman qalstuku açıb qaçıb dənizə dincəlməyə
getmək istəyirdim. Yaxud başqa rahat işlərdə də çalışa bilərdim, amma tərslik
imkan vermirdi ki, niyə başqaları buna nail olur, amma mən etməyim. Həm də
öyrənmək istəyirdim ki, niyə bu çətinliklər var, problem nədədir? Məsələyə belə
yanaşanda düzəlişlər edir, inkişafa doğru gedirsən. Belə etməyəndə o zaman adam
deyir ki, məndə alınmadı və çıxıb gedir.

- Deyəsən, çox
inadkarsınız...
- Hansısa sahədə uğur qazanmaq üçün yetərincə inadkar adamam. İnadkar
insan qarşısına nəyisə qoyursa, mütləq onu əldə edir. Dəxli yoxdur, nə qədər
səhv etsin, lakin geri dönmədiyinə görə axır ki, düzgün olan yolu tapır. İstedadlı
adamlar olur ki, əvvəldən işi yaxşı gedir, lakin qarşısına bir maneə çıxan kimi
uzaqlaşır. Guya burda alınmadı, başqasında alınacaq. Tanıdığım xeyli insan var
ki, məndən qat-qat istedadlıdırlar, amma bir işə başlayanda çətinliklə
rastlaşan kimi "bu iş mənlik deyil” deyib, başqa sahəyə keçirlər. Belə-belə
illər ötür, amma heç bir sahədə axıra gedib çıxmırlar, nəticə əldə etmirlər.
Ona görə vacibdir ki, düzgün seçim edəsən, özünə uyğun olan işdən tutasan. Deyə
bilmərəm ki, bu gün seçdiyim bu iş mənim üçün ən idealdır. Elə olmağı da vacib
deyil, əsas sənin əldə etdiyin nailiyyətdir. Onsuz da adam çalışa-çalışa o işə
uyğunlaşır.
- "Sat Academy”nin
təqdimatı oldu. Bu işi böyütmək hansı zərurətdən irəli gəldi? Çünki Əvvəl "Sat
Group” fəaliyyət göstərirdi...
- Bəli, "Sat Group” 2014-cü ildən fəaliyyət göstərir. Müxtəlif
şirkətlərin satış komandasını gücləndirmək üçün satış, marketinq təlimləri
verir, şirkətlərdə bu istiqamətdə çalışan şəxslərin bacarıqlarının
artırılmasına kömək edirik. "Sat Academy” layihəsi zərurətdən irəli gəldi. Son
bir il idi ki, hər gün bizim ofisimizə müraciət olunurdu və bizdən təlim görmüş
satış mütəxəssisləri istəyirdilər. Biz də təəssüflə bildirirdik ki, bizə
müraciət edənlər şirkətlərin nümayəndələridir. Təbii ki, onları sizə istiqamətləndirə
bilmirik. Çox az hallarda olurdu ki, işləməyən hər hansı bir gənc gəlib bizim
layihəyə qoşulurdu. Elələrini istiqamətləndirməkdə problem olmurdu. Tələb
həddən artıq çox idi. Biz belə bir qərara gəldik ki, elə bir layihə hazırlayaq
ki, ambisiyalı, inadkar, öyrənmək, karyera qurmaq istəyən gəncləri seçək, qəbul
edək, onları hərtərəfli hazırlayaq, sonra da şirkətlərə transfer edək.

- Uğurunuzun sirri nədir?
- İnadkarlıq. Ola bilər ki, biz çox şeyi səhv edirik. İnadkar olanda
başa düşürsən ki, səhv etmisən və onu düzəltməyə çalışırsan. Alınmayanda, inad
göstərib səbəbini tapıb düzəldirsən. İkincisi, davamlı olaraq öz üzərində
işləmək. Təbii ki, söhbət təkcə oxumaqdan getmir. Öyrənmək üçün müxtəlif
imkanlardan yararlanmaq lazımdır. Eyni zamanda, hər bir insan öyrənmək üçün
gözəl imkandır. Öyrənmək bacarığını inkişaf etdirmək lazımdır. Daha çoxunu əldə
etmək istəyi də olmalıdır. Cəmiyyətdə nəyisə dəyişmək istəyi kimi bir
missiyamız da ola bilər. Belə böyük hədəflər olmalı və insanlar onun arxasınca
getməlidir. Ümumiləşdirdikdə isə ambisiya və öyrənmək bacarığıdır. Uğur üçün
lazım olan hər şeyi sonradan qazanmaq mümkündür. Yetər ki insan bunun üçün
çalışsın.
Aygün Asimqızı
