• cümə axşamı, 19 iyun, 08:51
  • Baku Bakı 21°C

Hamı üçün faydalı fəaliyyət

03.03.15 13:08 7040
Hamı üçün faydalı fəaliyyət

Könüllülük siyasətində əsas hədəf gənclərin cəmiyyətin aktiv həyatında iştirakını təmin etməkdir
Son illər dövlətin prioritet kimi üstünlük verdiyi gənclər siyasəti çərçivəsində müxtəlif sahələr inkişaf etdirilir ki, onlardan da biri könüllülük fəaliyyətidir. Artıq bu siyasət ölkəmizdə də formalaşmaqdadır və bunun ən əsas göstəricisi kimi, könüllülük prinsipi haqqında qanunun qəbul edilməsini qeyd edə bilərik. Yəni, könüllü olmağa qərar vermiş şəxs bu yola kor-koranə şəkildə deyil, öz hüquq və vəzifələri haqda lazımi informasiyaları əldə etdikdən sonra baş vurur. Onu da deyək ki, könüllülük çərçivəsində həyata keçirilən müxtəlif fəaliyyət və layihələr həm ölkə, həm də gənc nəslin qazanmasına hesablanır. Həmçinin Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində də bir çox işlər görülür ki, bunun nəticəsində yetişməkdə olan gənc nəsil özü də xeyli maariflənir, ən xırda informasiyaları belə mənimsəmiş olur. Nəzərə çatdıraq ki, könüllülük siyasəti ölkə gəncliyinin dövlətçilik işində rolunu artırmaqla yanaşı, onların gələcəkdə şəxsi fəaliyyətlərini qura bilmələri üçün də müəyyən imkanlar yaradır, təcrübə əldə etmələrinə və özünə əminlik qazanmalarına vəsilə olur.
Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev bizimlə söhbətində dedi ki, öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət quran şəxslər, yəni, könüllülər üçün heç bir yaş məhdudiyyəti qoyulmur. İstənilən şəxs könüllü ola bilər: “1985-ci ildən hər ilin 5 dekabr tarixi BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir. Könüllülük çox nəcib işdir. Bu mövzuda danışarkən ilk olaraq könüllü olduğum günləri xatırlayıram. Fəaliyyətim əsasən layihələrdə iştirak etmək, yorulmadan çalışmaq və cəmiyyətə xidmət göstərməkdən ibarət idi. Bu isə mənə bir çox üstünlüklər verib. İlk olaraq təcrübə və özümə inam əldə etmişəm. Bu gün də könüllülər daha çox gənclərdir. Hazırda ölkədə 200-dən artıq gənclər, 20-dən artıq isə ali məktəbdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları var və onların ətrafında minlərlə gənc birləşib. Bu o deməkdir ki, ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur. Çünki hər bir gəncin öz bacarıqlarını inkişaf etdirməyə, sosiallaşmağa və əylənməyə ehtiyacı var. Ən əsası isə bu yolla onların məşğulluq qabiliyyəti artır”.
İ.Quliyevin fikrincə, Azərbaycanda könüllülükhərəkatı təxminən 2000-ci illərdən formalaşmağa başlasa da, əslində, bizdə bu sosial fəaliyyətin tarixi daha əvvələ gedib çıxır: “Qədim adət-ənənələrlə zəngin olan Azərbaycan xalqının qəlbində hər zaman insanlara könüllü şəkildə yardım etmək, onların qayğısına qalmaq kimi nəcib hisslər olub. Qeyd edim ki, MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib. 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul olunmuş və ölkə prezidenti tərəfindən imzalanmış “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu bu fəaliyyətin hüquqi əsaslarını yaradıb. Qanunda könüllü fəaliyyətin əsas istiqamətləri kimi əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara vəməcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri öz əksini tapıb. Bu qanunun hazırlanmasında vətəndaş cəmiyyəti nümayəndələrinin xidməti də vurğulanmalıdır. Onu da xatırladım ki, cənab prezidentimiz İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9- cu bəndində “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusi olaraq qeyd olunub”.
Müsahibimiz müsbət məqamlardan biri kimi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən keçirilən “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nu qeyd etdi: “Həmçinin Ağdam rayonu Quzanlı qəsəbəsində 60 nəfər region gəncinin iştirakı ilə 5-27 oktyabr 2013-cü il tarixlərində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi və “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən keçirilən “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” layihəsini göstərmək olar. Bundan əlavə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça nəşr etdirilib. Kitabça könüllülərin fəaliyyətinin, onların təşkilatların fəaliyyətinə cəlb edilməsinin həm nəzəri, həm də praktiki metodlarını təklif edir. Bu vəsait hazırlanarkən ABŞ, Böyük Britaniya, Polşa, keçmiş SSRİ ölkələrinin təcrübəsindən və nümunələrindən istifadə edilib. Həmçinin bir sıra QHT-lər, o cümlədən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) Azərbaycan Könüllülük Xidməti layihəsini qeyd etmək olar. Sonuncu dəfə 28-29 noyabr 2014 -cü il tarixlərində Şəki şəhərində 300-ə yaxın gəncin iştirakı ilə Könüllülük üzrə Gənclərin birinci regional forumu keçirildi ki, bunda da əsas məqsəd region gənclərinə könüllülük prinsipini aşılamaq idi. Dövlətimizin könüllülüyün inkişaf etdirilməsi ilə bağlı dəstəyi, gördüyü işlər bununla bitmir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə könüllülərin cəlb olunması olduqca sevindirici haldır. Buna misal olaraq “ASAN Könüllüləri” Gənclər Təşkilatının fəaliyyətini qeyd etmək lazımdır. “ASAN xidmət” mərkəzlərində indiyədək 3061 könüllü əməkdaş fəaliyyət göstərib. Hazırda onlarla 489 könüllü əməkdaşlıq edir. Onu da deyim ki, könüllü gənclərdən 300-dən çoxu “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə qəbul edilib. Ötən ilin sonlarında - 16 dekabr 2014-cü ildə Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib və prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib”.
İ.Quliyev diqqətə çatdırdı ki, son illər ölkəmizdə Avroviziya mahnı müsabiqəsi, “FİFA U-17 Qadınlararası Dünya çempionatı”, 7-ci İnternet İdarəçilik Forumu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq “Qızıl Qran Pri” turnirlər, 2014-cü ildə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı, Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, UNESCO və Avropa Şurası tərəfindən keçirilən “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum” və s. beynəlxalq tədbirlər keçirilib və bu cür mötəbər tədbirlərin təşkilində gənclər təşkilatları könüllüləri aktiv iştirak ediblər: “12-28 iyun 2015-ci il tarixləri arasında Bakıda keçiriləcək ilk Avropa Oyunları üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16 mindən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. Bu, böyük göstəricidir. Düşünürəm ki, könüllülük işini qarşılığı olmadan sevmək və özünü ifadə etməyin ən gözəl yoludur. Hər birimizin fəaliyyəti ölkəmizin gələcəyi və inkişafı naminə olmalıdır”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov söylədi ki, təmənnasız əmək sərf etmək yolu ilə xeyriyyəçilik fəaliyyəti həyata keçirən şəxslər adətən biznes və dövlət sektorunda deyil, daha çox üçüncü sektorda – QHT-lərdə fəaliyyət göstərir: “2009-cu ilin iyun ayında “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunduqdan sonra bu sahə bir qədər də sistemləşdirildi. QHT-lərin sayı artdıqca bu fəaliyyət daha da genişləndi. Diqqətə çatdırım ki, kütləvi tədbirlərin, layihələrin həyata keçirilməsi zamanı yüksək ödənişlərin edilməsi QHT-lərin imkanları xaricindədir. Bu zaman könüllülük əsasında fəaliyyət göstərən gənclərə ehtiyac yaranır. Burada hər kəs qazanır. Xatırladım ki, ölkəmizdə könüllülüyün təbliğinin daha çox kütləvi hal alması Heydər Əliyev Fondunun adı ilə bağlıdır və ilk işlər 2012-ci il Avroviziya müsabiqəsi zamanı görülüb”.
M.Seyidov ötən il “Gənclər paytaxtı” Qubada "SAY: Support of Azerbaijan Youth” hərəkatı çərçivəsində “Könüllülük Akademiyası” layihəsinə start verildiyini nəzərə çatdırdı: “Layihə beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin fəal iştirakına stimul verməyi, Azərbaycanda könüllülərin fəaliyyətinin təbliğ olunması ilə bu sahədə peşəkarlığının artırılmasını, onların ixtisaslaşdırılmasını nəzərdə tutur. Növbəti mərhələdə isə həmin gənclərin öz regionlarında təlimlər aparması və könüllülərin cəlb edilməsi prosesi davam etdirilir. Məqsədimiz yalnızca könüllülər yığmaq deyil. Əsas hədəf onların cəmiyyətin aktiv həyatında iştirakını təmin etmək, həmçinin müxtəlif layihələrə cəlb edərək gələcəkdə özlərinin fərdi şəkildə fəaliyyət göstərə bilmələrinə yardımçı olmaqdır”.
ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı isə bildirdi ki, könüllülük prinsipi çərçivəsində görülən işlər əsasən gənclərin beynəlxalq tədbirlərdə, idman yarışlarında fəaliyyət qurmalarıdır: “Könüllülük fəaliyyəti birbaşa cənab prezidentin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi kimi prezidentin Könüllülərin I Respublika Forumunda gənclərlə görüşməsi və onları bu nəcib fəaliyyətlə məşğul olduqlarına görə daim dəstəklədiyini bildirməsini qeyd edə bilərəm. Könüllülük siyasətinin uğurlu inkişafını bu fəaliyyətin artıq dövlət orqanlarında da formalaşması təsdiq edir. “ASAN xidmət” mərkəzlərini buna nümunə göstərmək olar. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır”.
F.Sadıxlı hesab edir ki, könüllülük fəaliyyəti gəncliyin sağlam düşüncəli və yüksək mənəvi keyfiyyətlərə malik şəkildə formalaşmasına birbaşa təsir edir: “Qısa müddət ərzində bir neçə beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi könüllülük fəaliyyətinin daha da aktivləşməsinə səbəb oldu. Cənab Prezidentin vurğuladığı kimi, bu, nəcib işdir, Çünki könüllülük hər iki tərəfə (könüllü və könüllülük fəaliyyətinin təşkilatçısı) fayda gətirən fəaliyyət növüdür. Bildiyiniz kimi, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər Master-2 proqramı ilə digər dövlət orqanlarında könüllü kimi fəaliyyət qurmaq şansı qazanır. Həmçinin ASAN Könüllülərinin birləşdiyi ASAN Könüllüləri Gənclər Təşkilatı könüllülərin şəxsi inkişafına nail olmaq, sağlam düşüncəli gənc kimi formalaşmasına dəstək olmaq üçün mütəmadi olaraq layihələr, tədbirlər təşkil edir”.
Şəfa Tapdıq
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir.
banner

Oxşar Xəbərlər