• şənbə, 20 Aprel, 01:57
  • Baku Bakı 15°C

“Hara getsəm, çantamda mil və yumağım olur” – Sadə peşə adamı

14.10.14 13:05 3981
“Hara getsəm, çantamda mil və yumağım olur” – Sadə peşə adamı
“Əgər işini sevirsənsə, onun çətin tərəfləri elə də nəzərə çarpmır. Bəzən çətinliklərdən belə zövq alırsan. Bu hal məndə də baş verir. Naxışların quruluşunu, necə toxunduğunu sanki tapmaca kimi çözürəm və bu zaman dəfələrlə söküb yenidən toxumağa ərinmirəm, təki nəticə məni qane etsin”.
Bu sözləri bizimlə söhbətində gənc olmasına baxmayaraq toxuduğu əl işləri ilə sosial şəbəkələrdə kifayət qədər tanınan toxucu Xatirə Əhmədzadə söylədi.
Toxumanın hər bir xalqın məişətində, həyat tərzində hələ qədim dövrdən kök salmasına baxmayaraq, o, bu gün də öz əhəmiyyətini itirməyib. Mədəni irsimizdə mühüm yer tutan qoca nənələrimizin toxuduqları yun əlcəklər, corablar, canlıqlar və s. muzeylərin yaraşığı ola biləcək qədər cazibəlidir. Yaxşı ki, bu gözəl xalq peşəsi keşmişdə ilişib qalmayıb, gənclər arasında özünə çoxlu tərəfdar qazanıb. Belə gənclərdən biri də uşaqlıqdan bu sənətin həvəskarı olan Xatirə Əhmədzadədir. O, hobbi kimi başladığı toxuculuq sənəti ilə kifayət qədər tanınmış, müştərilər arasında əl işləri ilə özünü təsdiq etmiş sadə peşə adamlardandır.
Ali təhsilli toxucu
Xatirə Əhmədzadə ali təhsillidir. O, Xırdalan şəhər 9 saylı orta məktəbdə alman dili müəlliməsi işləyir. Bir ixtisasla kifayətlənməyən həmsöhbətimiz ikinci ixtisasını da Azərbaycan dili və ədəbiyyatı müəlliməliyi üzrə alıb. Toxuculuq sənətində olduğu kimi bu sahədə də müvəfəqiyyət qazanan müsahibimiz hətta Almaniya dövlətinin xətti ilə alman məktəblərində təcrübə də keçib. Ali təhsilli müəllimə olsa da, o, uşaqlıqdan sevdiyi və hobbisi olan toxuculuq sənətindən “qopmayıb”: “Toxumaq və çarpaz naxışla tikmə uşaqlıqdan sevdiyim və öyrənməkdən zövq aldığım sənət idi. Toxumağın ilk sirlərini anam və bibimdən öyrəndim. Anam millə, bibim isə milçə ilə toxumaqda peşəkardır. Uşaqlıqda bizim üçün jilet, papaq, şərf toxuyurdular. Biz də əmim qızları ilə birlikdə onların əlinə baxar, bu sənəti öyrənmək üçün əlimizdən gələni edərdik. Anam həmişə deyərdi ki, toxuma, təbabətdə əsəb sistemini sakitləşdirən vasitə kimi qiymətləndirilir. Belə ki, toxuma zamanı qan dövranı tənzimlənir, insanlar arasında məişət qayğıları ilə bağlı yaranan stress tez keçib-gedir. Anamdan və bibimdən öyrəndiklərimi daha sonra isə jurnallar və internet vasitəsilə təkmilləşdirdim. Parçalara naxış vurmağı isə mənə nənəm öyrədib və sevdirib. Bu sənətə ailəlikcə o qədər bağlıyıq ki, yay aylarında hər kəs oyun oynayıb istirahət edərkən, biz əmim qızları ilə toplaşıb paltar tikmə və toxumaqla vaxt keçirərdik”.
“Çətinlikdən zövq alıram”
Toxuculuq sənətinin çətinliklərindən danışan müsahibimiz deyir ki, o, sənətinin çətin tərəflərindən belə zövq alır: “Sənətini sevmək, işini sevərək görmək çox vacibdir. Çünki sevməsən, o işi həyəcanla görməsən, sənət yarada bilməzsən. Sevdiyin işi gördükdə, o iş nə qədər çətin olsa da, çətinliyini belə sevirsən. Mən sənətimə bağlı olduğum və bu işi zövqlə icra etdiyim üçün işimdən yorulmuram. Naxışların quruluşunu, necə toxunduğunu sanki tapmaca kimi çözürəm və bu zaman dəfələrlə söküb yenidən toxumağa ərinmirəm, təki nəticə məni qane etsin”.
