• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

“Hamı fikirləşirdi ki, bir də futbola qayıda bilməyəcəm” - Keçmişdəki mən

15.05.20 14:30 2135
“Hamı fikirləşirdi ki, bir də futbola qayıda bilməyəcəm” - Keçmişdəki mən
"Neftçi”nin Qarabağda döyüşmüş futbolçusu Novruz Əzimov: Arzu və istəyə çatmağın yeganə yolu zəhmətə alışmaqdır
Hər insanın bir sahədə bacarığı, yaxud istedadı olduğunu düşünür. Deyir ki, ancaq onu kəşf etmək bəs deyil. Gərək insan öz zəhməti ilə o bacarığını daha da təkmilləşdirsin. Onun da istedadı futbol oynamaq olub. Zəhməti ilə itilədiyi bu istedadı ona bir çox uğurlar qazandırıb. Müsahibim Azərbaycanın məşhur futbolçusu, "Neftçi”nin sabiq üzvü Novruz Əzimovdur. Onunla söhbətimizdə keçmiş futbolçunun uşaqlıq və gənclik illərinə səyahət etdik.
1960-cı ildə Laçın rayonunun Alıqulu kəndində dünyaya gələn həmsöhbətim deyir ki, 1961-ci ildə Mehdiabad qəsəbəsinə köçüblər. Müsahibimin uşaqlıq illəri Mehdiabad qəsəbəsində keçib: "Atam neftçi idi. 1946-cı ildən Bakıda neft sənayesində çalışırdı. Mənim uşaqlıq illərdim də elə Mehdiabadda keçib. Biz ailədə beş qardaş, üç bacı olmuşuq. O illərdə Mehdiabadda cəmi iyirmiyə yaxın ev olardı. O vaxt evlərin hasarları taxtadan düzəldilirdi. Böyük ailə təsərrüfatları olurdu. Biz də həyətimizdə toyuq, cücə, hinduşka saxlayırdıq. Ailəmiz böyük idi. Uşaqlar həm də təsərrüfatla məşğul olurdu, ailəyə kömək edirdi. İkinci sinifdə oxuyanda qoyun-quzu otarırdım. Sonra isə meydançaya - futbol oynamağa qaçırdım”.

Rəhbərliyə bildirdim ki, Azərbaycana qayıtmalıyam
Müsahibim 1992-ci ildə karyerasına fasilə verib, Qarabağ uğrunda döyüşlərə qatılır: "1992-ci ildə Çeçenistanın paytaxtı Qroznıda idim. Xocalı faciəsi haqda televiziyadan xəbər tutdum. Müqavilə imzalasam da, rəhbərliyə bildirdim ki, Azərbaycana qayıtmalıyam. Baş məşqçi bu fikrimlə razı olmasa da, klubun prezidenti məni anlayışla qarşıladı. Getməyimə etiraz edənlər çox idi. Mart ayında Azərbaycana qayıtdım və orduya yazıldım. Laçın özünümüdafiə batalyonuna könüllü olaraq qoşuldum. Oktyabr ayına kimi vətənimizin müdafiəsində mən də iştirak etdim”.
Bu yaxınlarda 60 yaşını tamam edən futbolçunun üç övladı var: "Mən bir qədər gec, 1992-ci ildə ailə qurmuşam. Üç övladım - iki qızım, bir oğlum var. Mənim üçün insan tərbiyəsinin əsasını düzgünlük, halallıq, böyüklərə, kiçiklərə hörmət təşkil edir. Elə öz övladlarımın tərbiyəsində də bunları daim əsas götürmüşəm. Mənim üçün təhsil çox vacibdir. Hər üçün övladım ali təhsil alır. Böyük qızım ADA Universitetində magistr təhsili alıb. İndi isə İstanbulda doktorantura təhsili alır və eyni zamanda orada dərs deyir. Kiçik qızım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. Oğlum isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Hələlik heç bir övladım ailə qurmayıb deyə, baba olmaq qismət olmayıb”.
Müsahibim sonda gənclərə öz tövsiyəsini də verdi: "Gənclərə tövsiyə edərdim ki, özlərini kiçik yaşdan zəhmətə alışdırsınlar. Zəhmət insanın ən ali dəyəridir. İstənilən insanın hansısa sahədə bacarığı, yaxud istedadı var. Onu yalnız zəhmətlə üzə çıxarıb inkişaf etdirmək olar. Arzuya və istəyə çatmağın yeganə yolu zəhmətə alışmaqdır. Həmçinin düzgünlük və halallıq insanın ən əsas keyfiyyəti olmalıdır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər