• çərşənbə, 24 Aprel, 03:06
  • Baku Bakı 14°C

Gürcüstan neftin və neft məhsullarının idxalını azaldıb

22.09.19 16:30 630
Gürcüstan neftin və neft məhsullarının idxalını azaldıb
Gürcüstan cari ilin yanvar–avqust aylarında 676,8 min ton neft məhsulları idxal edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azdır.
AZƏRTACxəbər verir ki, bu barədə "Gürcüstanın Neft Məhsullarının İdxalatçıları İttifaqı” (GNMİİ) məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, cari ilin yanvar-avqust aylarında Gürcüstan 349,1 min ton benzin, 327,7 min ton dizel yanacağı idxal edib. Hesabat dövründə Gürcüstana ən çox yanacaq ixrac edən ölkə Rusiyadır – 197,4 min ton və ya 29,2 faiz. Sonrakı yerlərdə 190,5 min tonla (28,1 faiz) Rumıniya, 122,4 min tonla (18,1 faiz) Türkmənistan, 69,6 min tonla (10,3 faiz) Azərbaycan, 60,3 min tonla (8,9 faiz) Bolqarıstan, Yunanıstan və digər ölkələr dayanırlar.
GNMİİ-dən bildiriblər ki, dizel yanacağının idxalının azalmasına əsasən bu yanacağın Gürcüstandan Türkiyəyə ixracının həcminin azalması və eyni zamanda, Gürcüstana hibrid mühərrikli avtomobillərin idxalının artmasıdır.
Dizel yanacağının idxalı 2018-ci illə müqayisədə 43,9 min ton və ya 11,6 faiz azalıb. İlin əvvəlindən avqusta qədər idxal olunan yanacağın 66,4 faizi benzindir.
Qeyd edək ki, hesabat dövründə, xüsusən də iyul ayından başlayaraq Gürcüstanda dizel yanacağının qiyməti 0,10 lari (təqribən 0,03 dollar) bahalaşıb. Bahalaşma ölkədə milli valyutanın qiymətdən düşməsi və dünya bazarında neft məhsullarının qiymətinin artması ilə əlaqələndirilir.
Təkcə iyunun 20-dən avqustun 1-dək lari dollar qarşısında 6,6 faiz ucuzlaşıb. Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən iyunun 20-də 1 ABŞ dolları 2,7871 lariyə dəyişdirildiyi halda avqustun 1-də 1 dollar 2,9718 lari olub. Avqustun 1-də Milli Bank dövriyyəyə 32 milyon dollar buraxmaqla larinin 1,4 faiz bahalaşmasını təmin edib. Bununla belə yanacağın qiymətindəki artım dəyişməyib.
Bu gün Gürcüstanın yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti növündən asılı olaraq 2,49 - 2,78 lari arasında dəyişir. Dizel yanacağının qiyməti isə növündən asılı olaraq 2,60 - 2,75 laridir. Dolların məzənnəsi 2,97 laridir.
banner

Oxşar Xəbərlər