Toxuculuğu zərgərliklə müqayisə edən müsahibimizin sözlərin görə, bu sənətdə səbirli olmağı öyrənmək lazımdır: “Bu sənətin ən böyük sirri səbirli olmağı öyrənməkdir. Çünki toxuculuq xırda işdir, zərgərliklə müqayisə oluna bilər. Bəzən ilmələri saymaq, naxışı düzgün vurmaq üçün riyazi hesablamalar lazım olur. Bu işin vurğunu olmadan, işini sevmədən onu davam etdirmək, inkişaf etdirmək çox çətindir. Toxuma təkcə mənim qazanc mənbəyim deyil, həm də həyat tərzimdir. Mən hara getsəm, çantamda milçəm və yumağım olur, asudə vaxt tapan kimi toxuyuram”.
Müştəri məsuliyyətsizliyi
Xatirə toxuculuqla yanaşı, körpələr və uşaqlar üçün əl işi, geyimlərinin hazırlanması, uşaq geyimlərinin və ayaqqabılarının bəzədilməsi ilə də məşğuldur. Müsahibimizin sözlərinə görə, toxuculuğa tələbat daha çox qış aylarında olduğundan yayda boş qalmamaq üçün bəzək və dizayn işlərini də öyrənib: “Toxuculuğu qazanc mənbəyinə çevirmək istəyəndə xeyli çətinliklər ortaya çıxır. İlk öncə özünü tanıtdırmaq, peşəkar olduğunu sübut etmək lazımdır. Sifarişçilər istədikləri modeli olduğu kimi yerinə yetirə biləcəyinə əmin olmaq istəyirlər. Sonra müştərilərin sayını artırmaq yollarını tapmaq lazımdır. Əl işlərimizi tanıtmaq və bu müştəri cəlb etmək üçün facebookda səhifə açdıq və əmim qızı ilə birlikdə işləyirik”.
Əl işlərini sosial şəbəkələr vasitəsilə tanıdan və satan müsahibimiz bəzi müştərilərin məsuliyyətsizliklərindən də şikayətləndi: “Bəzən müştərilər sifariş verir, sonra hazır olduqda, boyun qaçırır, telefona cavab vermirlər. Amma biz buna da çarə tapmışıq. İnandığımız, daimi müştəriləri çıxmaq şərtilə yeni müştəri olarsa və böyük sifariş verərsə əvvəlcədən məbləğin müəyyən qismini alırıq. Bundan öncə isə dəfələrlə sifarişçi ilə söhbət edib, arzu istəklərini müəyyənləşdirir, sonra işə başlayırıq”.
“Əsl sənətkara çevrilə bilərsiniz”
Həm ali təhsil alan, həm də sevdiyi peşəni icra edən müsahibimiz deyir ki, təsadüfi və diplom xatirinə ali təhsil almaqdansa, sevdiyin peşəyə yiyələnmək daha yaxşıdır: “Ölkəmizdə heç də xoşuma gəlməyən tendensiya yaranıb, diplom almaq xatirinə ali məktəbə, çox vaxt isə sevmədikləri, təsadüfi bir fakültəyə daxil olurlar. Valideynlər də bu məsələdə diqqətli olmalıdırlar. Əgər övladı həqiqətən elm sahəsinə həvəslidirsə, ona dəstəkləmələri təbiidir. Əks halda, övladlarının hər hansı bir peşəyə yiyələnməsinə kömək etmələri daha yaxşı olar. İndiki dövrdə fabrik mallarının, eyni tipli darıxdırıcı geyim və aksesuarların geniş yayıldığı bir zamanda əl işĺərinə, toxuculuğa günü-gündən maraq artır, qiymətləndirilir. Ali təhsil ala bilməyən qızlarımız ruhdan düşməsinlər, əgər bir sənətin ucundan həvəs və məsuliyyətlə yapışsalar, sevə-sevə məşğul olsalar, əsl sənətkara çevrilə bilərlər”.
Sonda gələcək planlarından danışan müsahibimiz vurğuladı ki, daha geniş kütlə arasında, yüksək səviyyədə tanınmaq, brend olmaq, atelye və ya butik açmaq niyyətindədir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər