AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hamı tətbiq edilən qaydalara riayət etməlidir

Hamı tətbiq edilən qaydalara riayət etməlidir

Cəmiyyət
12 May 2020, 18:34 2032
Ekspertlər hesab edir ki, bu, insanların təhlükəsizliyi, sağlamlığının qorunması üçün vacib şərtdir

Azərbaycanda vətəndaşların koronavirusu pandemiya etibarlı müdafiəsi təşkil olunub. İlk növbədə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ölkədə karantin rejimi tətbiq edilib, sərhədlər bağlanılıb, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, dövlət dəstəyi proqramları hazırlanıb. Zəruri tibb avadanlıqları ölkəyə gətirilib. Ən müasir tələblərə cavab verən "Yeni Klinika” tibb müəssisəsi, eləcə də son illərdə regionlarda istifadəyə verilən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsinə səfərbər olunub, ölkədə maska istehsalı müəssisəsi yaradılıb. 
 
 

Bundan başqa, Prezident İlham Əliyev koronavirusa yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması ilə əlaqədar sərəncam imzalayıb. Mayın 7-də Bakı şəhərində ilk belə xəstəxana, mayın 12-də isə Sumqayıtda daha bir tibbi maska fabriki və qoruyucu kombinezonların istehsalı müəssisəsi istifadəyə verilib. Yəni, dövlət öz vətəndaşlarının sağlamlığının qorunması, koronavirusla mübarizə üçün bütün lazımi addımları atıb. Bütün bu tədbirlər nəticəsində ölkədə koronavirusa yoluxma hallarının sayı minimuma enib. Hətta gün ərzində bu xəstəlikdən sağalanların sayı koronavirusa yoluxanların sayından çox olub. COVID-19 virusu ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət, xüsusilə xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. 
 


Təəssüf ki, bəzi insanlar xüsusi karantin rejiminin yumşaldılmasını koronavirus təhlükəsinin sovuşduğu kimi qavrayıb, özünü qorumadan, sanitar-gigiyena qaydalarına məhəl qoymadan əvvəlki vaxtlarda olduğu kimi, həyat tərzi keçirməyə başlayıblar. Ona görə də son günlərdə koronavirusa yoluxma halları bu xəstəlikdən sağalanların sayını iki dəfəyə qədər üstələməyə başlayıb. Əgər belə davam edərsə, əhali arasında virusa yoluxmada artım lap çoxala və prosesin ikinci dalğası başlaya bilər. Vətəndaşlarımız bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Ona görə də mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət olunmalı, davam etdirilən özünütəcrid kampaniyasına hər bir kəs, xüsusən yaşı 65-dən artıq olan vətəndaşlar dəstək verməlidir. Zəruri halda bayıra çıxan, işə gedən vətəndaşlar tibbi maska və spirtdən yararlanmalı, əlləri sabunla yumalı, dezinfeksiya etməlidirlər.
 

 
Mövzu ilə bağlı millət vəkili Cavid Osmanov deyib ki, koronavirusa yoluxmada bugünkü dinamika sosial məsuliyyətini dərk etməyən insanların nəticəsində mənfiyə doğru gedir. Onun fikrincə, belə davam etdiyi halda sərtləşmə qaydaları həyata keçiriləcək: "7 may tarixində Prezident İlham Əliyev yeni 10 modul tipli xəstəxanaların birinin açılışında iştirak etdi. Prezident İlham Əliyev açılışda koronavirus pandemiyasına qarşı ölkədə həyata keçirilən tədbirlər, aparılan qapaqlayıcı işlər, pandemiya dövründə həyata keçirilən tədbirlər, karantin rejimi və xüsusi qaydalarla bağlı bir daha geniş nitq söylədi və vurğuladı ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də bir neçə dəfə yüksək qiymətləndirilib. ÜST-ün rəhbəri Prezident İlham Əliyevə xüsusi minnətdarlığını da bildirmişdir ki, bu istiqamətdə işlər yüksək səviyyədə həyata keçirilir. 27 apreldən etibarən karantin qaydalarının yumşaldılması ilə bağlı addımlar atıldı. Sərt karantin rejiminin qaydalarının yumşaldılması Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə istisna olmaqla bütün digər bölgələrdə həyata keçirildi. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qaydalara müəyyən dəyişikliklər edildi. Karantin rejiminin yumşaldılması o demək deyil ki, virus təhlükəsi bitib və ölkədə virusa yoluxma halları başa çatıb. Prezident də təəssüf hissi ilə qeyd etdi ki, insanların yumşalmadan istifadə edərək qoruyucu vasitələrdən istifadədən imtina edirlər və zərurət olmadan evdən çölə çıxırlar, sosial məsafəni qorumurlar. Bütün bunlar da təbii ki, 27 apreldən sonrakı dinamikanın mənfi istiqamətdə dəyişməsinə səbəb oldu”.
 


C.Osmanov qeyd edib ki, son günlər virusa yoluxanların sayı virusdan sağalanların sayından çoxdur. O, bunu arzuolunmaz hal kimi dəyərləndirib: "Artıq, mənfi dinamika gedir. Prezident təəssüflənərək vurğuladı ki, əgər bəzi vətəndaşlarımızın sosial məsuliyyətini dərk etmədən əvvəlki qaydada fəaliyyətlərini bərpa etməsi yolverilməzdir və bu hallara qarşı çox ciddi tədbirlər görüləcək. Əgər dinamika bu cür davam etsə, karantin rejimi əvvəlki qaydada sərtləşdiriləcək. Bu da insanlara çətinliklər yaradacaq. Bu yumşalma qaydaları ona görə tətbiq edildi ki, insanlar köhnə həyatlarına qayıda bilsinlər. Çox təəssüflər olsun ki, bugünkü dinamika sosial məsuliyyətini dərk etməyən insanların nəticəsində mənfiyə doğru gedir. Bunun qarşısı qətiyyətlə alınacaq”.
 

 
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu, şöbə müdiri Firuddin Ağayev də qəzetimizə açıqlamasında bildirib ki, vətəndaşların koronavirusla mübarizə üçün tətbiq edilən qaydalara riayət etməsi mütləqdir. Həkimin sözlərinə görə, bu, hər kəsin təhlükəsizliyi, sağlamlığının qorunması üçün vacib şərtdir: "Mən aprel ayının 5-dən Ağdaş pandemiya mərkəzinə ezam olunmuşam. May ayının 8-də oradan – Ağdaş Rayon Mərkəzi Xəstəxanasından tərxis olunmuşam. Oradakı həkim kollektivi ilə birlikdə 1 ay 5 gün ərzində koronavirusa yoluxan xəstələrin müalicəsi ilə məşğul olmuşam. Qeyd etməliyəm ki, dövlət tərəfindən bu xəstəliyə qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə təşkil olunub. Təəssüf doğuran yeganə hal bundan ibarətdir ki, bəzi vətəndaşlar bu xəstəliyə biganə yanaşır, hətta koronavirusun boş şey olduğunu iddia edir, qoruma vasitələrindən istifadə etmir, şəxsi gigiyenaya fikir vermirlər. Bu isə virusun yayılma hallarını getdikcə artıran məqamlardır. Bir həkim olaraq bütün vətəndaşlara səslənirəm ki, koronavirusla mübarizə üçün tətbiq edilən qanun və qaydalara mütləq riayət etsinlər. Bu, həm onların, həm də bu şəxslərin ətrafındakı insanların, o cümlədən ailə üzvlərinin təhlükəsizliyi, sağlamlığının qorunub saxlanması üçün vacib şərtdir”.
 


Həkim koronavirus təhlükəsinin hələ sovuşmadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu virusun insan orqanizmində törətdiyi fəsadlar var və bu fəsadlarla üzləşməmək üçün tibbi maskadan istifadə olunmalı, özünütəcridə, zərurət olmadığı halda evdə qalmağa üstünlük verilməli, əllər mütəmadi olaraq sabunla yuyulmalıdır: "Hansısa gənc iddia edə bilər ki, o, bu virusa yoluxmayacaq. Amma ola bilər ki, həmin şəxs xəbəri olmadan belə, bu virusun daşıyıcısıdır. Sadəcə, orqanizmi güclü olduğundan, immuniteti – xəstəliyə qarşı müqavimət gücü yüksək olduğundan yoluxmanı çox yüngül formada, yaxud hər hansı simptom qeydə alınmadan keçirir. Ancaq bu adam virus daşıyıcısı olduğundan ailə üzvlərini, dost-tanışlarını, bir növ ünsiyyətdə olduğu hər kəsi yoluxdura bilər. Əgər o insanın yoluxdurduğu şəxslər arasında əvvəlcədən hansısa xəstəliyi olanlar, məsələn ürək, qan-damar, şəkərli diabet, astma, vərəm və sair bu kimi xroniki xəstəliyi olanlar varsa, bu zaman koronavirus onların həyatına böyük təhlükə yaradır. QİÇS, siflis xəstəliyinin daşıyıcısı olan şəxslər isə əlavə olaraq koronavirusa yoluxarsa, onların ölüm faizi çox yüksəkdir. Çünki, koronavirus immun sistemini zəiflədən xəstəlikdir. Bütün bunları nəzərə alaraq ölkə vətəndaşlarını sosial təcrid qaydalarına, ara məsafəsinə, şəxsi gigiyenaya, tibbi maska və spirtdən istifadəyə ciddi fikir verməyə çağırıram. Koronavirus insandan insana keçdiyi üçün ən yaxşı profilaktik tədbir təcrid olunmaqdır. Evdə qalmağa, zərurət olmadığı halda cəmiyyət arasına çıxmamağa çalışmaq lazımdır. Düşünürəm ki, qoyulan qaydalara riayət olunarsa, bu xəstəliyə qısa müddətdə qalib gəlmək mümkündür”.
 
Rufik İSMAYILOV